Dövlət orqanları ilə partiyalar arasındakı dialoq siyasi sistemin təkmilləşməsinə mühüm töhfə verir
Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsi vətəndaş birliyinin və həmrəyliyinin təmin edilməsi, siyasi partiyaların və ictimai təşkilatların sərbəst fəaliyyətinə önəm verilməsi dövlətimizin başlıca uğurlarındandır. Tolerantlığa və multikultural ənənəsinə sadiq olan ölkəmizdə insanlara millətinə, dininə, əqidəsinə görə deyil, vətəndaş mövqeyinə görə qiymət verilir və ayrı-seçkilik tamamilə aradan qaldırılmışdır.
Bu gün hər bir Azərbaycan vətəndaşı milliyyətindən asılı olmayaraq, ölkəmizin inkişafı və nüfuzu naminə eyni mövqedən çıxış edir, qələbələrimizdən sevinir, uğurlarımızdan qürurlanır. 44 günlük müharibə, 23 saatlıq antiterror tədbirləri göstərdi ki, Azərbaycan xalqı vahiddir və Vətəni müdafiə etməyə, düşməni susdurmağa qadirdir. Bu müharibədə əksər siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin torpaqlarımızın düşməndən azad edilməsi naminə birləşdiklərinin şahidi olduq.
Ulu Öndər Heydər Əliyev xatırladırdı ki, "Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın". Dahiyanə deyilmiş bu kəlamda Vətən, torpaq məhəbbəti, xalq təəssübkeşliyi, mənəvi zənginlik, məsləyə, milli-mənəvi dəyərlərə sadiqlik var və bu, nəinki dünənimiz üçün vacib idi, bu günümüz və gələcəyimiz üçün hər vaxt, hər saat əhəmiyyətlidir, qiymətlidir. Çünki Vətənə, xalqa müxalifətdə olmaq, dövlətin uğurlarına kölgə salmaq, qara yaxmaq, insanların öz qanları hesabına əldə etdikləri qələbəni inkar etmək düşmənçilik, nankorluq, nadanlıq olar.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkədə yaşayan bütün xalqların, azlıqların birliyinin təmin edilməsini, onlara eyni münasibət göstərilməsini, iqtidarı, müxalifəti, siyasi baxışları, dinləri müxtəlif olan insanların vətənin mənafeyi naminə birgə fəaliyyətə istiqamətləndirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdu. Dahi rəhbər tərəfindən əsası qoyulan və inkişaf etdirilən azərbaycançılıq ideologiyası məhz birliyimizə, həmrəyliyimizə, vətənin, xalqın xoşbəxt gələcəyi üçün yekdil mübarizəmizə xidmət edir.
Prezident İlham Əliyev öz fəaliyyətində Ulu Öndərin ölməz ideyalarına arxalanmaqla mövcud reallıqlara əsaslanır və xalqın birliyinin təməlini gündən-günə möhkəmləndirir, vətəndaş həmrəyliyini, mübarizliyini inkişafımızın, qələbəmizin uğuru kimi qiymətləndirir. Ölkəmizin rəhbəri bildirir ki, "Əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşundan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə xalqlar bir ailə kimi yaşamışlar".
Cənab İlham Əliyev bu ailənin başçısıdır və onun üzvlərinin mənafelərini qorumağın, təhlükəsizliyini təmin etməyin, həyatlarını mənalandırmağın, güzəranlarını yaxşılaşdırmağın nə qədər çətin olsa da, həm də o qədər şərəfli, məsuliyyətli olduğunu çoxşaxəli fəaliyyətində nümayiş etdirir.
Bu ailənin üzvlərinin fikirləri, baxışları müxtəlif ola bilər, ancaq hər bir kəs onun müqəddəsliyini qorumalı, taleyi barədə düşünməlidir.
Son illərin çətinlikləri, ağır müharibə günləri dövlətimizin və ailəmizin yekdilliyini sübut etdi, dünyaya göstərdi. Həm də aramızdakı naxələflərin, dağıdıcı müxalifətin, dövlətimizə və xalqımıza düşmən mövqedə duranların iç üzünü açıb, aydın göstərdi. Müharibə günlərində ölkədəki bütün siyasi partiyalar və vətəndaş cəmiyyətləri bir araya gəldikləri halda AXCP və Milli Şura, Müsavat partiyası bundan imtina etdilər. Xüsusilə AXCP dağıdıcı mövqe tutdu, nəinki həmrəylik nümayiş etdirdi, əksinə, qələbələrimizə kölgə salmağa çalışdı, ermənipərəst mövqe tutdu, öz saxta bəyanatları, çıxışları ilə xaricdə əleyhimizə təbliğat aparanların dəyirmanına su tökdü, haqqımızda yalan məlumatlar yaydı.
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin fəaliyyətinə, onların rolunun artırılmasına, bir məqsəd uğrunda mütəşəkkilliyin təmin edilməsinə böyük önəm verir. O, partiyalar arasında siyasi dialoqun qurulmasının, fikir mübadilələri aparılmasının, ölkənin inkişafı üçün müsbət işlərin dəyərləndirilməsinin, həm də nöqsanların qabardılmasının və bunun üçün təkliflər irəli sürülməsinin, məsələlərin operativ həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmiş və bu gün də istəklərini həyata keçirmək istiqamətində əsaslı tədbirlər görməkdədir.
Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbənin yaradılması və ölkə rəhbərinin tapşırıqları əsasında şöbənin çox mühüm tədbirlər həyata keçirməsi, siyasi partiya rəhbərləri, vətəndaş cəmiyyəti üzvləri, siyasətlə məşğul olan insanlarla vaxtaşırı görüşlərin təşkili, problemlərin aradan qaldırılmasında əldə olunan nəticələrin şərh edilməsi, siyasi dialoqun ildən-ilə genişləndirilməsi bunun parlaq nümunəsidir.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci ildə keçirilən qurultayında partiyanın sədri, ölkə rəhbəri İlham Əliyev çıxışında bir daha bildirmişdir ki, "Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir.
Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyəti var".
Dövlət başçısının söylədiyi fikirlər, qarşıya qoyduğu vəzifələr dialoqun inkişafı, sağlamlaşdırılması, onun üçün münbit şəraitin yaradılması və imkanların genişləndirilməsi nəinki bu günümüz, eləcə də gələcəyimiz üçün çox faydalıdır. Bu, siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığa zəmin yaradır və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüş bu baxımdan xarakterikdir.
Dövlət qurumları ilə birlikdə keçirilən bu görüşdə siyasi partiyalar haqqında yeni qanunun tətbiqi ilə əlaqədar siyasi partiyaların bu prosesdə iştirakının səviyyəsinin gündəmə gətirilməsi, maliyyə hesabatının izahı, ölkədə və xaricdə baş verən hadisələrə yanaşmanın istiqaməti, uğurların təbliği və müəyyən problemlərin aradan qaldırılması sahəsində təşəbbüskarlığın artırılmasının diqqətdə olması tədbirə yeni bir dəyər verdi. Çünki bu görüş bilavasitə milli birliyin və həmrəyliyin təmin edilməsinə yönəldilmişdi və siyasi partiyalar tərəfindən reallıqlara qiymət verilməsi, problemləri qaldırmaq və həllinin yollarını göstərmək üçün əlverişli platforma oldu. Ölkədə mövcud olan bütün siyasi partiyalar görüşdə iştirak etsələr də, AXCP bu tədbirə nəinki qatıldı, hətta Əli Kərimli, başda Müsavat Partiyası olmaqla iştirakçıların çoxunu siyasi xəyanətdə günahlandırdı, onları satqın adlandırdı. Müsavat partiyasının həqiqi müxalifət mövqeyindən uzaqlaşdığını söyləyərkən Ə.Kərimli, Tofiq Yaqublu və digərləri görəsən nəyi nəzərdə tuturlar? Danışıqlara getmək, dialoq qurmaq, reallıqlara münasibət bildirmək, təkliflər vermək xəyanətdirmi?
Yox! Xəyanət, nadanlıq Azərbaycanın düşmənlərindən dərs almaq, onların tapşırıqlarını yerinə yetirmək, pul alıb dövlətin mənafelərini satmaq, mətbuatda, sosial şəbəkələrdə dövlətçilik maraqlarına zidd statuslar yazmaq, videolar paylaşmaq, yalan, şantaj kampaniyaları təşkil etmək, uğurlara kölgə salmaq, insanları ləkələməyə cəhd göstərməkdir. "AXCP-siz görüş nə deməkdir?" fikrində olan partiya funksionerləri bir şeyi başa düşmürlər ki, onlar ağalarının razılığı olmadan belə görüşlərə qatılmağa qadir deyillər və qatılsalar da, əksər siyası partiyaların nifrəti ilə qarşılaşa bilərlər. Çünki AXCP-nin xarici ölkələr və bəzi beynəlxalq fondlar qarşısında götürdüyü öhdəliklər bu görüşə qatılmağa imkan vermir. Antiazərbaycançı dairələrin ölkəmizə qarşı apardıqları məkrli, çirkin kampaniyalara dəstək verən, ölkəmizdə qarışıqlıq, qarşıdurma yaratmağa daim can atan, sabitliyi pozmağa cəhd edən AXCP-nin son günlərdə parlament seçkilərini hədəfə alması, qarayaxma kampaniyasının genişləndirilməsi Fransanın pulundan, orada oturan bədxahların əməllərindən qaynaqlanır və ölkə daxilindəki radikallar - Əli Kərimlilər tərəfindən davam etdirilir.
Məlumdur ki, xaricdə yaşayan antiazərbaycançı qüvvələrlə, dövlətimizə, millətimizə xəyanət edən qruplarla, bloqçularla Əli Kərimli sıx əlaqədədir və bunu hər bir vətəndaşımız yaxşı bilir. Ona görə də AXCP-nin, Əli Kərimlinin hansısa bir dialoqda iştirak edib-etməməsi insanlarımızı bir o qədər də düşündürüb narahat etmir. Vətəndaşları qürurlandıran qələbələrimiz, beynəlxalq aləmdə qazanılan uğurlarımız, gələcək inkişafımız, ərazilərimizin bərpası, qurulub-tikilməsi və insanların doğma yurdlarına qayıtması, sülh müqaviləsinin imzalanması üçün atılan addımlar, həyatlarının, yaşayışlarının yaxşılaşdırılmasıdır. İndiki vaxtda, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına zəmin yarandığı, həm də elə bu ölkədə, eləcə də Gürcüstanda nümayişlərin, qarşıdurmaların baş alıb getdiyi bir dövrdə Cənubi Qafqaz regionunda gərginliyin səngiməsi fonunda həyata keçirilən hər bir tədbir, xüsusilə siyasi dialoq mühitinin formalaşdırılması və yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. Qonşu dövlətlər belə dialoqu xarici dövlətlərin - ABŞ-nin, Fransanın, bəzi beynəlxalq təşkilatların, fondların köməyinə arxalanaraq yardımçıların, kənar qüvvələrin dəstəyi ilə təşkil etdikləri halda Azərbaycan vasitəçi olmadan, öz iradəsinə əsaslanaraq təşkil edir və səmərəsini görür. Buna ölkədə yaranan ictimai-siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyi, konstruktiv əməkdaşlığa göstərilən səylər və ilk növbədə Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti, xalqın öz rəhbərinə olan sonsuz inam və ehtiramı imkan verir, dövlət qurumlarına və siyasi partiyalara öz fəaliyyətlərini genişləndirmək üçün yollar açır.
Azərbaycan Prezidentinin sülh, əmin-amanlıq, demokratiya, əməkdaşlıq amalları, əməlləri artıq bütün dünyaya məlumdur. Ölkə rəhbərimiz verdiyi vədi, sözü əməlləri ilə yerinə yetirir və yetirməyə qadirdir. Bunu görülən işlər, həyata keçirilən tədbirlər sübut edir. Birlik, həmrəylik, siyasi dialoq, qarşılıqlı əməkdaşlıq bu əməllərin, tədbirlərin tərkib hissəsidir və bu meyarlara önəm verilməsi Azərbaycanın gələcək inkişafına, ictimai-siyasi sabitliyin bərpasına, vətəndaşların rahatlığına, sərbəstliyinə, yüksək rifahına hesablanmışdır ki, bu da qürurvericidir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri