Xalqı, milləti və torpağı uğrunda vuruşmuş, bu yolda qəhrəmanlıq göstərmiş oğullar heç vaxt unudulmur, həmişə böyük hörmətlə yad edilir, ehtiramla xatırlanır. Bütün gələcək nəsillər onların qəhrəmanlığı ilə fəxr edib öyünür, bu cəsur oğulları özlərinə örnək bilirlər, qəhrəmanlıqda, igidlikdə onlara oxşamağa çalışırlar.
Birinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə erməni qəsbkarlarına qarşı cəsarət və hünərlə vuruşmuş oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı baş leytenant İsgəndər Aznaurovdur. İsgəndər Azərbaycanda dünyaya göz açmamışdı. Amma ürəyi, qəlbi bu torpaqla döyünürdü. Dili bir, ruhu bir Azərbaycanı özünə doğma Vətən bilirdi. Buna görə də bütün varlığı və cəsarəti ilə onun müdafiəsinə qalxmışdı.
1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş İsgəndər Söhrab oğlu Aznaurov milliyyətcə ahıska türklərindən idi. İsti yay günlərinin birində - 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində anadan olmuşdu. Uzun illər doğulduğu doğma yurdunda, el-obasında yaşamışdı. 1973-cü ildə orta təhsilini başa vurmuş, 1978-ci ildə ali təhsil almaq arzusu ilə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutuna qəbul olmuşdu. Ürəyi arzu və istəklərlə dolu olan İsgəndər 1983-cü ildə ali təhsilini başa vurduqdan sonra ordu sıralarına yollanmışdı. Qismətinə Ukraynanın Çerkessk şəhərindəki hərbi hissədə xidmət düşmüşdü. Əsgəri borcunu yerinə yetirdikdən sonra bir müddət Daşkənd vilayətinin Axanqaran rayonunda çalışmışdı. 1989-cü ildə bu bölgədə milli münaqişə zəminində baş verən qanlı hadisələr nəticəsində ata-baba yurdunu tərk etməli olmuşdu.
Çətin günlərində Azərbaycanı özünə Vətən bildi
Fərqanədə baş verən qanlı olaylardan sonra İsgəndər də yüz minlərlə ahıska türkü kimi isti ocaqlarını tərk etməyə məcbur olmuşdu. 1990-cı ildə üç qızı ilə birlikdə Azərbaycana üz tutmuş, Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşmışdı. Elə ilk günlərdən kənd sakinləri doğma ocaqlarından didərgin düşmüş bu insanlara diqqət və qayğı ilə yanaşmışlar. Onlara hərtərəfli kömək göstərmişlər. Ona görə də İsgəndərin ailəsi Azərbaycanda özlərini doğma ocaqlarındakı kimi hiss etməyə başlamışlar.
Bu həmin illər idi ki, Qarabağda atəş səsləri eşidilirdi. Artıq ermənilər Şəmkirlə qonşu olan Gədəbəy rayonunun kəndlərinə hücum edir, bu istiqamətdə də ərazilərimizi ələ keçirməyə çalışırdılar. Getdikcə daşnaqların əlləri daha geniş ərazilərə uzanırdı.
Torpağına ayaq qoyduğu ilk gündən, ilk andan Azərbaycanı özünə doğma Vətən bilən İsgəndər də həmin günlərdə yurd qeyrəti çəkən oğullardan geri qalmadı. 1992-ci ilin mart ayında könüllü olaraq sıralarında qəhrəman oğulların döyüşdüyü Azərbaycan Ordusunda xidmət etməyə başladı. İsgəndər keçmiş ittifaq ordusunda artilleriyaçı olmuşdu. Bu sahəni yaxşı bilirdi, ixtisası dərindən öyrəndiyindən çox bacarıqlı və peşəkar idi. Bütün bunları nəzərə alan komandanlıq onu "N" hərbi hissəsində artilleriya üzrə komandir müavini təyin etdi. Çox keçmədi ki, İsgəndər topçuluq məharəti, əməliyyatlar zamanı göstərdiyi təşkilatçılıq bacarığı ilə döyüşçü yoldaşlarının sevimlisinə çevrildi, igidliyi və şucaəti ilə tanındı. Artıq artilleriya sahəsindəki yüksək məharətini, bacarığını görən zabit yoldaşları, döyüşçüləri onu öz adı ilə deyil, "topçu İsgəndər" - deyə çağırırdılar. Özünün də bu addan xoşu gəlirdi.
Onun Gədəbəy rayonu uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, igidliklər bu gün də dillər əzbəridir. Baş leytenantın rəhbərliyi altında açılan dəqiq artilleriya atəşləri nəticəsində bir gündə düşmənin 4 topu sıradan çıxarılmış, onlarla erməni işğalçısı məhv edilmiş, bir neçə silah-sursat anbarı yerlə yeksan olunmuşdu. İsgəndərin bacarığından, peşəkarlığından, qəhrəmanlığından ermənilər də xəbərdar idilər. Buna görə də onun dəqiq atəş zərbələrindən qorxurdular. Bu da əbəs deyildi. İgidliyi, qəhrəmanlığı dillərdə dastan olan İsgəndər Aznaurov təkcə 1993-cü ilin yaz aylarında dəqiq artilleriya zərbələri ilə düşmənin bir neçə postunun altını üstünə çevirmişdi. Başkəndin erməni işğalçılarından təmizlənməsində böyük igidlik və şücaət göstərən topçu İsgəndər bir çox əməliyyatlarda düşmənin xeyli texnikası və canlı qüvvəsini məhv etmişdi.
Öz ağrılarını unudaraq Vətənin yaralarına məlhəm qoymaq istədi
Qəhrəmanın erməni işğalçıları ilə son döyüşü 1993-cü il aprelin 18-də Gədəbəy rayonunun Örükdaş adlanan ərazisində oldu. İsgəndər düşmənin 13 texnikasına qarşı cəsarətlə vuruşurdu. Sərəncamında olan bütün qurğu və avadanlıqlardan bacarıqla istifadə edirdi. Səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina edən topçu arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini məharətlə keçib ön cəbhəyə - döyüşlərin ən qızğın hissəsinə yollandı. Təəssüflər olsun ki, gərgin döyüşlər zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəldi. Qısa müddət ərzində igidliyi, qorxmazlığı ilə ad çıxaran İsgəndər şəhid oldu. Bakıdakı Şəhidlər xiyabanında dəfn edilən İsgəndər Aznaurov Prezidentin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Qəhrəmanın anım mərasimlərində iştirak edən Gülxanım Aznaurova həyat yoldaşının xatirəsinin əziz tutulduğuna, adının əbədiləşdirildiyinə, ailəsinə həmişə diqqət və qayğı göstərildiyinə görə həm Azərbaycan Prezidentinə, həm də Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edir. Övladlarını İsgəndərin adına layiq böyütdüyünü bildirir.
Qəhrəmanın qızı Zuina Aznaurova atasını kövrək hisslərlə xatırlayaraq deyir ki, belə bir xalq, belə bir millət, belə bir Vətən uğrunda biz üç bacı da canımızdan keçməyə hazırıq: "Kim çətin zamanlarda ona qucaq açmış bir məmləkətin düşmənlərinə qarşı vuruşmaz ki? Kim bu Vətənin, bu torpağın uğrunda canından keçməz ki? Atamız haqq yolunda, ədalət yolunda şəhid oldu. Biz fəxr edirik ki, atam Bakıda Şəhidlər xiyabanında uyuyur. Bu torpaqlara, bu yerlərə onun qanı hopub. Bu torpaq bizim də Vətənimizdir! Onu qorumaq bizim də müqəddəs vəzifəmizdir".
Azadlığımız və müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlər zəfərimizin baş qəhrəmanıdır
Dövlətimiz tərəfindən şəhid İsgəndər Aznaurovun xidmətləri yüksək qiymətləndirilib. Hazırda Şəmkirin Kür qəsəbəsində orta məktəb onun adını daşıyır. Təhsil ocağının qarşısında qəhrəmanın büstü qoyulub. Bakıdakı "İstiqlal" Muzeyində İ.Aznaurovun həyatını, keçdiyi döyüş yollarını əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb, xidmət etdiyi hərbi hissədə xatirəsinə abidə ucaldılıb. Gədəbəyin Şınıx kəndində isə Mormor yüksəkliyi onun şərəfinə "İsgəndər qalası" adlandırılıb.
Çox qürurvericidir ki, 44 günlük Vətən müharibəsində ordumuzun cəsur zabit və əsgərləri "topçu İsgəndər" kimi qəhrəman oğullarımızın yarımçıq qalmış döyüş yollarını şərəflə davam etdirdilər. Onlar İkinci Qarabağ müharibəsində Vətən uğrunda qəhrəmancasına vuruşaraq torpaqlarımızı erməni işğalçılarından azad etdilər. Torpaq qeyrəti çəkən oğullar qorxu bilmədən qələbə əzmi ilə düşmən üzərinə şığıdılar. Vətənin azadlığı və müstəqilliyi uğrunda canını qurban edən hər bir zabit, hər bir əsgər Zəfərimizin baş qəhrəmanıdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"