30 Avqust 2024 09:00
5746
Mədəniyyət
A- A+
"İndi papağımızı dik qoyub gəzə bilirik..."

"İndi papağımızı dik qoyub gəzə bilirik..."

 

60 ilin papaqçısı Saleh İbrahimov öz emalatxanasında həm də mənəvi dəyərləri yaşadır 

 

Bakının şimal-qərbində, Abşeron yarımadasının mərkəzində yerləşən Balaxanı kəndi  ən qədim yaşayış məskənlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı böyük İpək yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub. 
Şimal səmtindəki qədim qəbiristanlıq kəndi iki hissəyə bölür. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi isə əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Yaşayış məntəqəsi özünəməxsus memarlığı - zövqlü tikililəri, dar küçələri və ənənəvi həyətyanı sahələri ilə seçilir. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi  quruluşunu qoruyub saxlayır. Balaxanıda Şirvanşahlar və Səfəvilər dövrünə aid maraqlı tarixi abidələr mövcuddur. Kənddə aparılan abadlıq-quruculuq işlərindən sonra  Balaxanı simasını dəyişərək daha da gözəlləşib... 

 

Müasir Balaxanı canlı muzeyə bənzəyir

 

Balaxanıya gəlişimiz də səbəbsiz deyildi. Sorağını almışdıq ki, tarixin min illərindən yol alıb bu günümüzə qədər gəlib çıxan qədim papaqçılıq sənətini  yaşadanlardan biri, qocaman usta Saleh İbrahimov indi Balaxanıda fəaliyyət göstərir. Məqsədimiz öz sənəti ilə tarixi keçmişimizi bu günümüzə calayan Saleh usta ilə görüşüb reportaj hazırlamaq idi...  
...Qəsəbənin mərkəzində dayanmış taksi sürücüsünə yaxınlaşıb papaq ustasının ünvanını soruşuruq.
Əli ilə qarşıdakı yolu göstərib:
- Bu yol səni düz Saleh ustanın sexinə aparacaq. Məscidin yanındadır, - deyir.
Yolu tutub gedirik... Qəmbər daşı döşənmiş küçələr, hasarların, darvazaların və pəncərələrin önünə qoyulmuş müxtəlif gül, çiçək  dibçəkləri, dekorativ bitkilər adamı heyran edir... Evlər də ki, bir-birini tamamlayan rənglərlə səliqəli şəkildə boyanıb. Bura gələn hər kəs sehirli bir dünyaya düşdüyünü zənn edər. Hər addımda qədim sənət növlərini yaşadan kiçik yaradıcılıq sexlərilə rastlaşsanız, heç də təəccüblənməyin. Buranı Azərbaycanın tarixi adət-ənənələrini yaşadan canlı muzey də hesab etmək olar. 
Bura Balaxanıdır...
 

Diriykən papağımız, öləndə başdaşımız...

 

Qarşıda "Papaqçı" yazılmış lövhə diqqətimizi cəlb edir. Dükana keçirik. Məhəllə ağsaqqalları dükanda əsl çay dəstgahı qurmuşdular...
Usta Salehi soruşuruq. İçəridəkilər "müştəri" yox, jurnalist olduğumuzu biləndə sanki ürəklərini boşaltmağa fürsət axtarırlarmış. Dilləri açılır, nə açılır... Xalqımızın söz süzgəcindən, mənəvi xəzinəsindən süzülüb gələn sözləri mirvari kimi ard-arda düzürlər: Qoy cavanlarımız bilsinlər ki, "Papaq isti-soyuq üçün deyil, namus məsələsidir". Başqa birisi isə xalq arasında işlədilən məşhur deyimi xatırladır: "Kişi papağı ilə tanınar"...
Digəri isə əlindəki qəlyana dərindən bir "qullab" vurub sözə başlayır: "Bayaqdan el-obada  batman papaq kişilər çox olardı. Başında papağı olmayanı elçiliyə aparmazdılar. Xeyir, şər kəsməyə çağrmazdılar. Kəndlərdə qurdağızlı, qurdboğan köpək itlər bəsləyərdilər. Batman papaqları, Avropadan gələn kepkalar, "Qurdboğan" itləri "çibuşlar" əvəzlədikcə çox şey dəyişdi...     
Nəhayət, masanın  baş tərəfində bizə "yer edən" Saleh usta dillənir:   
- Papağı yaraşıq üçün gəzdirməyən, namusu, şərəfi bilən mötəbər kişilər elə-belə deməyiblər: "Baş qurbandır papağa". Kişinin başının papağı, atı, arvadı onun namusu hesab olunurdu. Əsl kişi başını verərdi, amma papağını verməzdi...
Dükanın küncündə, tikiş maşınının arxasında sakit-sakit oturub işi ilə məşğul olan gənc oğlan üzünü bizə tutub sözlərini şeirlə ifadə edir: 

Baş qurbandır papağa,
Papaq başdan ucadır.
Diriykən papağımız,
Öləndə başdaşımız.

Saleh usta üzünü gəncə tutub, "maşallah", "maşallah" deyib onu bizə təqdim edir:
- Oğlum Rəhimdir. Birlikdə işləyirik. Allaha şükür, ardı da gəlir. Nəvəm də olub, adı Orxandır. Hələ balacadır, səkkiz aylıqdır. Ona da bu sənəti öyrədəcəyik. Qoy bizdən sonra sənəti o yaşatsın... Mən daha qocalmışam, 75 yaşım var. Nə az, nə çox - düz 60 ildir papaqçılıqla məşğulam. Atamız neftçi olub. Rəhmətlik qardaşım Əsgər Sabunçuda məşhur papaqçı idi. Azərbaycanın hər yerindən papaq tikdirmək üçün yanına adamlar gələrdi. Çox gözəl sənətkar idi, müştərini razı salmağı yaxşı bilirdi. Heç görmədim ki, ondan bir nəfər də narazı qalsın. Məni də bu sənətə o, yeniyetməykən gətirib. Bu sənətdə səbir, hövsələ, həssaslıqdan başqa müştərilərlə dil tapmaq da əsas şərtdir.
İndi papaq qoyanların sayının azaldığı, insanların daha çox müasir baş  geyimlərinə üstünlük verdiyi barədə söz açırıq...

 

Amerikadan da müştərilərimiz  olur

 

- Hər adam klassik musiqiyə, muğamata qulaq asmadığı kimi, hər kişi də başına qədimi papaq qoymur. Papaqlarla insanların xarakterini də müəyyənləşdirmək olur. Dünyanın elə bir yeri yoxdur ki, gəlib bizdən papaq almasın. Hətta Amerikadan gəlib papaq alan da olub. Özü də təkcə azərbaycanlı yox ha... Hər millətdən...
Papaq alan müştərilərin yaşını, ən çox hansı peşədən olduqlarını, məşhurlardan kimlərin bu dükana gəldiyini soruşduqda deyir:
- Əvvəllər tanınmış şairlər, yazıçılar, sənət adamları daha çox "Buxara" papaqları alardılar. İndi də o papaqların müştəriləri az deyil. Vətən müharibəsindən sonra bu papaqları sifariş edənlərin sayı çoxalıb. Əsas müştərilər də yüksək rütbəli hərbçilər, generallardır. Gənclərimiz əsasən "Bakı papaqları" alırlar. Onlara "Qədeş papağı", "Aerodrom"da deyilir...
Söhbətə Rəhim qoşulur:
- 2020-ci il sentyabrın 23-ü atamın ad günü idi. Həmin gün dövlətimizin başçısı burada Balaxanıda abadlıq işləri ilə tanış olurdu. Cənab Prezident bizim "sex"ə də baş çəkdi. Bu qədim sənəti yaşatmağı bizə tövsiyə etdi. Keçən il avqustun 26-da Laçın Şəhəri Günündə tikdiyimiz 60 papağı nümayiş üçün Laçına aparmışdılar...
Müştərilərimizdən biri Leyla Əliyevadır. İlk dəfə qadınlar üçün olan "Qədeş papağı"ndan hədiyyəlik 5 ədəd aldı. Deyəsən xoşuna gəlmişdi. İkinci dəfə yenə hədiyyəlik 20 ədəd götürdü. 

 

"Atatürk", "Stalinka", "De Qoll"...

 

Divardakı rəflərdə, asılqanda müxtəlif növ papaqlar var idi. Saleh usta onları göstərib izah edir:
- Milli papaq, Hacı papağı, Yarma papaq, Buxara papaq, Süleymani papaq, Çərkəzi papaq. Hacı papağını iki cür tikirik: birinin kənarlarında xətt olur, o birində  isə yox. Xətlə olan papağı əsasən yaşlılar, ağsaqqallar, xətsiz olanı cavanlar qoyur başlarına. Hacı papağını əsasən ruhanilər, mömin adamlar xoşlayır. 
Bu papaqlara "pilotka" deyənlər də var. Onu sovet dönəmində məşhurlardan Kosıgin qoyduğu üçün köhnə kişilər bəzən "Kosıgin papağı" da  deyirlər. Gürcü papağının arxası hündür, qabağı yastı olur. 
Ayrı-ayrı məşhur adamların adı ilə tanınan papaqlar var. Məsələn, "Atatürk" papağı, "Stalinka", "De Qoll" papağı. "Buxara" papağını ən çox aşıqlar və rəqqaslar sifariş verirlər. Həmin papaqlar hündürlüyü  ilə seçilirlər. Bu papaqları 15-16, bəzən 18 santimetr hündürlükdə istəyənlər də olur. 
Onu da deyim ki, ölçüsündən, materialdan asılı olaraq qiymətlər də dəyişir. Elə papaq olur ki, qiyməti 500 manata qədər yüksəlir. Son illər müştərilərimizin çoxu əsasən yun və pambıq parçadan hazırlanan "Bakı papağı" deyilən papaqlar alırlar. Ortasının səkkizguşəli tikilməsini sifariş verirlər.

 

"Buxara" kişiyə əzəmət verir

 

Rəhim deyir ki, xammal tapmaq indi çox çətin olub. Elə olur ki, qış aylarında hətta sifarişləri yerinə yetirə bilmirik. Xüsusilə bizim "xaral" kimi tanıdığımız, papağın içinə qoyulan xüsusi parçaları çətinliklə tapırıq. Həmin parçalar əsasən Türkiyədə istehsal olunduğu üçün əlçatmaz olur. 
Masanın üstündə gümüşü, qara, şabalıdı, tünd şabalıdı rəngdə qaragül quzu dəriləri var idi. Rəhim deyir ki, hazırlanan qədimi papaqlar Buxaradan, Əfqanıstandan və Türkmənistandan gətirilən dərilərdən tikilir. El arasında "Buxara" papağı kimi tanınan papaqların dəriləri əsasən Özbəkistanın Buxara vilayətindən gətirildiyi üçün onu elə beləcə "Buxara"  papağı adlandırırlar. 
Saleh kişi deyir ki, "Buxara" papağı  kişiyə  əzəmət və yaraşıq bəxş edir. Buna "Bəy papağı" da deyirlər. Bahalı olduğu üçün keçmişdə bu papağı imkanlı adamlar, xüsusilə bəylər başlarına qoyarmışlar.
Saleh kişi əvvəllər Sabunçu qəsəbəsində fəaliyyət göstərirmiş. Balaxanı qəsəbəsində aparılan yenidənqurma işlərindən sonra bura köçüblər. İndi işləri xeyli asanlaşıb, icarə pulu, vergi vermirlər. Bu bina Bakı Abadlıq Mərkəzinin balansındadır, onlar da həmin mərkəzin işçiləridirlər. Satılan məhsula uyğun olaraq məvacib alırlar.

 

Həssas  dəridən olan papaqlar xüsusi olaraq qorunmalıdır

 

Saleh kişi deyir ki, tikdiyi papaqların materialları çox həssas olduğu üçün gərək xüsusi olaraq qorunsun. Bunun üçün çit torbanın içinə naftalin, yovşan və ya tütün atıb, papağı onun içinə qoyub, sonra ağzını möhkəm bağlayıb asmaq lazımdır. Onda papaq korlanmaz və xarab olmaz. İstifadə edilməyən papağı mütləq asmaq lazımdır. Dəri papaq qara-yağışa düşəndə onu qətiyyən sobanın yanına qoyub qurutmaq olmaz. Yaxşı olar ki, bir-iki dəfə onun suyunu çırpıb özünün qurumağını gözləyəsən.
Saleh usta gənclərin bu sənətə gəlməməsindən gileyləndi: "Gənclərimizdən papaqçı olmaq istəyəni yoxdur. Halbuki bu sənət "çörəkli" sənətdir. İndiyədək bir neçə nəfərə bu sənəti öyrətmişəm, ancaq heç biri qalıb işləmir, başqa peşənin dalınca gedirlər. Respublika üzrə papaqçıları indi barmaqla saymaq olar..."
Saleh İbrahimov köks ötürüb, əlavə edir: "Əşi, neynək, buna da şükür. Əsas odur ki, Vətən müharibəsindəki qələbədən sonra indi papağımızı dik qoyub gəzə bilirik..."

Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!