İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun BMT-dəki çıxışına kəskin reaksiya verərək onun açıqlamalarını "qorxunc cəfəngiyat" adlandırıb. Makron İsrailin Qərb sahilindəki hərəkətlərini tənqid edib və radikal islamçı HƏMAS qrupunun Fələstin Milli Muxtariyyəti ərazisində heç vaxt fəaliyyət göstərmədiyini bildirib. Makron həmçinin Qəzza zolağındakı vəziyyəti "utancverici bir tamaşa" adlandırıb.
İsrailin Baş nazirinin Ofisi tərəfindən yayımlanan açıqlamada deyilir ki, "Emmanuel Makronun açıqlamalarının qorxunc absurdluğu şokedicidir". Benyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı planlaşdırılır.
Onun Ofisi qeyd edir ki, "HƏMAS yaraqlıları demək olar ki, hər gün yəhudilərə qarşı hücumlar həyata keçirirlər" və mülki vətəndaşları öldürürlər.
İsrailin maliyyə naziri Bezalel Smotriç Emmanuel Makronu "yalan danışmaqda" günahlandıraraq, islamçı təşkilatın bölgədəki israillilərə qarşı hücumlarda böyük rol oynadığını bildirib.
İordan çayının qərb sahilinə cavabdeh olan İsrail hərbi diviziyasının keçmiş komandiri, "Yeş Atid" partiyasının lideri Qadi Ayzenkot da Fransa prezidentinin açıqlamasının "reallıqdan son dərəcə uzaq" olduğunu bildirib və ərazidəki HƏMAS əməliyyatları ilə şəxsən tanış olduğunu vurğulayıb.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, Emmanuel Makronun BMT Baş Assambleyasındakı çıxışından "reallıqdan daha uzaq bir çıxış təsəvvür etməyin" çətin olduğunu bildirib. Onun fikrincə, HƏMAS həm də Amerika mülki əhalisinin ölümünə görə məsuliyyət daşıyan təşkilatdır.
Makron Fransa Prezidenti kimi BMT Baş Assambleyasındakı sonuncu böyük çıxışını edib. Təxminən 30 dəqiqə ərzində o, çoxtərəfli yanaşmanı müdafiə edib.
Fransa prezidenti Qəzzadan danışarkən, anklavda guya sülhün bərpa olunduğu fikrini xüsusilə tənqid edib və sual verib: "Qəzzadakı vəziyyət qarşısında passiv qalmağa davam etsək, etibarımızı necə qoruya bilərik?" O, sülh təşəbbüslərinin humanitar dəhlizlərin yenidən açılmasına gətirib çıxarmamasından təəssüflənib.
Fransa prezidenti həmçinin bir daha təkrarlayıb ki, onun fikrincə, İsraillə yanaşı Fələstin dövlətinin yaradılması İsrailin və onun xalqının gələcək təhlükəsizliyi üçün vacibdir.
"Orada baş verənlər Fələstin xalqının qanuni mövcudluq hüququna hörmətə əsaslanmalı olan bir layihəni gündən-günə qeyri-mümkün edir", - deyə o bildirib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"