2007-ci ildə Şahbuz qəsəbəsinə şəhər statusu verilmişdir. 2013-cü ilin mart ayında ölkə rəhbərinin imzaladığı sərəncamla sahəsi 1454 hektar olan Qarababa kəndi bütövlükdə, Ayrınc kəndinin 92,8 hektar sahəsi, Daylaqlı kəndinin 274,8 hektar sahəsi Şahbuz şəhər ərazisinə daxil edilmişdir. Qarababa kənd tam orta məktəbi bundan sonra Şahbuz şəhər 2 nömrəli məktəbə çevrildi.
1991-ci ildə istifadəyə verilmiş bu təhsil ocağı müasir tələbləri ödəmirdi. Ona görə də mart ayından etibarən həmin məktəbdə əsaslı yenidənqurma işlərinə başlanmışdı.
Artıq görülən işlər deməyə əsas verir ki, yeni dərs ilində şagirdlər müasir standartlara cavab verən gözəl və yaraşıqlı məktəbdə oxuyacaqlar. Biz məktəbə baş çəkəndə "Dizayn İnşaat" MMC tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrə idi. Binanın dam örtüyü vurulub, qapı və pəncərələr salınıb, daxili suvaq və ağartma işləri yekunlaşıb, döşəmə və tavanlar hazır vəziyyətdədir, binadaxili boya işləri görülüb. İnşaatçıların bəziləri həyətyanı sahədə abadlıq işləri aparır, bəzi usta və fəhlələr də bina daxilindəki əksiklikləri tamamlamaqla məşğul idilər. Onu da qeyd edək ki, binanın qızdırılması kalorifer sistemi ilə həyata keçiriləcək. Bunun üçün əlavə qazanxana tikilib, müasir texnoloji avadanlıqlarla təmin olunub. Payız-qış mövsümü boyu məktəb binasının qızdırılmasında heç bir çətinlik olmayacaq.
İş icraçısı Səyyad Əliyevlə söhbət zamanı öyrəndik ki, bina əvvəlcə 2 mərtəbədən ibarət olub. Əsaslı yenidənqurma zamanı bura əlavə bir mərtəbə də artırılıb.
Binanın birinci mərtəbəsində idman zalı, qarderob, fizika, kimya və biologiya laboratoriyaları, bufet fəaliyyət göstərəcək. İkinci mərtəbədə qəbul və direktor otağı, psixoloq və 6 sinif otağı nəzərdə tutulub. Üçüncü mərtəbədə isə 6 sinif otağı, hərbi kabinet, müəllimlər otağı, həmçinin elektron sinif və kompüter otağı olacaq. Bir sözlə, burada görülən işlər müəllimlərin və şagirdlərin də ürəyincə olacaq.
Məktəbin direktoru Əvəz Həsənovla da görüşdük. Öyrəndik ki, yeni dərs ilində məktəbdə 86 şagird təhsil alacaq. Onların 13 nəfəri ilk dəfə bu sevinci yaşayacaq.
Direktor bildirdi ki, ötən il məktəbin 8 məzunu olub. Onların 7-si ölkəmizin müxtəlif ali məktəblərində oxumaq hüququ qazanıb. Qəbul olunanların dördü 400-500, 1-i isə - Pərvin Seyidov 621 bal yığaraq Naxçıvan Dövlət Universitetində oxumağa üstünlük verib. Məktəbin bir məzunu isə texnikuma qəbul olunub.
Elxan MƏMMƏDOV,
"Azərbaycan"