02 May 2024 08:20
153
Mədəniyyət
A- A+

İqtisadiyyatın elmi inkişafına sanballı töhfə

 

Müasir dövrün çağırışları innovativ inkişaf prosesində  fundamental elmlərin artan əhəmiyyətini bir daha ön plana çəkir. Elmi tərəqqidə lokomotiv rolunu oynayan fundamental elmlərin uğurları sayəsində elmtutumlu yeni texnologiyaların və proseslərin yaradılması reallığa çevrilir.
Azərbaycan Respublikasının mühüm sərvətlərindən biri olan neftin çıxarılması, nəqli və emalı, eləcə də, neft emalı, neft-kimya və kimya sənayeləri üçün mühüm əhəmiyyətə malik olan müxtəlif proseslərin hesablanması, modelləşdirilməsi və  layihələşdirilməsi, qarşıya çıxan problemlərin həlli  yollarının axtarılması və digər məsələlər ölkə iqtisadiyyatının inkişafında fundamental tədqiqatların əhəmiyyətini önəmli edır. 
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət mükafatına təqdim edilən işlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Dövlət Mükafatları komissiyasına təqdim edilən Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulovun müəllifləri olduqları "Qeyri- Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanikası sahəsində fundamental tədqiqatlar" işi  yuxarıda qeyd edilən problemlərin həlli istiqamətində  aparılan fundamental tədqiqatlar kimi xüsusi diqqətə layiqdir.
Azərbaycanda böyük ehtiyatları olan ağır neftlərin çıxarılması, nəqli və emalı məsələlərini məhdudlaşdıran səbəblərdən biri də istifadə edilən texnologiyaların kifayət qədər effektiv olmamasıdır. Ağır, yüksək özlülüklü neftlər mahiyyətcə mürəkkəb neft dispers sistemləri olmaqla aspfalt-qətran maddələrinin və parafin birləşmələrinin kifayət qədər yüksək miqdarı ilə xarakterizə olunurlar. Bu, ağır neftlərin fiziki və reoloji xassələrinə, ilk növbədə, effektiv özlülüyünə və diffuziyasına təsir etməklə onların çıxarılması, nəqli və emalı proseslərini xeyli çətinləşdirir. Eyni zamanda nəzərə alınmalıdır ki, neftin reoloji xassələrini yaxşılaşdırmaq üçün müxtəlif imkanlar mövcuddur.
Dispers mühitlərdə neftin müxtəlif koaqulyasiya strukturlarının, aqreqatların və klasterlərin yaranma problemlərinə həsr olunan izotrop turbulent axında damcı və qabarcıqların koalesensiya və parçalanma nəzəriyyəsinin əsasları təklif olunmuşdur. Nəzəriyyənin mahiyyətini kütlə mübadiləsi və hidrodinamika tənliklərinin həlli əsasında hissəciklərin minimal və maksimal ölçülərinin, toqquşma tezliklərinin, damcı və qabarcıqların koalesensiya, deformasiya və parçalanma proseslərinin hesablanması  təşkil edir.
Qeyri-Nyuton neftlərin məsaməli süxurlarda filtrasiyası üçün yeni reoloji tənlik alınmış və onun analitik həlli sayəsində filtrasiyanın sürəti, neftin debiti, effektiv özlülüyü və digər reoloji parametrlərini hesablamaq üçün praktiki formullar və  yeni effektiv alqoritmlər işlənilmiş, yeni riyazi modellər təklif olunmuşdur. Neftin və qeyri-Nyuton mayelərin borularda və aparatlarda nəqli zamanı  dispers faza hissəciklərinin çökməsinin qravitasion diffuziya modeli işlənib hazırlanmışdır. Bu modellər müxtəlif praktiki məsələlərin həllində, o cümlədən respublikada neft emulsiyalarının parçalanma prosesinin hesablanmasında və intensivləşdirilməsində və ağır neftlərin ilkin emalının intensivləşdirilməsində (resirkulyasıya nəzərə alınmaqla) istifadə olunmuşdur.
Tədqiqatlar əsasında nüfuzlu nəşriyyatlarda çap olunan monoqrafiyalar dispers sistemlərdə kütlə, istilik və impuls mübadiləsi kimi çox mühüm problemlərə, həmçinin bərk hissəciklərin koaqulyasiyası, maye damcılarının və qaz qabarcıqlarının koalesensiyası, parçalanması, çökməsi, reologiyası, hissəciklərin paylanma funksiyalarının tədqiqi, bir sözlə, nəzəri və praktik məsələlərin həllinə  həsr olunmuşdur. 
Aparılan  fundamental tədqiqatların nəticələri neftçıxarma, neft emalı, neft-kimya və kimya sənayelərində, neftin nəqlində istifadə olunan müxtəlif proseslərin hesablanması, modelləşdirilməsi və layihələndirilməsi ilə əlaqədar olan mühüm problemlərin analizi və həlli məsələləri üçün mühüm əhəmiyyət kəsb etdiyindən bu tədqiqatlar 3 monoqrafiya şəklində mərkəzi ofisi Nyu Yorkda olan  yuksək nüfuzlu Beynəlxalq Taylor and Francis Group, CRC Press akademik nəşriyyatında (ən nüfuzlu akademik nəşriyyatlar olan Elsevier və Springer ilə bir sırada durur) və Moskvada çap olunmuşlar. Onlardan başqa, xaricdə nüfuzlu jurnallarda çap olunmuş çoxsaylı məqalələr və Londonda İntechOpen nəşriyyatında 2021-2023-cü illərdə çap olunan 3 kollektiv monoqrafiyalarda fəsillər yuxarıda göstərilən problemlərin həllində Azərbaycan alimlərinin  töhfəsini əks etdirir.
Təklif edilmiş modellərdən müxtəlif ölkələrdə, o cümlədən Amerika Aeronavtika və Astronavtika İnstitutunda (NASA) çəkisizlik şəraitində mayelərin qaynaması ilə bağlı məsələlərdə, Bergen (Norveç), Nottingham i Canterbury Universitetlərində (Böyük Britaniya) bir neçə dissertasiyaların əsasının qoyulmasında istifadə edilmişdir. Bu modellər respublikamızda neft emulsiyalarının ayrılması proseslərinin hesablanması və  intensivləşdirilməsi, resirkulyasiyanı nəzərə almaqla ağır neftlərin ilkin emal prosesinin intensivləşdirilməsi üçün də hesablamalarda uğurla  tətbiq  olunmuşdur.
Qeyri-Nyuton neftlərinin emalını asanlaşdırmaq üçün onların reoloji xassələrini yaxşılaşdıran resirkulyasiya edən axınlara əsaslanan yeni texnologiya işlənilmişdir.
Ağır neft emulsiyalarının ayrılma prosesi üçün işlənilmiş model əsasında neft-su sistemində  separasiyanı yaxşılaşdıran praktiki şərait müəyyən  edilmişdir.
Müəlliflərin "Mexanika i reoloqiə neftənıx dispersnıx sistem" (Moskva, 2017) monoqrafiyası Kazan Federal Universitetinin (Rusiya Federasiyası) tədris planına yeni ixtisas kimi salınmış və bu haqda tətbiq arayışı təqdim olunmuşdur.
Müəlliflərin neft dispers sistemlər sahəsində fundamental tədqiqatlarının nəticələri  nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda (Chemical Engineering Science, Aerosol Science,  Powder Technology, Journal of Dispersion Science and Technology, Colloid and Surface Science,  Teoretiçeskie osnovı ximiçeskoy texnoloqii, İnjenerno-fiziçeskiy jurnal) çap olunmuş 30-dan çox məqalədə, Moskvada nəşr edilmiş 2 monoqrafiyada ("Mexanika i  reoloqiya dispersnıx sistem", Moskva, 2017, - 462 str.;  "Peoloqiya  nenyutonovskix neftey",  Moskva, 2022, - 601 str.)  və beynəlxalq elm dünyasında ən nüfuzlu akademik nəşriyyatlardan biri olan və əsas ofisi ABŞ-də yerləşən "Taylor & Francis Group"  şirkətində nəşr olunan irihəcmli "Transport Phenomena in Dispersed Media" (London - Nyu York, CRC Press, 2019, - 434 pages)  monoqrafiyasında öz əksinin tapmış və dünyanın əsas bölgələrində, o cümlədən Şimali və Cənubi Amerikada, Avropada, Böyük Britaniyada, Avstraliya və Yeni Zelandiyada yayılmışdır. 
Monoqrafiya haqqında ABŞ Miçiqan  universitetinin professoru Natan Niemi, İsrailin Tel-Əviv Universitetinin professorları Lev Eppelbaum və Youri Kats, eləcə də, İnjenerno-fiziçeskiy Jurnal, Neftepromıslovoe delo, Nefteqazovoe delo jurnallarının redaksiyaları və müxtəlif internet səhifələri  müsbət rəylər çap etmişlər. Monoqrafiya haqqında çap olunmuş rəylərdə qeyd edildiyi  kimi, kimya texnologiyasının prosesləri və aparatları, qeyri-Nyuton neftlərin reologiyası, yeni texnoloji proseslərin işlənilməsi və layihələndirilməsi, mövcud qurğuların təkmilləşdirilməsi ilə məşğul olan mütəxəssislər və tədqiqatçılar üçün  çox əhəmiyyətli  olan "Transport Phenomena in Dispersed Media" monoqrafiyası və Moskvada nəşr olunan digər 2 monoqrafiya azərbaycanlı alimlərin bu sahədə dünya elminə töhfəsi sayıla bilər.
Dövlət mükafatına təqdim olunan işin müəllifəri - akademik Dilqəm Tağıyev (AMEA-nın vitse-prezidenti), AMEA-nın müxbir üzvü Qudrət Kəlbəliyev (Kataliz və Qeyri-üzvi Kimya İnstitunun şöbə müdiri) və professor Sakit Rəsulov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri) elmi ictimaiyyət tərəfindən kifayət qədər yaxşı tanınan və yüksək elmi göstəricilərə malik olan görkəmli alimlərdir.  
Yekunda qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq nəşriyyatlarda çap edilən sanballı, irihəcmli monoqrafiyaların və beynəlxalq bazalarda indeksləşən jurnallarda ciddi ekspertizadan sonra çap olunan 30-dan çox elmi məqalənin məzmununda əks etdirilən qeyri- Nyuton neftlərinin və neft dispers  sistemlərinin reologiyası və mexanikası sahəsində fundamental tədqiqatlar öz səviyyəsinə, həcminə, nəzəri və tətbiqi əhəmiyyətinə görə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət mükafatına layiq görülə bilər.
                                                     
Əli ABBASOV, 
ETN İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video