Ötən il ölkə
üzrə sərmayə yatırımının həcmi 17,1 milyard manatdan çox olmuşdur
Ölkə iqtisadiyyatının
inkişaf dinamikasına diqqət yetirdikdə görürük ki, bunun başlıca səbəbi onun fasiləsiz
kapitallaşmasıdır. Yəni iqtisadiyyatın bütün sahələrinə qoyulan sərmayə sonda öz
müsbət bəhrəsini verir.
Müstəqilliyimizin
bərpasından sonrakı ilk illərdə infrastruktur sahəsinə yatırılan sərmayə sayəsində
Azərbaycanda mükəmməl infrastruktur yaranıb. Bu, nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən də təsdiq edilir. Beləliklə, ölkəmiz hazırda bu sahə üzrə dünyanın inkişaf
etmiş ölkələri ilə bir sırada qərarlaşıb.
Son dövrlər
isə iqtisadiyyatın real sektoruna kapital qoyuluşuna xüsusi diqqət yetirilir. Prezident
İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, ölkənin hərtərəfli inkişafı real
sektorun istehsal qabiliyyətindən asılıdır. Çünki istehsal və ixrac ölkənin dayanıqlı
inkişafının başlıca şərtidir. Dünya təcrübəsi də göstərir ki, hansı ölkələr daha
çox məhsul ixrac edərsə, hətta yaranan böhrandan daha az ziyanla çıxır. İdxalçı
ölkələr isə belə böhran vəziyyətində daha çox ziyan çəkirlər.
Prezident
İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş müşavirədə bununla bağlı demişdir:
"İnvestisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın
real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real
sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir.
Misal üçün,
yeni infrastruktur tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna
nə dərəcədə müsbət təsir göstərmişdir”.
Həmin müşavirədə
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, iqtisadi inkişafı təmin etmək
üçün real sektora istər dövlət sərmayələrinin, istərsə də özəl sərmayənin cəlb edilməsini
əsas şərt kimi görür. Dünyanın iqtisadi tarixi və Azərbaycanın yaxın keçmişdəki
təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti və dayanıqlığı investisiya qoyuluşu
ilə bağlıdır. Ötən il əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz
təşkil edib. Cari ildə bu rəqəmin 25 faizə çatdırılması nəzərdə tutulub. Digər əsas
faktor isə dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, həmçinin
dövlət investisiyalarının resipiyentləri qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsi
və bu investisiyaların prioritet sektorların inkişafı ilə üzvi şəkildə uzlaşdırılmasıdır.
Dövlət Statistika
Komitəsinin verdiyi məlumata görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 184,3 milyon
manat vəsait yönəldilib. Həmin dövrdə neft-qaz sektoruna yatırılan investisiya azalsa
da, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 1,9 faiz artıb.
Qeyd etdiyimiz
kimi, son dövrlər real sektora daha çox investisiya yatırılır. Ötən il ümumi sərmayənin
11393,4 milyon manatı məhsul istehsalı sahələrinin investisiyalaşdırılmasına sərf
edilib, 4432,6 milyon manatı xidmət sahələrinin, 1358,3 milyon manatı isə yaşayış
yerlərinin tikintisinə yatırılıb. Statistik rəqəmlərdən aydın olur ki, ötən il qoyulan
sərmayənin 66,3 faizi real sektora yatırılıb.
Hesabat dövründə
ümumi sərmayənin 48,3 faizi dövlət, 51,7 faizi qeyri-dövlət sektoru sərmayədarları
tərəfindən qoyulub. Həmin dövrdə sərmayə qoyuluşunda daxili mənbələrdən əsas kapitala
yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 69,8 faizini təşkil edib. Beləliklə,
əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8942,6 milyon
manat, bank kreditləri 2061,8 milyon manat, büdcə vəsaitləri 4857,2 milyon manat,
büdcədənkənar dövlət fondlarının vəsaitləri 207,6 milyon manat, əhalinin şəxsi vəsaitləri
980,9 milyon manat və s. vəsaitlər isə 134,2 milyon manat olub. Həmçinin ötən il
əsas kapitala yönəldilən ümumi vəsaitin 50,2 faizi sənaye sektorunun inkişafı üçün
qoyulub.
Dünyada baş
verən məlum iqtisadi və siyasi səbəblərdən kapital qoyuluşu azalıb. Buna baxmayaraq,
ölkəmizdə mövcud investisiya mühiti əcnəbilər üçün cəlbedici olaraq qalır. Bu üzdən
hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına
əsas kapitala yönəldilən vəsaitin 4344,7 milyon manatı və ya 83,7 faizi Birləşmiş
Krallıq, Lüksemburq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran, Norveç
və Fransa sərmayədarlarına məxsus olub.
Rüstəm KAMAL,
"Azərbaycan”