Bu gün Azərbaycan özünün yeni, real tarixini
və zəfərlər tarixini yazır. Mən bir vətəndaş kimi özümü xoşbəxt hesab edirəm ki,
bu günlərin sevincini yaşayıram.
Təəssüf hissi ilə qeyd edirəm ki, 1990-cı
illərin əvvəllərində xalqımızın düçar olduğu nisgilli günləri, o kədərli günlərin
acısını çəkən insanların ölkəmizdə hökm sürən özbaşınalığın, hərcmərcliyin, səriştəsizliyin,
tayfa davasının qurbanı olduğunu gözlərimlə görmüşəm. Bugünkü uğurlarımızı da, bu
uğurlarımıza görə canından keçən cəsur və qəhrəman əsgərlərimizi də görürəm, böyük
inam və qətiyyətlə onları qələbəyə aparan Ali Baş Komandanımızı da! İnanıram ki,
gələcək nəsillər onları böyük fəxrlə həmişə yad edəcək və bu fədakar insanların
nəvə-nəticələri olmaları ilə öyünəcəklər.
Bu gün isə Azərbaycandakı birliyi, həmrəyliyi,
vətənpərvərliyi, eləcə də bütün xalqın cənab Prezidentin, Ali Baş Komandanın ətrafında
sıx birləşdiyini görəndə qəlbim fərəhlə dolur, sevincim yerə-göyə sığmır. Doğma
Azərbaycan heç vaxt bu qədər yekdil, bu qədər həmrəy və bu qədər güclü olmamışdır.
Zənnimcə, bu gücün mənbəyi də xalqla rəhbərin,
ordunun birliyindədir. İkinci Qarabağ savaşının, Vətən müharibəsinin davam etdiyi
bir aydan artıq olan qısa müddət ərzində Azərbaycan Ordusu çox böyük uğurlar qazanmışdır,
cəsur və qorxmaz əsgərlərimiz düşmən tapdağındakı torpaqlarımızı kəndbəkənd azad
edərək inamla hamımızın fəxri, Qarabağın tacı olan Şuşaya doğru irəliləyir. Bu müharibə
xalqımızın haqq savaşıdır, zəfər tarixidir. Məhz buna görə də Ulu Tanrı bizimlədir,
Haqqın yanındadır!
Bu gün dünyanın bir sıra vicdanlı hərbi ekspertlərini
də heyrətə gətirən şanlı zəfərlərimizin gücü, mənbəyi bizim haqq-ədalət uğrunda
vuruşmağımızda, heç zaman olmadığı kimi, xalqla dövlətin, Prezidentimizin, Ali Baş
Komandanla, Azərbaycan Ordusu ilə, qəhrəman əsgərlərimizlə xalqımızın birliyindədir,
həmrəy olmasındadır, hamımızın qələbə naminə yumruq kimi birləşməyimizdədir. Əks
halda Azərbaycan Ordusu cənab Ali Baş Komandanın rəhbərliyi altında qısa bir müddət
ərzində ATƏT-in, onun Minsk qrupunun və dünyanın üç güclü dövlətinin təmsil olunduğu həmsədrlər institutunun
28 il ərzində edə bilmədiklərini (bəlkə də etmək istəmədiklərini) edə bilməzdi.
İkinci Qarabağ müharibəsi mənfur Ermənistanın
iç üzünü də açdı və onun bəzi havadarlarının məkrli planlarını da darmadağın etdi,
əsl həqiqəti ortaya qoydu, kimin hansı məzhəbə qulluq etməsini də meydana çıxartdı,
hamının iç üzü açıldı. Üzdə sülh effekti yaratmağa çalışan ölkələrin arxada erməni
işğalçılarını silahlandırdığı və əslində, Ermənistanın işğalçılıq planlarına rəvac
verdikləri məlum oldu. Hörmətli Prezident, Ali Baş Komandan xalqa müraciəti zamanı
"Kimdir Ermənistanı silahlandıran, kim verir onlara bu qədər silah-sursatları?”
deyərkən, dəqiq ünvanları nəzərdə tuturdu və bu sirr deyil ki, həmin ünvanları hamı
tanıyır.
Çox təəssüf ki, bu gün bir sıra ölkələr
"kar” və "kor” olduqlarını, sanki heç nəyi görmədiklərini və heç nəyi eşitmədiklərini
nümayiş etdirirlər, əslində isə, onlar hər şeyi görürlər də, eşidirlər də. Lakin
yenə də "ikili standartlar” amili ortaya çıxır və onlar sanki nə Gəncə qətliamlarını,
nə Bərdə vəhşiliklərini nə görürlər, nə də eşidirlər, amma, əslində, hər şeyi görürlər
və onlara sərf etmədiyinə görə özlərini görməməzliyə vururlar. Şuşada bir kilsənin
günbəzinə dəyən qəlpənin açdığı kiçik oyuğu çəkib bütün dünyaya vandalizm aktı kimi
"sırıyan” erməni havadarları Dağlıq Qarabağda bizim yüzlərlə məscidlərimizin və
digər dini inanc yerlərimizin dağıdılmasını və
təhqir olunmasını, 976 kitabxanamızın 3,6 milyon nüsxə qiymətli kitab fondlarının
vəhşicəsinə yandırıldığını, 22 muzeyimizin nadir əşyalarının talanaraq dünya hərraclarında
satıldığını, yüzlərlə tarixi abidələrimizin dağıdılaraq yerləyeksan olunduğunu görmürdülərmi?
Niyə susurdular? Budurmu ədalət? Bu insanlığa, bəşəriyyətə qarşı cinayət deyildirmi?!
Ancaq Azərbaycan, Azərbaycan Ordusu, əsgəri
Ali Baş Komandanın rəhbərliyi altında bu gün dünya düzəninin yeni tarixini yazır,
işğal altında olan Vətən torpaqlarımızın azad olunmasını təkbaşına təmin edir, xalqımızın,
ordumuzun zəfər salnaməsini yazır, yeni reallıq yaradır! Və inanıram ki, işğalçı
Ermənistanı dəstəkləyən dünya gücləri Azərbaycanın qardaş Türkiyə Cümhuriyyətinin
mənəvi dəstəyi ilə yaratdığı bu reallıqla gec-tez barışmalı olacaqlar!
Qarabağ Azərbaycandır!
Zəfərləriniz mübarək, Azərbaycan əsgəri,
Azərbaycan Prezidenti!
Kərim TAHİROV,
Azərbaycan
Milli Kitabxanasının direktoru,
Əməkdar Mədəniyyət işçisi,
professor