Hayastanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir
Ermənistanda ictimai-siyasi vəziyyətin daha böyük sürətlə gərginləşməsi müşahidə olunur. Belə ki, sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın yenidən revanş istəyi ölkədə vəziyyətin daha da qarışacağını göstərir.
Sarkisyan-Koçaryan tandemi kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu daha da dərinləşdirməyə cəhd göstərir. Görünən odur ki, keşişlərin həbsləri fonunda Hayastanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir.
Ermənistanın "Past" nəşri yazıb ki, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Acapahyan bir neçə gündür həbs olunub və onun namizədliyi ilə yeni vüsət ala biləcək impiçment prosesi yenidən dalana dirənib. Nəşr qeyd edib ki, iyunun 28-də, Ermənistan Milli Təhlükəsizlik Xidməti və polisi Üçmüədzin kilsəsinə hücum edəndə, Şirak yeparxiyasının rəhbəri piyada olaraq İstintaq Komitəsinə gələcəyini bildirib. Elə həmin gün "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan bəyan edib ki, parlamentin müstəqil deputatları Hovik Ağazaryan və Hakob Aslanyan baş nazirliyə namizəd kimi arxiyepiskop Mikayel Acapahyanı irəli sürürlər.
Parlamentin "Hayastan" fraksiyası isə öz növbəsində bildirib ki, Acapahyanın namizədliyini dəstəkləmək üçün 28 imza ilə prosesə qoşulublar. Bir qədər sonra "Şərəfim Var" fraksiyası da dəstək verməyə hazır olduğunu bəyan edib və faktiki olaraq parlamentdə impiçment məsələsini təqdim etmək üçün konstitusiyaya əsasən yetərli olan 36 deputatın imzası var idi.
Müəllif yazır ki, həmin vaxt Mikayel Srbazan artıq İstintaq Komitəsində idi, onu vəkili, Vəkillər Kollegiyasının keçmiş rəhbəri Ara Zöhrabyan və keçmiş ombudsman Arman Tatoyan müşayiət edirdilər: "Bu hadisələrdən dərhal sonra Mikayel Srbazanın bəyanatı yayılıb, bəyanatı Ara Zöhrabyan öz "Facebook" səhifəsində yerləşdirib: "Mən din xadimi kimi xidmətimdən tam razıyam, bu səbəbdən adımın baş nazirliyə namizədlər sırasında hallanmasını, xahiş edirəm, dayandırın".
O zaman mediada məlumat yayılıb ki, Mikayel Srbazanı İstintaq Komitəsinə getməyə və impiçment prosesinə daxil olmamağa məhz Zöhrabyan və Tatoyan inandırıblar. Nəticədə formalaşmaqda olan və ən real olan impiçment variantı faktiki olaraq uğursuzluğa düçar olub. Üstəlik, həmin anda Acapahyanın baş nazirliyə namizədliyinin irəli sürülməsi "Hayastan" və "Şərəfim var" fraksiyalarının, eləcə də iki müstəqil deputatın dəstəyinə sahib yeganə variant idi.
Müəllif sual edir ki, bəs, niyə bu alınmadı? Ardınca isə cavablandırır: "Axı, uzun müddətdir bir çox digər ictimai-siyasi fiqurlar da bu barədə danışırdılar, "Hayakve" təşəbbüsü də bu istiqamətdə ictimai tələb formalaşdırmışdı. Üstəlik, elə namizədin özü də əvvəllər belə bir inkişafın əleyhinə kimi görünmürdü".
Nəşr qeyd edir ki, hələ ötən ilin may ayında Mikayel Srbazan "Aravot" qəzetinə verdiyi müsahibədə "Əgər sizə baş nazirliyə namizədlik təklif olunsa, razılaşarsınızmı?" suala belə cavab vermişdi: "Mən heç bir məsuliyyətdən yayınmamışam, amma bu, yalnız bütün ermənilərin katolikosunun xeyir-duası ilə ola bilər. Bütün ermənilərin katolikosunun xeyir-duası olmadan biz nə müstəqil, nə də özbaşına şəkildə heç nə etmərik".
Əslində, Ara Zöhrabyan özü də inkar etmir ki, o və Tatoyan Srbazana belə bir məsləhət veriblər. Lakin qeyd olunan əsaslandırma yalnız o halda keçərli ola bilərdi ki, söhbət sırf hüquqi prosesdən gedəydi və hakimiyyətin addımları hüquqi-siyasi məntiqə uyğun olaydı. Ancaq fakt ondan ibarətdir ki, istər Baqrat Srbazanla bağlı "çevriliş planı", istərsə də Mikayel Srbazana qarşı irəli sürülən ittiham sırf siyasi məna daşıyır və bu hakimiyyətin atdığı addımlar hər hansı bir məntiqdən, o cümlədən hüquqi məntiqdən tamamilə kənardır.
"Bu şəraitdə isə hüquqi müdafiənin tamamilə hüquqa əsaslanan alətlərini tətbiq etmək, siyasi aspektləri nəzərə almadan hərəkət etmək mümkün deyil. Əksinə, Mikayel Acapahyan namizədliyini irəli sürməklə sübut etmiş olardı ki, Ermənistanda hakimiyyət dəyişikliyinə gedən yolu konstitusiya çərçivəsində seçib", - deyə məqalə müəllifi fikirlərini yekunlaşdırıb.
Elçin CƏFƏROV,
"Azərbaycan"