16 Aprel 2023 02:46
1973
SİYASƏT
A- A+

İlham Əliyevin qlobal missiyası

 

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsi üçün mühüm təşəbbüslər irəli sürür

 

Türkdilli ölkələr arasında strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyması Türk Dövlətləri Təşkilatının getdikcə vahid güc mərkəzinə çevrildiyini söyləməyə əsas verir. 
Artıq bir müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidentinin yüksək fəaliyyəti danılmazdır. İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini mühüm prioritet məsələlərdən biri hesab edir və qardaş ölkələrlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür.

 

Azərbaycanın türk dünyasında aparıcı mövqeyi daha da güclənir

 

2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki adı Türk Dövlətləri Təşkilatı) yaradılması ilə əsası qoyulan bu birliyin üzvləri bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda, ölkələr arasında iqtisadi, siyasi əlaqələr durmadan genişləndirilir. 
2022-ci il dekabrın 14-də Türkmənistanda Azərbaycan-Türkiyə-Türkmənistan prezidentlərinin ilk üçtərəfli görüşü və aparılan danışıqlar, imzalanan sənədlər TDT-nin artıq vahid güc mərkəzinə çevrilməsi istiqamətində atılan mühüm addım idi. 
Həmin gün imzalanan sənədlər sırasında "Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum"a əsasən hər üç dövlət birgə layihə reallaşdıracaq. Bu, Trans-Xəzər qaz kəmərinin reallaşması istiqamətində birgə razlaşdırılan mühüm sənəd oldu. 
Ümumiyyətlə, təşkilata üzv dövlətlərin yerləşdiyi coğrafiyaya nəzər salsaq görərik ki, bu ölkələr Asiya ilə Avropanı birləşdirən bir ərazidə yerləşir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təbii ehtiyatları çox zəngindir və bu təbii ehtiyatlar 23 dövlətin üzv olduğu Avropa İttifaqı ölkələrinin təbii ehtiyatlarından azı iki dəfə çoxdur. Bu baxımdan üzv ölkələr qarşılıqlı sərmayə yatıraraq iqtisadi əlaqələri daha sıx şəkildə qurmaq barədə razılığa gəliblər. 

Türkmənistanda keçirilən üçtərəfli görüşdə razılğa gəlinib ki, gələn il Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Zirvə görüşü keçirilsin. Bu barədə məlumat verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini nəzərə çatdırıb. Bu Zirvə görüşündə Türkmənistan qazının Azərbaycan və Türkiyə ərazisindən tranzit keçməklə Avropaya çatdırılması ilə əlaqədar sazişin də imzalanması gözlənilir.
Azərbaycan hazırda Avropa İttifaqına 10 milyard kubmetr qaz ixrac edir. Azərbaycanın qaz ixracı üçün qurduğu infrastruktur 30 milyard qaz nəql etmək imkanına malikdir. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə yalnız Azərbaycan deyil, eləcə də Türkmənistan qazını da Avropaya ixrac etmək mümkündür ki, bunun üçün də Trans-Xəzər qaz kəmərinin çəkilməsi zəruridir. Bu kəmərin Xəzər dənizinin dibi ilə çəkilməsi və Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya ixrac olunması hələ 1990-cı illərdən müzakirə olunurdu. Lakin Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi və Avropanın qaz bazarını əlində saxlayan Rusiyanın etirazları bu layihənin həyata keçməsinə imkan vermirdi.

 

TDT-nin alternativ enerji mənbəyi

 

Artıq dünyanın geosiyasi mənzərəsi tədricən dəyişir və Azərbaycan Prezidenti qlobal siyasətdəki dəyişikliyi düzgün qiymətləndirərək Trans-Xəzər qaz kəmərinin çəkilməsi istiqamətində zəruri addımlar atır.
Hazırda Türkmənistan 35 milyard kubmetr qaz ixrac etmək potensialına malikdir. Özbəkistan və Qazaxıstanda hasil olunan və ixrac üçün nəzərdə tutulan təbii qazın həcmi təxminən 25 milyard kubmetrə yaxındır. Göstərilən həcmdə qaz Trans-Xəzər, TANAP və TAP kəmərləri ilə nəql olunarsa Avropa enerji təhlükəsizliyi təminatını şaxələndirməklə yanaşı, alternativ enerji mənbəyi də əldə edəcəkdik. Avropa İttifaqı bu layihəni həm siyasi, həm də iqtisadi baxımdan dəstəkləyir. Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç bəyan edib ki, Trans-Xəzər kəməri Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edir və buna görə də bu beynəlxalq layihənin reallaşmasına investisiya cəlb etməklə yardım göstərəcək.
Beləliklə, Trans-Xəzər boru xətti və bu vasitə ilə Türkmənistan və digər Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya ixrac edilməsi tam realdır. Bu layihənin həyata keçməsinin nəticəsində Azərbaycan və region dövlətləri təkcə iqtisadi dividend deyil, həmçinin siyasi zəmanət qazanacaqlar.

 

İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşü Şuşada deyil, Ankarada keçirildi

 

Dostluq, qardaşlıq münasibətləri getdikcə daha da güclənən, mövcud əlaqələri və qarşılıqlı əməkdaşlıqları şaxələnən türkdilli dövlətlər martın 16-da dünyaya daha bir mesaj ünvanlayaraq sarsılmaz münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bəyan etdilər. 
İmzalanan Ankara Bəyannaməsində əksini tapan ifadələr və Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma isə bir daha təsdiq etdi ki, dost və qardaş ölkələr çətin gündə dərhal bir-birinə lazımi dəstək verəcək və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək. 
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Zirvə görüşünün mədəniyyətimizin paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etmişdi. 
Azərbaycan Prezidentinin bu xoşməramlı təklifindən sonra digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunmuş və İlham Əliyevin təklifi dəstəklənmişdi. Əlbəttə ki, bu, ilk növbədə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritetlərindən olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlət başçısı vurğulayıb ki, Azərbaycan həmişə türkdilli dövlətlərin sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
 Ankara Zirvə görüşündə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunması da TDT-nin vahid güc mərkəzinə çevrilməsi isiqamətində atılan mühüm addımlardan biridir. Bu qərarlardan biri Türk İnvestisiya Fondunun yaradılmasıdır. Bu fond üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək.

 

"Orta dəhliz"in inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması

 

Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri TDT-nin səmərəli fəaliyyətinə daha bir töhfə verdi. 
Prezident Kasım-Jomart Tokayevlə Azərbaycan Prezidentinin apardığı danışıqlarda mühüm məsələlər müzakirə mövzusu oldu və dövlət başçıları aidiyyəti strukturlara mühüm proseslərin gerçəkləşdirlməsi istiqamətində tapşırıqlar verdilər. 
Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan münasibətləri yeni inkişaf mərhələsindədir və bu, strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib. Yarım ildən bir qədər çox əvvəl iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalanıb. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi də mühüm qərardır. 
Səfər zamanı dövlət başçılarının iştirakı ilə imzalanmış bir sıra yeni sazişlər  çoxşaxəli tərəfdaşlığa əlavə impuls verəcək.
Qazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq edir. Ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib. Bu baxımdan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan "Orta dəhliz"in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir.
2022-2027-ci illərdə "Orta dəhliz"in inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Prezidentlər razılaşıbar ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.
Aparılan danışıqlar zamanı dövlət başçıları Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, "Orta dəhliz"in imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar qəbul ediblər. Onu da vurğulayaq ki, TDT-nin 10-cu Zirvə görüşü 2023-cü ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək. 
Bütün bunlar həm Azərbaycan, həm də digər dost ölkələr üçün ikiqat əhəmiyyətlidir. Çünki güclənən məhz türk birliyidir. Bu birlik və yüksək əlaqələrdə isə Azərbaycan mərkəzi rol alıb və bu proseslərdə təşəbbüskar şəxsən İlham Əliyevdir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video