İyulun 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "Azərbaycan Gənclərinin İnkişaf Platforması" İctimai Birliyinin birgə təşkil etdiyi uşaqlar arasında “İTi zəka” hakatonunun qiymətləndirmə və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarına gələcək həyatlarında uğurlar arzulayıb.
Komitə sədri bildirib ki, belə tədbirlər gənclərə gələcək həyat fəaliyyətlərində stimul olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov müasir dünyamızın texnologiya dövrü olduğunu bildirib, bu dövrdə rəqəmsal biliklərə yiyələnməyin önəmini vurğulayıb və belə tədbirlərin bu sahədə inkişafa dəstək göstərdiyini qeyd edib.
Sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dünya nə qədər “robotlaşmağa” doğru getsə də, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar.
Texnoloji innovasiyalar dövründə yaşadığımızı diqqətə çatdıran gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib ki, gələcəyimizi texnologiyasız, innovasiyalarsız təsəvvür etmək artıq qeyri-mümkündür. Buna görə də dünyaya inteqrasiya və inkişaf üçün texniki elmlərə əhəmiyyət vermək lazımdır. Bunun üçün isə hər bir vətəndaşa lazım olan əsas xüsusiyyət vətənpərvərlik hissidir.
Daha sonra “İTi zəka” hakatonu barədə videoçarx nümayiş etdirilib.
Sonda qaliblərə mükafatlar təqdim olunub.