11 Mart 2023 01:18
2066
SİYASƏT
A- A+

İlham Əliyevin yeni təşəbbüslərinə qlobal dəstək

 

Paytaxtımız növbəti dəfə Qlobal Bakı Forumuna yüksək səviyyədə evsahibliyi edir. Martın 9-da Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan X forumun mövzusu "Dünya bu gün: Çağırışlar və ümidlər"dir. 
Ümumiyyətlə, son illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bunu hər il keçirilən Qlobal Bakı Forumuna qatılan tanınmış dünya siyasətçilərinin, elm adamlarının, beynəlxalq təşkilatların rəhbərlərinin artan sayı bir daha təsdiqləyir. Elə budəfəki "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan foruma qatılan nümayəndələrə də diqqət yetirsək, buna bir daha şahid olarıq: 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə. Bu, əlbəttə ki, ilk növbədə həm Azərbaycana, həm də mərkəzin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.  
Mərasimdə çıxış edən Prezident İlham Əliyev də öncə bu məsələyə toxunaraq mərkəzin fəaliyyətini qiymətləndirdi. Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrildiyini söyləyən İlham Əliyev vurğuladı ki, toplantı iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, forumun həmsədrlərinin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. 

 

Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə dinamizm gətirib

 

Prezident çıxışında demək olar ki, çox mühüm məsələlərə toxunaraq Azərbaycanın son illərdəki nailiyyətlərini, o cümlədən əldə edilən uğurları, beynəlxalq təşkilatlarla yüksələn, inkişaf edən münasibətləri, həyata keçirilən qlobal layihələri və İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqları dəyərləndirdi.
İlk növbədə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi siyasətlə bağlı məlumat verərək dedi ki, ölkəmiz Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır: "Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik".
Azərbaycan eyni zamanda Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışıb və bu məqsədlə təşkilatın 60 illik tarixində ilk dəfə İlham Əliyevin  təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradılıb. Onun ilk iclası Bakıda təşkil edilib. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi təsis edilib və onun katibliyi Bakıda yerləşir. Prezident bəyan etdi ki, Azərbaycan bu ilin sonunda təsisata sədrliyi başa çatdıqdan sonra da səylərini davam etdirəcək. Çünki Azərbaycan bugünkü parçalanmış dünyada belə bir hərəkata böyük ehtiyacın olduğunu yaxşı anlayır. 
İlham Əliyev bildirdi ki, hazırda dünya soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasına şahidlik edir.  Bu prosesə isə məhz Qoşulmama Hərəkatı mühüm töhfə verə bilər: "Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və təşkilatın təməl prinsiplərinin - Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər - sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir".

 

Ermənistan müstəqil ölkə olmaq şansını itirib

 

İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqları da dəyərləndirən İlham Əliyev öncə işğalçı ilə işğala məruz qalan Azərbaycanın fərqini göstərdi: "Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik". 
Yəni Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və illərlə kağız üzərində qalan qətnaməsinin icrasını həyata keçirərək ərazi bütövlüyünü təmin edib. Yalnız döyüş meydanında qisas alıb. 
Hazırda isə sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürüb və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipini təqdim edib. Azərbaycan ümid edir ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamağa səsləyəcəklər. Çünki Ermənistan müstəqil ölkə olmaq şansını itirib: "Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.
Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur".

 

Azərbaycan Avropanın enerji xəritəsini dəyişib, indi növbə "yaşıl enerji"nin ixracına çatıb

 

Forumda panel müzakirələrdən biri enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunub. 
Prezident müzakirələrdən öncə bu məsələyə də toxunaraq qonaqları məlumatlandırıb. Azərbaycanla Avropa Komissiyasının Enerji Sahəsində Anlaşma Memorandumunu imzaladığını vurğulayan İlham Əliyev deyib ki, bu memorandum hazırda icra olunur və Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər Azərbaycan 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdisə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək. Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım edib və yardım etməkdə davam edəcək. Məhz buna görə də Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. 
İlham Əliyev ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın və Avropa Komissiyasının sədrinin iştirakı ilə "yaşıl enerji" və onun ötürülməsinə dair imzalanan sazişə də toxundu. Bu sazişə əsasən Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Hazırda bununla bağlı texniki əsaslandırma prosesi aparılır.
Ümumiyyətlə isə Azərbaycanın reallaşdırdığı layihələr əsasında Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq: "Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə "yaşıl enerji"ni təmin edəcək elektrik xətlərinindir". 
İlham Əliyev IX Qlobal Bakı Forumunda indiyədək Azərbaycanın dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzaladığını da diqqətə çatdırdı. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində "yaşıl enerji" əldə olunacağını söylədi. 
Bu, əlbəttə ki, Azərbaycan adına böyük nailiyyətdir, yaxın zamanlarda Azərbaycanı beynəlxalq "yaşıl enerji" bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Bununla yanaşı, ölkəmiz yaşıl hidrogeni də ixrac etməyi planlaşdırır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində Azərbaycanın külək enerjisi potensialı ilə bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar.
Azərbaycan Prezidenti deyir ki, bu, dünya enerjisinin və ölkəmizin gələcəyidir. 

 

Dünyanı narahat edən yeni çağırışların müzakirə edildiyi mühüm platforma

 

Martın 11-dək davam edəcək forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Göründüyü kimi, artıq onuncu dəfədir toplaşan Bakı Forumunda müzakirə edilən mövzular, ortaya çıxan nəticələr onun intellektual potensialının əhəmiyyətini artırır. Bu baxımdan Qlobal Bakı Forumu dünyanı narahat edən yeni çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından çox mühüm platformaya çevrilib desək, yanılmarıq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video