Azad edilmiş bölgələrin güclü iqtisadi potensialı
ölkəmizin yükşəlişinə böyük təkan verəcək
* Ermənistan Azərbaycanla son müharibənin
ilk 20 günündə 3,5 milyard dollar və ÜDM-in 30 faizi həcmində itki ilə üzləşib.
* Bu müharibədəki ziyanını bağlamaq üçün
Ermənistana 10 il vaxt lazım olacaq.
* Artıq Tərtər rayonunun yenicə azad olunan
Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası
başlayır.
* Qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın
iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan
çox arta bilər.
* Qarabağ ərazisində 250 min hektardan çox
məhsuldar torpaq var.
* İşğal olunmuş ərazilər vaxtilə Azərbaycanda
istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi.
* Ərazilərimizin işğaldan azad edilməsi həm
də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə böyük töhfə verəcək.
* Azərbaycan Ermənistanın ölkəmizə qarşı
apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı
qazanacaq.
* Mineral su ehtiyatlarımızın 40 faizə qədəri
işğal altındakı torpaqlardadır.
* İşğaldan sonra cəmi 25 min nəfərin yaşadığı
tarixi ərazilərimizdə vaxtilə 1 milyona yaxın azərbaycanlı yaşayırdı.
* Qarabağ Ermənistan üçün iqtisadi yük, Azərbaycan
üçün isə iqtisadi potensialdır.
Azərbaycan Ordusu Vətən müharibəsindəki qələbələri
ilə hər gün xalqımıza qürur dolu sevinc bəxş edir. Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə ordumuz yüzdən artıq yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl,
Füzuli və Zəngilan şəhərlərini işğaldan azad edib. Bütün cəbhəboyu əməliyyat şəraiti
qoşunlarımızın nəzarəti altındadır.
İşğal altında olan rayonlarımız azad edildikcə
qarşıda bizi yeni vəzifələr gözləyir. Təbii ki, Böyük Qayıdış ilk növbədə bu ərazilərin
yenidənqurulması ilə başlayacaq. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin iqtisadi
inkişafı da gələcək prioritetlər sırasındadır. Təsadüfi deyil ki, İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu sahədə ciddi tədqiqatlar aparmaqdadır.
Ordumuz
beşinci nəsil müharibə aparır
İİTKM-in icraçı direktoru, iqtisad elmləri
doktoru Vüsal Qasımlı Azərbaycan iqtisadiyyatının postkonflikt dövründə inkişaf
perspektivləri barədə mətbuata açıqlamasında bu haqda ətraflı məlumat verib. O,
Azərbaycan iqtisadiyyatının bu zəfərdən necə faydalanacağı barədə danışarkən bildirib
ki, qələbənin gətirdiyi ruh yüksəkliyi ilk növbədə Azərbaycan cəmiyyətində özgüvən
üçün vacibdir: "Məsələn, M.Tetçer 1982-ci ildə Argentinanı məğlub edərək 74 günə
Folklend adaları üzərində Britaniyanın nəzarətini təmin etdikdən sonra, Britaniya
bu qələbədən pərvazlandı: tetçerizm iqtisadi modeli uğur qazandı, Britaniyanı yenidən
"böyük” adlandırmağa başladılar, M.Tetçer dünyada "dəmir ledi” kimi nüfuzunu artırdı.
İkincisi, indiyə qədər Azərbaycan iqtisadiyyatı
Ordunu dəstəkləyirdisə, indi Ordu iqtisadiyyata töhfə verir. Azərbaycan 5G - beşinci
nəsil müharibə aparır və qanuni torpaqlarını azad edir. İşğaldan azad edilmiş torpaqlar,
oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü artıracaq.
Xüsusən də Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi
islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirir”.
Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə çevirməyi bacarıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
regional liderliyi son 17 ildə iqtisadiyyatını 3 dəfədən çox böyütməsi, regional
neft-qaz və nəqliyyat-logistika layihələrini gerçəkləşdirməsi ilə sübut olunmuşdu.
Kissincerin "neftə nəzarət etməklə dövlətlərə, ərzağa nəzarət etməklə insanlara
nəzarət mümkündür” sitatına uyğun olaraq Azərbaycan regionun geopolitikası və geoiqtisadiyyatını
şəkilləndirərkən yekun bir ştrixə ehtiyac duyurdu. Əhalisinə görə dünyada 90-cı
və ərazisinə görə 114-cü ölkə olan Azərbaycan nüfuzlu "US News”un hesabatına əsasən,
dünyada 45-ci gücə çevrilməyi bacarıb. Azərbaycanın regional oyunçu statusunda iqtisadi
və siyasi üstünlüyünü hərbi potensialının təsdiqi tamamlamalıydı ki, ölkə regional
liderliyini tam təsbit etsin. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi ÜDM-in 4 faizi
və dövlət büdcəsinin 11 faizi həddində olub. Cari il sentyabrın 27-də Ermənistanın
təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin
30 il müddətində yaratdığı müdafiə səddi yarılıb və 1988-1993-cü illərdə işğalına
illər sərf edilmiş Azərbaycan torpaqları bir neçə həftə ərzində azad edilməyə başlayıb.
Beləliklə, Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə və düşmən üzərində üstünlüyə
çevirməyi bacarıb. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri - iqtisadi,
siyasi və hərbi cəhətdən önə çıxması regionun geopolitikasını və geoiqtisadiyyatını
yenidən şəkilləndirir. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan
Ermənistan Azərbaycanla son müharibənin ilk 20 günündə 3,5 milyard dollar və ÜDM-in
30 faizi həcmində itki ilə üzləşib. Yardımlar olmayacağı təqdirdə bu müharibəki
ziyanını bağlamaq üçün Ermənistana 10 il vaxt lazım olacaq”.
Ermənistanın
regional layihələrdən kənarda saxlanılması öz sözünü dedi
İİTKM-in icraçı direktoru bildirib ki, beynəlxalq
güclərin dəstəyi ilə Ermənistanın Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğalda
saxlaması ölkəmiz üçün "geopolitik lift” sayıla bilərdi. Çünki Azərbaycan bütün
resurslarını bu müddətdə erməni işğalını aradan qaldırmaq üçün səfərbər etmişdi.
Bu "geopolitik liftlər” - neft-qaz və nəqliyyat-logistika layihələri Azərbaycanı
Avrasiyanın mərkəzində "Şimal-Cənub” və "Şərq-Qərb” dəhlizlərində yüksək mərtəbələrə
qaldıra bilib.
XIX əsrdə Napoleonun Böyük Britaniyanı "Kontinental
mühasirə” (Blocus continental) cəhdi uğursuzluqla nəticələndiyi halda, Azərbaycanın
aqressor Ermənistanı sülhə məcbur etmək üçün onu regional layihələrdən kənarda saxlaması
öz sözünü dedi. Müstəqilliyinin məhdudlaşdırılması, tədiyyə balansı və icmal dövlət
büdcəsinin xroniki kəsiri, əsas iqtisadi rıçaqlarının itirilməsi və əhalinin dörddəbirinin
yoxsulluq həddindən aşağıda olması Ermənistana Qarabağda işğalı davam etdirməyə
imkan vermir. Azərbaycanın bu il sentyabr-oktyabr aylarındakı hərbi uğuru - Ermənistan
üçün bir həqiqəti çılpaqlığı ilə ortaya qoydu: itirilmiş 30 il. Daha bir tarixi
şansın itirilməməsi üçün Ermənistanın işğal siyasətindən əl çəkməsi lazımdır.
Torpaqlara
qayıtdıqca həyat da canlanır
İşğaldan
azad olunan torpaqlarda iqtisadiyyatın bərpasının necə həyata keçiriləcəyinə gəldikdə,
Vüsal Qasımlı qeyd edib ki, bununla bağlı Azərbaycanın kifayət qədər təcrübəsi var:
"Hətta ölkəmizdə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb
ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin
doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir.
2020-ci ildən başlayaraq Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin
də uyğun qaydada bərpası həyata keçiriləcək.
1994-cü ildə uğurlu Horadiz əməliyyatından
sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində
hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - "Böyük qayıdışın
başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi
qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Bu məqsədlə Azərbaycan
Prezidenti tərəfindən ardıcıl olaraq bir neçə dəfə Sərəncam imzalanıb. Cocuq Mərcanlı
hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha
abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Bu
da Azərbaycan və Ermənistanın inkişafa münasibətlərində fərqi göstərir. Artıq Tərtər
rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik
avtomobil yollarının bərpası başlayır. Bir
sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə
azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri
görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin
edilir. Torpaqlar işğaldan azad edildikcə "Böyük qayıdış” da davam edir”.
Təcavüz nəticəsində itkilərimiz 820 milyard dollar səviyyəsindədir
Ərazilər işğaldan azad olunduqca ermənilərin
bizim torpaqlarda talançılıq və dağıdıcılıqla məşğul olması bir daha sübut olunur.
Bu baxımdan Azərbaycana dəyən ziyanın nə
qədər olması diqqət mərkəzinə gəlir. Vüsal Qasımlının bildirdiyinə görə, -
1988-1993-cü illərdə işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan
etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış
evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə
sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası,
798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray
və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri
dağıdılıb, soyğunçuluğa məruz qalıb.
Bundan əlavə, 280 min hektar meşə, 1 milyon
hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq,
34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi
işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda
120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq
təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu
mal-qara aparılıb. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı
nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb
və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı
hər cür əmlakın, o cümlədən yeraltı yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması,
onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb.
2017-ci ilə olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində itki və tələfatların
ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub. İşğaldan azad olunduqca Azərbaycan
bu ərazilərə həyat gətirəcək. Ermənistana qarşı vurduğu ziyana görə təzminat iddiası
da mümkündür.
İşğaldan
azad olunan ərazilərdə "tikinti bumu” gözlənilir
Bütün bunlara rəğmən işğaldan azad edilən
ərazilərdə böyük inkişaf potensialı var. İİTKM-in icraçı direktorunun sözlərinə
görə, ərazilərin işğal altında saxlanılması Ermənistana ciddi iqtisadi fayda gətirməyib:
"Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal
filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları
kimi çox yayılan faydalı qazıntılara malik olmasına, habelə geniş kurort-rekreasiya
potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman
tam faydalana bilməyib. Bəli, Kəlbəcərdə və başqa ərazilərimizdə kustar üsullarla
və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb. Buna görə cavabdeh
şəxslər məsuliyyətə cəlb olunacaqlar.
"AzerGold” QSC və Azərbaycan Sənaye Korporasiyası
bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr,
ixrac və investisiya imkanlarına sahibdirlər. Beləliklə, yeni təbii resursları dövriyyəyə
cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də
metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın
inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin
inkişafını sürətləndirəcək. 5G texnologiyalara sahib Azərbaycan Ordusunun təchizatında
hərbi sənayemiz öz sözünü deməlidir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə
meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün
böyük imkanlar yaradır. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq
və yeni texnologiyalar tətbiq olunacaq ki, bu da iqtisadiyyatı daha məhsuldar edəcək.
İkinci Dünya Müharibəsindən sonra ən çox dağılmış iki ölkə - Almaniya və Yaponiya
daha sürətlə inkişaf etdi, çünki yeni texnologiyalar tətbiq olundu, iqtisadiyyatın
məhsuldarlığı yüksəldi. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın yenidən tikilməsi
üçün əksər tikinti materiallarının ehtiyatları elə bu rayonun özündə də var: mişar
daşı istehsalına yararlı tulus tuf, çaxmaqçay, tikinti qumu, kərpic istehsalına
yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl,
yəşəm, xalsedon və meşə ehtiyatları.
İşğaldan azad olunan ərazilərdə "tikinti
bumu” gözlənilir. Ərazilərimizin azad edilməsi nəticəsində biz qarşıdakı illər üzrə
qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyimiz proqnozları yenidən işləməli
olacağıq. Çünki Ordumuzun bu qələbəsi həm də qeyri-neft sektorumuzun daha sürətlə
böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza
təsiri çox böyük olacaq. İlkin hesablamamız göstərir ki, qarşıdakı illərdə Yuxarı
Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi
buraxılışı 2 milyard manatdan çox arta bilər”.
Kənd
təsərrüfatının inkişafı sürətlənəcək
İşğaldan
azad olunan ərazilərdə kənd təsərrüfatı sahəsində də böyük perspektivlər var. Vüsal
Qasımlının sözlərinə görə, işğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal
edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. İndi isə
Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün
səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların
olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizindən istifadə edilir. Belə ki, çayların
əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə
yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin
məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində
məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb.
Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan
torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq
və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı
potensialı var.
Azərbaycan
ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə
ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi
yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə
82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan
azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla
özümüzü tam təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir)
bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan
azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq.
Ermənistanın Azərbaycana qarşı hidro müharibəsinə də son
qoyulur
Su ehtiyatlarının
72,7 faizi ölkə xaricində formalaşan Azərbaycanın işğal altında olan su resurslarına
çıxışı olduqca mühüm əhəmiyyət kəsb edir. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya,
həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Azərbaycan su ehtiyatlarını
səmərəli idarə etməklə həm Ermənistanın Azərbaycana qarşı apardığı hidro müharibəyə
son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Xüsusən də Kəlbəcər
və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir, hətta Ermənistanın şirin
su mənbəyi olan Göyçə gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının da mənbəyi
bu rayonlardadır.
Bundan əlavə,
Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon
kubmetr olan su anbarı - Sərsəng su anbarı da işğal altındadır. Keçmişdə Sərsəng
su anbarı Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma
suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla
Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Sərsəng
su anbarı Ermənistanın əlində regional ekoloji və milli təhlükəsizlik üçün təhdiddir.
Azərbaycanın
mineral su ehtiyatlarının 40 faizinə qədəri işğal altındakı torpaqlardadı. Bu suların
həm qablaşdırılaraq satılması, həm də bulaqların üzərində kurort-rekreasiya zonalarının
yaradılması mümkündür. İşğal altındakı 2 qoruq, 4 yasaqlıq və tarixi abidələrin
əsasında turizmin inkişafı üçün böyük potensial var. Dünyanın ən qədim yaşayış məskənlərindən
olan Azıx mağarasının turizm imkanları çox genişdir.
Ermənistan
işğal altındakı ərazilərdə 2020-ci ilədək 30 kiçik su elektrik stansiyasının (SES)
tikintisini nəzərdə tutsa da, onlardan yalnız 16-sı istifadəyə verilib. Həmin istifadəyə
verilmiş SES-lərin ümumi gücü 1976-ci ildə istifadəyə verilmiş gücü 50 meqavat olan
"Sərsəng” SES səviyyəsindədir. Nəzərə alsaq ki, Suqovuşan Azərbaycan Ordusu tərəfindən
işğaldan azad olunub və həmin ərazidə olan "Madagiz 1” və "Madagiz 2” SES-lər dövriyyədən
çıxıb və mövcud güc daha da azalıb. Ümumilikdə isə işğaldan sonra Qarabağın enerji
sistemi Ermənistandan asılı vəziyyətdədir və istehsal olunan güc ümumi tələbatın
30-40 faizini təmin etmək qabiliyyətindədir.
Prezident
İlham Əliyevin uzaqgörənliklə Araz çayı üzərində Xudafərin və Qız qalası bəndləri
və elektrik stansiyalarının inşası və istismarı haqqında İranla gəldiyi razılaşma
bu gün öz sözünü deyir. "Xudafərin” hidroqovşağı Azərbaycana ildə 368 milyon kilovat/saat
elektrik enerjisi istehsal etməyə imkan verəcək. Burada həm də suvarma imkanları
mövcuddur.
Ermənistanda pullar iqtisadiyyata yox, işğala yönəldilir
Vüsal Qasımlı
onu da qeyd edib ki, Ermənistan Azərbaycanla resurs müharibəsinə və silahlanma yarışına
hazır deyil: "Bu, Ermənistanı taqətdən salır və tükəndirir. Ermənistanın dövlət
büdcəsinə nəzər yetirsək görərik ki, 1995-2020-ci illərdə hərbi xərclər cəmi
7,9 milyard dollar səviyyəsində olub. Eyni zamanda, həmin dövr üzrə qondarma rejimin
büdcəsinə də Ermənistan büdcəsindən transfertlər olub. Ümumilikdə ötən dövr ərzində
Ermənistanın büdcəsində işğalla bağlı təxminən 8,6 milyard dollar həcmində xərc
yaranıb ki, bu xərc də ölkə üçün böyük yükdür. Müqayisə üçün deyək ki, qeyd olunan
müddət ərzində Ermənistan iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi
təxminən 8 milyard dollar səviyyəsində olub. Eyni zamanda, həmin xərclər 2020-ci
il səviyyəsi nəzərə alınmaqla Ermənistanın 2,5 illik büdcə xərclərinə bərabərdir.
Hərbi xərclərin büdcədə dominant olması ölkədə digər sahələrin, xüsusilə elm, təhsil,
səhiyyə, texnologiya, habelə sosial sektorun maliyyələşdirilməsində ciddi problemlər
yaradıb. Nəticədə hər 4 nəfərindən biri yoxsul olan Ermənistan dünyada ən militarist
iqtisadiyyata malik ölkələr arasındadır. Göründüyü kimi, işğal altında saxlanılan
Qarabağın Ermənistan üçün heç bir iqtisadi potensialı yoxdur, nəzərdə tutulan bütün
"perspektiv planlar” iflasa uğrayıb. Başqa sözlə, Qarabağ Ermənistan üçün iqtisadi
yük, Azərbaycan üçün isə iqtisadi potensialdır”.
İşğalçının Qarabağdakı məskunlaşma siyasəti iflasa uğrayıb
Ermənistan
işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Belə ki,
Ermənistan hökuməti Ermənistandan və digər ölkələrdən, xüsusilə Suriya, Livan və
İraqdan olan ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşmasını
təşviq etmək məqsədilə maliyyə, maddi-texniki və sair yardımlar göstərəcəyi ilə
bağlı müxtəlif vədlər verib.
Bu barədə
qənaətlərini bölüşən İİTKM-in icraçı direktoru deyib: "Məskunlaşma siyasəti tam
iflasa uğrayıb. Ermənistan statistikasına əsasən bu ərazilərdə təxminən 150 min,
erməni mətbuatına görə 40-45 min, işğal olunmuş ərazilərdə aparılmış faktaraşdırıcı
missiyanın hesabatlarına əsasən isə cəmi 25 min əhali yaşayır. Xatırladaq ki, işğaldan
əvvəl isə həmin ərazilərdə 1 milyona yaxın azərbaycanlı yaşayırdı. Görünən odur
ki, bu ərazi erməni xalqı üçün heç vaxt cəlbedici olmayıb. Eyni zamanda, Ermənistanın
mövcud iqtisadi potensialı verilmiş vədlərin icrasını mümkünsüz edib. Depopulyasiya,
aşağı doğum faizi və əhalinin qocalması ilə demoqrafik böhran yaşayan Ermənistanın
Qarabağda məskunlaşma siyasəti iflasa uğrayıb. Avropada ən sürətli əhali artımına
malik olan ölkələrdən biri kimi Azərbaycanın demoqrafik fundamentalları imkan verəcək
ki, işğaldan azad olunan ərazilərdə sürətlə məskunlaşma aparılsın, insanlarımız
ata-baba yurdlarına geri qayıtsınlar”.
Göründüyü
kimi Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə
və diversifikasiyasına töhfə olacaq. Prezident İlham Əliyev dediyi kimi "Qarabağ
Azərbaycandır!”. İlham Əliyev Qarabağı Azərbaycanın ən inkişaf etmiş mərkəzinə çevirəcək.
Azad edilmiş bölgələrin güclü iqtisadi potensialı isə ölkəmizin yükşəlişinə böyük
təkan verəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”