08 Dekabr 2023 09:10
22197
SİYASƏT
A- A+

İlham Əliyevdən ədalət dərsi

 

Prezident həqiqətləri açıqladı, reallıqları göstərdi və mövqeyinin dəyişməyəcəyini bəyan etdi

 

Son 20 ildə tam müstəqil siyasət yürüdərək dünyanın geosiyasi arenasında etibarlı tərəfdaş, sözünə, vədinə sadiq lider kimi qəbul edilən İlham Əliyev dekabrın 
6-da Cənubi Qafqazda yaranmış reallıqları, Azərbaycanın dəyişməz mövqeyini, qarşıdakı hədəflərini dünyaya bir daha bəyan edərək hər kəsin diqqətinə çatdırdı ki, regionla bağlı istənilən prosesin müzakirəsi Azərbaycansız mümkün deyil.
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən və 30 ölkənin məşhur beyin, tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda İlham Əliyev son aylarda Azərbaycana qarşı arzuolunmaz kampaniyalar aparan, ölkəmizi təhdid edən bəzi dairələrə bir daha ədalət dərsi keçdi. 
Prezident hərzamankı kimi reallıqları göstərdi, həqiqəti danışdı və açıq-aşkar bəyan etdi ki, siyasi və iqtisadi müstəqilliyini təmin etmiş, müstəqil xarici siyasəti ilə düzə düz, əyriyə əyri deyən Azərbaycan hər zaman dostluğa, tərəfdaşlığa sadiq olub, təhdidə, şantaja, böhtana layiqli cavab verib. Məhz bu qətiyyət, bu prinsipiallıq Azərbaycanın nüfuzunun yüksəlməsini şərtləndirib.
İlham Əliyev forumda müxtəlif ölkələri təmsil edən beyin mərkəzlərinin nümayəndələrinin suallarını cavablandırarkən elə bir sahə qalmadı ki, ona toxunmasın. Prezident Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesi, Qarabağın erməni əhalisinin durumu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, beynəlxalq enerji layihələrində iştirakı, Avropanın enerji təchizatında reallaşan, icrası davam edən və nəzərdə tutulan layihələr, Avropa İttifaqı ilə münasibətlər, ABŞ-nin, Fransanın son zamanlar ölkəmizə qarşı apardığı çirkin kampaniya və digər məsələlərlə bağlı tutarlı arqumentlərlə əsaslandırılmış fikirlər səsləndirdi. 
Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsinin qalib komandanı kimi bir daha Ermənistana, məğlubun havadarlarına çatdırdı ki, onun sözü imzası qədər keçərlidir. Ermənistanı silahlandırmaqla regionda yeni münaqişə ocağı yaratmaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər: "Biz istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın. Buna görə biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər. Çünki Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər. Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir". 
İlham Əliyev həmin qüvvələrə mesaj göndərərək bəyan etdi ki, Azərbaycan son üç ildə daha da güclənib. İstənilən təxribata cavab vermək iqtidarındadır. Fransanın regionda təhlükə yaratmaqla bağlı istənilən cəhdinin qarşısı vaxtında alınacaq. 
Prezident həmçinin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyindən söz açaraq vurğuladı ki, bu təşkilatda bir qrup məsuliyyətsiz insan var və onlar özlərini manyak kimi aparırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır: "Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur - biri az, biri çox - nə etməli? Biz bunu təəssüf hissi ilə qarşılayırıq. Anti-Azərbaycan orkestrinin təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini "yumağa" çalışırlar. Digər insanlar da Azərbaycanı onların təsvir etdiyi kimi qəbul edirlər. Anti-Azərbaycan fəallarından bəziləri xoşbəxtlikdən artıq yoxdur, anti-Azərbaycan cəbhəsinin fəalı olan xanım Eva Kayli kimi. Onun başına gələnləri bilirik. Bu, mediada geniş işıqlandırılmışdır. Düşünürəm ki, bu həm də onu göstərir ki, Avropa Parlamenti kimisə hər hansı yanlışlıqda ittiham etməzdən əvvəl korrupsiya ilə bağlı öz problemlərini həll etməlidir".
Prezident həmçinin Avropa İttifaqı ilə münasibətlərə və Azərbaycanın bu təşkilata üzv kimi qəbul olunması məsələsinə də aydınlıq gətirib. Bəllidir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycan isə onun mühüm enerji təchizatçısıdır. Azərbaycan Aİ-nin bir hissəsi olmağa çalışır və ümid edir ki, dekabrda müsbət cavab olacaq. Azərbaycan Aİ üçün, sadəcə, tərəfdaş olaraq qalır. Prezidentin də söylədiyi kimi, Avropa Enerji Komissiyası Azərbaycanı artıq ümumavropa qaz tədarükçüsü adlandırıb. Artıq bir çox Avropa ölkəsi Azərbaycanın qazını alır və gələcəkdə digərləri də alacaq: "Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük. Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? Əgər onlar sizi istəmirlərsə, siz yalnız ev sahibini qıcıqlandıracaqsınız və yalnız özünüzü alçaldacaqsınız. Biz münasibətləri necə qurmağın yolunu tapmışıq".
Sirr deyil ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra bəzi dairələr ölkəmizə qarşı keçirdikləri qısqanclıq hisslərini getdikcə daha açıq şəkildə biruzə verirlər. İttihamlar, bəyanatlar, hədə-qorxu, təhdid dili ilə danışmaq istəyənlər də olur. Amma bütün bunların hamısına Azərbaycan layiqli cavab verir. 
İlham Əliyev də bir daha həmin dairələrə səslənərək dedi ki, indi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik: "Təəssüflər olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük və biz mövqeyimizi izah etməyə çalışırıq. Həm də izah edirik ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz". 
Prezident diqqətlərə çatdırdı ki, Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.  
Baş verən bütün proseslər, Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe onu deməyə əsas verir ki, İlham Əliyev antiazərbaycançı dairələrə bir daha ədalət dərsi keçdi və Ermənistan da, Fransa da, ABŞ də bundan nəticə çıxarmalıdırlar.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video