01 May 2024 08:50
210
SİYASƏT
A- A+

İrəvan Bakının haqlı tələbləri ilə barışır

 

Demarkasiya prosesi regionda dayanıqlı sülh üçün vacibdir

 

"Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi məqsədilə hər iki tərəfin komissiyaları intensiv görüşlər keçirir, müzakirələr aparır. Bununla belə, Azərbaycan tərəfi sülh sazişinin imzalanmasını yalnız sərhədlərin delimitasiyasına bağlamır, çünki bu proses uzun vaxt apara bilər". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat xatırladıb ki, Azərbaycanla Gürcüstan sərhədinin delimitasiyası uzun illərdir ki, aparılır. Bunu, həmçinin Ermənistan-Gürcüstan sərhədlərinin delimitasiyasına da şamil etmək olar. Sərhədlərin müvafiq istiqamətdə delimitasiyası işğal altında olan ərazilərimizin geri qaytarılmasını şərtləndirir. Bu, ərazi bütövlüyümüzün tam təmin olunması baxımından çox vacib məsələdir. 
Deputat dövlət başçısının yanvar ayında yerli televiziyalara müsahibəsini də xatırladıb: "Ölkə rəhbəri bildirmişdi ki, qeyri-eksklav olan dörd kənd Qazax rayonu istiqamətində heç bir müzakirə aparılmadan, şərt irəli sürülmədən geri qaytarılmalıdır. Bu, Prezidentin Ermənistana bir çağırışı idi və qarşı tərəf bu çağırışa düzgün reaksiya nümayiş etdirdi. Paşinyan da sərhəd bölgəsində yaşayan əhali ilə görüşən zamanı kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini vurğulamışdı. Əks təqdirdə müharibənin qaçılmaz olacağını da bildirmişdi. Müharibə başlayacağı halda isə Ermənistanın vəziyyətinin daha acınacaqlı olacağı heç kimdə şübhə doğurmur. Ona görə də Ermənistan tərəfi Azərbaycanın haqlı tələblərini yerinə yetirməyə başlayıb". 
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur: "Biz öz ərazilərimizin bütövlüyünü və sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsini istəyirik. Ermənistan da Azərbaycana ərazi iddialarından əl çəkməlidir. Ona görə də Ermənistan səsləndirdiyi kimi, həqiqətən sülh istəyirsə, bunu öz addımlarında nümayiş etdirməlidir". 
O vurğulayıb ki, Azərbaycanın iradəsi növbəti dəfə qalib gəlib və sərhədlərin delimitasiyası istiqamətində işlərin görülməsi demarkasiyanın aparılması üçün də zəmin yaradıb. "35 sərhəd dirəyinin quraşdırılması onu nümayiş etdirir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi nəticə verir. Bu, çox vacib məsələdir. Qazaxın dörd qeyri-eksklav kəndinin Azərbaycana qaytarılması gücümüzün və iradəmizin keçərliliyini bir daha göstərir. Bu, çox prinsipial məsələ idi. Həmin ərazilərdə ermənilər tərəfindən məskunlaşdırılma həyata keçirilmişdi, amma həmin ərazilər Azərbaycan torpaqlarıdır. Ermənistan hər zaman bildirir ki, sərhədlərin müəyyənləşdirilməsi  1991-ci ilin dekabrında imzalanmış Alma-Ata deklarasiyasına uyğun həyata keçirilməlidir. Ermənistan bu mövqeyinə uyğun davranmalıdır və düşünürəm ki, məhz Azərbaycanın iradəsi sayəsində artıq bu cür davranır", - deyə o əlavə edib. 
Sərhədlərin delimitasiya və demarkasiyasının uzun sürən proses olduğunu deyən deputat bildirib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı da öz mövqeyini ortaya qoyub. Azərbaycan hər cür konstruktiv mövqe sərgiləməyə hazırdır. Qeyri-eksklav kəndlər delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır. Ölkə rəhbəri həmçinin onu da vurğulamışdı ki, Ermənistan tərəfi mürəkkəb məsələdən başlamaq istəyirsə, yəni qeyri-eksklav olan kəndlərlə bağlı delimitasiyanın aparılmasını istəyirsə, biz ona da razıyıq. Yəni Azərbaycan regionda dayanıqlı, etibarlı sülhün təmin olunması üçün davamlı addımlar atır, cəhdlər edir. 
Deputat hesab edir ki, əgər proses belə davam edərsə, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçiriləcək. Bu da daha dayanıqlı sülhün əldə olunması üçün çox vacibdir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video