Maraqlı insandır,
həyata öz baxışları var, söhbətləri şirindir, tez-tez atalar sözlərindən misal çəkir.
Deyir ki, hər kəs bacardığı işin arxasınca getsə yaxşıdır. Onun fikrincə, hər işi
yönündə-yöndəmində görməsən, zəhmət çəkib tər axıtdığın işdən xeyir görə bilməzsən.
Ağcabədidə
hamı onu "geroy Tofiq” kimi tanıyır. Rayonun sayılıb-seçilən pambıqçılarındandır.
Yeni Qaradolaq kəndində doğulub boya-başa çatan Tofiq İsmayılov 40 ildən çoxdur
ki, pambıqçılıqla məşğuldur. Mehr saldığı, ülfət bağladığı torpaq çəkdiyi zəhmətin
əvəzində onun üzünü hər zaman el-oba, ailə-uşaq yanında əkib-becərdiyi pambıq kimi
ağ edib. Əmək ətirli ömür yolundan, bu yolda qazandığı uğurlardan söhbət düşəndə
Tofiq İsmayılov deyir:
- Pambıq bu
yerlərin şöhrəti, çörək təhnəsidir. Hələ sovet hakimiyyəti dövründə kolxozda çalışan
kənd adamları pambıqdan yaxşı qazanırdılar. Halal zəhməti hesabına əldə etdiyi qazancla
kimi geniş ev-eşik tikdirir, kimi maşın alırdı. Dolanışıq sarıdan demək olar ki,
heç kim heç nədən korluq çəkmirdi. 90-cı illərdə nədənsə pambığa münasibət dəyişdi.
Bu gəlirli sahə başlı-başına buraxıldı. Torpaqdan küsdürülən kəndli tarlanı çayxana
ilə dəyişdi. Həmin illər faydalı bir işin qulpundan yapışmalı, işləyib pul qazanmalı,
ailəsinin xoş güzəranını təmin etməli olan əmək qabiliyyətli kişilər çayxanalarda
lövbər salıb, günlərini nərd, domino oynamaqla keçirirdilər. Kəndlərimizin ürək
dağlayan bu mənzərəsi Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri,
o cümlədən pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə
tarixi çağırışınadək davam etdi. Bu çağırışdan sonra elə bil kəndlərimizin üstünə
gün doğdu. "Ağ qızıl”ın yenidən ağ günləri başladı. O vaxt rayon icra hakimiyyətində
yaradılan, həm də səmərəli fəaliyyət göstərən qərargah Prezidentin tapşırıq və tövsiyələrini
yerinə yetirmək üçün bütün imkan və ehtiyat mənbələrini səfərbər etmişdi.
Qarşıya çıxan
irili-xırdalı problemlərin həlli üçün etdiyimiz müraciətlər rayon rəhbərliyi səviyyəsində
operativ həllini tapırdı.
Tofiq İsmayılovun
rəhbərlik etdiyi fermer təsərrüfatı bu il 40 hektar sahədə pambıq əkib becərmişdir.
Artıq yavaş-yavaş ağ örpəyə bürünən tarlalar bol məhsuldan xəbər verir. Bütün varlığı
ilə bağlandığı bərəkətli torpaq, halal zəhmət Tofiq İsmayılovu ildən-ilə zirvələrə
ucaldır, uğurlara qovuşdurur. Belə illər sırasında keçən ilin nəticələri daha fərəhli
oldu. 2018-ci ildə 285 ton "ağ qızıl” istehsal olunmuş, məhsuldarlıq 57 sentnerə
yüksəlmişdir. Tofiq kişi deyir ki, bu nailiyyəti dövlətin güclü dəstəyi sayəsində
qazanıblar:
- Amma bu,
son deyil. Cari ilin hədəfləri daha yüksəkdir. Çünki boynumda Prezidentin haqqı
var. Həyatımın ən əziz və unudulmaz anı Prezident İlham Əliyevin "Birinci dərəcəli
əmək ordeni”ni mənə təqdim etməsidir. Dövlət başçısı ordeni döşümə sancıb "Təbrik
edirəm, bu, sənin halal zəhmətinin haqqıdır” dedi. Həyəcanlı olsam da, özümü toparlayıb
deyə bildim ki, sağ olun, cənab Prezident, bu uğurları Sizin böyük qayğınız sayəsində
qazanmışıq. Söz verdim ki, bundan sonra daha
böyük məsuliyyətlə çalışacaq, nailiyyətləri artıracağıq. Nəticə göz qabağındadır.
Məhsulumuz bu il də boldur.
Söhbət bu
məqama çatanda Tofiq kişidən xahiş etdik ki, pambıqçılıqdan qazandığı gəlirdən də
danışsın. Məmnuniyyətlə razılaşdı: "Keçən il 50 hektarda pambıq əkib-becərdik. İl
ərzində çəkdiyimiz bütün xərcləri çıxandan sonra xalis qazancımız 70 min manatdan
çox oldu. Buna 10 hektar sahədə əkdiyimiz taxıldan, yüksək məhsuldar qaradolaq cinsli
qoyunçuluq təsərrüfatından əldə etdiyimiz gəliri də əlavə etsək, böyük bir rəqəm
alınar. Bu isə yaxşı yaşamaq üçün təbii ki, yetərlidir”.
Tofiq İsmayılov
bacarıqlı təsərrüfatçı olmaqla yanaşı, həm də köhnə kişilərdəndir - mehriban bir
ailənin başçısıdır. İki qız, bir oğul atası, səkkiz nəvənin babasıdır. Oğlu Fəqan
Moskvada bizneslə məşğuldur. Köçürdüyü qızları Göyçək Bakıda, Rəsmiyyə Moskva şəhərində
yaşayır. Hər il yayda nəvələri hər cür şəraiti olan doğma ocağa yığışır. Tofiq kişi
son olaraq dedi ki, bizi belə xoş günlərə qovuşduran dövlətimizin dəstəyi və halal
zəhmətimizdir.
Lazım QULİYEV,
"Azərbaycan”