21 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə ilk dəfə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Yeni əsrin yeni lideri İlham Əliyev bu 21 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə və qlobal səviyyədə böyük gücə çevirdi.
Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Bəlkə də Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
Prezident İlham Əliyev ötən il fevralın 7-də növbədənkənar prezident seçkisində xalqın 92,12 faizinin səsini qazanaraq 7 il müddətinə yenidən dövlət başçısı kürsüsündə oturdu. Seçkinin adı Zəfər seçkisi idi. Vətən müharibəsindən zəfərlə çıxan Azərbaycan dövlətinin rəhbəri, Ali Baş Komandan İlham Əliyev bu seçkidən alnıaçıq, başıuca çıxdı. Güclü liderin bu qələbəsi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yeni bir stimul verdi. Bu, İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanışlığı, həmçinin yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak etməsi ilə ehtiva olunur.
Biz bu yazıda liderin son bir ildə şəxsi rəhbərliyi və birbaşa tapşırığı ilə məhz Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdən bəhs edəcəyik. Seçkiyə qədər də işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən salınması, keçmiş müvəqqəti köçkünlərin "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən idi. Ona görə bu istiqamətdə işlər 2024-cü ildə də yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməyə başladı. Və bütün bunlar dövlət başçısının diqqəti və qayğısı ilə müşayiət olunub. Müharibədən sonrakı 4 ildə Qarabağa və Şərqi Zəngəzura səfərlərini sadalamaq çox vaxt aparar. Təkcə onu deyə bilərik ki, Azərbaycan xalqı dövlət başçısının azad olunmuş ərazilərdəki bərpa və inşaat işlərinə həssaslıqla yanaşdığına, doğma yurda köç etmiş insanlarla səmimi ünsiyyətinə şahiddir. Prezidentin regiona səfəri sanki bir ənənəyə çevrilib.
Bir il əvvəlki seçkidən sonra da Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq ilk səfərini fevralın 26-da Xocalı şəhərinə etdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, sonra Xocalı Soyqırımı Memorialının təməlini qoyaraq, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış oldu. Sakinlərlə dövlət başçısının səmimi görüşü, aralarındakı dialoq yaddaşlara həkk olunub. O gündən bu günədək Xocalıda xeyli tikinti-quruculuq işləri reallaşdırılıb, bu yaşayış məskəni yeni siması ilə sakinlərinə qucaq açıb. Xocalıya ilk köçü ötən ilin son ayında - dekabrın 13-də 27 ailə olmaqla 152 nəfər edib. Onlar rayonun Ballıca kəndinin sakinləri idi. Dekabrın 27-də növbəti köç karvanı yenə də Ballıca kəndinə istiqamət götürdü. Kəndə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Beləliklə, 48 ailəni birləşdirən 271 nəfər Xocalı sakini 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıb. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanıb. Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Qarabağ və Şərqi Zəngəzurda ötən il həyata keçirilən digər layihələrdən də söz açaraq Prezident İlham Əliyevin regiona nə qədər həssaslıqla yanaşdığını qeyd etmiş oluruq. 2024-cü il martın 12-də dövlət başçısı Azərbaycana səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə Füzuli rayonunda inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib. Görülən digər işlərlə, o cümlədən Füzuli şəhərinin baş planı ilə tanış olarkən dövlət başçılarına 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılmasının nəzərdə tutulduğu barədə məlumat verilib. Azərbaycan və Qazaxıstan prezidentlərinə Füzuli şəhərində inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası barədə məlumat verilib. Bildirilib ki, 180 çarpayılıq yeni xəstəxananın inşasında Qazaxıstanın "BI Group" şirkəti də iştirak edəcək. Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla bərabər, Qırğızıstan da fəal şəkildə qoşulub. Ötən il aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.
Prezidentin ötənilki səfərləri çərçivəsində ən maraqlı və yadda qalanı mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən, 20 ailə olmaqla 88 nəfərin köçürüldüyü bildirilib. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlət başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək".
Xatırladaq ki, həmin gün dövlət başçısı Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada "Şirin su" hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub. Bu səfər çərçivəsində dövlət başçısı Laçın rayonunun Sus kəndinə də gedərək görülən işlərlə tanış olub, yurda dönmüş sakinlərlə görüşüb. Ölkə rəhbərinə kənddə 60-a yaxın fərdi evin tikilməsi, 132 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının hazır olması barədə də məlumat verilib.
Bir həftə sonra mayın 18-də yenidən Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin, bundan 10 gün sonra isə Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Xocalıda 180 mənzildən ibarət 15 binada yaradılan şəraitlə tanış olub, şəhərə köçən sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Prezidentin ötən bir ildə azad edilmiş ərazilərdə görülən quruculuq işləri ilə bağlı 3 faktı xatırlatmağı məqsədəuyğun hesab edirik. Sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın, həmçinin İstisu qəsəbəsinin, sentyabrın 19-20-də isə Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməllərini qoyub. Ölkə rəhbəri sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib.
Sonrakı ayda lider Cəbrayıla səfər edib. Oktyabrın 3-də baş tutan səfər zamanı Prezident Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib. Səfər çərçivəsində Zəngilan rayonunda da olan Prezident İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub. 4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə Prezidenti İlham Əliyev rayon mərkəzində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.
Əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də Prezidentin işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər təkcə bərpa-quruculuq işləri ilə ehtiva olunmayıb. O, Azərbaycanın öz tarixinə, köklərinə bağlı olan ölkə olduğunu göstərməklə yanaşı, həm də müasir dövlət olduğunu, müasir inkişafdan geri qalmadığını, bütün digər dinlərə, mədəniyyətlərə hörmətlə yanaşdığını da nümayiş etdirib, Böyük qayıdışın davam etdiyini dünyaya göstərib. Həmçinin ermənilərin törətdiyi vandallığı ardıcıl olaraq xarici dövlətlərin diqqətinə çatdırıb. Azərbaycan lideri bütün istiqamətlər üzrə fikirlərini hər zaman olduğu kimi, bu səfərlər zamanı da dilə gətirib və mesajlarını verib.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"