"Cəlil Məmmədquluzadə Azərbaycan tarixində
görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın
mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin
klassikidir. Eyni zamanda, o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim
sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə
bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı
ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır. Əsrimizin əvvəlində fəaliyyətə başlayan
Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir,
mənəvi dayaqdır”.
Heydər ƏLİYEV
Ulu öndər qədim və zəngin ənənələrə malik
olan Azərbaycan ədəbiyyatına, klassik irsimizə daim diqqət və qayğı ilə yanaşmışdır.
Uzun illər Azərbaycana rəhbərlik edən Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ardıcıl
olaraq ədəbiyyat, mədəniyyət və incəsənət məsələlərini diqqət mərkəzində saxlamışdır.
Bütün varlığı ilə xalqına bağlı olan bu fenomen şəxsiyyət Azərbaycanı dünyanın inkişaf
etmiş dövlətləri sırasında görməkdən qürur duymuş və ən mütərəqqi ənənələrdən layiqincə
bəhrələnməyi məqbul hesab etmişdir. Bildirmişdir ki, xalqımız qədim xalqdır, böyük
tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini,
dünya miqyasında böyük şöhrətə malik olduğunu insanlarımıza nə qədər dərindən çatdıra
bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik, həqiqi vətəndaşlıq, azərbaycançılıq
hissini yüksəldərik.
Məhz bu prinsiplərə sadiq qalan Heydər Əliyev
klassik irsə, varislik ənənələrinə diqqət və qayğı ilə yanaşmış, müxtəlif vaxtlarda
Azərbaycan xalqının taleyində ədəbiyyat, mədəniyyət və incəsənətində dərin izlər
qoymuş Nizami, Nəsimi, Füzuli, Vaqif, M.F.Axundzadə, H.Cavid, Ü.Hacıbəyli, S.Vurğun
və digər görkəmli sənətkarların yubileylərinin keçirilməsi, əsərlərinin nəşri və
tədqiqi, xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm və böyük işlər görmüşdür.
Görkəmli dövlət xadiminin Azərbaycan mədəniyyəti
və ədəbiyyatı tarixində dərin izlər qoyan Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Səməd
Vurğun, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və başqalarının ev-muzeylərinin yaradılmasındakı
şəxsi təşəbbüsü onun milli dəyərlərimizə verdiyi ən böyük qiymətin bariz nümunəsidir. Ulu öndərin
yüksək dəyər verdiyi sənətkarlardan biri də yazıçı, dramaturq və publisist Cəlil
Məmmədquluzadədir. "Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın
dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir” deyən Heydər Əliyev
1994-cü ilin dekabrında ədibin ev-muzeyinin açılışında unudulmaz sənətkarın xatirəsinə
böyük ehtiram göstərərək yazıçıya olan yüksək münasibətin bütövlükdə Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinə olan sevgidən qaynaqlandığını nəzərə çatdırdı:
"Bu gün Azərbaycanın həyatında böyük bir hadisə baş verir. Azərbaycan xalqının böyük
yazıçısı, maarifçisi, ictimai xadimi Cəlil Məmmədquluzadənin ev-muzeyi açılır. Bakı
şəhərində yeni mədəniyyət ocağı, Mirzə Cəlil ocağı fəaliyyətə başlayır. Bu, Cəlil
Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə, onun xalqımızın tarixinə
əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir. Şübhə yoxdur ki, muzey Mirzə
Cəlil dühasının təbliğinə faydalı xidmət edəcəkdir. Xalqımızın mənəvi saflaşmaq
yolunda, müstəqillik yolunda mübarizəsinə kömək edəcəkdir” (Cəlil Məmmədquluzadənin
ev-muzeyinin fəxri qonaqlar kitabına ürək sözləri. Heydər Əliyev, Azərbaycan Respublikası
Prezidenti, 28 dekabr 1994-cü il).
Realist Azərbaycan nəsrinin görkəmli nümayəndəsi
olan Cəlil Məmmədquluzadə yaradıcılığı, onun redaktoru və naşiri olduğu "Molla Nəsrəddin''
jurnalı çağdaş dövrümüzdə də öz müasirliyini, aktuallığını qoruyub saxlamaqdadır.
Böyük ideallar naminə mübarizə aparan Mirzə Cəlil irsi, onun azad və müstəqil vətən
sevgisi, bir əsr öncə ana yurdunu xoşbəxt görmək istəyi yazıçını bu gün də bizim
müasirimiz adlandırmağa əsas verir. Ədibin Azərbaycan xalqı üçün gördüyü təmənnasız
işləri, qoyub getdiyi ölməz ədəbi irsi milli ideologiyamızın tərkib hissəsi hesab
edən Heydər Əliyev onun vətəndaşlıq cəsarətini yüksək dəyərləndirir: "Cəlil Məmmədquluzadənin
yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri
dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyamızın əsasıdır və həmin ideologiyanın
yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə
bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında
əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq
cəsarəti idi” (Heydər Əliyev. Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində nitq. 28 dekabr
1994-cü il).
Ədəbiyyatımızın və mədəniyyətimizin təəssübkeşi
kimi bütün mənalı ömrünü Azərbaycanın müstəqil dövlət kimi dünya arealında özünəməxsus
yer tutmasına, tərəqqisinə sərf edən ulu öndər ənənəvi olaraq ədəbiyyat, mədəniyyət
və incəsənət xadimlərimizin yubileylərinin keçirilməsinə, ədəbi irsinin qorunması
və təbliğinə xüsusi önəm vermişdir. Bu baxımdan Heydər Əliyevin realist sənətkarımız
Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyi münasibətilə keçirilən təntənəli
gecədəki dərin məzmunlu nitqi Mirzə Cəlil irsinin timsalında həm də Azərbaycan ədəbiyyatına
verilən əvəzsiz bir qiymətdir.
Ulu öndər dərin məzmunlu nitqində Cəlil Məmmədquluzadə
yaradıcılığının bir çox məqamlarına diqqət çəkmiş, onun çoxşaxəli, zəngin irsi haqqında
özünün fikir və mülahizələrini nəzərə çatdırmış və ədibin müasir ədəbiyyatımıza
təsir dairəsinə önəm vermişdir. Ümummilli lider
uzaqgörənliklə yazıçının "Anamın kitabı” pyesini "Azərbaycan üçün çox dahiyanə
əsər” kimi dəyərləndirir, orada qaldırılan problemlərin bu gün də böyük aktuallıq
kəsb etdiyini vurğulayır. Böyük dövlət xadimi əsərin əhəmiyyətindən bəhs edərkən
Cəlil Məmmədquluzadənin bütün yaradıcılığı boyu ana dilimizin saflığı, təmizliyi
uğrunda apardığı ardıcıl və prinsipial mübarizəni və bu yolda yazıçının fədakarlığını,
vətənpərvərliyini yüksək qiymətləndirir. Əsərdə müəllifin ayrı-ayrı xalqların dilinə
və mədəniyyətinə meyiletmə tendensiyası və kökdən, mənəvi varislikdən uzaqlaşma
kimi mənfi hallara qarşı barışmaz mövqe tutduğuna diqqət çəkən ulu öndər "Azərbaycan
dilini, Azərbaycan milliliyini, milli şüurunu, milli məfkurəsini yaşatmaq” məsələlərini
xüsusi vurğulayaraq Mirzə Cəlilin bu istiqamətdəki cahanşümul xidmətlərini bir daha
təsdiqləyirdi: "Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri
də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdi”.
Onun daim işlətdiyi "Vətən, vətən, vətən!
Millət, millət, millət! Dil, dil, dil!” sözləri xalqımızın, millətimizin arzularını
ifadə edir. Ədibin ana dilinə - Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ
etməsi, insanların hamısını ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan
dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün
vacib idi, bu gün üçün də çox aktualdır”.
Azərbaycançılıq ideyasını özündə ehtiva edən
bu möhtəşəm əsər öz müasirliyi ilə çağdaş dövrümüzdə də xalqı milli birliyə, soykökə
və zəngin dilimizi qorumağa səsləyən qiymətli bir xəzinə kimi ulu öndərin də diqqət
mərkəzində olmuşdur.
Böyük dövlət xadimi Heydər Əliyev Cəlil Məmmədquluzadənin
yubiley gecəsində onun yaradıcılığında xüsusi yer tutan "Ölülər” tragikomediyası
haqqında da yüksək fikirlər söyləmiş, bir əsrdən artıq səhnə ömrü yaşayan bu fundamental
əsər barədə dərin fəlsəfi fikirlərini açıqlamışdır. Ulu öndər əsərin böyük məziyyətlərindən
bəhs edərək bildirmişdir ki, bəzən "Ölülər”i din əleyhinə yönəldilmiş bir əsər kimi
qələmə verməyə çalışanlar da olmuşdur. Lakin Mirzə Cəlil bu əsəri yazarkən heç də
dinə qarşı çıxmamış, əksinə, islam dininin böyük mənəvi dəyərlərini xalqa çatdırmağa
çalışmışdır. Bəzən məsələnin əsl mahiyyətini anlamayanlar yazıçının əsas məqsədini
təhrif etməyə çalışmış, bununla da bəzi qaragüruh insanları Mirzə Cəlilə qarşı müxalif
mövqedə dayanmağa təhrik etmişlər. Əslində isə yazıçının böyüklüyü ondadır ki, o,
dindən bir alət kimi istifadə edən yalançı və fırıldaqçı fanatikləri ifşa edərək
ciddi ittihamla üz-üzə qoymuşdur. O dövrdən xeyli zaman keçməsinə baxmayaraq, əsərin
bu gün də Azərbaycan səhnəsində uğurla tamaşaya qoyulması və maraqla qarşılanması
bir daha bu monumental tragikomediyanın müasir dövrümüzdə də böyük əhəmiyyətə malik
olduğunu göstərməkdədir. Ümummilli lider öz nitqində "Ölülər” əsərinə xüsusi önəm
verərək demişdir: "Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər,
buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin
həm nə qədər böyük filosof, psixoloq olduğunu
göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılıq üslubunu və özünəməxsus fitri
istedadını əks etdirir. "Ölülər” əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə
edilmiş və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunmuşdur.
Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmamış, əksinə, bu əsərdə
islam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır.
Eyni zamanda, o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqçılıqla məşğul
olanları ifşa edərək tənqid atəşinə tutmuşdur”.
Cəlil Məmmədquluzadə bütün yaradıcılığı boyu
öz satirik felyetonlarında, məqalələrində, hekayə və dram əsərlərində dönə-dönə
dini məsələlərdən gəlir mənbəyi kimi istifadə edən yalançı din mübəlliğlərindən
bəhs etmiş, onların xalqı cəhalət və geriliyə, mövhumata sürükləməsini satira atəşinə
tutmuşdur. Buna görə də XX əsr klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi
Mirzə Cəlil yaradıcılığına, xüsusilə də onun məşhur "Ölülər” əsərinə müxtəlif və
ziddiyyətli münasibətlər olmuşdur. Lakin zaman keçdikcə əsər öz layiqli qiymətini
almışdır. Ədəbiyyatımızın hamisi olan Heydər Əliyev əsərin böyük tarixi əhəmiyyətindən
bəhs edərək diqqəti əsas faktorlara yönəldir. "Ölülər” əsərinin ikinci mühüm cəhəti
ondan ibarətdir ki, orada təkcə dindən istifadə edib fırıldaqla məşğul olanlar ifşa
edilmir, həm də insanların mənəviyyatının nə qədər əhəmiyyətli olduğu açıq-aşkar
göstərilir. Təəssuf ki, mənəviyyatda çatışmazlıq, mənəviyyatda gerilik bizi bu gün
də sıxır. Mənəviyyatımızda ayrı-ayrı qrupların mənfi hərəkətləri cəmiyyətimizi,
xalqımızı incidir. Biz "Ölülər” əsərindən dərs götürməliyik... O, böyük bir fəlsəfi
əsər kimi bizə bu gün də lazımdır”.
Cəlil Məmmədquluzadə Azərbaycanda və dünyada
baş verən mühüm ictimai-siyasi hadisələrə bir vətənpərvər ziyalı kimi mövqeyini
bildirmiş, cəmiyyətdə demokratikləşmə meyillərini dəstəkləmiş, xalqların öz müqəddəratını
təyin etmək hüququnu və azadlıq uğrunda mübarizəsini dərin məzmunlu əsərlərində
əks etdirmişdir. Yazıçılıqla bərabər, həm də ictimai-siyasi xadim kimi ömrü boyu
xalqına xidmət göstərən Mirzə Cəlilin fəaliyyətinin bu istiqaməti onun məşhur "Cümhuriyyət''
məqaləsində həllini tapır: "Cümhuriyyət elə bir hökumətə deyirlər ki, orada məmləkətin
idarəsi camaatın, xalqın öz öhdəsində və ixtiyarındadır və vicdan azadlığı, yığıncaq
azadlığı, birlik azadlığı, söz azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət
azadlığı, qanun qarşısında bərabərlik, seçki üsulunda həmrəylik, bərabərlik və müstəqillik,
gizli səsvermə prinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır” (Cəlil Məmmədquluzadə.
Əsərləri. 4-cü cild. Bakı, 2004).
Mirzə Cəlilin bu tarixi əhəmiyyətli məqaləsini
yada salan Heydər Əliyev demokratik ədibin dövlətçilik haqqında dəyərli fikirlərini
yüksək qiymətləndirir, onu humanizm prinsiplərinin fövqündə dayanan ziyalı hesab
etməklə müasirimiz adlandırır: "Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi
dövlət yaratmaq istəyirik. Cəlil Məmmədquluzadə böyük demokrat olubdur, Azərbaycan
dövlətçiliyi üçün səylər göstəribdir. Bizə böyük miras, irs qoyub gedibdir. Bunların
hamısını biz yüksək qiymətləndirməliyik. Bax, bunlara görə də Cəlil Məmmədquluzadə
daim bizimlədir”.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi
kursu layiqincə davam etdirilir. Mirzə Cəlil irsi yenə də diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına uyğun olaraq
Cəlil Məmmədquluzadənin "Əsərləri” dörd cilddə nəşr olunmuşdur. 2006-cı ildə "Molla
Nəsrəddin” jurnalının nəşrə başlamasının 100, 2016-cı ildə 110 illiyi və 2019-cu
ildə C.Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi barədə Prezident sərəncamı
ulu öndərin böyük siyasətinin uğurlu davamıdır.
Dahi siyasətçinin Cəlil Məmmədquluzadə irsinə
münasibətini müdrik rəhbərimizin öz sözləri ilə yekunlaşdırmaq yerinə düşərdi:
"Cəlil Məmmədquluzadə dühası "Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. "Molla
Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş
Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında,
milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.
Gülbəniz BABAYEVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru