Bədii ədəbiyyatın, söz sənətinin yarandığı dövr, zaman ilə müqayisədə ədəbiyyat tarixi yeni elm sahəsi olaraq XX yüzilliyin əvvəllərində düşüncə müstəvisinə gətirilmiş, sonrakı onilliklərdə uğurla təşəkkül və təkamül prosesi keçmişdir. Qədim və zəngin milli-mənəvi qaynaqlara söykənərək ədəbiyyat tarixçiliyi sahəsində ilk cığır açan mütəfəkkir-araşdırmaçı Firidun bəy Köçərli sənət estafetini, ədəbi missiyanı şərəf və ləyaqətlə davam etdirmək üçün özündən sonra elmə gələn yeni və güclü bir nəslə əmanət qoyub getdi.
İstedadlı ədəbiyyatşünaslardan Feyzulla Qasımzadə, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Cəfər Xəndan Hacıyev, Əziz Mirəhmədov, Kamal Talıbzadə və başqaları Firidun bəy Köçərli ənənələrini inkişaf etdirərək yüksək pilləyə qaldırmaq şərəfinə nail oldular. Bu nəslin sıralarında ləyaqətlə yer alan, bacarıqlı və cəfakeş tədqiqatçılardan biri də ədəbiyyat tarixi sahəsində fədakar əməyi, monumental monoqrafiyaları ilə rəğbət qazanmış görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Məmmədov idi. Akademik İsa Həbibbəyli professor Kamran Dadaşoğlunun ədəbiyyat tarixi qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək yazırdı: "Kamran Məmmədov əsasən ədəbiyyat tarixçisi idi. O, ədəbiyyat tarixinə dair əsərlər yazarkən yalnız konkret tarixi bir dövrdəki ədəbi şəxsiyyətlərin bədii əsərlərini dərindən oxuyub öyrənməklə kifayətlənmir, mütləq arxivlərə, kitabxanalara gedib yeni materiallar arayıb-axtarır, elmi dövriyyəyə daxil edirdi".
Monoqrafiyalarında hər zaman elmi yeniliyi prioritet sayan professor Kamran Dadaş oğlu Məmmədov 100 il bundan əvvəl - 1922-ci il dekabrın 21-də Azərbaycanın qədim mədəniyyət mərkəzi, musiqi, ədəbiyyat beşiyi adlandırdığımız, Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərində dünyaya göz açmış, burada 7 illik təhsilini bitirdikdən sonra Bakıya gəlmişdir. Əvvəl pedaqoji texnikumda təhsil almış, sonra isə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1941-ci ildə təhsilini yarımçıq qoyaraq könüllü olaraq müharibəyə yollanmışdır. 1943-cü ildə Qafqaz cəbhəsində ağır yaralanan Kamran Məmmədov hərbi xəstəxanada uzunmüddətli müalicədən sonra Bakıya qayıtmış, cəbhə yaralarının ağrı-acısını ömrü boyu daşımağa məhkum olmuşdur. Yarımçıq qalmış ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) tamamlayan Kamran Dadaşoğlu 1945-ci ildən taleyini Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlamışdır. O, institutun aspiranturasında təhsil almış (1945-1948), kiçik elmi işçi (1948-1952), baş elmi işçi (1952-1960), XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı tarixi (1960-1965), XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi (1965-1986) şöbələrinin müdiri və elmi məsləhətçi (1986-1989) vəzifələrində çalışmışdır.
Gənc aspirantın ilk ədəbi-tənqidi məqaləsi 1945-ci ildə "Azərbaycan məktəbi" jurnalının 4-cü sayında dərc etdirdiyi "Ağa Məhəmməd şah Qacar" adlı Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı tarixi faciəsi haqqında resenziyasıdır.
K.Məmmədov aspirantura təhsili dönəmində elmi-ədəbi fəaliyyət sahəsində yüksək fəallıq nümayiş etdirmiş, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mirzə Əli Möcüz, Səməd Vurğun, Mir Cəlal, Abdulla Şaiq, Qılman Musayev, Nazim Axundov və başqa görkəmli sənətkarların həyat və yaradıcılığı, ədəbi irsi haqqında o dövrün "Kommunist", "Azərbaycan gəncləri", "Bakı" axşam, "Ədəbiyyat" qəzetlərində və "Azərbaycan məktəbi" jurnalında zamanın tələblərinə cavab verən, elmi-nəzəri səviyyəli yazıları ilə diqqəti cəlb etmişdir. Onun 1945-ci ilin oktyabr ayından Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının iclaslarında mütəmadi iştirak etdiyi, şura üzvlərindən M.Arif, F.Qasımzadə, M.Cəlal, H.Araslı, M.Cəfər, M.Təhmasib, Ə.Sultanlı, Ə.Mirəhmədov, N.Ağazadə, K.Talıbzadə və başqa həmkarlarının məzmunlu, dolğun çıxışlarını dinlədiyi elmi mühitdə formalaşdığı tədqiqat müəssisəsinin müvafiq sənədlərindən, protokollarından da bəlli olur. Kamran Məmmədov filologiya elmləri namizədi (indiki fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün üzərində çalışdığı "Ə.Haqverdiyevin bədii nəsri" adlı dissertasiya işini 1948-ci ildə uğurla başa çatdırmış və bu barədə institutun direktoru Məmməd Arif ilin yekunları haqqında Elmi Şura qarşısında məruzə edərkən gənc aspirantın araşdırmalarının elmi səviyyəsini yüksək dəyərləndirmişdir.
Müəllif Ə.Haqverdiyevin bədii nəsri mövzusunda yazdığı 265 səhifəlik mükəmməl tədqiqat işində ədibin hekayələrinin ideya istiqamətlərini, bədii xüsusiyyətlərini sistemli şəkildə təhlil etmək və dəyərləndirməklə yanaşı, onun həyat və yaradıcılığının, ictimai-sosial mühitinin naməlum, görünməyən tərəflərini də tədqiqat obyektinə çevirmiş, bəzən elmi-publisistik manevrlərdən peşəkarlıqla faydalanaraq əsəri oxunaqlı və cazibədar dil ünsürləri ilə zənginləşdirmişdir. Tədqiqat işində ədibin nəşrdən kənarda qalmış bəzi nəsr əsərləri də ilk dəfə üzə çıxarılaraq onlara ədəbi-tənqidi qiymət verilmişdir.
Kamran Məmmədov üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabının işlənib hazırlanmasında, araya-ərsəyə gətirilməsində fəal rol oynamış, xüsusilə 1960-cı ildə nəşr edilən ikinci cilddə yer almış "Qasım bəy Zakir" və "Əbdürrəhim bəy Haqverdiyev" elmi oçerklərinin müəllifidir. Onun "Əbdürrəhim bəy Haqverdiyev"dən sonra ikinci ən irihəcmli monoqrafiyası 1957-ci ildə Azərbaycan EA-nın "Elm nəşriyyatı"nın çap etdiyi "Qasım bəy Zakir" elmi-populyar əsəridir. Tədqiqat işi lirik ovqatlı proloqla başlasa da, tarixi faktlara və hadisələrə daha çox üstünlük verilmişdir. Müəllif Qasım bəy Zakirin Şuşa ədəbi-mədəni mühitində dünyaya gəlməsi və yazıb-yaratması imkanlarını dəyərləndirməklə yanaşı, həmin dövrün İran-Rusiya hadisələrinə, Qarabağ tarixinin keşməkeşli məqamlarına da xüsusi diqqət ayırmışdır.
Kamran Məmmədovun milli ədəbiyyat tariximiz üçün sanballı tədqiqatlarından biri də əslən şuşalı olan görkəmli dramaturq, ilk faciə əsərinin müəllifi haqqında yazdığı və 1963-cü ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatında çap etdirdiyi "Nəcəf bəy Vəzirov" adlı irihəcmli monoqrafiyasıdır. O, 1964-cü ildə eyniadlı dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Dissertasiyada Nəcəf bəy Vəzirovun uşaqlıq, gənclik və təhsil illərindən, Azərbaycan meşələri haqqında ilk elmi əsərindən, ailə-məişət dramlarından, komediyalarından, ədəbiyyatımızda ilk faciədən, publisistik fəaliyyətindən, iqtibas etdiyi əsərlərdən, sovet dövrü yaradıcılığından, ədəbi-tənqidi mülahizələrindən və teatr məsələlərinə baxışlarından bəhs edilmişdir.
Professor Kamran Məmmədovun "şuşalı ədiblər" silsiləsindən monoqrafiya həsr etdiyi növbəti sənətkarımız Yusif Vəzir Çəmənzəminlidir. Tədqiqat işi ilk dəfə 1981-ci ildə "Elm" nəşriyyatında işıq üzü görmüş, yenidən təkmilləşdirilərək 1987-ci ildə "Yusif Vəzir Çəmənzəminli" adı ilə "Azərnəşr" tərəfindən yüksək tirajla oxucu auditoriyasına ünvanlanmışdır. Əsərdə görkəmli yazıçının, ictimai-siyasi xadimin həyat və yaradıcılığı bütün işıqlı yönləri, haqqa, həqiqətə dayalı tərəfləri ilə yanaşı, Şuşa, Bakı, Peterburq, Kiyev, Saratov, İstanbul, Paris, Daşkənd və başqa şəhərlərdə ədəbi-mədəni mühit, Rusiya imperiyasının çöküşü, yeni həyat, müstəqillik uğrunda mübarizə, görkəmli ədiblər, sənət adamları ilə yeni tanışlıqlar, onlarla fikir mübadiləsi, ayrı-seçkiliyə, ədalətsiz təzyiq və təpkilərə məruz qalması sənədlər, faktlar əsasında tamlığı, bütövlüyü ilə təqdim edilmişdir. Müəllif repressiya dövründə Yusif Vəzirin çəkdiyi əzablara diqqət çəkərək yazır: "1938-ci ildən işlədiyi yerlərdən ixtisara salınan ədib köhnə sənətinə - vəkilliyə qayıdır, üç ay vəkil işlədikdən sonra yenə ixtisar adı ilə işdən azad edilir. Dolanacağı çətinləşən yazıçı ona haqsız münasibət haqqında yuxarı təşkilatlara ərizə ilə müraciət edir: "...Talesizliyimə Kərəm dədə kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır. Bunların günah nədir, bilmirəm... Mən maddi kömək istəyirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam..."
Kamran müəllimin monoqrafiyasından oxuyuruq ki, sovet rejimi "hər bir yazıçıya verilən şərait və imkan"dan Yusif Vəzirə qıymayıb, ədibə ikili standartlar, "biz və onlar" prinsipləri ilə yanaşıb. Nəticədə böyük yazıçı vətənindən uzaqlara, Qorki vilayətinin Suxobezvodnaya kəndinə sürgün olunub, ailəsi ilə görüşlərə icazə verilmədən əzablara, zülmlərə məhkum edilib və qürbətdə dünyasını dəyişib.
Kamran müəllim nəcib insan, məğrur şəxsiyyət və xeyirxah alim idi. Onun gənclərə diqqət və qayğısından vaxtilə faydalananlardan biri də bu yazının müəllifidir. Təxminən 1985-ci ilin sentyabr ayı idi. Dissertasiya mövzumun müəyyən edilməsi ilə əlaqədar XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri Kamran Məmmədovla görüşməyimi məsləhət bildilər. Nahar vaxtı olduğu üçün Kamran müəllim şöbədə tək idi. Özümü təqdim edib məramımı bildirdim. Mehriban, gülümsər çöhrəsində bir ciddilik yarandı. Ani düşündükdən sonra mənə ərəb qrafikasını bilməyim barədə sual verdi. Bakı Dövlət Universitetində iki il fars dili fənnini öyrəndiyimi dedim. "Zənbur" və "Babayi-Əmir" jurnalları haqqında suallarına cavablarım da deyəsən Kamran müəllimi razı salmışdı. Şöbənin əməkdaşları yığışaraq Kamran müəllimin sədrliyi ilə iclas keçirdilər. Yığıncaqda dissertasiya mövzumun və elmi rəhbərimin təsdiq olunması institutun Elmi Şurasına tövsiyə edildi. Hər şey elə sürətlə baş verdi ki, təəccübümü gizlədə bilmirdim. Kamran müəllim örnək olmağa layiq mərd, nəcib insan, görkəmli ədəbiyyat tarixçisi idi.
Uzun sürən ağır xəstəlik, amansız əcəl müharibənin odundan-alovundan sağ-salamat çıxmış, məşəqqətlərə mərdliklə sinə gərmiş, məğrur insanı hər zaman köməyə, qayğıya möhtac olan gənc tədqiqatçılara çox gördü... Kamran müəllim 1989-cu il aprelin 6-da dünyasını dəyişdi.
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Dadaş oğlu Məmmədovun ədəbiyyat tariximizin xəzinəsini zənginləşdirən, aktuallığı və müasirliyi ilə gənc tədqiqatçılar üçün istinad mənbəyinə çevrilən monumental monoqrafiyaları haqlı olaraq elmi cameədə qəlbimizi qürur və iftixar hissi ilə döyündürən "Ədəbiyyatşünaslığımızın Qarabağnamələri" adlandırılır.
Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor