"Şad" xəbər qanadlı olar - demişlər!
Tehranla İrəvanın, başqa sözlə, fars mollaları ilə erməni daşnaklarının qardaşlaşması xəbəri bir anda bütün cahana yayıldı...
Sevinən sevindi, sevinməyən də ağzına nə gəldisə dedi!
***
Əslində, bu qardaşlaşma ki var, elə-belə məsələ deyil!
Adətən, dostlar qardaşlaşırlar.
Həm də adi dostlar yox ey, əqidə, əməl, məslək, işbirliyi dostları qardaşlaşırlar.
Məsələn, görürlər ki, daha əvvəlki kimi yaşaya bilmirlər, istəyirlər bir-birilərinə daha yaxın, hətta canbir qəlbdən də yaxın olsunlar!
Yəni bir-birilərinə elə polad kəndirlərlə bağlansınlar ki, daha heç kim onları qoparıb ayıra bilməsin!
Bəs qardaşlaşma hansı formada, necə olur?
Tutaq ki, qardaşlaşan cavanlardır.
Bu halda tərəflər əhd-peyman bağlayıb söz verirlər ki, biz daha dostluqdan da o yana keçərək bundan sonra bir-birimizə qardaş deyəcəyik!
Bunun yollarından biri camaat yanında əhd-peyman etdikdən sonra qonaqlıq verməkdir.
İkinci yol - məscidə gedib siğə qardaşlığı oxutdurmaqdır.
Üçüncüsü isə, barmaqlarını bıçaqla kəsərək qan çıxarmaq, sonra da həmin qanları bir-birinə qarışdırmaqdır!
Sonuncu əhd-peyman hətta siğədən daha etibarlı sayılır!
Zarafat deyil, bu halda qanları bir-birilərinə qarışdığından qan qardaşı olurlar!
İndi bu dinayrı qardaşlar deyilənlərin hansından ediblər - söyləməyə çətinlik çəkirik, yanlarında olmamışıq!
Deyirlər ki, Tehranla İrəvan öz aralarında möhürlü qardaşlıq müqaviləsi (hadisə məsciddə, yaxud başqa yerdə baş verib, onu da dəqiq bilmirik) bağlayıblar!
Di gəl ki, müqavilə hansı dildə, hansı əlifba ilə yazılıb, o da naməlumdur.
Axı bunların dilləri də, əlifbaları da müxtəlifdir.
***
Bu qardaşlaşmada bir neçə qaranlıq və şübhəli məqam var ki, onlar da hələ tam aydınlaşmayıb.
Çalışaq, biz onlara bir tövrlə aydınlıq gətirək.
Birincisi, təzə qardaşlar, köhnə dostlar indiyədək bir-birilərinin yanında (lap ağızlarının içində) idilər, belədə siğəli qardaşlıq, görəsən, indi niyə vacib oldu?
Səbəb çox sadədir!
İranla Ermənistan keçmiş işğal ərazilərindəki qazanclarından məhrum olublar!
Məsələn, Ermənistanla İran əl-ələ verərək Azərbaycanın işğal ərazilərindəki evləri, ictimai binaları, istehsal müəssisələrini otuz il ərzində söküb-dağıdıb inşaat materialları kimi İrana daşıdılar. Orada yeni yaratdıqları tikinti materialları bazarında sataraq pula çevirdilər.
İranın əsas gəlir mənbələrindən sayılan narkotrafik xətti Qarabağdakı işğal ərazilərindən keçirdi. Narkotik plantasiyaları, narkoemal sexləri də burada yerləşirdi.
İndi yol da kəsilib, külli miqdarda qazanc da!
44 günlük Zəfər müharibəsi başa çatanda İran bu qədər gəlirin əldən çıxdığını görərək Ermənistanla Azərbaycan sərhədlərinin dəyişdirilməsini özünün "qırmızı xətti" elan etdi.
Azərbaycan düşmən ordusunu məhv edərək sərhədlərinə sahib çıxıb və etibarlı şəkildə qoruyur!
Heç bu vəziyyət İranı qane edərmi?..
İran artıq Azərbaycan ərazisində erməninin dağıtdığı məscidləri bərpa adı ilə farslaşdıra bilmir!
Azərbaycan öz məscidlərini özü təmir edir!
Bu da İranın xoşuna gəlmir!
...Heç gəlməsin!
İkinci qaranlıq məqam odur ki, adətən, qardaşlaşma iki kişi arasında olur.
Özlərinin etiraflarına görə, Ermənistanla Fransa bacıdırlar!
Başqa sözlə, Ermənistan arvaddır!
Onda belə çıxır ki, kişi ilə arvad qardaşlaşıb?!
Arvaddan da qardaş olar?!
Bundan belə sadə iranlı erməniyə qardaş deməlidir, yoxsa bacı?!
***
Üçüncü qaranlıq məqam iranlıların və ermənilərin İrandakı və Azərbaycandakı məscidlərə fərqli münasibətləridir.
Əvvəla, biz bütün dini məbədlərə - məscidlərə, kilsələrə, sinaqoqlara və digərlərinə Allahın evi kimi baxaraq hörmətlə yanaşırıq.
Ermənilər isə Azərbaycandakı bütün məscidləri dağıdaraq içərisində donuz və mal-qara saxlayırdılar.
Fars rejimi bunun üstünə getmir, dostlarından rəncidə düşmürdülər...
Halbuki bir müsəlmaninanclı dövlət kimi ən azı narazılıqlarını və etirazlarını birdirməliydilər!
Qəribədir ki, Azərbaycandakı məscidləri dağıdan, tövləyə çevirən erməni İrandakı məscidləri "müqəddəs məkan" kimi tanıyır və ziyarət edir!
Hətta Paşinyanın zövcəsi Anna Akopyan təptəzə qardaşlığı bir qədər də möhkəmləndirmək üçün başını örtərək fars məscidini təmtəraqla ziyarət etdi.
Bu mənzərəni görən mollaların bir çoxunun gözü belə yaşardı...
Dördüncüsü, Ermənistanın Fransa adlı bir böyük bacısı var!
Özü də Azərbaycana qarşı düşmənçilikdə (fars qardaşlarımız eşitməsin) heç də Ermənistandan geri qalmır.
Məsələn:
* Fransa ATƏT-in Minsk qrupunun üzvü kimi 30 ildə erməni tərəfini tutaraq sülh danışıqlarının uzanması, defakto vəziyyətinin əbədiliyə çevrilməsi üçün əlindən gələni etdi!
* 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında məsələ qaldıraraq Azərbaycanın əleyhinə yeni, ziyanlı qətnamə qəbuluna can atdı.
* Fransanın Senatı və Milli Assambleyası Azərbaycanı "təcavüzkar ölkə" adlandırdı, başlarından yekə danışaraq hədlərini aşan sənəd də qəbul etdilər.
* Burunlarını müxtəlif üsullarla sülh danışıqlarına soxaraq erməniləri müdafiə üçün dəridən-qabıqdan çıxdılar...
* İndi isə "Xankəndi blokadaya alınıb", - deyə şivən salırlar!
Deməli, belə çıxır ki, fars mollası erməni bacı-qardaşı vasitəsilə fransız madmazeli ilə də bacı-qardaş olur?
İndiyədək iki bacı qardaşsız qalmışdı!
Görünür, xeyli nəzir-niyaz verdiklərindən Allah onlara İran kimi qardaş qismət edib!
İndi olublar iki bacı, bir qardaş!
Allah çox görməsin...
***
Bütün bunlardan sonra ən qaranlıq məqam da bəlli olur.
Faktlardan da görünür ki, bu qardaşlığın (qardaş-bacılığın) mayasında müstəqil Azərbaycana nifrət hissi dayanır!
Üstəlik, Azərbaycanla düşmənçilik etmək istəyənlər daha bunu gizlətmirlər, açıq-aşkar və birgə edirlər!
Neynək, olsun...
İndiyədək düşmənçilik edib nəyə nail olublar ki...
Azərbaycan 44 gün ərzində Ermənistan ordusunu məhv edərək torpaqlarını murdar ləpirlərdən təmizlədi!
İndi sürətlə Qarabağı, Şərqi Zəngəzuru tikib-qurur, Böyük qayıdışa hazırlaşır!
"Dəmir yumruq" da hazır vəziyyətdə öz yerindədir!
Üstəlik, Azətbaycanın din bir, dil, əməl bir əsl kişi qardaşı da var: strateji müttəfiqi olan Türkiyə!
İki saf qardaşa üç "qarışıq qardaş" nə edə bilər?!
***
Əslində, biz təzə qardaşlığa heç paxıllıq da etmirik...
Su çuxuru tapar, çuxur da suyu!
Bura qədər dediklərimizə qədim bir atalar sözü ilə (cüzi "redaktə" etməklə) yekun vururuq:
Atımızı sürək daşlığa, "tüpürək" belə qardaşlığa!
Bəxtiyar SADIQOV