Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqın, ədalətin qələbəsidir. Azərbaycanı bu böyük qələbəyə aparan təməllərin, habelə xalqın siyasi-psixoloji hazırlığının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strateji xətt Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilmişdir.
Hələ 10 il öncə - 2012-ci ildə dövlət başçısı öz çıxışlarında keçmiş münaqişə ilə bağlı olaraq bildirmişdir: "Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır". Tarixi ədalət isə ondan ibarətdir ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilər Azərbaycanın əzəli dədə-baba torpaqları olmuş, xalqımız əsrlərboyu bu ərazilərdə yaşamışdır. Ötən əsrin əvvəllərində ermənilər bolşeviklərin dəstəyi ilə Azərbaycan torpaqlarını hissə-hissə zəbt etmişlər. 1980-1990-cı illərdə SSRİ-nin çöküşü başlayanda ermənilər daha da fəallaşaraq Qərbi Azərbaycandan azərbaycanlıyam deyəni son nəfərinədək qovmuş, ölkəmizin, Qarabağ da daxil olmaqla, 20 faiz ərazisini işğal edərək 1 milyona yaxın əhalini qaçqın və köçkün vəziyyətinə salmışlar. Bu illər ərzində sülhə və müxtəlif yönlü razılaşmalara yaxın durmayan, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış, şəhər və kəndlərimizi yerləyeksan etmişdir...
Bu haqsızlığa son qoymaq üçün Ali Baş Komandan silahlı qüvvələrimizin inkişafına xüsusi diqqət göstərdi, əsaslı islahatlar apardı, dövlət büdcəsindən işğalçı Ermənistanın az qala dövlət büdcəsinə bərabər vəsait ayırmaqla Azərbaycan Ordusunu dünyanın ən modern və güclü ordusuna çevirdi.
Azərbaycan Ordusunda gözlənilməz təxribatın qarşısını almağa, tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadir, döyüş ruhu yüksək olan birləşmələr yaradıldı. Ordumuzun arsenalında ən müasir silah-sursatlar və zirehli texnikalar yer aldı. Azərbaycan Ordusu dünyanın çox az hərbi qüvvələrində olan - gecə şəraitində yüksək dağlıq ərazilərdə hərbi əməliyyatlar keçirmək üçün istifadə edilən cihazlarla təchiz olundu. Gecə şəraitində 3000 metr dağlıq ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi imkanlar əksər ölkələrdə yoxdur. Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını yerli istehsal hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratmışdır. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Azərbaycan istehsal etdiyi silahlarını artıq xaricə də ixrac edir. Hazırda 10-dan çox ölkə Azərbaycanda istehsal olunan məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Təsadüfi deyil ki, son illər hərbi məhsullarımızın ixrac həcmi 2,7 dəfə artıb, 4 hərbi zavod istehsala başlayıb. Prezident İlham Əliyev bu barədə demişdir: "Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur".
Azərbaycan xalqının və dövlətinin haqq işi, milli qürur savaşı olan Vətən müharibəsi həm də ədalət uğrunda mübarizə idi. Tarixi Qələbədən sonra Şuşadakı çıxışlarından birində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qeyd etmişdir: "Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır".
Bu ideya ətrafında birləşən xalq - prezident birliyi 44 günlük Vətən müharibəsində misli görünməmiş bir Zəfərin əsas güc mənbəyinə çevrildi. Azərbaycanın hər bir vətəndaşı "vətən daşı" olmaq üçün istəyini ortaya qoydu. Ordu bölmələrimiz və könüllülərimiz düşmənin müdafiə səddini darmadağın edərək döyüşə-döyüşə yaşayış məntəqələrini, strateji yüksəklikləri işğaldan azad etdilər. Vətəndaşlıq mövqeyindən şəhidlik zirvəsinə ucalan, sağlamlığını, gələcək həyatını Vətənə fəda edən oğullarımız Zəfərə gedən yolda yeni tarixin qəhrəmanlıq salnaməsinə, əsl vətənpərvərlik nümunəsinə çevrildilər.
Beləliklə, işğalçı Ermənistanın əsgərləri torpaqlarımızdan qovuldular, son 30 ilə yaxın müddətdə beyinlərə yeridilən "yenilməz erməni ordusu" tarixin zibilliklərinə atıldı. Erməni düşüncəsində mümkünsüz olanı Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu bacardı. Nəhayət, "əzabkeşliyə hazır olan, özünü fəda və qurban edən xalqın" xəyalları puç oldu, çünki 10 mindən artıq fərarisi olan millət işğal olunmuş torpaqları qorumağa qadir deyildi.
Ordumuz həm də BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin 30 ilə həll edə bilmədiyi, ağrı-acıya çevrilmiş problemi 44 günə həll etdi. Dünya ictimaiyyəti bu döyüşlərə heyrətini gizlətmədi. Zəfərə gedən yolda qardaş Türkiyə, İsrail, İtaliya, Baltikyanı ölkələrdə, eləcə də Rusiya mətbuatında həqiqəti əks etdirən informasiyalar yer aldı. Moskvada çıxan "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenkonun təqdim etdiyi informasiya da bu qəbildəndir: "Azərbaycan Ordusu tərəfindən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrin baş qərargahları tərəfindən öyrənilir".
İctimai rəydə bu gün də böyük məmnuniyyət hissi ilə qarşılanan bir həqiqət var ki, Ermənistan rəhbərinin kapitulyasiya aktına imza atmasını ictimaiyyət işğala ölüm hökmü bilir. Bununla da dövlətimizin başçısı bizə qalib xalq kimi yaşamağı bəxş etdi, xalqımızın tapdalanmış hüquqlarını, şərəf və ləyaqətini özünə qaytardı. Bunlarla yanaşı, hərbi ekspertlər, təcrübəli dövlət başçıları, analitiklər, eləcə də sadə insanlar bu reallıqla birmənali şəkildə hesablaşırlar ki, bütün bunların əsas səbəblərindən birincisi Prezident İlham Əliyevin Ali Baş Komandan kimi yenilməz sərkərdə, məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri olmasıdır.
Rəhman SALMANLI,
"Azərbaycan"