12 Noyabr 2011 03:11
788
Mədəniyyət
A- A+
İdeyalar, arzular şairi...

İdeyalar, arzular şairi...

 

Onlar poeziya adlı bir gülüstanın qoşa qanadları idilər. Özlərinə məxsus ayrı-ayrı yaradıcılıq üslubları olsa da, məramda, məqsəddə bir ürəyə dönürdülər. Xalq şairləri Mədinə Gülgün və Balaş AzəroğluE Uzun illər bir ocağın başında əyləşərək övladlar böyütdülər, kitablar yazdılar. Azərbaycan poeziyasına öz töhfələrini bağışladılar. Günlərin birində Mədinə xanım ömür-gün və qələm dostunu bu qovğalı dünyada tək qoyaraq əbədiliyə qovuşdu. Balaş Azəroğlu əqidəsinə, məramına, mövzularına da sadiq idi, yarına da. Xeyli müddət bu evin əşyalarına belə toxunulmadı. Mədinə xanımın sağlığındakı kimi hər şey əvvəlki tək yerində qalırdı. Mebellər köhnəlsə də, pərdələr, örtüklər saralsa da, Balaş müəllim bunların təzələnməsinə can atmadı: "Bax, o kibriti görürsünüz, son dəfə Mədinə xanımın əlində olub. Təzəsini alıb işlətmişik, amma ona toxunmamışıq. Mən bilirəm ki, ruhu burdadır. Mən heç vaxt onu incitməmişəm, küsdürməmişəm. İndi də ürəyim gəlməz ki, onun səliqəsi pozulsun". Qəribədir, amma insani duyğularıdır, bəzən də dərk olunmayan qeyri-adi hisslərdir.

Bu günlərdə qəzetdə oxuduğum bir məlumat məni yaman sarsıtdı: "Xalq şairlərinin əşyaları muzeyə hədiyyə olunub". Ey gidi dünya! Balaş Azəroğlu da Mədinə xanımın yanına qanadlanıb. Kimsəni də qınamalı deyil. Şəxsiyyətlərin əlyazmalarının, onlara məxsus əşyaların ən yaxşı qorunduğu və nümayiş edildiyi yer məhz muzeylərdir. Övladları da qınamaq olmur: mebel də yeniləşməlidir, pərdə də təzələnməlidir, mənzil də təmir olunmalıdır. Kaş, əvvəlcədən hər şey elə qurulub biçiləydi ki, şəxsiyyətlərin ev-muzeyləri öz sağlığında olduqları kimi yaradılaydı. Onlara məxsus əşyalar eləcə yerində saxlanılaydı. Bu həm də onların həyat tərzindən, məişətindən xəbər vermək baxımından da dəyərlidir. Nə isə...

2006-cı ildə Balaş Azəroğlu mənə şəklini və kitabını bağışlayaraq 90 illiyimdə məqalə yazarsan - dedi. "Niyə tələsirsiniz, hələ o günə çox var" - söylədim. "Eh, ay qızım, ömürə bel bağlamaq olmaz" - demişdi.

Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndəsi olan Balaş Azəroğlu haqqında ədəbiyyatşünas alimlərin maraqlı fikirləri var. Söyləyirlər ki, o, ömrü boyu Səməd Vurğun ənənələrinə sadiq qalaraq poeziyası ilə Vurğunun səsini, nəfəsini xatırlatdı. Tənqidçilər haqlıdırlar. Balaş Azəroğlunun elə şeirləri var ki, oxuyanda mütləq böyük Vurğunu yad edirsən. Məsələn, Səməd Vurğun deyirdi: "Bizim gəlinlərin bayramqabağı fəsəli yaymağı yadıma düşdü". Balaş Azəroğlu isə belə yazırdı:

Yenə el adəti, elin bayramı,

Axırçərşənbəsi, bahar axşamı,

Bu gün nov üstünə gedəcək hamı,

Qızların qatarı yadıma düşdü.

1960-cı ildə dərc edilmiş "Elə oğul istəyir vətən" şeiri ilə bağlı xalq yazıçısı və tənqidçi Mehdi Hüseyn yazırdı: "Sağ ol, qardaşım, sağ ol! Sənin bu şeirin aydın, sərt, kəsərli ifadələrdə minlərcə, yüz minlərcə, milyonlarca oxucunun mənəvi dəyanətini, mübarizə əzmini, inam və iradəsini daha da möhkəmlətmək məqsədi daşıyır". Mehdi Hüseynin bəyəndiyi, dəfələrlə öz tənqidi məqalələrində nümunə gətirdiyi həmin poetik arzularda deyilirdi:

Elə oğul istəyir vətən,

Dişilə zənciri qıra bilsin.

Süngü qabağında

Sinəsilə dura bilsin.

Ağır tankları əritsin nəfəsi,

Top gülləsindən uzaq getsin

Haqq deyən səsiE

Neçə görkəmdə,

Neçə adda

Milləti toplaya bilsin

Bir bayraq altına!..

Bir yumruq kimi birləşsin

Sözün,

Qılıncın,

Şeirin qüdrəti.

Azadlıq təşnəsi milləti

Apara bilsin ardınca,

Həsrətdə saralınca!

Əlinə qələm alan gündən Balaş Azəroğlu ömrünün sonunadək vətənpərvərlik mövzusunda, milli azadlıq ideyaları ilə bağlı çoxlu sayda əsərlər yaradıb. Min arşın quyunun dibinə salınmış tarixi həqiqətləri üzə çıxarmaq məqsədilə və eləcə də həmvətənlərinin yadına salmaq üçün ömrünü odlara atıb. Təzyiq və əsarətin, məşəqqətli illərin hər cür əzab-əziyyətini yaşayan Balaş Azəroğlu həm də Azərbaycan ədəbiyyatında siyasi lirikanın istiqamətini təyin edən şair kimi dəyərləndirilir. Xalq yazıçısı Anar unudulmaz şairin bu sahədəki fəaliyyətini belə qiymətləndirir: "Balaş Azəroğlunun bu tarixi xidməti Cənubi Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirməklə bərabər, ümumazərbaycan şeirində də mühüm və parlaq bir səhifədir... Təbrizi tez-tez yuxusunda görən, Arazın o tayı üçün həsrət çəkən Balaş müəllimlə Mədinə xanımın möhnətlərini, doğma şəhərləri, el-obaları üçün nə qədər qəribsədiklərini həmişə hiss etmişəm".

Balaş Allahbaxış oğlu Abizadə 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Valideynləri Cənubi Azərbaycanın Ərdəbil şəhərinin Səlim qışlağı kəndindən idilər. Orta təhsilini Bakıda almışdır. İlk mətbu şeiri "Dnepr" adlanırdı. 1937-ci ildə Bakıda qəzetlərin birində çap edilmişdir. Ölkəni bürümüş repressiya bu ailənin də bəxtinə qara günlər yazmışdır. İran təbəəsi olduğundan 1937-ci ildə Cənubi Azərbaycana sürgün edilmişdilər. "Karvan" adlı şeirində öz nisgilini dilə gətirən Balaş Azəroğlu elə həmin ildə yazırdı: "Karvan cənuba gedir, karvan bəzən vətəndən uzaqlara yol alır". Sonra da için-için ağlayaraq əzizlərinin yana-yana söylədiyi bayatını dinləyərmiş: "Ağ dəvə düzdə qaldı, Yüküm Təbrizdə qaldı..." Sonadək eşitməyə gücü çatmayaraq qışqırarmış: "Bizim yükümüz Bakıda qaldı, axı..." Xəzər sahilindən ayrılan ailə qədim Babək yurduna - Savalanın ətəyinə köçüb. Burada ibtidai məktəbdə fars dilində təhsil alıb. Erkən yaşlarından milli-azadlıq hərəkatına qoşularaq İran Xalq Partiyasına daxil olub. Bu partiyanın şahlıq üsul-idarəsinin əleyhinə təşkil etdiyi mitinqlərdə fəal iştirak edərək milləti inqilaba çağıran şeirlər yazar və onu özü səsləndirərmiş. "Azəroğlu" imzasını da elə o vaxtdan götürərək ilk şeirini - "İnqilab şairiyəm" adı ilə çap etdirib. Özü belə deyərdi: "Bu şeir mənim həyat proqramımın ilk qaranquşu idi". Bu şeir həm də Balaş Azəroğlunu külli Azərbaycanda tanıdan uğurlu bir poetik məram oldu:

Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər böyütmüş məni,

Şeirim eldən alıbdır bu ilhamı, bu qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm,

Azadlıq carçısı, inqilab şairiyəm.

Könül dəftərinin bütün yükünü bax belə, ilhamdan yoğrulmuş şeirlərdən tutdu Balaş Azəroğlu. Ömrü boyu mərd və əyilməz oldu. Ərdəbildə çıxan "Yumruq" qəzetinə redaktorluq etdi. "Vətən yolunda" qəzeti redaksiyasının keçirdiyi müsabiqədə "Səttarxan" şeiri mükafata layiq görüldü. Ərdəbildə müxtəlif vəzifələrdə çalışan Balaş Azəroğlu Təbrizdə milli hökumət tərəfindən oradakı Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub. "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçildi. Həm Ərdəbildə, həm Təbrizdə onun şeirlər kitabları çap edilməyə başladı. 1941-1945-ci illərdə Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatında fəal iştirakına görə Milli hökumət tərəfindən "21 Azər" medalı ilə təltif olundu. 1946-cı ildə "Firdovsi" medalı aldı. Amma burada da uzun müddət yaşaya bilmədi. 1947-ci ildə Bakıya mühacirət etməyə məcbur oldu. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldı.

Ali məktəbi qırmızı diplomla bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışan Balaş Azəroğlu dissertasiya yazdı, müdafiə edərək filologiya elmləri namizədi, alimlik dərəcəsi aldı. 1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi. İctimai-siyasi işlərlə yanaşı, ədəbi fəaliyyətini də uğurla davam etdirdi. Sağlığında 40-a yaxın kitabı işıq üzü gördü. Bir sıra elmi-tədqiqat və tərcümə kitabları çap edildi. Ədəbi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Balaş Azəroğlu hələ sovet dövründə bir sıra orden və medallarla təltif edilmişdi. 1981-ci ildə Azərbaycanın "Xalq şairi", fəxri adına layiq görülüb. Dövlət müstəqilliyimizi qazandıqdan sonra "Şöhrət" ordeni ilə mükafatlandırılan Balaş Azəroğlu həm də Prezident təqaüdçüsü idi.

Gah o tayda, gah bu tayda vətən bütövlüyünün həsrəti ilə yanıb- qovrulan Balaş Azəroğlu yarım əsr ayrılıqdan sonra Təbriz şəhərini görmək arzusuna da qovuşdu. Onun bu münasibətlə yazdığı şeirində deyilir:

İnanmırdım, ana Təbriz,

Bir də səni görüm belə;

İllərimi saya-saya,

İstəmirdim öləm belə.

Cənublu şair Səməd Behrənginin qəbri başında çəkdiyi ağı da Balaş Azəroğlunun illər boyu qəlbində gəzdirdiyi dözülməz həsrətdən xəbər verirdi: "Bilmirəm fələyin bizlə qəsdi nə?"

Fikir və ideya şairi olan Balaş Azəroğlu ədəbiyyat sahəsində qələm çaldığı gündən öz prinsipinə, məramına sonadək əməl etdi. O, sanki bir döyuş meydanına atılaraq cəngavər kimi vuruşdu. O, əsl şair, vətəndaş olduğunu öz şeirləri ilə dəfələrlə sübut etdi. Azadlıq sevən, bu yolda ən ağır məhrumiyyətlərə dözməyi bacaran Balaş Azəroğlu xalqının taleyindən yazmaqdan yorulmadı. Millətin böyüklüyünü, əyilməzliyini tərənnüm edə-edə bizə saplanan baltaların da kimin əlində olduğunu dəfələrlə dürüst söylədi. Onun şeirlərini oxuyanda həm heyrətlənirsən, həm də içində bir qəzəb püskürür. Bu qədər böyük və alicənab bir millətin suçu nədir ki, illər boyu dərdini Arazın sularına axıdır? Və bu nəhrin öz günahı nədir ki, poeziyamıza ayrılıq çayı, duyğularımıza çəpər kimi daxil oldu?

Balaş Azəroğlu yaradıcılığına nəzər yetirəndə onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan əsərlərindən xüsusi danışmaq gərəkdir. Şair ədəbiyyatımızın bu coğrafi məkanına yeniliklər gətirən, forma axtarışları və mövzuları ilə seçilən bir müəllif kimi ucada dayanır. Hələ 1937-ci ildə 16 yaşında ikən yazdığı "Addımlar" şeirində görün nə deyirdi:

Körpəcə bir quşam, asiman dərin,

Mən o dərinliyə uçmaq istərəm.

Nəğmə dəftərimin, söz dəftərimin,

Adını "Vətən"lə açmaq istərəm!

Bu "Vətən" dəftərinin sayı çox oldu. Mətin və igid bir oğul kimi hər cür çətinliyə dözərək vətən sevgisini könül sözləri ilə dilə gətirməyi, sənət meydanında məğrur yeriməyi, dəyanətli yaşamağı, uca görünməyi bacardı Balaş Azəroğlu. Bakıda yaşayanda Təbrizdən yazdı, Ənzəlidə məskunlaşanda Xəzəri arzuladı! Varlığında o tayı, bu tayı birləşdirdi Balaş Azəroğlu!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

22:16
21 İyun

Neft sızmaları zamanı operativ müdaxilə ekoloji fəsadların minimuma endirilməsində həlledici rol oynayır 

20:49
21 İyun

Ekspert: Dənizdə boru xətlərinin davamlı monitorinqi ekoloji risklərin azaldılmasında mühüm rol oynayır  

19:41
21 İyun

Ukrayna ikitərəfli münasibətlərdə Polşanı təmkinli olmağa və diplomatiyaya çağırıb

19:21
21 İyun

ABŞ-nin enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

18:31
21 İyun

Vitse-prezident: ABŞ İranla münasibətləri kökündən dəyişdirməyə hazırdır  

17:57
21 İyun

Tramp gecə boyu iranlılarla danışaraq Hörmüz boğazını bağlamamaqla bağlı onlara xəbərdarlıq edib  

17:43
21 İyun

ABŞ-nin Vitse-prezidenti: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik  

17:18
21 İyun

Pakistanın Baş naziri İsveçrədə ABŞ və İran nümayəndə heyətləri ilə görüşüb

16:53
21 İyun

“Azneft” İB: Dübəndi sahilindəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb

15:19
21 İyun

Ukrayna qoşunları Krım körpüsü yaxınlığında bir neçə vacib hədəfə zərbələr endirib  

14:59
21 İyun

Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib  

14:49
21 İyun

Yəmən Nümayəndələr Palatasının sədri Bakıdadır

14:37
21 İyun

Niger Məsləhət Şurasının sədri ölkəmizə səfərə gəlib

14:09
21 İyun

FHN-dən xəbərdarlıq: Küləkli havada dənizə girmək təhlükəlidir! 

13:47
21 İyun

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

13:31
21 İyun

Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

13:19
21 İyun

Argentinanın Müstəqillik Günündə Bakıdan dostluq və rifah mesajı 

12:53
21 İyun

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

12:48
21 İyun

Azərbaycana yay fəsli daxil olub 

12:27
21 İyun

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:09
21 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!