16 oktyabr
2019-cu ildə müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından
biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq,
fəal vətəndaş-ziyalı mövqeyi ilə seçilən ictimai xadim İsa Həbibbəylinin yetmiş
illik yubileyidir.
Akademik İsa
Həbibbəyli yetmiş illik ömrünün əlli ildən artıq bir dövrünü Azərbaycan ədəbi düşüncəsinin,
onun ayrı-ayrı görkəmli simalarının həyat və yaradıcılığının tədqiqinə, ictimai
fikir tariximizin öyrənilməsinə, milli ideologiyanın elmi əsaslarının formalaşmasına,
ümumən müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin inkişafına həsr
etmişdir. Onun zəngin elmi araşdırmaları
müxtəlif elm sahələrinin nəzəri müddəalarını özündə birləşdirməklə xüsusi universallığı və professionallığı ilə, elmi-təşkilati fəaliyyəti innovativ idarəetmə texnologiyalarının tətbiqi
ilə, ictimai fəaliyyəti isə aydın milli və dövlətçilik mövqeyi ilə diqqəti cəlb edir. Akademik İsa Həbibbəylinin çoxsahəli fəaliyyətində bu istiqamətlərin hər
biri - genişmiqyaslı elmi fəaliyyətlə elmi-təşkilatçılıq
və ictimai fəaliyyət bir-biri ilə üzvü bağlıdır
və çox uğurlu şəkildə bir-birini tamamlayır. Belə ki, İsa Həbibbəyli peşəkar səviyyədə
ədəbiyyatşünaslıq problemlərindən bəhs edərkən ciddi nəzəri-metodoloji bazaya əsaslanan
elmi təfəkkürlə yanaşı, daim milli vətəndaşlıq mövqeyini də qoruyub saxlayır, elmi-təşkilati
işə isə elmi fəaliyyət kimi yaradıcılıq səviyyəsində yanaşır. Onun ictimai fəaliyyətində
bütün bu cəhətlər sanki sintez olunur, illərlə əldə edilmiş zəngin bilik və təcrübə,
intellektual potensial milli-ictimai maraqlara doğru hədəflənir.
Uzun illərdir
ki, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında humanitar və
ictimai elmlər istiqaməti üzrə vitse-prezident olaraq mühüm bir vəzifədə çalışmaqda,
bir tərəfdən müasir dünyanın çağırışları, digər tərəfdən ölkəmizin sosial-iqtisadi
inkişaf tendensiyaları ilə şərtlənərək mühüm bir dövrünü yaşayan humanitar və ictimai
elmlərin inkişafına öz töhfələrini verməkdədir. Çoxcəhətli elmi fəaliyyəti ilə səciyyələnən akademik
İsa Həbibbəyli ölkəmizdə humanitar və ictimai elmlərin müstəqillik dövrünün dövlətçilik
maraqlarına və xalqımızın milli mənafelərinə, habelə dünya elmində gedən proseslərə
uyğun şəkildə istiqamətləndirilməsi və daha da inkişaf etdirilməsi işinə məsuliyyətlə
xidmət edir.
İsa Həbibbəylinin
elmi, elmi-təşkilati və ictimai fəaliyyətində xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin zəngin irsinin, dövlətçilik təliminin tədqiqi və təbliği olduqca mühüm
istiqamətlərdən birini təşkil edir. O, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi-ideoloji istiqamətin
fundamental humanitar və ictimai elmlərin strategiyasına çevrilməsi sahəsində yorulmadan
fəal iş aparmaqdadır. Ulu Öndərin mənalı ömür yolunun, çoxcəhətli dövlətçilik fəaliyyətinin,
böyük ideallarının akademik elmin tədqiqat sferasında davamlı yer tutmasına nail
olmaq işində İsa Həbibbəylinin əvəzedilməz rolu vardır. Məhz İsa Həbibbəylinin səyləri
və fəal təşəbbüsləri nəticəsində Milli Elmlər Akademiyasında ardıcıl olaraq keçirilən
Heydər Əliyev konfransları geniş mənada humanitar
və ictimai elmlərin dövlətçilik dərsləri səviyyəsinə çatdırılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində
hər il ölkəmizdə böyük uğurla keçirilən humanitar forumlar, dünyanın bir sıra nüfuzlu
elm və mədəniyyət xadimlərinin Azərbaycana səfərləri, humanitar sferanın inkişafı
sahəsində həyata keçirilən çoxsaylı islahatlar humanitar və ictimai elmləri cəmiyyətin
ön mövqeyinə çəkmişdir. Heç də təsadüfi deyildir ki, 2015-ci ildə Azərbaycan Milli
Elmlər Akademiyasının 70 illik yubileyində iştirak edən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev öz nitqində humanitar və ictimai elm sahələrinin inkişaf
etdirilməsini, xüsusən qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunmasını,
tariximizin dərindən araşdırılmasını mühüm prioritetlərdən biri olaraq elan etmişdir.
Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə və elmi-humanitar prioritetlərə
uyğun olaraq akademiyada humanitar elmi istiqamətlərdə tədqiqatların aparılması
və Azərbaycan xalqının milli maraqları ilə bilavasitə bağlı olan elm sahələrinin
inkişafı məhz İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilməkdədir. Son illərdə
Azərbaycan dilinin müasir qloballaşma şəraitində geniş tətbiqi ilə bağlı həyata
keçirilən miqyaslı tədbirlər, Azərbaycan tarixinin öyrənilməsi, xüsusən tarixi Azərbaycan
ərazilərinin tədqiqi, xalqımıza qarşı soyqırımların araşdırılması ilə bağlı əldə
olunan nailiyyətlərin ümumən ictimai və humanitar elmi istiqamət üzrə kompleks inkişafının
tərkib hissələridir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə
həsr edilmiş "Müstəqillik yollarında” adlı fundamental monoqrafik tədqiqatın meydana
çıxmasında da bu sanballı nəşrin məsul redaktoru kimi İsa Həbibbəylinin böyük zəhməti
olmuşdur.
Yuxarıda da
qeyd etdiyimiz kimi, milli ideoloji istiqamət İsa Həbibbəylinin istər elmi, istərsə
də ictimai fəaliyyətinin əsaslarından birini təşkil edir. Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, çoxsahəli fəlsəfi, politoloji və sosioloji
araşdırmaları ilə müasir Azərbaycan elmi-ictimai düşüncəsinin əsas strateji istiqamətlərini
müəyyənləşdirən akademik Ramiz Mehdiyevin
müəyyən etdiyi siyasi-ideoloji xəttə uyğun olaraq akademik İsa Həbibbəyli humanitar elmi fikirdə və ictimai düşüncədə azərbaycançılıq
ideallarının ön mövqeyə çıxması, elmdə azərbaycançılığa dair elmi-nəzəri konsepsiyanın
müəyyən olunması işinə mühüm töhfələr verməklə
bərabər, bu istiqamətdə fəaliyyət göstərən elmi arsenalı həmin ali məqsədə yönəltmək,
azərbaycançılıq elmi ideyalarına və təşəbbüslərə dəstək vermək missiyasını da ardıcıl
olaraq həyata keçirir. Bunun nəticəsidir ki, fundamental elm sahəsində dünya elmi
meyarları ilə azərbaycançılıq görüşlərinin üzvi surətdə əlaqələndirilməsi prosesləri
dərinləşməkdə davam edir.
İctimai və
humanitar elmlər sahəsində beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi
sahəsində də İsa Həbibbəylinin xidmətləri olduqca təqdirəlayiqdir. Heç də təsadüfi deyildir ki, son illər bu istiqamətdə
olduqca mühüm uğurlar əldə edilmişdir. Hamımıza yaxşı məlumdur ki, bir neçə il bundan
öncə Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi yaradılmış, Azərbaycan mədəniyyətinin
təbliği istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Bunun ardınca məhz İsa Həbibbəylinin rəhbərliyi və bilavasitə
təşəbbüsü ilə AMEA-nın Fəlsəfə İnstitutunun
Fransanın Nitsa şəhərində yerləşən Sofiya Antipolis Universiteti ilə, İqtisadiyyat
İnstitutunun Çin Sosial Elmlər Akademiyası ilə, Ədəbiyyat İnstitutunun Türkiyənin,
bir sıra Orta Asiya respublikalarının, Monqolustanın çoxsaylı aparıcı universitetləri
ilə apardıqları ortaq layihələr həyata keçirilmişdir. Bütün bunlar yeni tarixi mərhələdə Azərbaycan elminin inkarolunmaz
reallıqlarına çevrilmişdir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan elminin və mədəniyyətinin
tədqiqi və təbliği modeli olaraq ölkəmizin
Avropaya və sivil dünyaya olduqca
uğurlu bir təqdimatıdır.
Son zamanlar
İsa Həbibbəylinin səyləri nəticəsində humanitar və ictimai elmlər sahəsində fundamental
tədqiqatlarda faktçılıqdan, təsvirçilikdən nəzəri səviyyənin dərinləşdirilməsinə,
ümumiləşdirilmiş elmi nəticələrin əldə edilməsinə doğru əhəmiyyətli addımlar atılmışdır.
Onun uğurla kuratorluq etdiyi elmi-tədqiqat institutlarında struktur islahatlarının
aparılması, onların yeni epoxanın tələblərinə uyğun olaraq müasirləşdirilməsi, nəticə
etibarilə yeni elmi istiqamətlərin müəyyən olunmasına və həmin sahədə fundamental
tədqiqatların aparılmasına xüsusi dəstək vermişdir. Məhz İsa Həbibbəylinin təşəbbüsü
sayəsində bir sıra istiqamətlərdə - heraldika, antropologiya, muğamşünaslıq, riyazi-iqtisadi
proqnozlaşdırma, Asiya ölkələri, məntiq, miqrasiya və başqa sahələrdə - tamamilə
yeni strukturlar yaradılmış, müvafiq kadrlarla təmin edilmiş, fəaliyyət istiqamətləri
müəyyən olunmuşdur. Onun rəhbərliyi ilə keçirilmiş "Fizika və lirika” konfransları
böyük əks-səda doğurmuşdur.
Milli Elmlər
Akademiyası Nizamnamə Komissiyasının sədri kimi İsa Həbibbəyli bu ali dövlət elmi
təşkilatının müstəqillik dövrü Nizamnaməsinin
hazırlanmasına böyük əmək sərf etmiş, bu məqsədlə dünya akademiyalarının
təcrübəsini və ölkə elmi mühitinin reallıqlarını öyrənib təhlil etməklə qəbul olunan
sənəddə elmin inkişafına xidmət edən, eyni zamanda elmdə sahibkarlıq mühitinin formalaşdırılmasına
şərait yaradan müddəaların özünə yer almasına nail olmuşdur. O, AMEA-nın inkişaf
yoluna həsr olunmuş "Elm məbədi” filminin yaradıcısı və "Akademiya marşı”nın sözlərinin
müəllifidir.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru kimi akademik İsa Həbibbəylinin elmi-təşkilati
fəaliyyəti üzərində də xüsusi dayanmaq lazımdır. Onun təşəbbüsü ilə son illərdə
Ədəbiyyat İnstitutunda yeni struktur bölmələri yaradılmış, ölkə və dünya ədəbiyyatının
daha əhatəli şəkildə və dərindən öyrənilməsinə xidmət göstərən yeni şöbələr formalaşdırılmışdır.
Uzun illər tədqiqatdan kənarda qalmış Azərbaycan mühacirət ədəbiyyatının tədqiqinə
başlanılması, ədəbi proseslərin təhlil olunaraq dəyərləndirilməsinə və proqnozlaşdırılmasına
meydan açan Ədəbi tənqid şöbəsinin, habelə Nizamişünaslıq, Mətbuat tarixi və publisistika,
Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı,
Elmi nəşrlər və proqnozlaşdırma şöbələrinin, Füzulişünaslıq, Ədəbi cərəyanlar sektorlarının
yaradılması ədəbiyyatşünaslıq tədqiqatlarının əhatə dairəsinin genişləndirilməsinə
və elmi səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. İnstitutda Azərbaycan-Asiya
ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan və Özbəkistan ədəbi əlaqələri şöbələrinin
təsis edilməsi ilə yarandığı vaxtdan etibarən əsasən Qərbmeyilli tədqiqatlar üstündə
köklənmiş Azərbaycan ədəbiyyatşünaslıq elminin Şərqə, Asiyaya və türk dünyasına
doğru üfüqləri genişləndirilmişdir.
Akademik İsa
Həbibbəylinin rəhbərliyi sayəsində Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri yenidən
qurulmuş, bu elmi-tədqiqat ocağının dünyanın mühüm elmi mərkəzləri və universitetləri
ilə əməkdaşlığı genişləndirilmişdir. Ədəbiyyat İnstitutunda keçirilmiş beynəlxalq
və ölkə miqyaslı elmi konfranslar, seminarlar, müzakirələr ədəbiyyatşünaslıq elmində
yeni mərhələnin formalaşdırılmasına, elmi nailiyyətlərin cəmiyyətə çatdırılmasına
geniş imkanlar açmışdır. Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası ölkə ədəbiyyatşünaslıq elmində
gedən yeniləşmə proseslərinin dalğasında meydana çıxmış sanballı elmi tədqiqat əsəridir.
Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş çoxcildlik nəşrlərin: mövcud yeddi cildlik
Azərbaycan ədəbiyyatı tarixinin V-VII cildlərinin çapa hazırlanması, yeni elmi konsepsiya
əsasında yazılması, planlaşdırılmış on cildliyin I cildinin artıq çapdan çıxması
Ədəbiyyat İnstitutunun mühüm elmi nəticələrindəndir. Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin ədəbiyyat siyasətinin tədqiqinə həsr edilmiş "Ədəbiyyatda
Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” ikicildlik nəşrinin meydana çıxması
Ədəbiyyat İnstitutunun mühüm elmi nəticələri sırasında xüsusi yer tutur.
İnstitutda
çalışan elm adamlarının kollektiv səyləri ilə hazırlanmış ikicildlik "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı” monoqrafik tədqiqatı Azərbaycan ədəbiyyatşünaslıq elminin
nailiyyətlərindən sayılmağa layiqdir. İsa Həbibbəylinin ideya müəllifliyi və yaxından
iştirakı ilə Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə olaraq müstəqillik dövrünün
ədəbiyyatı bütün genişliyi ilə və sistemli şəkildə tədqiq edilib ümumiləşdirilmişdir.
Bundan başqa, institut əməkdaşlarının illər üzrə çap olunmuş elmi əsərlərinin
2013-2018-ci illəri əhatə edən altıcildlik biblioqrafiyası bu qurumun yeni dövrünün
mükəmməl elmi salnaməsidir. Akademik İsa Həbibbəylinin səyləri ilə XX əsrin
70-80-ci illərində keçirilmiş "Ədəbi proses” yaradıcılıq müşavirələrinin yenidən
bərpa olunması və müstəqillik dövrünün tələbləri səviyyəsində təşkil olunması ölkədə
ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəsinin inkişafına ciddi təsir göstərmişdir.
Ədəbiyyat İnstitutunda həmin yaradıcılıq müşavirəsinin materialları əsasında çap
edilmiş altıcildlik "Ədəbi proses” topluları Azərbaycan ədəbi tənqidinin icmal tənqidindən
monoqrafik dərinliyə və genişliyə doğru inkişafının miqyasını bütün dolğunluğu ilə
əks etdirir. Son illərdə "Sənətkarın elmi
pasportu”, "Mühacirət ədəbiyyatı kitabxanası”, "Füzulişünaslıq kitabxanası” seriyalarından
nəşr edilmiş monoqrafiyalar əhəmiyyətli fundamental ədəbiyyatşünaslıq tədqiqatlarıdır.
İnstitutda "Azərbaycan ədəbiyyatşünaslığı” ("Ədəbiyyat məcmuəsi”) elmi jurnalından
başqa, ədəbiyyat nəzəriyyəsi üzrə "Poetika.izm”, ədəbi əlaqələrə dair "Müqayisəli
ədəbiyyatşünaslıq” jurnallarının davamlı surətdə nəşr edilməsi elmi mühitin canlandırılmasında
əsas faktorlardan birinə çevrilmişdir. Son illərdə filologiya üzrə elmlər doktorları
və fəlsəfə doktorlarının yeni nəslinin yetişdirilib hazırlanması ədəbiyyatşünaslıq
elminin gələcək inkişafının təmin edilməsinə hesablanmış mühüm tədbirlərdəndir.
Akademik İsa
Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslıq elminin müasir dövrdəki əsas yaradıcılarından
biridir. Onun "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri”
mövzusunda namizədlik, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda müdafiə
etdiyi doktorluq dissertasiyaları ədəbiyyatşünaslıq elminin ciddi elmi problemlərinə
həsr olunmuş mühüm elmi-tədqiqat əsərləridir. İsa Həbibbəyli ölkəmizdə və onun hüdudlarından
kənarda Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi üzrə tanınmış mütəxəssislərdən
biri kimi qəbul olunur. Onun Azərbaycan ədəbiyyatında realizm problemlərinə, milli
romantizm ədəbi cərəyanına, XX əsrin sonlarından etibarən meydana çıxmış neorealizm,
modernizm, postmodernizm, magik realizm, dekadentizm cərəyanlarına həsr edilmiş
tədqiqatları ədəbiyyatşünaslıq elminin inkişafına, yeni nəzəri müddəalarla zənginləşdirilməsinə
xidmət edir. Ədəbi növlərin və janrların yenidən təsnif edilməsi, satiranın ədəbi
növlərdən biri kimi təqdim olunması İsa Həbibbəylinin ədəbiyyat nəzəriyyəsi üzrə
axtarışlarının mühüm elmi nəticələrindəndir. Eyni zamanda İsa Həbibbəyli Azərbaycan
ədəbiyyatının dövrləşdirilməsi konsepsiyasının müəllifidir. O, həmçinin türk xalqları
ədəbiyyatının da ortaq dövrləşdirmə konsepsiyasını işləyib hazırlamış, inkişaf mərhələlərini
müəyyənləşdirmişdir.
Ədəbiyyat
tarixi istiqamətində İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
həyatı və yaradıcılığının, mühiti və müasirləri məsələlərinin əsas tədqiqatçılarından
biridir. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin dünyanın müxtəlif ölkələrində yaşayan
nəsil şəcərəsinə məxsus şəxsləri axtarıb üzə çıxarmış, onlarla əlaqələr yaratmışdır.
Onun yazdığı "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” tədqiqatı ölkəmizdə bu sahədə
yaradılmış ilk əsər kimi elmi əhəmiyyətə malikdir. Şəxsi təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin
əsərlərini Rusiya, Pakistan, Macarıstan, Bolqarıstan, Özbəkistan, Gürcüstan, Litva
və Tacikistanda kitab halında nəşr etdirməsi alimin ədəbi fikrin inkişafına xidmətləri
sırasında sanballı yer tutur.
Əsasən XIX-XXI
əsrlər Azərbaycan ədəbiyyatı üzrə ixtisaslaşmış İsa Həbibbəyli milli ədəbiyyatımızın
çoxəsrlik inkişafının demək olar ki, bütün əsas dövrləri və mərhələlərində yaşayıb-yaratmış
yazıçı və şairlər haqqında tədqiqatlar aparmış, kitablar və məqalələr çap etdirmişdir.
Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd
Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə və başqaları İsa Həbibbəylinin tədqiqatlarında
xüsusi yer tutur. Bundan başqa, İsa Həbibbəyli müxtəlif arxivlərdən və dövri mətbuat
səhifələrindən Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Eynəli bəy Sultanov,
Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Məmməd Cəfər Cəfərovun naməlum bədii
əsərlərini, publisist məqalələrini, məktublarını tapıb üzə çıxarmış, kitab halında
nəşr etdirmişdir.
Geniş elmi
dünyagörüşünə malik olan akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq elmi ilə yanaşı,
tarix, incəsənət, fəlsəfə, dilçilik, teatrşünaslıq və digər elm sahələri ilə peşəkar
səviyyədə məşğuldur. Onun bu istiqamətlər üzrə ardıcıl məqalələri, çıxışları qeyd
olunan sahələrin inkişafına təkan verir.
Akademik İsa
Həbibbəylinin həyat və fəaliyyətində Naxçıvan Dövlət Universiteti xüsusi yer tutmuşdur.
O, 1971-ci ildə bu ali təhsil ocağını "Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirmiş, burada sıravi müəllimlikdən professorluğa, elmi
işlər üzrə prorektorluğa və nəhayət, rektorluğa qədər böyük yol keçmişdir. Naxçıvan
Dövlət Universitetinin rektoru kimi bu ali təhsil müəssisəsində geniş yenidənqurma
işlərinin aparılmasına, universitetin ölkənin qabaqcıl ali məktəblərindən birinə
çevrilməsinə, dünyada tanıdılmasına böyük zəhmət sərf etmişdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatı olmuş İsa Həbibbəyli muxtar respublikanın qanunvericilik
orqanında İnsan haqları və beynəlxalq münasibətlər komissiyasının sədri kimi fəaliyyət
göstərmişdir. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı
seçilmiş İsa Həbibbəyli hazırda ali qanunverici orqanda Elm və Təhsil Komitəsinə
rəhbərlik edir. Onun təşəbbüsü və səyləri ilə qəbul olunmuş "Elm haqqında”
(2015), "Məktəbəqədər təhsil haqqında” (2016), "Peşə təhsili haqqında” (2017),
"Ümumi təhsil haqqında” (2018) qanunları ölkəmizdə elmin və təhsilin inkişafına,
bu sahədə islahatların keçirilməsinə öz töhfələrini verir. O, hazırda "Ali təhsil
haqqında” qanun layihəsi üzərində fəal iş aparır. Milli Məclisin Toponomiya Komissiyasının
sədri kimi də İsa Həbibbəyli ölkəmizdə yaşayış yerlərinin adlarının milli maraqlarımıza
uyğunlaşdırılmasına və yeniləşdirilməsinə də böyük əmək sərf edir, bu sahədə vətəndaş
mövqeyini nümayiş etdirir.
Azərbaycan
dövləti akademik İsa Həbibbəylinin çoxillik elmi-pedaqoji fəaliyyətini və xidmətlərini
yüksək qiymətləndirmişdir. Əməkdar elm xadimi fəxri adına layiq görülmüş İsa Həbibbəyli
ölkəmizin Prezidenti tərəfindən "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif olunmuşdur.
İsa Həbibbəyli Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Cənubi
Rusiya Universitetinin fəxri doktoru, Ankara Universitetinin fəxri dostudur. O,
AMEA-nın və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. İsa Həbibbəyli
TÜRKSOY-un "Molla Pənah Vaqif”, Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza”, Təbriz
Universitetinin "Məhəmmədhüseyn Şəhriyar” mükafatlarının daşıyıcısıdır.
Bütün qeyd
olunanları ümumiləşdirərək deyə bilərik ki, akademik İsa Həbibbəyli Azərbaycan humanitar
və ictimai elmlərinin bələdçisidir. O, müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi
strateji xətt üzrə ölkə elminin daha da inkişaf etdirilməsi yollarında yorulmadan
çalışmaqda davam edir.
Ömrünün yetmiş
illik zirvə məqamına yetişmiş, bu ömrün əlli ildən artıq bir dövrünü Azərbaycan
elmi-ədəbi düşüncəsinin, ictimai fikir tarixinin tədqiqinə, milli dövlətçilik ideologiyasının
elmi əsaslarla araşdırılmasına, ümumən ictimai və humanitar elmi düşüncəmizin dünyanın
müasir çağırışlarına uyğun inkişafına həsr etmiş akademik İsa Həbibbəyliyə yeni-yeni
yaradıcılıq nailiyyətləri, bundan sonra da Azərbaycan elminin inkişafı yolunda səylə
çalışmaq əzmi arzulayırıq.
Akif ƏLİZADƏ,
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik