19 Mart 2024 08:50
2484
Mədəniyyət
A- A+
İlaxır çərşənbə

İlaxır çərşənbə

 

Novruz bayramının ən təntənəli  mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Torpaq çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə", "Çərşənbə-suri" adları ilə də tanınır. 
Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpağa ünvanlanmışdır: "Torpaq haqqı", "Torpağı sanı yaşayasan". Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur.  "Torpaqdan pay olmaz", Torpaq deyir: "Səndən hərəkət, məndən bərəkət", "Torpaqla oynayan ac qalmaz" və sair. 
Türk mifologiyasına görə, yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır.  Bir el rəvayətinə görə, Xızır qardaşı, torpaq sahibi Zindanı donmuş halda, qar altından tapır, öz isti nəfəsilə qızdırır. Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, Yer çərşənbə bayramı tədbirilə torpağı oyatmağa çalışırlar.
Səsləndi xoruz banı,
Açıldı sübhün danı,
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.
Torpaq çərşənbəsində əkinçilər əkin-biçinə başlamalı olurlar. Yerlər şumlanır, toxumlar səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə, Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışır.
Torpaq çərşənbəsinin özünəməxsus inancları, xüsusiyyətləri var. Torpaq çərşənbəsində insanlar öz qohumlarını yad edir, onlara qonaq gedir, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarət edirlər. Əcdadlarımız çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanırmışlar. Ruhların şad olması üçün bu dünyaya qayıdarkən ev sakinlərini, əzizlərini şən əhvali-ruhiyyədə görməsi əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan bikef qayıtması uğursuzluq əlamətidir.
Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtmək, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq "oyan, payını götür" demək bu ayinin tərkib hissəsidir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə  "kəsəcəyəm" deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam "kəsmə, bu ağac bar verəcək, zaminəm" deyir.

 

Günəşin, Ayın, Ulduzun yerdəki rəmzləri...

 

Bu çərşənbədə evdən od, neft, kibrit, ağartı qidaları verilməsi düzgün hesab olunmur.  Axır çərşənbə öz falları ilə əlamətdardır. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərlərmiş. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları ərik ağacının altında basdırmaq lazımdır.
Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdır.
İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri, sevən oğlanların sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan  şal sallamasıdır. Ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlarmış. 
İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənirlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf  gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir.  İnanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər. Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üzüüstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işarədir.
İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər söylənməlidir. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar.
Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla  bəzədilir. Bəzi bölgələrdə aşla bərabər dolma, balıq bişirilməsi vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəz, qovurğa  qoyulur. Bayram xonçasına qoyulan şirniyyatların rəmzi mənaları da var. Süfrəyə qoyulan qoğalı günəşin, istiliyin, şəkərburanı Hilalın - Ayın, paxlavanı isə Ulduzun yerdəki  rəmzi kimi anlamaq olar. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır. 

 

"Yeddilərin bayramı"

 

Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəmin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin "Yeddilərin bayramı" adlandırılması bununla əlaqəlidir. Süfrəyə qoyulan bu yeddi nemətin islamdan öncə "ş", islamın qəbulundan sonra "s" hərfi ilə başlaması maraq doğurur. Lap qədimlərdə son çərşənbədə süfrəyə qoyulan şərbət, şabalıd, şor, şəkər, şam, şirni, şərab, islamdan sonra su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül kimi nemətlərlə əvəzlənmişdi. 
Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir.  Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da vardır. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanarmışlar.
Səməni ovsununda oğul-qız sahibi olmuş  qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan, çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş "çərşənbə suyu"ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır.  Övlad sahibi olan  başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu qayçı ilə doğraya-doğraya deyir: 
Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, çilləni,
Övlad vermək dəmidi. 
Başqa bir variantda "A səmənini göyərdən, bu gəlini də göyərt" də söylənilir. Burada axıdılan suyu isə  kişi başlanğıcı kimi götürmək olar. 
Səməni nəziri adəti də bu günə kimi ötürülmüşdür. Qəlbində bir niyyəti olan adam qablara buğda töküb göyərtdirir, cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadır, qoz-fındıq ləpəsi qatır, xonça sinilərinə töküb yayır. Bu xonçaları həyətdə qoyur, bütün gecəni dua edirlər.  Səhər həmin bişmişin dadına baxırlar. Əgər bu bişmiş şirin olursa, bu niyyətin qəbul olunduğu anlamına gəlir. 
Səmənidən halvanı da bu ayindəki kimi düzəldirlər. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Ekoloji cəhətdən təmiz olan bu halva çox faydalıdır. 
İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olmuş, lakin tədricən, zaman keçdikcə  müasirləşən həyatın təsiri ilə unudulmuş, bəziləri isə başqa bir forma almışdır. 

Səhər ORUCOVA,
filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!