Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən Hərbi parad təkcə hərbi güc nümayişi deyildi, regionun təhlükəsiz gələcəyinə dair mühüm mesajlarla diqqəti çəkirdi. Paytaxtın mərkəzində təşkil olunmuş möhtəşəm parad bu dəfə Azərbaycan Ordusunun modernləşmiş simasını, ölkəmizin beynəlxalq müttəfiqləri ilə sarsılmaz birliyini, Prezident İlham Əliyevin lider qətiyyəti ilə regionda yaranmış yeni reallıqları əyani şəkildə ortaya qoydu.
Azərbaycan-Türkiyə-Pakistan birliyi
Hərbi paradın ən mühüm məqamlarından biri Türkiyə və Pakistanın da tədbirdə ali səviyyədə təmsil olunması idi. Hər iki ölkənin dövlət rəhbərinin Prezident İlham Əliyevlə birlikdə tribunada yer alması Bakıdan qlobal mərkəzlərə verilən açıq mesaj kimi diqqəti çəkirdi. Bu məqam belə bir həqiqəti növbəti dəfə təsdiqləmiş oldu ki, Azərbaycan-Türkiyə-Pakistan vəhdəti regionda yeni təhlükəsizlik sisteminin əsas dayaqlarındandır.
Analitiklərin də fikrincə, artıq bu üç ölkənin əlaqələri sadəcə dostluq çərçivəsindən çıxaraq faktiki hərbi-siyasi ittifaq modelini xatırladır. Ortaq hərbi təlimlər, qarşılıqlı müdafiə sənayesi layihələri, kəşfiyyat məlumatlarının mübadiləsi və enerji-logistika dəhlizləri üzərində koordinasiya bu əməkdaşlığın strateji dərinliyini göstərir.
Bu mənada Türkiyə və Pakistan liderlərinin Bakıdakı Hərbi paradda iştirakı həm də 2025-ci ilin əvvəlində Laçında keçirilmiş tarixi üçtərəfli görüşün siyasi davamı təsirini bağışladı. Yada salaq ki, həmin görüşdə üç ölkənin lideri müdafiə sənayesində konsorsium modelinə keçid, terrorizmə qarşı vahid platforma, Orta dəhlizin genişləndirilməsi, Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik mexanizmlərinin qurulması kimi məsələlər üzrə müəyyən razılaşmalar əldə etmişdir. Bakı paradı isə bu razılaşmaların real əməkdaşlıqla möhkəmləndiyini nümayiş etdirdi.
Paytaxtımızdan dünyaya səsləndirilən çağırışlar göstərdi ki, Azərbaycan regional güc kimi öz mövqelərini kifayət qədər möhkəmləndirib. Türkiyə-Azərbaycan-Pakistan ittifaqı Cənubi Qafqazın yeni təhlükəsizlik modelidir. Ölkəmiz beynəlxalq tərəfdaşlar üçün etibarlı müttəfiqdir. Azərbaycan dövləti ordu quruculuğunu davamlı və strateji xətt üzrə aparmaqdadır. Zəfərimiz həm tarix, həm də müasir dövrün reallığı kimi təsbit olunub.
Zəfərimizin 5 illiyi münasibətilə dünyanın müxtəlif ölkələrindən göndərilən təbrik məktubları ölkəmizə verilən yüksək dəyərin təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ-dən Asiyaya, Avropadan Yaxın Şərqə qədər geniş coğrafiyadan dövlət və hökumət başçıları təbrik ünvanlamışlar. Məktubların ümumi məzmununda bir neçə əsas məqam özünə yer alır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası beynəlxalq miqyasda qəbul olunmuş reallıq kimi təsdiqlənir, ölkəmizin daha da artmaqda olan hərbi-siyasi nüfuzuna hörmət ifadə olunur, Prezident İlham Əliyevin liderliyinin Cənubi Qafqaz regionunun sabitliyinə verdiyi töhfə xüsusi vurğulanır, Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsi arzusu bildirilir. Təsadüfi deyil ki, diplomatik dairələrdə bu təbriklərin miqyası "Azərbaycanın beynəlxalq nüfuzunun son illərdə ən yüksək səviyyəyə çatmasının göstəricisi" kimi şərh olunur.
Paradın beynəlxalq formatı
Zəfərlə bağlı möhtəşəm tədbirdə dünyanın müxtəlif regionlarından gəlmiş yüksəksəviyyəli rəsmi nümayəndələrin iştirakı da maraq doğururdu. Türkiyə və Pakistanın ali nümayəndə heyətləri ilə yanaşı, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri, Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Serbiyanın Baş Qərargah rəisi, Qırğızıstan və Qazaxıstanın müdafiə nazirləri, Özbəkistan müdafiə nazirinin müavini də Bakıda idi. Bu nümayəndə heyətlərinin Bakıya səfəri ölkəmizin regional güc kimi qəbul edilməsinə işarə idi. Bir çox ölkənin Azərbaycanla hərbi-texniki əməkdaşlığı dərinləşdirmək niyyəti də müşahidə etdiyimiz reallıqdır.
Paradın ən çox izləyici rəğbəti qazanan məqamlarından biri də Xüsusi Təyinatlı Qüvvələrin keçidi oldu. 4 mindən çox xüsusi təyinatlının iştirak etdiyi yürüş həm say, həm taktiki sinxronluq, həm də hazırlıq baxımından regionda misilsiz hadisə kimi qiymətləndirildi. Yada salaq ki, Vətən müharibəsi başlananda Azərbaycan Ordusunda 2 minə yaxın xüsusi təyinatlı vardı. İndi isə təkcə paradda yüksək təlimli 4 min xüsusi təyinatlı iştirak edirdi. Onlar xüsusi təyinatlı qüvvələrin yalnız müəyyən bir hissəsidir.
Ordu ekspertləri də haqlı olaraq bildirirlər ki, Hərbi paradında XTQ-nin bu miqyasda nümayişi Azərbaycanın son illərdə xüsusi əməliyyat qüvvələrinin qurulmasına verdiyi strateji əhəmiyyətin göstəricisidir. 2020-ci il Vətən müharibəsinin əsas qəhrəmanlarından olan bu birliklər beş il ərzində həm texniki, həm taktiki, həm də şəxsi heyət baxımından ciddi şəkildə genişləndirilərək inkişaf etdiriliblər. Bütün bunlar Azərbaycan Ordusunun artıq dünyanın ən güclü orduları sırasına daxil olduğunu göstərir.
Texnika, modern silahlanma və yeni hərbi təqdimatlar
Parad boyunca Azərbaycan Ordusunun ən son aldığı hərbi texnika - pilotsuz uçuş aparatları, zirehli maşınlar, yeni nəsil raket sistemləri, rabitə-komanda vasitələri və müxtəlif tipli atəş sistemləri nümayiş olundu. Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi yeni modellər də tribuna önündən keçdi. Müşahidəçilərin fikrincə, Hərbi parad daha çox müasir müharibə modelinə uyğunlaşdırılan Azərbaycan Ordusunun dinamik inkişafını əks etdirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı isə Azərbaycan dövlətçiliyinin son 20 ildə keçdiyi yolun manifestinə çevrildi. Dövlətimizin başçısı həm tarixi Qələbənin mənbələrini, həm də gələcək onilliklər üçün yol xəritəsini aydın şəkildə ortaya qoydu. Azərbaycan Prezidenti çıxışında Türkiyə və Pakistan liderlərinin paradda iştirakı haqqında xüsusi minnətdarlıq ifadə etdi. "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!" - Prezidentin xatırlatdığı bu tarixi cümlə 2020-ci ilin bir çox siyasi prosesinə öz möhürünü vurmuşdu. Dövlət rəhbərimizin çıxışında həmin kəlmələr yenidən səsləndirildi və bu, qardaşlığın emosional deyil, strateji təməlini bir daha nümayiş etdirdi. Türkiyə hərbçilərinin paradda iştirakı da bu müttəfiqliyin hərbi-siyasi gücünü vizuallaşdırırdı.
İlk dəfə olaraq Pakistan hərbçilərinin Azadlıq meydanından keçidi, Prezidentin də vurğuladığı kimi, üç ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın - getdikcə daha güclü formalaşan strateji oxunun simvolu idi. Bu birlik artıq sadə diplomatik jestlərdən çıxaraq regionun təhlükəsizlik arxitekturasında yeni modelin yaranmasına işarə edir.
Xalqın iradəsi, tarixi yaddaş və uzun illərin mübarizəsi
Prezidentin çıxışının mühüm bir hissəsi də Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinin nəticələri və Azərbaycanın bu işğalla heç vaxt barışmaması üzərində quruldu. Çıxışda 1990-cı illərin dərsləri, Xocalı soyqırımı, etnik təmizləmə və bir milyon qaçqın-köçkünün taleyi xronoloji ardıcıllıqla yada salındı. Dövlət rəhbərimizin çıxışının bu hissəsində iki mühüm məqam vardı. Azərbaycan heç vaxt işğalla barışmamış, danışıqlar nəticə verməsə, torpaqlarını hərbi yolla azad edəcəyini əvvəldən bəyan etmişdi. Ermənistan və onu dəstəkləyən qüvvələr status-kvonu əbədi etmək istəyirdilər, lakin Azərbaycan buna imkan vermədi.
Prezidentin "Biz öz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik" cümləsi bu günün siyasi fəlsəfəsinin mahiyyətini əks etdirir.
Cənab İlham Əliyevin Hərbi paradda çıxışında Azərbaycanın Zəfərə aparan illər boyunca həyata keçirdiyi dövlət strategiyasından da bəhs olundu. Burada üç prinsipial istiqamət önə çıxdı. Bunlardan birincisi, siyasi sabitlik və xalq-iqtidar birliyi, digəri siyasi gücün təməli kimi ölkəmizin iqtisadi müstəqilliyi, üçüncüsü isə ordu quruculuğudur. Prezident xüsusi olaraq qeyd etdi ki, ordu quruculuğu bütün dövrlərdə əsas prioritet olub. Silahlanma, texniki modernizasiya, şəxsi heyətin hazırlığı və beynəlxalq hərbi tərəfdaşlıqlar məhz bu dəmir prinsipi formalaşdırıb.
Azərbaycan Prezidenti bu gün də Ermənistanda şəxsi maraqları naminə revanşist meyilləri ayağa qaldırmaq istəyən Sarkisyan, Köçəryan, Ohanyan kimi bədnam fiqurların və onlara bağlı ünsürlərin vaxtilə səsləndirdikləri "tanklarımız Bakı küçələrində olacaq", "Bakıda çay içəcəyik" avantüralarını da yada saldı: "Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər".
Dövlət rəhbərimiz tarixi Zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda gedən bərpa və yenidənqurma işlərinə də diqqət yönəltdi və bir çox rəqəmi nəzərə çatdırdı. Qeyd etdi ki, artıq 60 mindən çox vətəndaşımız öz dogma yurdlarına geri qayıdıb. Azad edilmiş torpaqlarımızda məktəblər, xəstəxanalar, sənaye zonaları, yollar, su anbarları tikilir, Böyük qayıdış proqramı mərhələli şəkildə reallaşır.
Bu, Azərbaycanın torpaqları azad etməklə bərabər, onları sürətlə dirçəltməsi faktının da nümayişidir. Ümumilikdə cənab İlham Əliyevin Hərbi paradda çıxışının strateji mahiyyətində üç əsas amil ifadə olunurdu: Azərbaycan artıq güc mərkəzinə çevrilib, siyasi sabitlik, iqtisadi suverenlik və güclü ordu formulu ölkəmizin regional liderliyini möhkəmləndirir; Azərbaycan Türkiyə və Pakistanın iştirakı ilə qurulan yeni təhlükəsizlik blokunun əsas üzvlərindəndir; sülh dövrünün əsas prioritetlərindən biri Qarabağın, Şərqi Zəngəzurun bərpa-quruculuğu və inkişafıdır.
Zəfərimizin 5-ci ilinə həsr olunmuş hərbi parad bütün cəhətləri ilə Azərbaycanın dövlətçilik tarixində mühüm səhifəyə çevrildi. Bir daha təsdiqləndi ki, Azərbaycan təkcə beş il əvvəlki Zəfərin simvolunu yaşatmır, həm də gələcək onilliklərin siyasi-hərbi reallığını formalaşdırır.
İradə ƏLİYEVA,
"Azərbaycan"