Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı həyata keçirərək o torpaqları əzəli sakinlərinə qovuşduran Azərbaycan dövləti həm də qərbi azərbaycanlıların yurd həsrətinin bitməsi üçün ardıcıl və təsirli addımlar atır. Dövlətimiz üçün tarixi, milli missiya, eləcə də strateji hədəf olan Qərbi Azərbaycana qayıdışın tezliklə baş tutması üçün ən ali səviyyədə siyasi, diplomatik müstəvidə iş aparılır. Bütün bunlara görədir ki, Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə də daxil edilib.
1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adının 3 avqust 2022-ci ildə dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilməsi, icmanın yeni Nizamnaməsinin təsdiq olunması, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyasının hazırlanması bu mənada mühüm əhəmiyyət kəsb edir. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Qərbi Azərbaycana qayıdış prosesinin növbəti addımı kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan Qazılığının bərpa edilməsi barədə bu yaxınlarda verdiyi qərarın da vacib mahiyyəti var. Çünki ədalətin, haqqın tələbi olaraq müsəlman əhalinin - qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı burada dini icmaların, din xadimlərinin fəaliyyətini də labüd edir. Necə ki tarixən İrəvanda Qazılıq olub və mötəbər şəxslər qazı kimi fəaliyyət göstəriblər.
İrəvan Qazılığının Əsasnaməsi də təsdiqlənib. Sözügedən qazılıq hələ ki, QMİ-nin binasında yerləşəcək.
Erməni Apostol Kilsəsi xalqlar arasında nifrət aşılayır
.
Dövlətimizin beynəlxalq hüququn prinsiplərinə dayanaraq qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsində qətiyyətli mövqe sərgiləməsi monoetnik dövlət olan Ermənistanın şovinizm ideyaları ilə uyğun gəlmədiyi üçün erməni cəmiyyəti, xüsusilə erməni kilsəsi bu məsələni guya ölkəmizin ərazi iddiası kimi təqdim etməyə, hadisələrə başqa don geyindirərək beynəlxalq ictimaiyyətin fikrini əsl həqiqətlərdən yayındırmağa çalışır. Erməni Apostol Kilsəsinin QMİ-nin İrəvan Qazılığının bərpası barədə qərarı ilə bağlı bu günlərdə yaydığı qərəzli və irqi nifrəti aşılayan bəyanatı da buna misaldır.
Qərbi Azərbaycan İcması da bununla əlaqədar verdiyi bəyanatda Erməni Apostol Kilsəsinin QMİ-nin İrəvan Qazılığının bərpası barədə qərarı ilə bağlı bəyanatını qınayıb: "Sözügedən bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edir".
Bəyanatda deyilir: "Erməni Apostol Kilsəsinin xalqlar arasında harmoniya, dinlərarası dialoq və sülhə töhfə vermək əvəzinə nifrət aşılaması, qərbi azərbaycanlıların qayıdışına, onların dini etiqad azadlıqlarına, dini və mədəni irsinin bərpasına qarşı çıxması ciddi narahatlıq doğurur.
Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kilsəsinin irqi ayrı-seçkiliyə əsaslanan siyasiləşmiş addımlarını pisləməyə çağırır".
Faktdır ki, erməni şovinistləri XIX-XX əsrlər ərzində azərbaycanlılara məxsus torpaqları qəsb edib, soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti aparıblar. Sözügedən tarixin müxtəlif kəsimlərində həyata keçirilən mənfur plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar.
Qondarma dövlət olan Ermənistanın faşist ideyalı keçmiş rəhbəri Levon Ter-Petrosyan da 1993-cü il - Ağdamın işğalı günündə "Yerkrapa" könüllülər birliyinin toplantısında etdiyi çıxışında ermənilərin həyata keçirdikləri işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən danışıb, düz 600 ildir ki, ermənilərin Qarabağı, indiki Ermənistan ərazisini yad millətlərdən, yəni minilliklərdir bu ərazilərdə yaşayan yerli azərbaycanlılardan tamamilə təmizlədiklərini bildirib, indiki Ermənistan ərazisində üç rayonda - Vardenis, Masis və Amasyada azərbaycanlıların çoxluq təşkil etdiyini, Zəngəzurda isə onların sayının həddindən artıq çox olduğunu etiraf edib.
Qayıdış reallaşana qədər
Zamanla əzəli torpaqlarımız olan İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix uydurmaq üçün, tarixi, dini, mədəni irsimizə qənim kəsiliblər. Vaxtilə İrəvan quberniyasında yüzlərlə məscid, onlarca mədrəsə olub. Lakin Ermənistan buranın yerli xalqı olan azərbaycanlıları deportasiya edib, islam sivilizasiyasını dağıdıb. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscidimiz qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bu da beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq niyyəti güdür.
"Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir. Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır", - deyə mayın 21-də Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev vurğulayıb ki, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.
Qərbi azərbaycanlılar vaxtilə zorla didərgin salındıqları dədə-baba torpaqlarına qayıtmaq istəyindədirlər və həmin günü səbirsizliklə gözləyirlər. Dövlətimizin Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirməsi bu soydaşlarımızın da hər birinin qəlbində tezliklə tarixi torpaqlarına dönəcəkləri inamını, əminliyini sarsılmaz edib. Faktiki olaraq konstitusiyasında dəyişiklik etməyərək Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək istəməyən Ermənistan isə qərbi azərbaycanlıların qayıdışı ilə bağlı manipulyasiyalar edir və guya bunu ərazi iddiası kimi qələmə verməyə çalışır.
Lakin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əksini tapdığı kimi, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə əzəli yurdlarına qayıdışı qətiyyən ərazi iddiası deyil. Bu, Azərbaycan xalqının, dövlətinin qarşısında duran milli hədəf və beynəlxalq hüququn tələbidir ki, İrəvan da birmənalı olaraq bunu gerçəkləşdirməlidir.
Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev də məhz bunu qətiyyətlə bəyan edib: "Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir...
...İnanırıq ki, qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"