18 Avqust 2022 02:02
208
CƏMİYYƏT

Hər bir uşağın qayğıya və sevgiyə ehtiyacı var 

 

Onların bu dünyadan ən böyük umacaqları sevgi və nəvazişdir. Başqa böyük təmənnaları yoxdur. Çox kiçik sevincləri dünyaları boyda böyüdüb xoşbəxt ola bilirlər. Ancaq onları xoşbəxt olmağa çox zaman elə qayğısına, nəvazişinə, sevgisinə ehtiyac duyduqları, möhtac olduqları doğmaları belə qoymurlar...

 

Uşaqların ümid yeri

 

…Həyət uşaq səsi ilə dolub. Bir tərəfdə iki qız yelləncəklərdə yellənir. Arabada əyləşmiş uşaq kefsiz görünsə də, maraqla oyun oynayan, ora-bura qaçan yoldaşlarına baxır. Binanın qarşısında oturmuş qızlar isə söhbət edirlər. İçəridən də uşaq səsləri eşidilir... Bura Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağıdır.
Binanın birinci mərtəbəsində keçdiyimiz dəhlizlərdə gördüyümüz uşaqların da həyətdəkilər kimi başları oyuna qarışıb, öz aralarında söhbət edirlər. Divanda yarıuzanıqlı vəziyyətdə olan balaca oğlanın hər iki ayaqları sarıqlıdır. Açıq yerlərdə yanıq izləri görünür. Yeddi yaşı var. Adı Xəyaldır. Onun yanındakı uşaqlardan birinin - Şükürün on altı yaşı var. Peşə məktəbində təhsil alır. Yaxşı oxuduğunu deyir. Elgünün isə on üç yaşı olduğunu öyrənirik. On ildir buradadır.
Dəhlizin başındakı böyük otağın bir tərəfində hanalar qurulub. Burda uşaqlara xalça toxumaq öyrədilir. Yarımçıq qalmış əl işlərinin arasında ilmə ilə hörülmüş adı oxuyuruq: "Elvin". Öyrənirik ki, oğlanlardan da maraq göstərənlər var, ancaq ən çox qızlar xalça toxumağa həvəslidirlər.  
Böyük masanın arxasında əyləşmiş qız qarşısındakı qalın dəftərdə yazmaqla məşğuldur. Tanış olub söhbətləşirik. İstəyi yazıçı olmaqdır. Dediyinə görə, artıq ilk romanını yazmağa başlayıb. Romanının qəhrəmanı valideyn sarıdan üzü gülməmiş qızdır. "Öz həyatımı yazıram", - deyir. Sonra öz həyatını danışır. Başına gələnlər romanının qəhrəmanının taleyindən daha təsirlidir. Olduğu kimi yazsa, oxucularının bəlkə də çoxu inanmaz, "belə hadisələr həyatda baş verməz, ancaq romanlarda olar", - deyərlər... Arzularından danışır. Romanını bitirəndən sonra yenilərini də yazacaq. İndiyədək o qədər bir-birindən maraqlı, təsirli həyat hekayələri eşidib, şahidi olub ki...

 

Uşaqların Nigar anası

 

Burada bütün uşaqların "Nigar ana" dedikləri "Ümid Yeri" Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova ilə görüşürük. İxtisasca jurnalist olduğunu öyrənirik. O da söhbətə bu peşəyə sevgisindən başlayır: "Mən şairlər, yazıçılar yurdu Şamaxıda dünyaya gəlmişəm. Bəlkə də o torpağın bəxş etdiyi duyğuların diktəsi ilə məndə artıq beşinci sinifdə oxuyanda bu peşəyə maraq yarandı. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdim. İxtisasım üzrə çalışdım. Bakı Kondisionerlər Zavodunun çoxtirajlı qəzetində əvvəl müxbir, baş redaktor müavini, sonra baş redaktor kimi fəaliyyət göstərdim. Məni Azərbaycan Dövlət Televiziyasına dəvət etdilər. Orada uşaq verilişləri baş redaksiyasında çalışdım. Orijinal, baxımlı verilişlər hazırladım. "Kim güclüdür", "Mən anamın ilkiyəm", "Pöhrələr" sevilən, maraqla gözlənilən uşaq verilişləri oldu.  Televeziyada çox gözəl, ürəyimə yatan bir işlə məşğul idim. Uşaqlarla işləyirdim. Sonra məni ictimai-siyasi proqramlar baş redaksiyasına dəvət etdilər.  Fəaliyyətimin xarakteri dəyişdi. Bu redaksiyada ciddi ictimai-siyasi verilişlərin hazırlanıb efirə verilməsindən söhbət gedirdi. Mən orada "39-42-ci paralel" adlı proqramın müəllifi və aparıcısı oldum. Sonra "Biznes klub" adlı veriliş hazırlamağa başladım. Mən o verilişdən bu sahəyə gəldim... "Biznes klub" vasitəsilə Azərbaycanda fəaliyyət göstərən xarici iş adamlarının fəaliyyətini işıqlandırırdım. Bir gün dəniz kənarında açılan bir türk iş adamına məxsus restorandan süjet hazırlayırdıq. Operatorla oradan gecə radələrində ayrıldıq. Dəniz kənarı ilə maşına doğru irəliləyirdik. Gördük ki, on-on beş nəfər küçə həyatı yaşayan, bizim onları həmişə dilənən, maşın şüşəsi silən, təkər qaraldan gördüyümüz uşaq gündüz çayxana kimi fəaliyyət göstərən bir yerdə oturublar. Bir-biriləri ilə kobud zarafatlar edirdilər. Çirkli paltarlarından, uzun, pırtlaşıq  saçlarından elə uzaqdan da baxımsız vəziyyətdə olduqları görünürdü. Mən həmişə küçədə dilənən uşaqlara qəpik-quruş verib yanlarından keçməyimizi düzgün hesab etmir, qınayırdım. Deyirdim ki, bu, onlara kömək etməyin doğru yolu deyil. Həmişə bu barədə düşünürdüm. Ancaq doğru yolu tapa bilmirdim. O gecə maraq məni uşaqların yanına apardı. Onlarla söhbət edəndə operatorumuz da bizi çəkməyə başladı. Fikirləşirəm ki, "Ümid Yeri" Uşaq Sığınacağı o gün yarandı. Çünki ogünkü hadisə bizə diktə etdi ki, Azərbaycanda, xüsusilə Bakıda uşaqların belə bir sığınacağa ehtiyacları var. Uşaqlarla söhbət elədim. Gördüm ki, hərəsinin bir-birinə bənzəməyən acı taleyi var. Onları bir-birinə oxşadan hamısının baxımsız, himayədarsız olmaları idi. Küçə həyatında yaşamaq uğrunda mübarizə aparırdılar".
Elə o anlarda həmin uşaqlara necə kömək edəcəyini düşünüb. Uşaqların arasında 6-7 yaşlı balaca bir oğlan vardı. Adı Kamil idi. Nigar Mənsimova ondan soruşub: "Kamil, Nigar xala səni evə aparsa, gedərsən? Sənə paltar, oyuncaqlar alaram, çanta alaram, məktəbə qoyaram". Hər bir uşağın xoşuna gələcəyi təklifləri edib balaca Kamilə. Uşaq cavab verib ki, xala, sən mənim bütün dostlarımı aparsan, gedərəm. Nigar Mənsimova danışır: "Mən düşündüm ki, Kamil çox doğru deyir. Yalnız bir, beş uşağın deyil, küçə həyatına məruz qalan bütün uşaqların isti ocağa, ev yeməklərinə, rahat yatağa, təhsil almağa, səhiyyə xidmətlərinə ehtiyacı var. Balaca Kamilin sözləri mənə diktə etdi ki, bu sığınacağın fəaliyyətə başlamasına səy göstərim. Dedim ki, Kamil, sən düz deyrisən. Dərhal işə başladım. Ədliyyə Nazirliyinə müraciət etdim. Təşkilat rəsmi dövlət qeydiyyatına alındı. Rəfiqələrimi, həkimləri, jurnalistləri, müəllimləri ətrafıma yığdım. Gecənin gec saatlarında küçələri dolaşdıq. Küçə həyatına məruz qalmış uşaqları bir-bir topladıq. Sığınacağa gətirdik və qollarımızı çirmələyib işə başladıq. Onları çimizdirdik, əyin-başlarını dəyişdik. Əvvəlcə öz vəsaitimlə işə başladım. Televiziyada çalışırdım, əməkhaqqı alırdım. İlk fəaliyyət illərimizdə insanlara müraciət etdik ki, kimin evində geyinmədiyi paltar varsa, bu uşaqlara yardım etsin. "Azercell" mənim təşəbbüsümə qoşuldu. Aylıq xərcləri öz üzərilərinə götürdülər. On beş il "Ümid Yeri" Uşaq Sığınacağının yanında oldular. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə dövlət dəstəyi gəldi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətimiz müsbət cavablandırıldı. Mehriban xanımın təşəbbüsü ilə "Ümid Yeri"mizin Binə qəsəbəsində olan bu binası quruldu, mebellə təchiz olundu..."

 

Daha çox uşağa daha yaxşı qayğı göstərmək, xidmət etmək təminatı

 

"Ümid Yeri" Uşaq Sığınacağının köhnə binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olundu. 2019-cu il iyunun 13-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində "Ümid Yeri" Uşaq Sığınacağının yeni inşa olunan binasının açılışında iştirak etdi.  Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldu. "Ümid Yeri"nin balaca sakinləri Birinci vitse-prezidentə musiqiyə, rəsm çəkməyə maraq göstərdiklərini deyib, mahnı ifa etdilər. 
Nigar Mənsimova qeyd edir ki, uşaqlarla bağlı müxtəlif layihələr həyata keçirən, xeyriyyəçiliyi ilə hər zaman onların yanında olduğunu hiss etdirən, Azərbaycana layiqli vətəndaşlar kimi yetişməsində əhəmiyyətli işlər görən Heydər Əliyev Fondu "Ümid Yeri" Uşaq Sığınacağının fəaliyyətinə də yeni nəfəs verib, inkişafını sürətləndirib. Bu diqqət və qayğının davamlı olması sayəsində sığınacaqdakı neçə-neçə uşağın problemləri həllini tapıb, səhhətində böyük problemlər olanlar sağlamlıqlarına qovuşublar:  "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dəfələrlə "Ümid Yeri" Uşaq Sığınacağına gəlib. O, hər dəfə burada olan uşaqların sevincinə sevinib, kədərinə gözləri yaşarıb və neçə-neçə xəstə uşağın müalicəsinə dəstək verib, sağlamlıq problemlərinin həllində yaxından iştirak edib. Bu da bizim qayğımızı xeyli azaldıb. Sığınacaqdakı səhhətində böyük, mürəkkəb problemləri olan uşaqlarımıza dəstək lazım idi". 
Bir az əvvəl tanış olduğumuz iki ayağı da sarıqlı olan Xəyal da bunu gözləyirdi. Kiçik ikən ayaqları yanıb və müalicə olunmayıb. Ancaq sığınacağa gəldikdən sonra müalicəsinə başlanılıb. Artıq bir dəfə əməliyyat olunub.  Nigar Mənsimova deyir ki, ikinci dəfə əməliyyat olunacaq. Həkimlər Xəyalın sağlamlığına qovuşacağını bildiriblər. 
Əlil arabasında gördüyümüz Cəlalın səhhətindəki problemlər olduqca ciddidir. Amma onun da sağalması üçün mühüm addımlar atılır. Cəlalı yaxın günlərdə Türkiyəyə müalicəyə aparacaqlar. Xərcləri Heydər Əliyev Fondu ödəyəcək.
"Ümid Yeri" Uşaq Sığınacağı 1997-ci ildə təsis olunub. Sığınacaqda qaldıqları müddətdə uşaqlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, onların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına kömək göstərilir. Nigar Mənsimova 25 il ərzində 20 minə yaxın uşağı bu sığınacaqda isti ocaqla təmin edib, orta və peşə məktəblərində təhsilə cəlb etdiklərini deyir: "Ümid Yeri" Uşaq Sığınacağının əsas ehtiyaclarının dövlət tərəfindən qarşılanması bizə daha çox uşağa daha yaxşı qayğı göstərmək, xidmət etmək təminatı verir".
Sığınacaq sakinlərinin dünyagörüşlərinin, zövqlərinin formalaşması, istedad və bacarıqlarının üzə çıxarılması, inkişafı məqsədilə müxtəlif sənət sahələri - xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb. 
İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Sığınacağın yeni binasında oğlanlar, qızlar və kiçikyaşlı uşaqlar üçün müxtəlif bölmələr yaradılıb. Bütün otaqlar müasir avadanlıqlarla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana var.

 

Onlara vaxtında əl uzadıb yardım etmək lazımdır

 

Əli, Fidan, Şükür, Elgün, Cəlal. Və daha neçə-neçə uşaq... Başqa-başqa yerlərdən və evlərdən gəliblər. Hərəsinin özünəməxsus dünyası var. Fərqli talelərini oxşar edən bircə həqiqət var. Onların hamısının içində rahat böyüyəcəkləri isti ocağa ehtiyacları var. Pilot, əsgər, müəllim, yazıçı, rəssam, xalçaçı... olacaqlar. "Ümid Yeri" Uşaq Sığınacağındakı bu uşaqların əllərindən tutanları, qayğılarına qalanları olduqları üçün xəyallar qura, arzularla yaşaya bilirlər. Sığınacağın rəhbəri uzunillik təcrübələrinə əsaslanaraq deyir ki, düşdükləri girdabdan, yuvarlandırıldıqları problemlərdən onları daha tez çıxaranda uğurlara da daha tez nail olmaq mümkündür. Gec qalanda onları düşdükləri ağır vəziyyətdən qaytarmaq da çətin olur.
"Ümid Yeri" Uşaq Sığınacağının vəzifəsi 18 yaşınadək olanları himayə etməkdir. Amma burada böyüyənlər həyata atıldıqdan sonra da "Ümid Yeri"nə yadlaşmırlar. Nigar Mənsimova hətta məzun olanların ailə həyatı qurmalarına dəstək verdiklərini söyləyir: "Bu ümid evində çoxlu sayda toylarımız olub. Çox xoşbəxt cütlüklər buradan cəmiyyətə, həyata pərvazlanıblar. Mən onlarla qürur duyuram. Çox yaxşı mərtəbələrdə, mövqelərdə buranın məzunları var. Onlar başımızı ucaldırlar. Nə vaxt zəng etsəm, onlar öz uğurlarından danışırlar ki, bu da məni çox sevindirir".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video