Azərbaycanda uşaq müdafiə sisteminin yeni modelinin tətbiqinə başlanılıb
"Himayədar ailə" uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda isə yeni ailə mexanizminin işə düşməsi, bu da nəticə vermədikdə övladlığa verilməsi üçün tətbiq olunan mexanizmdir.
Prezident İlham Əliyevin 2022-ci il 15 fevral tarixli fərmanına əsasən, "Himayədar ailə" sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər ötən il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Dünyada uşaqlara qayğı sisteminin geniş yayılmış ən yaxşı nümunələrindən olan "Himayədar ailə" sahəsində bir çox xarici ölkənin təcrübələri nəzərdən keçirilib. Ən əsası isə qardaş Türkiyənin bu sahədəki təcrübəsinə əsaslanaraq ölkəmizdə "Himayədar ailə" modeli formalaşdırılıb.
Digər sahələrdə olduğu kimi, "Himayədar ailə" modeli üzrə müraciətlər də elektronlaşdırılıb. Belə ki, "Himayədar ailə" olmaq istəyənlər ilk növbədə nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi üzərindən müraciət etməlidirlər. Təbii ki, bu modeldə də övladlığagötürmə sahəsində olduğu kimi, uşağı himayəyə götürənlərin vəziyyəti hərtərəfli araşdırılır və sonda müraciət edənin sosial və sağlamlıq durumuna əsasən hər hansı rəy verilir.
Bu modeldə övladlığagötürmədən fərqli olaraq uşağı himayəyə götürən şəxsə və ya ailəyə onun xərclərinin qarşılanması üçün dövlət tərəfindən müəyyən olunmuş miqdarda vəsait verilir. Belə ki, ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 355-435 manatarası müəyyən edilib. Həmin uşaqlara mövsümi geyim alınması üçün "Himayədar ailə"yə hər rübdə 200 manat birdəfəlik müavinət veriləcək.
Kimlər himayədar valideyn ola bilərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev qəzetimizə açıqlamasında bildirib ki, uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan "Himayədar ailə" modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini və inkişafını nəzərdə tutur.
Onun sözlərinə görə, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır: "Himayədar ailə" modelinin ölkəmizdə tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qabaqcıl dünya təcrübəsi, xüsusilə Türkiyə təcrübəsi öyrənilməklə müvafiq işlər aparılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasındakı əməkdaşlıq memorandumu çərçivəsində qardaş ölkədə "Himayədar ailə" qayğı modelinə dair təlimlər keçirilib, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq sahədə çalışan əməkdaşları həmin təlimlərdə müvafiq mövzularda biliklər əldə ediblər. "Himayədar ailə" xidmətləri valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqları əhatə edir".
Departament müdiri bildirib ki, uşaqlara daha yaxşı xidmət göstərilməsi məqsədilə bir ailəyə himayəyə verilən uşaqların sayının 3 nəfərdən çox olmaması nəzərdə tutulub. Təbii ki, burada bacı-qardaşların himayəyə götürüldüyü hallar istisnadır. Eyni zamanda "Himayədar ailə"yə verilmiş uşaqlar arasında yaş fərqi də nəzərə alınır, yəni eyni yaşda qız və oğlan bir ailəyə verilmir.
7 yaşına çatmış uşaq "Himayədar ailə"yə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşağın isə yalnız razılığı alındıqdan sonra verilir. Qanunvericilik aktlarına əsasən, "Himayədar ailə" nazirliklə himayədar valideyn olmaq istəyən şəxs və ya şəxslər arasında uşağın "Himayədar ailə"yə verilməsinə dair müqavilə əsasında yaranır. "Himayədar ailə"nin yaranması 3 mərhələdə həyata keçirilir. İlk növbədə himayədar valideyn olmaq istəyən şəxs uçota alınır. İkinci mərhələdə ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu müəyyən olunur. Sonuncu olaraq isə nazirlik ilə himayədar valideyn olmaq istəyən şəxs arasında müqavilə bağlanır.
Ailə Məcəlləsinin 142-1 maddəsi himayədar valideyn olmaq istəyən şəxslərin uçotuna dair məlumatları özündə əks etdirir. Yetkinlik yaşına çatmış hər iki cinsdən evli və ya subay olmasından asılı olmayaraq, ən azı ümumi orta təhsilli olan və qanunvericilikdə qeyd edilən xəstəlikləri, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan, həmçinin Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlar himayədar valideyn ola bilərlər.
C.Şahmalıyev himayədar şəxsin sosial durumu ilə bağlı məsələlərə də aydınlıq gətirib. Uşaqların öz qohumları olan "Himayədar ailə"yə verilməsi halı istisna olmaqla, ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğindən, yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi isə qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır. Amma burada "Himayədar ailə"yə veriləcək uşaq nəzərə alınmır.
Departament müdiri qeyd edib ki, himayədar valideyn olmaq istəyən nikahda olan şəxslərdən biri üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır: "Himayədar valideyn olmaq istəyən nikahda olmayan şəxslə himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. İstər qəyyumları, istərsə də bioloji və ya ögey valideynlərinin himayəsində olan uşaqlar həmin şəxslər tərəfindən qayğı və ailə mühiti ilə təmin olunduqlarından qeyd olunan şəxslərin himayədar valideyn olmasına yol verilmir. Ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunu himayədar valideyn olmaq istəyən şəxslə müsahibə aparılması, onun maddi-məişət şəraitinin yoxlanılması, təlimlərə cəlb edilməsi, onlara uyğun uşağın, həmçinin uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin seçiminin aparılması əsasında müəyyən olunur".
Uşağın ailə mühitində yaşamasını təmin edən model
Himayədar valideyn olmaq istəyənlər notariusa müraciət edərək, müvafiq ərizə yazırlar. Övladlığagötürmə sahəsində olduğu kimi, "Himayədar ailə" qayğı modeli üzrə müraciətlərin qəbulu və xidmətlərin idarə edilməsi də nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi üzərindən həyata keçirilir. Bununla bağlı altsistemdə müvafiq təkmilləşdirmə işləri yerinə yetirilib, funksional imkanlar artırılıb. Himayədar valideyn olmaq istəyən şəxslərin və bu ailəyə verilmiş uşaqların vahid uçotu e-sistem üzərindən aparılır.
İlkin müraciətlərin olduğunu deyən Cavid Şahmalıyev qeyd edib ki, bunlar daha çox telefon və sosial media hesablarından olan müraciətlərdir. Onlara zəruri məlumatları verdikdən sonra müvafiq altsistemə müraciət etmələri tövsiyə olunur. Vətəndaşlar daha geniş məlumat əldə etmək məqsədilə nazirliyin "142-Çağrı mərkəzi"nə də müraciət edə bilərlər. Bundan əlavə, DOST mərkəzlərinin müvafiq pəncərələrinə yaxınlaşaraq "Himayədar ailə" qayğı modeli barədə geniş məlumat əldə etmək imkanları mövcuddur.
Departament rəhbəri deyib ki, xidmət növü yeni olduğu üçün nazirlik tərəfindən "Himayədar ailə"nin tanıtımı və maarifləndirilməsi istiqamətində geniş məlumatlandırma kampaniyası həyata keçirilir: "Bir çox tədbirlər isə qarşıdakı aylarda həyata keçiriləcək. Bunlara sosial çarxların çəkilməsi, sosial mediada maarifləndirici videoların paylaşılması, ictimai yerlərdə məlumat xarakterli posterlərin qurulması kimi tədbirlər daxildir".
Öyrənirik ki, uşağın ailə mühitində qalması və tərbiyə almasını özündə ehtiva edən "Himayədar ailə" qayğısı qabaqcıl ölkələrin uşaq müdafiə sisteminin əsasını təşkil edir. İstər Türkiyədə, istərsə də digər Avropa ölkələrində bu model uğurla tətbiq olunmaqla valideyn himayəsindən məhrum olmuş uşaqların sevgi dolu ailə mühitində yaşamasını təmin edir.
Yeni modelin valideyn himayəsindən məhrum olmuş uşaqların formalaşmasında rolu
Sosioloq Aynur Hacıyeva da qeyd edir ki, "Himayədar ailə" modelinin Azərbaycanda tətbiq olunması təqdirəlayiq addımdır. Valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafında və formalaşmasında bu model müsbət təsir göstərəcək: "Bu kateqoriyadan olan uşaqlar Azərbaycanda dövlət tərəfindən himayə olunur və hər bir ehtiyacları qarşılanır. Lakin maddi təminat heç vaxt itirilmiş ailə münasibətini əvəz etmir. Ona görə də bu modelin tətbiqindən gözləntilər böyükdür. Ümid edirik ki, bunun müsbət nəticələrini görəcəyik və "Himayədar ailə" ölkəmizdə işlək modelə çevriləcək. Çünki biz mərhəmətli və uşaqlara qayğı ilə yanaşan xalqıq".
Ekspert vurğulayıb ki, yeniliyə adaptasiya üçün zaman lazımdır, xüsusilə də uşaqlar üçün.
"Himayədar ailə" qayğı modelinin tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayan sosioloq bildirib ki, bu modelin tətbiqi digər ölkələrdə müsbət nəticələr göstərib. "Lakin bununla yanaşı mənfi tərəfləri də var. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu hallar gözləniləndir. Məsələn, uşaqların tez-tez himayədar valideynləri dəyişməsi, "Himayədar ailə"nin özündə böhran hallarının baş verməsi, ailənin düzgün davranış formasını seçməməsi, maddi problemlər və sair. Bu halların yaşanmaması üçün uşaqlar "Himayədar ailə"yə verildikdən sonra izlənmə, ailədə monitorinq mərhələsinin ciddi şəkildə nəzərə alınması öndə duran məsələlərdən biridir", - deyə ekspert əlavə edib.
Deyilənlər də göstərir ki, "Himayədar ailə" qayğı modeli gələcəyimiz olan uşaqların inkişafı, sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər şeydən öncə isə ailə şəraitində yaşamaq onların psixoloji vəziyyətinə öz müsbət təsirini göstərəcək. Valideyn nəvazişindən məhrum olan uşaqların "Himayədar ailə"də yaşaması onların gələcək həyatının, ailə dəyərlərinin formalaşmasında, eyni zamanda ali təhsil almalarında əhəmiyyətli rol oynayacaq.
Təbii ki, burada himayədar valideyn olmaq istəyənlərin də üzərinə böyük məsuliyyət düşür. Bu öhdəliyi üzərinə götürən hər bir şəxs səbirli, mərhəmətli, sağlam düşüncəli olmalı, ən əsası isə uşaqlara qayğı və sevgi ilə yanaşmağı bacarmalıdır. Elə modelin əsas məğzi də bu uşaqların qayğı ilə əhatə olunmasını təmin etməkdir. Ancaq bu halda gələcəyə doğru addımlayan uşaqların himayədarı olub onları qoruya bilərik.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"