Azərbaycan milli mətbuatının 150 illik yubileyini coğqu ilə qeyd etdiyimiz bu günlərdə ötən əsrdə sovet hakimiyyətinin ilk onilliklərində fəaliyyətdə olmuş neçə-neçə mətbuat işçisi, jurnalist də xatırlanır. Onlardan biri də sovet dövründə respublikanın əsas mətbu orqanı sayılan "Kommunist" qəzetində müxbir, müxtəlif illərdə kənd təsərrüfatı, partiya həyatı, fəhlə və kolxozçu məktubları şöbəsinin müdiri, məsul katib, redaksiya partiya təşkilatının katibi, 1933-cü ildən 1938-ci ilə kimi "Kirovabad bolşeviki" qəzetinin redaktoru, ən nəhayət, "Qırmızı terror"un qurbanı olmuş Cavad Fərhadovdur.
Cavad Kərbəlayi Əsəd oğlu Fərhadov 1900-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının Şəmkir dairəsinin Zəyəm kəndində dünyaya göz açmışdı. Atası Kərbəlayi Əsəd əslən Təbrizli olub. Təbrizdə dini təhsil alıb həddi-buluğa çatandan sonra, XVIII əsrin sonlarında qardaşı Əhədlə Gəncəyə gəlib, az sonra Şəmkir rayonunun Zəyəm kəndində məskunlaşıblar.
Kərbəlayi Əsədin beş övladı olub - qızı Səadət, oğlanları Cavad, Teymur, Nəcəf, Mehdi. Ruhani ailəsində böyüyən Kərbəlayi Əsəd çox istəyirdi ki, oğlanlarının ilki olan Cavad yaxşı təhsilli olsun. O hesab edirdi ki, Cavad böyükdü, yaxşı oxusa, kiçik qardaşları da ondan nümunə götürüb, kitab-dəftərə meylli olacaqlar. Hətta qardaşları dərs hazırlayan zaman onlara müəyyən köməyi də dəyə bilər. Odur ki, Kərbəlayi Əsəd Cavadı altı yaşı tamam olar-olmaz Zəyəmdəki dördsinifli molla məktəbinə qoyur. Bununla yanaşı, Kərbəlayi Əsəd özü də evdə onunla ciddi məşğul olur. Cavad dünyəvi elmləri həvəslə öyrənir, tarixə, ədəbiyyata, astronomiyaya xüsusi maraq göstərirdi. Hətta hərdən şeir yazıb tay-tuşlarına oxuyardı. Yaxşı oxuduğuna görə hamı onu məlumatlı gənc kimi tanıyırdı. Cavad ərəb, fars və rus dillərini də mükəmməl bilirdi. 16 yaşında olanda, şəxsi işində qeyd edildiyi kimi, 1917-1918-ci illərdə Zəyəmdə, eləcə də Zəyəmə çox da yaxın olmayan Yuxarı Ayıblı (indiki Şiştəpə) kəndində müəllim işləmiş, yaşca özündən böyüklərə bir neçə fəndən dərs demişdir. Beş ilə yaxın müəllim işləyən Cavad 1921-ci ildə Azərbaycan Xarici Ticarət İdarəsinin Tiflisdə nümayəndəsi olub. Bir il sonra isə Batumda Vilayət Xarici Ticarət İdarəsinə ekspeditor təyin edilib. Burada da bir il işlədikdən sonra Azərbaycana qayıdıb, iki ilə yaxın Nuxa (indi Şəki) Şəhər İşlər İdarəsinin işlər müdiri vəzifəsində çalışıb. Bir neçə dil bildiyini, xüsusilə də rus dilində yazı-pozu işlərindəki səriştəsini nəzərə alıb 1924-cü ildə onu Nuxa (Şəki) Şəhər Qəza Komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsinə irəli çəkirlər. Tale elə gətirir ki, o, ailə xoşbəxtliyini də bu qədim şəhərdə tapır. Əslən şəkili olan Şəfiqə ilə ailə həyatı qurur, övladı Rəna elə bu şəhərdə dünyaya göz açır.
İki il yarımdan çox şöbə müdiri işləyən Cavad Fərhadov bundan sonra taleyini çoxdan arzusunda olduğu mətbuata bağlayır. Öz istəyi ilə Qəza Partiya və İcraiyyə Komitəsinin orqanı "Şəki fəhləsi" qəzetinin redaktoru təyin edilir. Qısa müddətdə təşkilatı işləri yoluna qoyub, qəzetdə maraqlı yazılarla çıxış edir. Çox çəkmədən onu "Kommunist" qəzeti redaksiyasının kənd təsərrüfatı bölməsinə müxbir vəzifəsinə irəli çəkirlər.
Yadımdadır, Cavad Fərhadovun yeganə övladı, tanınmış musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, mərhum Rəna xanım Fərhadova 1990-cı ilin ortalarında kütləvi informasiya vasitələrinin yığıncağında mətbuat nümayəndələrinin suallarını cavablandıranda bu barədə demişdir: "O vaxtların hadisələrini yaxşı xatırlamıram. Azyaşlı olmuşam, yadımda qalan ancaq budur ki, evimizə tez-tez atamın dostları yığışardılar. Qulam Məmmədli, Şəmsəddin Abbasov, Qəzənfər Məmmədov və başqaları. O nəsildən sağ qalanlar indi azdır. Mən Qulam müəllimlə çox söhbət etmişəm. Dəfələrlə deyib ki, atam haqqında xatirələrini yazmaq istəyir. "Kommunist" qəzetinin ovaxtkı digər əməkdaşı - Qubad Qasımov, eləcə də ailəmizin yaxını, böyük ziyalı Ramazan Xəlilov atam haqqında rəğbətlə danışırlar. Hamı onu savadlı, səriştəli jurnalist kimi xatırlayır. Deyirlər ki, qəzet işini yaxşı bilirdi, çoxlu maraqlı məqalə, icmal yazır, nadir hadisələr haqqında materiallar dərc etdirir, aktual həyat hadisələrinə münasibətini dərhal bildirirdi. Yaxşı yumoru varmış. O zaman redaksiyanın ən cavan əməkdaşı olmuş Nəsir İmanquliyev bir dəfə atam haqqında xatirələrini danışarkən dedi ki, təcrübəli, ziyalı, qayğıkeş jurnalist idi. Cavanlara böyük qayğı göstərər, həmişə onların ehtiyacları ilə maraqlanardı".
Beş ilə yaxın müddətdə respublikanın baş qəzetində zəngin təcrübə toplayan, maraqlı yazılarla çıxış edən Cavad Fərhadov 1933-cü ildə Gəncəyə göndərilir, fəaliyyəti bir az məhdudlaşdırılan - ayda iki dəfə çıxan "Zərbə" qəzetinə redaktor təyin olunur.
Qarmaqarışıq dövrdə - Azərbaycan milli dövlətçiliyinin, Xalq Cümhuriyyətinin ilk pərvəriş tapdığı bu şəhərdə, ona bitişik ətraf rayonlarda bir çox "pantürkist", "müsavatçı", əksinqilabçı adı ilə tutub Gəncə təcridxanasına gətirir, işgəncə verəndən sonra Bakıya, Bayıl həbsxanasına - oradan da ya güllələnməyə, ya da Qazaxıstan cəhənnəmliklərinə, ünvanı gizli saxlanılan Uzaq Sibirin dərinliklərinə, Solovki ölüm düşərgəsinə, Maqadan tərəflərə sürgün edir, ya da Bakıda, Nargin adasında çox ağır şəraitdə saxlayırdılar. Hətta bəzilərini evində, çöldə-bayırda, dağda-dərədə, meşədə, çay qırağında, bir sözlə, harda rast gəlsə, elə oradaca "bandit", "qaçaq", "qolçomaq", "yeni quruluşun düşməni" və s. bu kimi adlarla güllələyirdilər.
Dövrün qarışıqlığı bir yana, bir-birinin işinə qarışan və bəzən də onu çətinə salan inqilab və qəza komitələrində gedən çəkişmələr, ayrı-ayrı yerlərdə baş verən hərc-mərcliklər, kollektivləşmə və kolxoz quruculuğu adı altında edilən görünməmiş haqsızlıqlar, kəndli üsyanları qəzetin də işini çətinləşdirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra işğalçı bolşevik rejiminin ərşə dirənən haqsızlıqları ucbatından həmin illərdə neçə-neçə elm xadimi, qələm sahibi ya məhv edilmiş, ya da Gəncədən didərgin salınmışdı. Qəzetin ilk redaktoru və yazarlarından olan Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyli, Cahangir Hüseynov və o dövrün tanınmış digər qələm sahibləri belə faciə ilə üzləşmişdilər. Həmin jurnalistlərin həbsindən və güllələnməsindən sonra, qısa fasilələrlə nəşri dayandırılan şəhər qəzetinin adı da repressiyaya məruz qalır. C.Fərhadovun redaktorluğu ilə ayda iki dəfə çıxan "Zərbə" qəzetinin 1935-ci ildə adı dəyişdirilərək əvvəlcə "Kirovabad bolşeviki", sonra isə "Kirovabad fəhləsi" adlandırılmışdı.
Cavad Fərhadov Gəncəbasarda boya-başa çatdığından bu yerlərin adamlarına hərtərəfli bələd idi. Qaçağı da, qolçomağı da, hökumət adamını da yaxşı tanıyırdı. Beş ilə yaxın Gəncə kimi üzdən sakit, mülayim, daxilən mürəkkəb, gərgin bir şəhərdə yaşadı, ideoloji işə rəhbərlik etdi. Şair və yazıçılarla, digər ziyalılarla yaxın münasibətdə oldu. Böyük nüfuz sahibi şair Əhməd Cavadla, folklorşünas alim Vəli Xuluflu ilə, şair Mikayıl Müşfiqlə tez-tez görüşər, onların Gəncədəki qohum-əqrabaları ilə sıx əlaqə saxlayardı. Aşıqlara, qələm əhlinə qayğı ilə yanaşar, onların yazılarına qəzet səhifələrində gen-bol yer ayırardı. Savadlı və qayğıkeş ziyalı kimi şəhərdə, Gəncə ədəbi mühitində böyük hörmət qazanmışdı.
1937-ci ilin iyul ayının son günlərindən bir idi. Cavad müəllim adəti üzrə tezdən işə gedirdi. Yolboyu dünən redaksiya əməkdaşlarına verdiyi tapşırıqları xəyalında götür-qoy edirdi. Yüz ölçüb bir biçəndən sonra belə qərara gəlir: "Rəna da məktəbdən yay tətilinə buraxılıb, onu da götürüb məzuniyyətə - istirahətə gedəcəm, qoy bir balaca uşaq da dincəlsin, havasını dəyişsin. İş çox olsa, gəl desələr, qayıdaram, o, anası ilə qalar Bakıda, bir də dərs başlayana yaxın gətirərəm".
Həmin günə Şəhər Partiya Komitəsinin büro iclası da təyin edilmişdi. Cavad müəllim büro iclasının olacağından xəbərdar olsa da, ağlına da gətirmirdi ki, büroda onun "məsələsinə" baxılacaq. İşə çatanda birinci katibin köməkçisi zəng edib onun büroda mütləq iştirak etməli olduğunu təkrar-təkrar xatırlatdı. Kirovabad Şəhər Partiya Komitəsinin birinci katıbı İbrahim Tağıyevin sədrliyi ilə keçən iclasın gündəliyinə salınan ilk məsələ elan olunandan sonra Cavad Fərhadova qarşı ittihamlar dolu kimi yağdırıldı. Onu "ifşa edilmiş əks-inqilabçılarla" - "trotskiçi millətçilər"lə sıx əlaqə saxlamaqda, bolşevik mətbuatının yayılmasına mane olmaq məqsədilə baş redaktoru olduğu "Kirovabad bolşeviki" qəzetinin tirajını qəsdən azaltmaqda, Yazıçılar İttifaqının keçmiş sədri Seyfulla Şamilovun itirdiyi partiya biletinin cinayətkar ünsürlər vasitəsilə axtarılmasını təşkil etməkdə, ən nəhayət, tapılan bileti bitərəflər vasitəsilə Bakıya, sahibinə göndərməkdə, redaksiya aparatını yabançı, düşmən ünsürlərlə (Baxşəli Axundov, Böyükbəy Həsənbəyov kimi) doldurmaqda və digər bir çox ağlagəlməz əməldə ittiham etdilər.
Cavad Fərhadov ünvanına səslənən ittihamların əsassız və böhtan olduğunu sübut etməyə çalışsa da, ona heç danışmağa imkan vermədilər və sonda ÜK(b)P-sı üzvlüyündən xaric edilməsi barədə qərar çıxardılar.
Düşdüyü vəziyyətdən özünü itirməyən Cavad Fərhadov "Mən Bakıya, Moskvaya müracət edəcəm, sizin iç üzünüzü açacam, yalan və bohtanlarınızı hamıya bildirəcəm! Moskva hər şeyi ayırd edər!" deyib, büro iclasını əsəbi halda tərk edir. Nə baş verdiyini aydınlaşdıra bilməyən Cavad Fərhadov sarsılmış və dilxor vəziyyətdə birbaşa vağzala gəlib, Bakı sərnişin qatarına bilet alır. Bakıya çatanda özünü pis hiss edir, Aziatskaya (indiki Əlövsət Quliyev) küçəsindəki 53 nömrəli köhnə mənzilində ağır ürək tutması ilə yatağa düşür. Böyük bacısı Səadətin köməyi ilə özünə gələn Cavad səhərisi Moskvaya getməyi qərara alır. Səfərə hazırlıq görəndə mənzilin qapısı döyülür. Qapını açanda məlum olur ki, Kirovabaddan xüsusi tapşırıqla göndərilən çağırılmamış "qonaqlar" onu aparmağa gəliblər...
Bu xəbəri eşidən qohumlar, qonşular, qələm dostları deyirdilər ki, deyəsən ünvanı səhv salıblar, Cavad elə adam deyil, bu gün-sabah mütləq buraxarlar. Amma bilmirdilər ki, Cavad Fərhadov milis idarəsinə aparılanda artıq onun həbsi barədə 331 N-li order, Gəncədən çıxan günü 28 iyul 1937-ci il tarixdə Kirovabad NKVD-sinin rəisi ermənipərəst Lixaçev tərəfindən imzalanmışdı.
Özünü Gəncədən Bakıya başıalovlu çatdıran Şəfiqə xanım soraqlaya-soraqlaya bir neçə gün sonra ərini NKVD-nin zirzəmisində tapdı. Tapdığına sevinsə də, qəfil həbsə görə xiffətindən heydən düşmüşdü. Maraqlananlara "anlaşılmazlıq olub, yaxın günlərdə hər şey aydınlaşacaq və tezliklə buraxılacaq" deyirdi. Əri ilə görüşə icazə verməsələr də, ayda bir dəfə ona yemək, dəyişək pal-paltar gətirməyə qoyurdular. Buna da şükür edən Şəfiqə xanım ayda bir dəfə "görüşdən" qayıdanda gətirdiyi çirkli alt paltarlarını qanlı görəndə onların insan əynindən çıxdığına inana bilmirdi. Bir neçə ay davam edən bu get-gəl ərəfəsində ailənin daha çətin günləri başladı. Cavadı nəinki azadlığa buraxdılar, əksinə Bakıdakı və Gəncədəki evini axtardılar, iş yerini ələk-vələk elədilər... Şəfiqə xanım gecələr 10 yaşlı Rəna ilə tək mənzildə qalmağa da qorxurdu. Məcbur olub qaranlıq düşəndə qızını da götürüb qohumlarının evinə gedib orada gecələyirdi. Səhər də elə çıxardı ki, onları görən olmasın. Qohumlar da qorxurdular. Odur ki, Şəfiqə xanım ünvanı tez-tez dəyişirdi ki, ona sığınacaq verənlərə xətər dəyməsin.
Şəfiqə xanım uşaqla evdə, Bakının küçələrində, dövlət idarələrində, həyat yoldaşı isə rütubətli NKVD zirzəmisində haqsızlığa, işgəncəyə düçar olmuşdular. Şəfiqə xanımın dəfələrlə yazdığı ərizə-müraciətlərə baxan da yox idi. Həbsxanada isə Cavad Fərhadovu məcbur edirdilər ki, "1935-ci ildən Azərbaycanda fəaliyyət göstərən burjua millətçilərinin antisovet üsyançı-terrorçu və təxribatçı-ziyankar təşkilatın üzvü olduğunu boynuna alsın. Həmçinin üzv olduğu bu təşkilatın məqsədini - Azərbaycanda sovet hakimiyyətini devirib, yerində burjua-millətçi dövlət yaratmaq olduğunu səmimi etiraf etsin".
Hətta onu da məcbur edirdilər ki, desin ki, üzv olduğu antisovet təşkilata onu kommunist partiyası sıralarından çıxaran, tutulmasına bais olan Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi İbrahim Tağıyev başçılıq edir.
Rus familyası daşıyan erməni əsilli müstəntiq bu yolla güllələnməyə gedən redaktorun vasitəsilə İbrahim Tağıyevin özünə də quyu qazmaq istəyirdi. Amma bu alınmadı, Cavad Fərhadov işgəncələrin və ölümün gözünə dik baxdı, yalan və böhtanı qəbul etmədi. O, İbrahim Tağıyevin əli ilə partiyadan və işdən qovulmasına, NKVD zirzəmisində ölüm-dirim savaşına çıxmasına baxmayaraq, sözünün üstündə durdu - yalan və böhtan dolu təklifləri rədd edib İbrahim Tağıyevin müdafiəsinə qalxdı.
Dörd ay on gündən sonra müstəntiq məcbur olub Cavad Fərhadovun Kirovabadda əks-inqilabi təşkilatın üzvü olduğunu "ənənəvi üsulla sübüta yetirdi": Hətta müstəntiq bu "araşdırmalarda" istintaqın işinə onu da əlavə etdi ki, Cavad Fərhadov baş redaktoru olduğu "Kirovabad bolşeviki" qəzeti vasitəsi ilə əksinqilabçıların tapşırıqlarını təbliğ etməklə kollektivləşmə və kolxoz quruculuğuna ziyan vurmuşdur.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyası istintaqın yekun arayışı ilə tanış olar-olmaz - 1938-ci il 7 yanvar tarixli hökmü ilə jurnalist, ictimai xadim Cavad Fərhadovu ən ağır cəzaya - əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum etdi. Hökm həmin gün yanvarın 7-dən 8-nə keçən gecə icra olundu.
Cavad Fərhadovun güllələnməsi uzun müddət ailəsindən gizlədildi. Şəfiqə xanım hara müraciət edirdisə, bildirirdilər ki, əri yazışma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
...Cavad Fərhadovun ailəsi və yaxınları çox sonralar - 1953-cü ildə Stalin öləndən sonra bildilər ki, onu əks-inqilabçı adıyla güllələyiblər. Qızı Rəna Fərhadova atasının haqsız həbs edilməsi barədə dəfələrlə respublika və SSRİ rəhbərliyinə, məhkəmə və prokurorluq orqanlarına müraciət etsə də, uzun müddət nəticəsi olmamışdır. Yalnız 1957-ci ildə onun müraciətindən sonra atasının adına açılmış 026523/56 N-li cinayət işinə yenidən baxılmışdır. Azərbaycan SSR Ali Məhkəməsinin 1957-ci il 25 may tarixli qərarı ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının "xalq düşməni" Fərhadov Cavad Kərbəlayi Əsəd oğlu barədə 7 yanvar 1938-ci il tarixli hökmü ləğv edilmiş, işi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir.
Rəhman SALMANLI,
"Azərbaycan"