İlham Əliyev Cəbrayıldan Qalib Komandan kimi Ermənistana, onun havadarlarına və Azərbaycana iftira atan bəzi dairələrə çox ciddi xəbərdarlıq etdi
“Əgər kimsə hesab edir ki, müharibə bitdi və indi hər şey necə deyərlər, əvvəlki məcraya düşəcək, səhv edir. Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq. Mən deyəndə ki, biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın, mən bunu nəzərdə tuturam. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”.
Oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə Ermənistan və onun havadarlarına növbəti mesajını göndərən Ali Baş Komandan İlham Əliyev növbəti dəfə çox ciddi xəbərdarlıq etdi. Bununla İlham Əliyev müharibədən sonra Ermənistandakı revanşistlərə, ara qarışdıranlara xatırlatdı ki, “Dəmir yumruq” hər an zərbə endirməyə hazırdır. Bu mesaj həm də Azərbaycana iftiralar atan, hansısa proseslərdə günahlandırmağa cəhd edən qüvvələrə də ünvanlandı.
Əsassız ittihamlar cavabsız qalmayacaq
Prezident bir daha xatırlatdı ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları Azərbaycanın haqq işinə müxtəlif yollarla əngəl törətməyə çalışdılar. Bəziləri bəyanatlar verdilər, bəziləri isə başqa yollarla işğalçıya praktiki kömək göstərdilər. Ancaq bunun heç bir xeyri olmadı və bundan sonra da olmayacaq.
Bu gün postmüharibə dövründə yaşayırıq və Azərbaycan qalib dövlət kimi yaratdığı reallıqlara uyğun addımlarını atır. Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur.
Son 18 ildə İlham Əliyevin yürütdüyü siyasət göz önündədir. Azərbaycan Prezidentinin müstəqil siyasəti hesabına ölkəmiz dünyada ən etibarlı tərəfdaş kimi qəbul olunur. Hazırda bu siyasət davam edir və ilk növbədə, qonşularla, bütün digər ölkələrlə əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışılır. Azərbaycanın daxili işlərinə qarışmaq isə mümkün deyil.
Amma görünən odur ki, bəzi dairələr Azərbaycana iftiralar atmaqla ara qarışdırmağa cəhd göstərirlər. İlham Əliyev həmin dairələrə xəbərdarlıq edərək bildirdi ki, bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Əks təqdirdə bunun cavabı ağır ola bilər. Prezident Azərbaycana qarşı iftiralar atan qüvvələrə belə cavab verdi: “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik”.
Regionun gələcək inkişafı - Azərbaycan əməkdaşlığa hazırdır
Azərbaycan regionun gələcək inkişafı, Zəngəzur dəhlizinin açılması və iqtisadi imkanların daha da genişləndirilməsi istiqamətində ciddi işlər görür.
İlham Əliyev həm Qarabağın əvvəlki şöhrətini özünə qaytarmaq, həm də yeni əməkdaşlıq formatlarının yaranması istiqamətində çox mühüm layihələr hazırlayır. Prezident müharibə bitdikdən dərhal sonra regionun gələcək inkişafı ilə bağlı əməkdaşlığa hazır olduğunu bəyan edib.
İlham Əliyev xarici mediaya müsahibəsində Ermənistan baş naziri ilə görüşməyə hazır olduğunu da demişdi. Buna cavab olaraq N.Paşinyan da eyni fikri səsləndirmişdi. İndi tərəflər arasında görüş baş tutarsa, sülh müqaviləsinin imzalanması reallaşa bilər: “Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər”.
Amma Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının həyata keçirilməsindən narahat olan qüvvələr məhz bu səbəbdən ölkəmizə qarşı iftiralar atmağa başlayıblar. Cənab İlham Əliyev faktlarla, tutarlı sübutlarla, hətta Ermənistan rəhbərliyinin səsləndirdiyi reallıqları həmin dairələrin diqqətinə çatdırmaqla göstərdi ki, Azərbaycan yalnız öz əraziləri çərçivəsində, öz gücünə addımlarını atır.
Regionda yeni dövrün başlandığını deyən Azərbaycan Prezidenti hesab edir ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi əməkdaşlıq formatını müsbət qiymətləndirən İlham Əliyev bildirir ki, bu gün Türkiyə-Rusiya əməkdaşlığı regionun sabitliyinin təminatçısıdır. Yəni bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür.
Hazırda yeni əməkdaşlıq platformasının yaradılması istiqamətində danışıqlar davam edir. Əvvəlcə “3+3” əməkdaşlıq formatının (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) yaradılması ətrafında müzakirələr aparılırdı. Amma İlham Əliyev deyir ki, Azərbaycan üçün Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatı da kifayətdir. Yəni digər qonşu ölkələr də bu platformaya qoşula bilər. Amma qoşulmağa məcbur da deyillər: “Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.
Dünya Azərbaycana qibtə edəcək
Göründüyü kimi, İkinci Qarabağ müharibəsinin qalib dövləti kimi Azərbaycan regionun hərtərəfli inkişafı istiqamətində ciddi addımlar atır. Yaranmış yeni reallıqlar fonunda həyata keçirilən proseslər göstərir ki, qarşıdakı yaxın illərdə Azərbaycan iqtisadi cəhətdən daha da güclənəcək və böyük qayıdışı reallaşdıracaq.
Bütün bunlara şahidlik edən bəzi qüvvələr təəssüf ki, bu reallıqları həzm edə bilmirlər. Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası bunu bir daha təsdiq edir. İlham Əliyev isə deyir ki, bu proses hələ davam edəcək. Ona görə də istənilən iftiraya, uydurmaya layiqli cavab veriləcək: “Bu gün biz artıq bu reallıqları qəbul etdirdik, kiminsə xoşuna gəlir, gəlmir, amma qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”.
Prezident bu fikirləri ilə Azərbaycana düşmən kəsilən hər kəsə gözdağı verdi. Dedi ki, ölkəmizin ünvanına nə qədər yalan, iftira xarakterli uydurmalar yayılsa da, Azərbaycanı yolundan döndərmək mümkün olmayacaq. Heç bir qarayaxma, iftira isə cavabsız qalmayacaq.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”