İşıqlı düşüncələri və ideyaları ilə zamanı qabaqlayan maarifçi ziyalılar həmişə xalqlarının önündə getmiş, cəmiyyətdə aparıcı rol oynamışlar. Xalqının maariflənməsi, keçmişin zərərli qalıqlarından uzaqlaşması, elm öyrənməsi naminə fədakarlıq göstərmişlər. Qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün öz vəsaitləri hesabına məktəb açmış, savadsızlara dərs demiş, yazıb-oxumağı öyrətmişlər. Məhz belə cəfakeş, vətənpərvər, xalqın içindən çıxmış görkəmli ziyalılar cəmiyyətin xilaskarlarına çevrilmişlər.
Xalqımızın maariflənməsi istiqamətində böyük fədakarlıq göstərmiş ziyalılardan biri də Səfərəli bəy Vəlibəyov olmuşdu. Onun illər uzunu çəkdiyi zəhmət hədər getməmişdi. Xalqın içindən çıxmış savadlı, bilikli insanlar müəllimlərinin yarımçıq qalmış maarifçilik yollarını uğurla davam etdirmişlər. Həmişə xalqın ön sıralarında addımlamışlar.
Böyük maarifçi Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşada dünyaya göz açmışdı. İlk təhsilini şəhərdəki mollaxanada almışdı. Onun istedadı, bacarığı elə kiçik yaşlarından özünü göstərmişdi. Elmə, biliyə maraq göstərən Səfərəli təhsil ala-ala həm də ərəb və fars dillərinə mükəmməl yiyələnmişdi. 1875-ci ildə mollaxana təhsilini başa vurduqdan sonra Şuşa dördsinifli şəhər məktəbinə qəbul olmuşdu. Elmi biliklərə dərindən yiyələnən Səfərəli 1879-cu ildə dördsinifli şəhər məktəbini uğurla başa vurmuşdu.
Həmin il S.Vəlibəyovun həyatında baş verən əlamətdar hadisə onun gələcək ömür yolunu xeyli dəyişmişdi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan şöbəsinə tələbə toplamaq üçün Şuşaya gələn Aleksey Çernyayevski başqa gənclərlə yanaşı, Səfərəli ilə də söhbət aparmışdı. Onun daha hazırlıqlı, bilikli olduğunu görüb seminariyanın ikinci sinfinə qəbul etmişdi. Səfərəli böyük həvəslə burada oxumağa başlamış və 1881-ci ildə seminariyanı yüksək göstəricilərlə bitirmişdi.
Səfərəli Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlıdan biri olmuşdu. Biliyini, bacarığını nəzərə alan rəhbərlik onu təhsil ocağında rəhbər vəzifədə saxlamışdı. 18 il o, onlarla istedadlı maarifçi gəncin hazırlanmasına böyük zəhmət sərf etmişdi. Sonrakı illər Azərbaycanın görkəmli yazıçıları və ictimai xadimi olmuş C.Məmmədquluzadə, N.Nərimanov, S.S.Axundov və başqaları ibtidai təhsillərini Səfərəli bəy Vəlibəyovdan almışlar.
Seminariyanın Azərbaycan şöbəsini idarə edən A.Çernyayevski qabaqcıl fikirli, öz işini sevən müəllim kadrların hazırlanmasına xüsusi önəm verirdi. Tələbələrə tarix və coğrafiyadan dərs deyirdi. A.Çernyayevski S.Vəlibəyovu öz yerinə hazırlayırdı. 1881-ci ildə seminariyanı bitirən S.Vəlibəyov müəllim kimi burada fəaliyyətə başlamışdı. Səfərəli bəy pedaqoji fəaliyyəti ilə yanaşı, seminariyanın ictimai həyatında da fəallıq göstərmişdi. O, tələbələrin sinifdənkənar məşğələlərini də daim diqqət mərkəzində saxlamış, onlara dəyərli məsləhət və tövsiyələr vermişdi.
1883-cü il yay tətili zamanı Şuşada istirahət edən S.Vəlibəyov burada məktəb açaraq uşaqlara savad öyrətməyə başlayır. Böyük maarifçinin açdığı məktəbdə müxtəlif təbəqələrdən olan 25 şagird təhsil alırdı. Səfərəli bəy tədrisi səs üsulu ilə aparırdı. Tədrisin bu üsulda aparılmasının üstünlüklərini də şagirdlərinə ətraflı izah edir, başa salırdı.
Səfərəli bəy müasirləri arasında təkcə müəllim kimi tanınmamışdı. O, həm də görkəmli maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi və geniş biliyə malik alim kimi şöhrət qazanmışdı. Onun "Vətən dili" (II hissə, A. Çernyayevski ilə birlikdə) dərsliyi, rus dilindən etdiyi tərcümələr, "Qüdrəti-xuda", "Üsuli-cədid", tarix, ədəbiyyat, coğrafiya kitabları və görkəmli adamların bioqrafiyasına dair məlumat verən "Xəzineyi-əxbar" adlı ensiklopedik səviyyəli əsəri uzun illər uşaqların ən çox sevdikləri kitablar olmuşdu. Gələcəyin böyük ziyalıları məhz bu kitabları oxuya-oxuya elmi biliklərə yiyələnmişlər.
Tanınmış maarifçi S.Vəlibəyov dövrünün mətbuat orqanlarında da publisistik məqalələrlə çıxış edirdi. Onun yazdığı maraqlı, dövrlə səsləşən məqalələri "Ziyayi-Qafqaziyyə", "Tərcüman", "Kəşkül", "Kafkaz", "Novoye obozreniye", "Kaspi" kimi sevilən və oxunan mətbuat orqanlarında çap olunurdu. Görkəmli maarifçi "Türk dili barəsində", "Qoridən məktub", "Təzə kitabxana və qiraətxana", "Tiflisdən məktub", "Şuşadan məktub", N.Nərimanovun "Dilin bəlası" əsərinin ilk tamaşası haqqında yazdığı "Bakıdan məktub", A.Çernyayevskinin "Vətən dili" (I hissə) dərsliyinin təhlilinə həsr olunmuş "Biblioqrafiya" və digər məqalələri oxucular tərəfindən maraqla qarşılanırdı.
Səfərəli bəy Vəlibəyovun elmi-pedaqoji fəaliyyətində onun məşhur tatar maarifçisi, türk milli intibahının tarixi təşəkkülündə əvəzsiz xidmətləri olmuş "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qaspiralı ilə görüşü də böyük rol oynamışdı. XIX əsrin 90-cı illərində Səfərəli bəy Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri, tanınmış maarifçi-pedaqoq Firudun bəy Köçərli ilə birlikdə Krıma gedərək İsmayıl bəy Qaspiralı ilə görüşmüşdü. Bu tarixi görüş onun yaddaşında dərin iz buraxmışdı.
Təəssüflər olsun ki, XIX əsrin 90-cı illərində Qafqaz təhsil orqanının bəzi mürtəce fikirli rəhbərləri müxtəlif bəhanələrlə Azərbaycan dilini seminariyanın tədris proqramından çıxarmağa çalışırdılar. Bütün bunlar S.Vəlibəyovun amalları ilə üst-üstə düşmüşdü. Çünki o, şagirdlərin doğma dilində təhsli almasını istəyirdi. Əqidəsinə sadiq qalan Səfərəli bəy Azərbaycan dilinin tədris proqramından çıxarılmasına etiraz edirdi. Amma mürtəce qüvvələr də geri çəkilmirdilər. S.Vəlibəyovun doğma dilimiz uğrunda göstərdiyi prinsipiallıq onun Zaqafqaziya Müəllimlər Seminariasından azad olunması ilə nəticələndi. Buna görə də S.Vəlibəyov 1896-cı ildə Bakıya üz tutdu. İki il müəllimlik etdikdən sonra Bakı gömrükxanasında tərcüməçi vəzifəsində işləməyə başladı.
Səfərəli bəy Bəhmən Mirzə Qacar-Qovanlının qızı Xurşud xanım ilə ailə qurmuşdu. Bu evlilikdən Nigar və Sürəyya adlı qızları dünyaya gəlmişdir.
Səfərəli bəy Vəlibəyov 1902-ci il avqustun 31-də Bakıda ürək xəstəliyindən vəfat etmişdir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"