07 May 2024 08:05
970
PARLAMENT
A- A+

İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi ən mühüm vəzifələrdən biridir

 

Mayın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib. 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbiri giriş nitqi ilə açan komitə sədri Ziyafət Əsgərov iclasın keçirilməsi üçün göstərilən dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkür edib. Komitə sədri Prezident İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilmiş andiçmə mərasimində söylədiyi nitqə diqqəti çəkərək qeyd edib ki, ölkə Prezidentinin çıxışında səsləndirilmiş "Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq" fikirləri konseptual xarakter daşıyır, bu sahənin mühüm əhəmiyyətini vurğulamaqla yanaşı, qarşıya mühüm vəzifə və hədəflər qoyur. 
Bildirilib ki, bu gün dünyada gedən texnoloji inkişaf Azərbaycanda da öz təsirini bütün sahələrdə göstərməkdədir. Lakin, yeni texnologiyaların yaratdığı imkanlar özü ilə yeni təhdidlər də gətirir. Bu təhdidlər milli təhlükəsizlik baxımından aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Təsadüfi deyildir ki, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında ən mühüm və uzunmüddətli vəzifələrdən biri kimi bəyan edilmişdir. 
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi,  İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev çıxışında görüşün keçirilməsi üçün yaradılan şəraitə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib. 
Ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə geniş məlumat verən xidmətin rəisi vurğulayıb ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. İnformasiya texnologiyalarının əhəmiyyəti və onlardan geniş istifadənin zəruriliyi hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. 
Qeyd olunub ki, hazırda yeni texnologiyaların tətbiqi, sürətli internet xidmətlərinin əlçatanlığı, bu sahədə ölkəmizdə və dünyada uğurla tətbiq edilən yeniliklərlə yanaşı, özü ilə birlikdə bir sıra problemləri və riskləri də gətirməkdədir.
Daha sonra iclasda XRİTDX-nin idarə rəisi Tural Məmmədov "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkəmizdə mövcud vəziyyət: Görülmüş işlər - problemlər" mövzusunda, şöbə rəisi Elgin Abdullayev "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni reallıqlar qanunvericilik aktlarında: Beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət" mövzusunda təqdimatlarla çıxış ediblər. 
Müzakirələrdə deputatlar Aydın Mirzəzadə, Elman Məmmədov və Arzu Nağıyev görüşün əhəmiyyətini qeyd ediblər, təqdimatlarla bağlı fikir və təkliflərini səsləndiriblər. 
Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib, deputatları maraqlandıran məsələlərə münasibət bildirilib.
Görüşdən sonra  İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video