Ötən ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il avqustun 27-də yeni ekoloji tarix – Ümumdünya Göllər Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün BMT Baş Assambleyasının 2024-cü il 12 dekabr tarixli qətnaməsi ilə təsis edilib və Yer kürəsinin heyrətamiz su ekosistemləri olan göllərə həsr edilib.
Günün təsisçilərinin fikrincə, həmin beynəlxalq tarix yalnız cəmiyyətin diqqətini təbiətin və ətraf mühitin zənginliyinə və gözəlliyinə yönəltmək üçün daha bir fürsət deyil, həm də göllərin qorunması və onların ehtiyatlarından davamlı istifadənin təşviqi üçün insanların səylərini səfərbər etmək vasitəsidir.
Coğrafiyadan çoxlarına məlum olduğu kimi, göl quruda yerləşən, təbii çökəklikdə formalaşan və dənizlə birbaşa əlaqəsi olmayan təbii su hövzəsidir. Onun su mübadiləsi gölə tökülən çaylar, dərələr və yeraltı su mənbələri hesabına təmin olunur. Göllər quru ərazilərin demək olar ki, hər yerində yayılıb. Onların əksəriyyəti şirin sulu olsa da, duzlu sulu göllərə də rast gəlinir. Planetdə 117 milyondan çox belə su hövzəsinin olduğu və onların Yer səthinin təxminən 4 faizini əhatə etdiyi bildirilir.
Göllər planetin “həyat mənbəyi” adlandırılır, çünki onlar həm insanların gündəlik ehtiyacları, həm də kənd təsərrüfatı və sənaye üçün əlçatan şirin suyun əsas mənbələrindən biri kimi mühüm təbii resursdur. Yer kürəsindəki şirin suyun əsas hissəsi buzlaqlarda donmuş vəziyyətdə olsa da, dünya üzrə səth şirin su ehtiyatlarının təxminən 90 faizi məhz göllərdə cəmlənib. Bundan əlavə, göllər çoxsaylı balıq, bitki və vəhşi heyvan növləri üçün yaşayış mühiti yaradaraq biomüxtəlifliyin qorunmasına kömək edir, iqlimə təsir göstərir, havanın temperaturunu aşağı salır, daşqın sularını udur və karbon toplayır.