Dənizdə baş verən neft sızmaları zamanı operativ müdaxilə və peşəkar idarəetmə ekoloji və iqtisadi fəsadların minimuma endirilməsində həlledici rol oynayır. Beynəlxalq neft şirkətləri ilə uzunmüddətli əməkdaşlıq təcrübəsinə malik SOCAR bu cür halların idarə olunması istiqamətində kifayət qədər təcrübəyə sahibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, neft sızmaları zamanı ilk saatlarda həyata keçirilən tədbirlər sonrakı mərhələlərdə yaranacaq risklərin miqyasını müəyyənləşdirir. “Ümumiyyətlə, belə məsələlərdə operativlik həddindən artıq çox önəmlidir. Çünki bu tip fəsadlar ilk saatlarda daha sürətli olur. Quyu bağlansa da, yaxud mənbə lokallaşdırılsa da, kəmərdə qalan təzyiq nəticəsində müəyyən qədər boşalmalar davam edə bilir. Buna görə də ilk saatlarda kritik müdaxilə çox önəmlidir, çox böyük əhəmiyyət daşıyır”, – deyə E.Əmirov bildirib.
Onun sözlərinə görə, müdaxilənin gecikməsi neftin daha geniş ərazilərə yayılmasına və dəniz ekosisteminə daha çox zərər vurmasına səbəb ola bilər. Çünki nə qədər gec müdaxilə edilərsə, bir o qədər daha çox neft yayılır, daha çox dəniz ekosistemi zədələnir. Dənizdə yaşayan canlıların həyatı risk qarşısında qalır. Təkcə balıqlar deyil, ümumiyyətlə, dəniz florası və faunası üçün bu məsələ böyük əhəmiyyət daşıyır. Ona görə də prosesə dərhal müdaxilə edilməsi vacibdir.
Eldəniz Əmirov bildirib ki, dünyanın neft sənayesində formalaşmış təcrübəyə əsasən, belə hallarda əsas məqsəd, ilk növbədə, sızmanın mənbəyini lokallaşdırmaq və yayılmanın qarşısını almaqdır. Dünyanın aparıcı neft şirkətləri ilə uzunmüddətli əməkdaşlıq edən SOCAR-ın bu tip proseslərin idarə olunması ilə bağlı kifayət qədər təcrübəsi var. Beynəlxalq təcrübədə belə hadisələrin idarə olunmasında, ilk növbədə, mənbə bağlanır. Bundan sonra neftin yayılmasının məhdudlaşdırılması üçün tədbirlər görülür. Çünki suyun səthinə çıxan neft sürətlə geniş əraziyə yayıla bilir. Buna görə də mexaniki üsullarla yayılmanın qarşısı alınır. Bəzi hallarda dispersantlardan və bioloji təmizləmə metodlarından da istifadə edilir.
“Sızmanın qarşısı alındıqdan sonra vəziyyətin tam qiymətləndirilməsi məqsədilə monitorinq mərhələsi başlayır. Bunun qarşısı alındıqdan sonra artıq suyun keyfiyyəti və dəniz canlılarının vəziyyəti monitorinq olunur ki, mövcud vəziyyət qiymətləndirilsin. Sonrakı mərhələdə isə sıradan çıxmış infrastrukturun bərpası həyata keçirilir, boru kəmərləri və digər texniki qurğularda yaranmış nasazlıqlar aradan qaldırılır. Bu cür hadisələr dünyanın müxtəlif ölkələrində zaman-zaman baş verir və əsas məsələ operativ reaksiya, peşəkar idarəetmə və nəticələrin qısa müddətdə aradan qaldırılmasıdır. Bu istiqamətdə çevik tədbirlərin görülməsi həm ekoloji risklərin, həm də mümkün iqtisadi itkilərin minimuma endirilməsinə imkan yaradır”, - deyə ekspert vurğulayıb.