03 Iyul 2024 08:00
1284
SİYASƏT
A- A+

İlham Əliyev milli maraqları  məharətlə təmin edir

 

Azərbaycan etibarlı sülh uğrunda mübarizə aparsa da, daim hərbə hazırdır

 

Ordunun güclü olmasının şərtləri çoxdur!
"Ordum güclüdür" deməklə o, güclü sayılmır.
Ordunun gücü təkcə malik olduğu silah-sursatla da ölçülmür.
Ordunun gücü heç hərbi paradda da bilinmir.
Ordunun gücü onu quran, yaradan sərkərdənin məharət və ustalığından, uzaqgörənliyindən və təşkilatçılıq bacarığından asılı olur!
Ordunun gücü təkcə malik olduğu silah-sursat və texnikadan yox, həm də onu peşəkarlıqla işlədə bilməsindən asılı olur!
Ordunun gücünü həm də müharibə meydanında tətbiq etdiyi strategiya və taktika göstərir!
Ordunun gücünü şərtləndirən ən mühüm amillərdən biri əsgər və zabitlər, onların mənəvi-psixoloji, iradi keyfiyyətlərinin yüksək səviyyədə olmasıdır!
Ordunu güclü edən onun baş Sərkərdəsi, vədəsində qəbul etdiyi operativ qərarlar, döyüş tapşırıqlarının düzgün verilməsi, hücum məqamlarının dəqiqliklə seçilməsi, orduda daim yüksək döyüş ruhunun qorunub saxlanılması, hərbi əməliyyatlarla diplomatiya və informasiya müharibəsində baş verənlərin üzvi şəkildə əlaqələndirilməsi, Ali Baş Komandanın şəxsi nümunəsi ilə hər bir döyüşçünü qələbəyə kökləməsindədir!
***
Ermənistan öz ordusunu "məğlubedilməz" adlandırırdı...
44 günlük müharibədə uğradıldıqları biabırçı məğlubiyyət, döyüş meydanlarında general, zabit və əsgərlərinin göstərdikləri qorxaqlıqlar və fərariliklər "məğlubedilməzliyin" iç üzünü bütün dünyaya nümayiş etdirdi.
Ermənistan ordusunun kifayət qədər silah-sursatı, peşkəş edilən hərbi texnikası, əlverişli mövqeləri, onqat müdafiə xətləri, sistemləri və qurğuları vardı.
Bu gün onların bir qismini Bakıdakı Hərbi Qənimətlər Parkında hamıya nümayiş etdiririk.

"Güclü ordu" adı, adətən, döyüş meydanlarında qazanılır!
Güclü ordu öz bacarıq və məharətini düşmənlə döyüşdə nümayiş etdirir!
Güclü ordunun döyüşçüləri lazım gələndə yalın əllə keçilməz cığırları keçməklə, yalçın qayalara dırmaşmaqla, ölümün gözünə dik baxaraq düşmənin canına qorxu, təlaş salmaqla, alınmaz qala - şəhərləri möcüzəvi şəkildə almaqla dünyaya nümunə kimi təqdim edə bilirlər!
Güclü ordu sözdə, danışıqda yox, əməldə və döyüşdə özünü sübut edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı qalib Azərbaycan Ordusu bu gün dünyanın etiraf etdiyi belə ordulardandır!

***
Bu gün Ermənistan qisas niyyətinə düşərək Fransadan, Hindistandan aldığı öldürücü silahları İran ərazisindən daşımaqla dağıdılmış ordusunu bərpa etməyə çalışır. 
Hayastandakı revanşist qüvvələr, keşiş Baqratın ətrafına toplaşanlar elə zənn edirlər ki, havadarlarına və müdafiəçilərinə arxalanmaqla yenidən güclənə, Azərbaycan ərazilərini təzədən işğal edə bilərlər.
Uzunqulaq bir dəfə palçığa batdığı yerə ikinci dəfə girmir.
Bir vaxtlar haylar:
* "Böyük Ermənistan" xülyasına;
* "Dənizdən-dənizədək uzanan Ermənistan" quracaqlarına;
* "Tarixi Ermənistan"ı bərpa edəcəklərinə inandılar.
Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən və rüşvət, korrupsiya yolu ilə həmin dövlətlərin siyasilərinə, başçılarına təsir göstərməyi bacaran lobbilərinə güvəndilər.
ABŞ, Fransa, Rusiya və Avropa İttifaqında ələ aldıqları senator, konqresmen, duma deputatı, siyasətçi və məmurlara arxalandılar.

Azərbaycana maymaq, qorxaq, səriştəsiz və təcrübəsiz, xəyanətkar insanların başçılıq etməsindən istifadə edərək 20 faiz ərazimizi ələ keçirdilər.
Müdafiəçilərinə güvənərək BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, beynəlxalq hüququ saya salmadılar, ATƏT-in Minsk qrupunu ələ alaraq əl quzusuna, işğalı əbədiləşdirən alətə çevirdilər, ölkəmizin təbii sərvətlərini oğurlayıb apardılar, yaşayış məntəqələrini qarət edərək taladılar, dini, mədəni və tarixi abidələrimizi, hətta qəbiristanlıqlarımızı dağıdıb yerlə yeksan etdilər.
Xaos və anarxiya burulğanında çabalayan Azərbaycanın zəifliyindən və gücsüzlüyündən istifadə etməklə özlərini "güclü", "məğlubedilməz" saydılar.
Beyinləri o qədər dumanlandı ki, itirdiklərinin də fərqində olmadılar.
***
Ermənistanın ən böyük itkisi müstəqillikdən məhrum olması, marionet dövlətə çevrilməsidir.
* Bu gün də sərhədlərini özgə dövlətin əsgərləri qoruyur...
* Bu gün də ərazisində başqa dövlətin hərbi bazası yerləşir...
* Bu gün də müstəqil siyasət yürüdə bilmir, kim çox pul və vəd versə, onun dediyi ilə oturub-durur.
Ermənistan Azərbaycanın müəllifi olduğu transmilli layihələrdən kənarda qaldı.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi reallığa çevrilən və keçdikləri ərazilərdəki dövlətə böyük fayda gətirən beynəlxalq layihələrdən bəhrələnə bilmədi.

* İndi isə Orta dəhlizdən qıraqda qalacaq.
* İndi isə Avropaya "yaşıl enerji" ixrac edəcək kabelə əli çatmayacaq.
Bütün bu itkilərinə görə yoxsul, "diasporun ianəsi" ilə yaşayan forpost dövlətə çevrildi:
* Əhalisi yoxsullaşdı, işsizlik baş alıb getdi.
* Ayağı yer tutan çörək dalınca xaricə qaçdı.
* Analar Yerablurdakı qəbirlərin sayı artmasın deyə oğlan övladlarını götürüb digər ölkələrə üz tutdular.
* Xaricdən göndərilən ianə pulları isə Qarabağ xuntasına məxsus prezidentlər, "tuşonka oğruları" adını qazanmış generallar mənimsəyərək sərvət sahiblərinə çevrildilər.
Otuz il "artsax" respublikasının müstəqillik qazanaraq Ermənistana birləşdiriləcəyini xəyal etdilər.
Terrorçulara, soyqırımı törədicilərinə, qazancları özgə evlərini və əmlaklarını talamaqdan çıxan oğrulara çevrildilər.
* Bütün bu xülyalara;
* Bütün bu əlçatmaz arzu və istəklərə;
* Bütün bu qondarma "artsax" respublikası oyunbazlıqlarına qüdrətli Azərbaycan Ordusu 44 gündə son qoydu!
* Otuzillik işğal;
* Otuzillik özbaşınalıq;
* Otuzillik qarət və oğurluq;
* Otuzillik özündən müştəbehlik 44 gündə puça çıxarıldı!
"Dəmir yumruq" 44 gündə "böyük Ermənistan"ı, "tarixi Ermənistan"ı real Ermənistana çevirdi!
Üstəlik:
* BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini də icra etdi!
* Beynəlxalq hüququ da bərpa etdi!
* Ədaləti də təmin etdi!
* Qudurmuşları da cəzalandırdı!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Zəfər müharibəsində qazandığı möhtəşəm qələbə təkcə Ermənistanı yox, onun müdafiəçilərini və havadarlarını da şoka saldı!
Dünyaya nümunəvi müharibə, diplomatiya və informasiya savaşında necə qalib gəlmək dərsini verən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanı kapitulyasiya aktını imzalamağa vadar etdi!
Özgə torpağına sahib çıxmaq arzusunda bulunaraq "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyan forpost dövlətini məhvolmadan qurtarmaq üçün Azərbaycanın bütün şərtlərinə tabe oldu!
***
Ordusunu, əsrlər boyu xəyalında qurduğu "böyük Ermənistan" xülyasını, mənlik və şərəfini itirən Ermənistanın xunta rəhbərləri bu gün başlarını da itiriblər.
Nə edəcəklərini, hansı qərarı qəbul edəcəklərini, kimin yanında dayanacaqlarını, kimin sözü ilə oturub-duracaqlarını hələ də kəsdirə bilmirlər.
Çünki Ermənistanın adı dövlət olsa da, əslində:
* Vassaldır!
* Forpostdur!
* Marionetdir!
* Alətdir!
* Qapazaltıdır!
* Müstəqil qərar qəbul etmək iqtidarında deyil!
KTMT-dən çıxdığını söyləsə də, onu maliyyələşdirməkdən imtina etsə də, qərarını rəsmiləşdirməkdən qorxur!
ABŞ-dən, Fransadan, Avropa İttifaqından bol-bol vəd, bir qədər para, hücum silahları alsa da, üzünü Qərbə çevirsə də, necə deyərlər, "nə yardan doyur, nə də əldən qoyur".
Çünki gözünün qabağında Ukrayna nümunəsi var.
Ondan əvvəl isə Gürcüstanın nə qazandığının və Avropa İttifaqına nə təhər "qəbul" olunduğunun şahididir.
Azərbaycanın isə dediyini edən Prezidenti, qalib Sərkərdəsi vardır!
İlham Əliyev üçtərəfli Bəyanatın bütün bəndlərinin icrasını tələb edir!
Həm də yubanmadan, uzatmadan!

Delimitasiya və demarkasiya prosesini ləngitməməyi tələb edir!
"Uzatsanız, bundan da pis günə qalarsınız...
Çünki bu halda sərhədləri özümüz müəyyən edəcəyik!" - açıqlamasını verir,

Ermənistanın konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını referendum yolu ilə aradan qaldırmağı ləngitməyin!
Əks halda sülh müqaviləsi imzalanmayacaqdır!
Naxçıvana quru yolla gediş-gəlişin tezliklə açılmasını gözləyirik!
Yoxsa, bunu özümüz edərək üçtərəfli Bəyanatın məlum maddəsini qısa müddətdə həyata keçirəcəyik!

Azərbaycan bütün bu razılaşmaların dinc şəkildə icra olunacağını gözləyir.
Hələlik gözləyir.

Səbri isə hüdudsuz deyil!
Ən əsası, təkcə Ermənistan yox, bütün dünya bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyini edəndir!
***
Cari ilin may ayında Şuşaya qayıdan şuşalılarla Müzəffər Ali Baş Komandan İlham Əliyevin görüşü oldu.
Şuşalılara yeni mənzillərinin açarlarını təqdim edən cənab İlham Əliyev keçmiş məcburi köçkünlərlə səmimi söhbətlər etdi.
Dövlət başçısı İlham Əliyevin həmin görüş zamanı toxunduğu iki mühüm məqamı bir daha diqqətə çəkirik.
Qoy xam xəyallara düşənlər bu xəbərdarlıqlardan zəruri nəticələr çıxarsınlar:
"Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik. Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik".
"İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm".

***
Son zamanlar müxtəlif ranqlı erməni rəsmiləri bir qədər ürəkləniblər.
Müxtəlif zaman və məkanlarda açıqlamalar verirlər ki, guya Azərbaycanın tələbi ilə öz konstitusiyalarında dəyişiklik etməyəcək, ərazi iddialarını aradan qaldırmayacaqlar.
Deyəsən, yaddaşları korlanıb, xatırladırıq:
* Ərazilərimizi də geriyə qaytarmaq istəmirdilər!
"Dəmir yumruq"la başlarını elə əzdik ki, yalvara-yalvara, qaça-qaça çıxıb getdilər!
* Laçın dəhlizindən kefləri istəyən kimi istifadə edirdilər...
Unikal əməliyyatla bu yolu üzlərinə elə bağladıq ki, indi bir erməni pişiyi də icazəsiz gələ bilməz!
* Qanunsuz silahlı birləşmələrini, terrorçu dəstələrini geri çağırmaq niyyətində deyildilər...
Elə bir antiterror əməliyyatı keçirdik ki, silah-sursatlarını ataraq arxalarına baxmadan qaçdılar!
* Təzədən "prezident" seçkiləri keçirərək əvvəlki qaydada yaşamaq, Azərbaycan qanunlarına tabe olmaq istəmədilər.
Qol-qanadlarını qırıb hər yerlə əlaqələrini kəsərək başqa yolları olmadığını başa saldıq!
Yır-yığış edərək dinməz-söyləməz birləşmək istədikləri Ermənistana yollandılar.

Nə qədər çəm-xəm etsələr də, başlarından böyük açıqlamalar versələr də, ayrı yolları yoxdur!
Konstitusiyalarını da dəyişəcəklər, bizim şərtlər əsasında tərtib olunmuş sülh müqaviləsini də imzalayacaqlar!

***
Adətən, güclülərlə hesablaşırlar...
Əks halda güclünün öz gücü sayəsində istəyinə nail olacağını bildiklərinə görə!
Azərbaycan təkcə güclü deyil, həm də ədalətlidir!
Gücünü döyüş meydanında sübuta yetirib!

Ədaləti isə beynəlxalq hüquqa və reallığa söykənir!
Düşünmək üçün daha vaxt qalmayıb!
Ağıllanmaq və güclü Azərbaycanla hesablaşmaq ən doğru və ən məqbul addım olar!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video