Hacıqabulda bu il 1300 hektarda pambıq yetişdirilib.
Aylardan bəri çəkilən zəhmət hədər getməyib - tarlalar bəyaz dona bürünüb. Rayonda
ən çox pambıq əkilən yerlərdən biri Qarasu kəndinin ərazisidir. Öyrəndik ki, orada
yığım gedir. "P - Aqro” MMC-nin direktoru Murad Muradovla həmin əraziyə getməyi
qərarlaşdırdıq.
O, "etiraz etməsəniz, maşına iki nəfər götürərdim.
Getdiyimiz sahənin məhsulunun çoxu maşınlarla yığılacaq. Bir müddət əvvəl orada
dərmanlama işləri aparılıb. Pambıqyığan maşının sürücülərini ona görə götürürəm
ki, defalyasiya olunmuş yerlərə baxıb, nə vaxt yığıma başlamaq mümkün olduğunu bilsinlər.
Hər ikisi - Müşfiq Quliyev və Cümşüd Abbasov
"Aqrolizinq” ASC rayon filialının işçiləridir”, - dedi.
Muğan kəndindən keçib Qarasu kəndinə çatırıq.
Ölkəmizdə gedən inkişaf, tərəqqi, iqtisadi yüksəliş bu yaşayış məntəqələrində də
özünü göstərir. Kəndlərdə tikilən yaraşıqlı
evlər, ictimai binalar, kommersiya obyektləri xoş ovqat yaradır. Yol yoldaşımın
dediklərindən məlum olur ki, bu kəndlərin hamısı qazlaşdırılıb. Talış-Bakı su kəmərindən
hər bir evə su xətti çəkilib.
Kənd küçələrindən keçib çılpaq boz dağlara
üz tutanda yol boyu ağırtonlu maşınlar toz-torpaq qoparırdı. Bu da sir deyildi. Melioratorlar burada dəmir-beton kanallar
çəkirdilər. Bunun hesabına yaxın gələcəkdə bu boz çöllərə su gələcək, min hektarlarla
torpaq əkin dövriyyəsinə qatılacaq.
Pambıq sahəsinə
çatanda "P - Aqro” MMC-nin direktoru maşını qırmızı rəngli lafetin yanına sürdü.
Qız-gəlinlər pambıq yığırdılar. Salamlaşıb "qollarınız yorulmasın, məhsulunuz bol
olsun!” - deyirik. Ortaboylu, təxminən 40-45 yaşlı bir qadın bizə tərəf addımlayır:
"Xoş gəlmisiniz!” - deyir. M. Muradov bizi onunla tanış edir: "Fermer Qabil Abdullayevin
nümayəndəsidir. Yaxşı işçidir. 210 hektar sahənin ağırlığı onun çiynindədir. Çiyid
torpağa səpiləndən bəri həmişə sahələrdə olub. Gübrələnməsini, suvarılmasını, ziyanvericilərlə
mübarizəni, digər aqrotexniki tədbirləri vaxtında görüblər. Bunun üçün rayon Kənd
Təsərrüfatı İdarəsinin, "Aqrolizinq” ASC-nin qapısını döyüb. Becərmə zamanı işlətdiyi
adamların pulunu vaxtında verib. Hər kəs
də çalışıb ki, bunun müqabilində daha yaxşı işləsin. Bütün bunların nəticəsində,
gördüyünüz kimi bol məhsul yetişdirilmişdir”.
Pambıqçı qız-gəlinlər
- Sədaqət Abuzərova, Bibinisə Zalıyeva, Bikə Səfərova, Bikə Cəfərova, Rəsmiyyə Gülmalıyeva,
Məlahət Dadaşova, Qızbəs Mirzəyeva dolmuş döşlüklərini açıb bir-bir sahənin kənarına
qoyulmuş qapana yaxınlaşırlar. Natiq Paşayev pambığı çəkir. Rövşən Mirzəyev isə
məhsulu lafetə boşaldır. Qızlardan hər gün nə qədər pambır topladıqlarını soruşuruq.
Biri 80, digəri 70, başqaları 60 kiloqram cavabını verir.
Sonra məhsulu
maşınla yığılacaq sahələrin bir neçəsinə baş çəkirik. "P-Aqro” MMC 37 nəfərlə
1300 hektarda pambıq əkib. Torpaq mülkiyyətçiləri, fermerlər becərmə dövründə bütün
texniki vasitələr, kultivator, çiləyici aparatlar, gübrə, lazımi ziyanvericilərə
qarşı preparatlarla təmin edilib. Hazırda rayonda "Conder” markalı 5 pambıqyığan
maşın, 36 lafet var. Yarpağın tökülməsi üçün 6 çiləyici aparat saz vəziyyətdədir.
Maşınlar isə start xəttində dayanaraq komanda gözləyir. Ümumi məhsulun yarıdan çoxunun
maşınlarla yığılması nəzərdə tutulur.
Təzə çəkilən
beton kanalın üstü ilə xeyli getdikdən sonra ağappaq don geyinmiş sahəyə çatırıq.
Günəş şüaları altında parıldayan geniş bir ərazi dənizi xatırladır. Hər yerdə kollar
başdan-ayağa açmışdır. M.Muradov sürücü-mexanizatorlar M.Quliyev və C.Abbasovdan
soruşur: "Nə vaxt yığmaq olar?” Mexanizatorlar gülümsəyərək: "Günü sabah!” - deyirlər.
Hər ikisi işə başlamaq üçün vədələşir, bildirirlər ki, pambıqyığan maşınların kanalın üstündən sahəyə keçəcəyi yeri
hamarlamaq lazım gələcək, yoxsa sahəyə girərkən maşınların aşağı ön hissəsi torpağa
toxunub zədələnə bilər. Digər bir məsələ isə maşınların yuyulması üçün sahədə suyun
olmasıdır. M. Muradov onların bu xahişlərinin sözsüz yerinə yetiriləcəyini deyir.
Öyrənirik
ki, 18 hektardan ibarət olan bu pambıq sahəsi Səadət Mirzəyevanındır. O, bu il
150 hektarda bol məhsul yetişdirib. Ümumi sahənin 50 hektarını əllə, qalanını maşınlarla
yığacaq. Xam pambığın yığımında hər tonun qiymətinin 50 manat artırılması hamı kimi
S.Mirzəyevanı da sevindirib.
Sahədən çıxıb
geri qayıdanda sürücü-mexanizatorlar görəcəkləri işi götür-qoy edir, "P-Aqro” MMC-nin
direktoru ilə məsləhətləşirdilər.
Seyran CAVADOV,
"Azərbaycan”