10 May 2024 08:35
134
SİYASƏT
A- A+

Heydər Əliyevi hər zaman hörmətlə xatırlayırıq

 

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ilkin ən böyük xidməti mədəni elitanı formalaşdırmaq olub. Nəzərə almaq lazımdır ki, həmin vaxt siyasi elitanı tam şəkildə formalaşdırmaq mümkün deyildi. Rəhbər vəzifələrə adətən ruslar, ya da qeyri millətlərdən olan şəxslər təyin edilirdi. Ona görə də siyasi elitada azərbaycanlıların yerləşməsini kifayət qədər təmin etmək müşkül məsələ idi. 
Bu səbəbdən Heydər Əliyev fəaliyyətə başqa sahədən - daha yumşaq sferadan başladı, 70-ci illərdə Azərbaycanın istedadlı yazıçı, şair, rəssam, musiqiçi və teatr xadimlərinin "SSRİ Xalq artisti" və "SSRİ Sosialist Əməyi Qəhrəmanı" adları, eləcə də komsomol mükafatları ilə təltif olunmalarını təmin edə bildi. Həmin dövrdə siyasi elita formalaşdırmaq çətin olsa da, mədəni elita yaratmaqla ölkədə müəyyən dərəcədə Azərbaycan dəyərlərinin inkişafına nail olundu. 
Eyni zamanda Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət ayırmağa başladı. 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbitinə nail olmaqla tarixi uğura imza atdı. Digər tərəfdən bu böyük dövlət xadimi paytaxt Bakıda erməni, rus, yəhudi və digər komponentlərin çoxluğu içində azərbaycanlaşdırma siyasətini həyata keçirdi. Nəzərə almaq lazımdır ki, şəhərdə Azərbaycan dilində danışmağın böyük problem olduğu bir vaxtda, rəsmi yazışmaların tamamilə rus dilində aparıldığı bir şəraitdə azərbaycançılıq ideologiyasına xidmət etmək böyük cəsarət tələb edirdi.
Heydər Əliyev Sov.İKP MK-nin Siyasi Bürosundan getdikdən sonra isə ölkəmizin problemləri artmağa başladı. Mərkəzdən ölkəmizlə bağlı verilən qərarlarda Azərbaycanın hər hansı bir iştirakı görünmədi və Heydər Əliyevin yoxluğu burada daha aydın hiss olundu. Yad qüvvələr Azərbaycan əleyhinə istənilən qərarı verə bilirdilər. Elə Qarabağ dalğası süni şəkildə yuxarıdan körüklənərək başlayanda da bütün qərarlar ölkəmizin əleyhinə verildi. Nəticədə Qarabağın bir hissəsi Azərbaycandan qoparıldı. Həmin ərəfələrdə Heydər Əliyev xalq hərəkatına böyük dəstək verdi. Azərbaycanın ən gərgin anında meydana atılaraq xalqımızı zillətdən xilas etdi, ümidləri doğrultdu. Azərbaycanda  xaotik vəziyyət yarananda, hərbi qiyam baş verəndə Heydər Əliyev yalnız ona ümid bəsləyən Azərbaycan xalqının dadına yetişdi. 
Kritik və qarışıq vəziyyətdən xilas yalnız təcrübəli bir dövlət xadiminin hakimiyyətə gəlməsi ilə mümkün ola bilərdi. Belə də oldu və qısa vaxt ərzində Heydər Əliyevin siyasi elitada və bütövlükdə cəmiyyətdə idarəetmə qabiliyyəti hər kəs tərəfindən etiraf olundu.
Bu gün də Azərbaycan dövləti xarici və daxili siyasətini Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən prinsiplər üzərində gerçəkləşdirir. Xüsusilə xarici siyasətdə ölkəmizin təhlükələrdən qorunmağının əsas səbəbi məhz Heydər Əliyevin müəllifi olduğu uğurlu siyasi strategiyalarıdır. Təsəvvür edin, bir vaxtlar kiminsə ağlına gəlməzdi ki, Ermənistanı öz himayəsində saxlayan Rusiya bu gün Azərbaycanla daha yaxın münasibət quracaq, səmimi müttəfiqlik səviyyəsində hərəkət edəcək və Ermənistana qarşı ən sərt mövqe sərgiləyəcək. Digər tərəfdən Azərbaycan heç bir bloka daxil olmadan, hətta Rusiyanın təklif elədiyi qurumlarda yer almadan, eyni zamanda Avropa məkanında öz mövqeyini qoruyaraq ayaqda durur.
Postsovet məkanında özünün problemini Azərbaycan kimi həm müharibə vasitəsilə, həm də dinc yolla həll edə bilən ikinci ölkə olmayıb. Bu uğur da elə Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində qazanılıb. Azərbaycanın gücünü göstərən bu əsas amillərin mənbəyi isə məhz Heydər Əliyevin dərin düşüncəsi, dəqiq strategiyası olub. Hər il doğum günündə, hətta ilin bütün günlərində Heydər Əliyevin xatirəsinin anılması Azərbaycan cəmiyyətinin Ulu Öndərə dərin ehtiramından xəbər verir. 

Fazil MUSTAFA,
Böyük Qurtuluş Partiyasının sədri,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video