H.B.Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu "Əkinçi" qəzetini doğma ana dilində nəşr etməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında sıx birləşdirərək öz vəzifəsini şərəf və ləyaqətlə həyata keçirmişdir.
Görkəmli hüquqşünas və ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşov haqlı olaraq Həsən bəyi Azərbaycanın "mayak"ı, "məşəl"i adlandırırdı.
H.B.Zərdabi müəyyən haqsızlıqlarla da üzləşmişdi. O deyirdi ki, öləndə vəsiyyət edəcəyəm ki, haqqımda yazılan təhqiramiz ifadələrin bəzilərini başdaşıma yazsınlar. Gələcək nəsillər görsün ki, mən onlar üçün bir abidə yaratdım, qəzet çıxartdım, əvəzində isə millətimin nümayəndələri məni təhqir edibdilər.
Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin yaratdığı qəzet yalnız Azərbaycanda deyil, bütün Şərqdə şərəfli və uğurlu başlanğıcdır. Bu qəzet yalnız əkin-biçin mədəniyyətini deyil, çağdaş düşüncə, müasir təbligat və təşviqat mədəniyyətinin başlanğıcıdır. Cəmi 2 il dərc olunan bu qəzet fikirlərdə, düşüncələrdə inqilab etdi. XX yüzilliyin əvvələrində onun övladları "Füyuzat", "Molla Nəsrəddin", "Zənbur", "Şəlalə", "Açıq söz", "Azərbaycan" oldu.
Azərbaycan mətbuatının özünəməxsus inkişaf yolu vardır. Keçən əsrin əvvəllərindən başlayaraq Azərbaycan ziyalıları, xalqımızın qabaqcıl oğulları milli mətbuat yaratmaq uğrunda uzun illər boyu gərgin mübarizə aparmalı oldular. XIX əsrin ikinci yarısında belə bir qəzet yaranmış və xalqımızın mədəni həyatında mühüm bir hadisəyə çevrilmişdir. O, Azərbaycan əməkçilərinin mənafeyini fədakarlıqla müdafiə edərək azadlıq ideyalarını yaymışdır. "Əkinçi" qəzetinə qədər Azərbaycanda müxtəlif məsləkli, müxtəlif istiqamətli qəzet və jurnallar, kitab və kitabçalar, vərəqələr çap olunmuşdur. "Əkinçi" qəzetinin nəşri Azərbaycan xalqının mədəniyyəti tarixində əlamətdar hadisələrdəndir. Bu qəzet ictimai fikir tarixində olduğu kimi, realist ədəbiyyatın, xüsusilə poeziyanın təbliğ olunmasında və aydınlaşdırılmasında dövrü üçün böyük rol oynamışdır.
Öz vətəninə, öz xalqına təmənnasız xidməti ilə Azərbaycan xalqının yaddaşında ədəbi iz qoymuş Həsən bəy Zərdabinin həyatı, əməlləri gələcək nəsillər üçün əsl tərbiyə və həyat məktəbi olmuşdur.
O, xalqın zülmət içərisində olduğu bu dövrlərdə onlara doğru yol göstərən, həqiqi inkişaf yoluna çağıran müdrik şəxsiyyət idi. O, alim, filosof, xeyriyyəçiliyin bünövrəsinı qoyan, ən əsası isə milli mətbuatımızın banisi idi.
H.B.Zərdabi qədim Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində) maarifpərvər bir ailədə dünyaya göz açmışdı. Körpə yaşlarından atası Səlim bəy tərəfindən ona təlim-tərbiyə, elə, obaya, vətənə sevgi duyğuları aşılanmışdı. Həsən bəy öz bacarığı və fitri istedadı ilə yaşıdlarından xeyli fərqlənirdi. Atası Səlim bəy bu istedadı görüb onu Şamaxıda yenicə açılmış məktəbə gətirmişdir. O, bu məktəbdə təhsil aldığı zaman rus dilinə xüsusi maraq göstərir və rus dilinin qrammatikasını öyrənməklə dərin elmi biliklərə yiyələnir. 1858-ci ildə bu məktəbi əla qiymətlərlə başa vurduğu üçün onu dövlət hesabına I Tiflis gimnaziyasına göndərməli olurlar. Orada müvəffəqiyyətlə imtahan verərək 5-ci sinfə daxil olur. 1860-cı ildə oranı əla qiymətlərlə bitirərək imtahansız Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiətşünaslıq şöbəsinə qəbul olunur. 1865-ci ildə Moskva Universitetini əla qiymətlərlə bitirdiyinə və nümunəvi tələbə olduğuna görə elmi şuranın qərarı ilə ona təbiət elmləri namizədi - alimlik dərəcəsi verilir. Burada belə bir mühitdə onun gözləri açılır, qabaqcıl fikirli adamlarla dostluq edir. Hətta universiteti əla qiymətlərlə bitirdiyi üçün onu kafedrada saxlamaq təklif olunur. Lakin Həsən bəy Zərdabi doğma yurduna, elinə, obasına - Azərbaycana gəlir. "Mənim xalqım bu saat qəflət yuxusundadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan ayrı qala bilməz".
Bir müddət Qubada barışıq məhkəməsinin katibi vəzifəsində çalışır, burada da o, haqsızlıqlarla üzləşir. Sonra Şamaxıda şəxsi vəkilliklə məşğul olur. 1869-cu ildə Bakı real gimnaziyasında təbiət tarixi fənnini tədris etməyə başlayır. 1872-ci ildən Azərbaycanda ilk "Xeyriyyə cəmiyyəti"nin əsasını qoyur. 1873-cü ildə gimnaziyada M.F.Axundovun "Hacı Qara" komediyasının tamaşasını təşkil edir. Həsən bəy Zərdabi məhz bu tamaşa ilə Azərbaycan Milli Teatrının əsasını qoyur.
Bu dövrdə Həsən bəy ana dilində qəzet nəşr etməyin vacibliyini dərk edir və bu ideyanı həyata keçirməyə çalışır. Xeyli əzab-əziyyətdən sonra arzusuna çatır. 1875-ci il iyun ayının 22-də Bakıda ilk anadilli "Əkinçi" qəzeti işıq üzü görür. İlk demokratik mətbuatımızın yaranma tarixi bununla başlayır. Qəzetin bütün işlərini təkbaşına özü aparırdı. Ancaq H.B.Zərdabi bu qəzeti nəşr etməklə xalq arasında elmi, mədəniyyəti inkişaf etdirib yaymaq, xalqı maarifləndirmək, millətin hərtərəfli inkişafına nail olmaq istəyirdi.
Bu zamanlar Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu hər zaman izləyirdi. 1877-ci ilin sentyabr ayında "Əkinçi" qezetinin 56 nömrəsi işıq üzü gördükdən sonra bağlandı. Müxtəlif bəhanələrlə H.B.Zərdabi gimnaziyada müəllimlikdən də azad edildi və hətta Bakıda qalmasını məsləhət bilmədilər. O da öz doğma yurdu Zərdaba köçməyə məcbur oldu. Bir müddət Zərdabda yaşasa da, Rusiyada nəşr olunan mətbuat orqanları ilə əlaqə saxlayır, həm də qəzetlərdə öz yazıları ilə çıxışlar edirdi. 1896-cı ildə H.Z.Tağıyev ən populyar qəzeti olan "Kaspi"ni mətbəəsi ilə birlikdə alır, sonra qələm adamlarının hamısını Bakıya dəvət edir. Həsən bəy Zərdabi də bu çağırışa qoşulur. Hətta bir müddətdən sonra qəzetdə redaktor müavini işləyir.
Azərbaycan mədəniyyəti tarixində ədəbi-bədii əsərlərin milli mətbuat səhifələrində ilk dəfə nəşri "Əkinçi" qəzeti ilə başlanır. Qəzetin ədəbi əhəmiyyəti ondan ibarətdir ki, keçən əsrin ikinci yarısında dramaturgiya və nəsrə nisbətən geridə qalan şeiri həyatla əlaqələndirmək işinə, satirik və realist üslubda bir sıra poeziya nümunələrinin yaranmasına kömək edir.
Rus inqilabçı demokrat və qabaqcıl alimlərinin, habelə Azərbaycan maarifçilərinin fikirlərini dərindən öyrənən H.B.Zərdabi "Əkinçi"ni nəşrə başlayarkən məhz bu mənəvi sərvətə istinad edir, ondan ilham alırdı.
Qəzetin ədəbi xəttini müəyyənləşdirən M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.Gorani kimi realist sənətkarların ədəbi, publisist və tənqidi əsərləri idi. Bu illərdə "Əkinçi" Azərbaycan realist ədəbiyyatının ənənələrini davam və inkişaf etdirən yeganə milli mətbuat orqanı idi.
"Əkinçi" Azərbaycan ədəbiyyatı və incəsənətinin saflığı uğrunda mübarizəni üç xətt üzərində aparırdı: Ədəbiyyat və incəsənətdəki formalizm təmayüllərinə qarşı çıxır; Dini-mərsiyə ədəbiyyatı əleyhinə mübarizə edir; İctimai satiranı genişləndirmək uğrunda fəal mübarizə aparırdı.
"Əkinçi" sağlam satira uğrunda yorulmadan mübarizə aparırdı. Bu qəzet məhz mütərəqqi mahiyyətdə olan həcvləri inkişaf etdirib siyasi satiraya çatdırır, vulqar həcv güruhu isə mürtəce metod kimi ədəbiyyat cəbhəsindən uzaqlaşdırmağa çalışırdı.
H.B.Zərdabi el mahnıları üstündə oxunan şeirləri toplayıb 1902-ci ildə "Türk nəğmələri məcmuəsi" adı ilə çap etdirir. Bu ilk nəğmə kitabçasına 18 nəğmə daxil edilmişdi. Bu nəğmələrin bəzisi müəllifsiz idi. Həmin imzasız şeirlərdən bir qisminin H.B.Zərdabi tərəfindən qələmə alındığı güman edilir.
H.B.Zərdabinin "Köçəri zindəganlığı" hekayəsi öz dövrü üçün çox mühüm və aktual mövzuya həsr edilmişdi. Bu mövzu ilə yazıçının maarifpərvərlik və tərəqqipərvərlik ideyaları arasında yaxın bir bağlılıq və daxili səsləşmə vardı.
O zaman Moskvada təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani fərəhlənərək qəzetə bir-birinin ardınca maraqlı məqalələr göndərirdilər. Tiflisdən M.F.Axundov "Vəkili - milləti-naməlum" imzası ilə məqalələr göndərirdi. Şamaxıdan S.Ə.Şirvani camaatı qəflət yuxusundan oyatmağa çağıran şeirləri ilə qəzetin oxucularını sevindirirdi. Əhsənül - Qəvaidin Rəşt şəhərindən səsi eşidilirdi. Dərbənddən isə Heydəri yazmağa başladı. Onlar qəzetə yeni üslub, yeni forma gətirdilər. Bütün bu müəlliflərin fəaliyyətinə istiqamət verən, onların məktublarını redaktə edib qəzet üçün hazırlayan, şübhəsiz ki, H.B.Zərdabi özü idi.
H.B.Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, eyni zamanda yazırdı ki, "qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir". O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir. Qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər.
H.B.Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələrində bu cəhət belə səciyyələndirilir: "Bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb yanıma gəlmişdi. Qəzetin 3 il müddətində ancaq 300 abunəçisi olduğunu bilincə müxbir təəccüblə H.B.Zərdabiyə baxıb səmimi sürətdə dedi: "Siz qəhrəmansız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz, sizin enerjinizə heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz".
"Əkinçi" zamanın tələbləri səviyyəsində dayanaraq öz səhifələrində azadlıq, maarifçilik ideyaları təbliğ edir, həyatı daim dəyişməkdə, irəli getməkdə görür, xalqı yeniliyə səsləyib "Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən. Pis olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olunsun" deyirdi.
H.B.Zərdabi cəmiyyətdə bir inkişaf, bir tərəqqi olduğunu dərk edərək bu fıkirləri zəruri məqsəd kimi nəzərə çatdırırdı. Onun ədəbiyyat və sənət məsələlərində milli mədəniyyətimizin xəzinəsinə dəyərli hədiyyə olan ideya irsi bu gün belə öz təravətini itirməmişdir.
Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, bu böyük maarif carçısının arzu və ideyaları Ulu Öndərimiz Heydər Əliyevin "Azərbaycanda demokratik mətbuatın yaradılmasının 125 illiyi münasibətilə" adlı 27 mart 2000-ci il tarixli fərmanı ilə təntənəli surətdə qeyd olundu. Milli mədəniyyətimizin xəzinəsinə dəyərli hədiyyə olan H.Zərdabinin ideya irsi bu gün də öz təravətini itirməmişdir. Yarandığı 148 il ərzində Azərbaycan mətbuatı keşməkeşli, zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun Mətnşünaslıq şöbəsi tərəfindən dövri mətbuatımızın ilk qaranquşu, XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan və cəmi 56 sayı çıxmış "Əkinçi" qəzetinin tam mətni Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunub kütləvi tirajla ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Adil ABDULLAYEV,
"Gənclik" nəşriyyatının direktoru, Əməkdar mədəniyyət işçisi