IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı ilə birlikdə meyvə bağları salmaq aksiyaları keçirir. Bu məqsədlə ayrı-ayrı rayonlarda aztəminatlı ailələr üçün meyvə bağları salınır.
IDEA İctimai Birliyi növbəti aksiyasını Lənkəranda keçirib. Rayonun Moğonojba kəndi ərazisində aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş 2 şəhid ailəsinə və bir üzvü Qarabağ veteranı olan aztəminatlı ailəyə verilən 2 hektar torpaq sahəsində 3 feyxoa bağı salınıb. Bağlarda ümumilikdə məhsuldar növlü 1100 feyxoa ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq dayaqlarla bərkidilib.
Bu münasibətlə keçirilən mərasimdə IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, “Cavan” Gənclər Hərəkatının könüllüləri, Lənkəran ŞİH-in rəhbərliyi, rəsmi şəxslər, rayon ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
ŞİH-in başçısı Taleh Qaraşov qeyd edib ki, maarifləndirmə yolu ilə gənclərin və yeniyetmələrin ətraf mühitin və ekologiyanın qorunması işlərinə cəlb olunmasına nail olmağı qarşısına məqsəd qoyan IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, tanınmış gənc ictimai xadim Leyla xanım Əliyevanın rəhbərliyi ilə geniş fəaliyyət göstərərək qısa zamanda böyük uğurlar qazanıb. Təşkilatın təşəbbüsü ilə ölkədə ağacəkmə aksiyalarının keçirildiyini, təmizlik işlərinin aparıldığını, tullantıların yığıldığını, nadir heyvan və bitki növlərinin qorunmasına davamlı olaraq qayğı göstərildiyini söyləyən natiq bu tədbirlərdə Lənkəran rayonu ictimaiyyətinin, xüsusilə gənclərin yaxından iştirak etdiyini, minlərlə ağac və gül kollarının əkildiyini, tonlarla kağız tullantısının və istifadə olunmuş plastik qab qalıqlarının yığışdırıldığını diqqətə çatdırıb. Bu tədbirlərin gənclərin və yeniyetmələrin ekoloji tərbiyəsi ilə yanaşı, onlarda vətənə məhəbbət, doğma təbiətə qayğıkeş münasibət formalaşdırdığını da xüsusi vurğulayıb. IDEA İctimai Birliyinin həyata keçirdiyi xeyirxah təşəbbüslərin bundan sonra da rayon gəncləri tərəfindən dəstəklənəcəyini bildirib.
Sonra o, feyxoa ağaclarının əkildiyi torpaq sahələrinin mülkiyyət hüququna dair şəhadətnamələri aprel döyüşləri zamanı şəhid olmuş Rusif Ağayevin atası İbrahim Ağayevə, Əlizamin İslamovun anası Hurinisə Kərimovaya və Qarabağ müharibəsi veteranı Sayyad Ağayevə təqdim edib.
“Azərbaycan”