2025-ci ilin may ayında görkəmli alim və pedaqoq, Bakı Dövlət Universitetinin (BDU) Fiziki elektronika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Şahvələd oğlu Abdinovun anadan olmasının 80 illiyi tamam olur.
Ə.Abdinov 30 may 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olub. 1963-cü ildə M.Sidqi adına Ordubad şəhər orta məktəbini "əla" qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə daxil olub. Tələbə olarkən təhsildəki yüksək göstəricilərinə görə həmin dövrün ən yüksək təqaüdü olan "Lenin təqaüdü"nə layiq görülüb və 1968-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildə BDU-nun Fiziki elektronika kafedrasında aspiranturaya daxil olub və aspirantura təhsilini keçmiş SSRİ Elmlər Akademiyasının Fizika-Texnika İnstitutunda (Sankt-Peterburq şəhəri) alıb. O, 1972-ci ildə "Germanium yarımkeçiricisində qeyri-əsas qızmar yükdaşıyıcıların təbiəti" mövzusunda namizədlik dissertasiyası mudafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fizika üzrə fəlsəfə doktoru), 1979-cu ildə "Laylı AIIIBVI birləşmələri tipli qeyri-bircins kristal yarımkeçiricilərdə elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası mudafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi, 1979-cu ildə dosent, 1981-ci ildə professor elmi adları alıb.
Ə.Abdinov 1972-ci ildən başlayaraq, BDU-da assistent (1972-1975), baş müəllim (1975-1979), dosent (1979-1981), professor (1981-ci ildən) və Fizika fakültəsinin dekanı (1988-1989) vəzifələrində çalışıb, 1992-ci ildən Fiziki elektronika kafedrasının müdiridir. O, 1985-2007-ci illərdə paralel olaraq həm də Fiziki elektronika kafedrasının nəzdində fəaliyyət göstərən "Bərk cisim elektronikası" Elmi-Tədqiqat Laboratoriyasının elmi rəhbəri, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Təhsil (indiki Elm və Təhsil) nazirinin müavini olub və müəyyən müddətlərdə nazir vəzifəsini icra edib. O, həmin dövrdə dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasında milli dərsliklərin, ali və orta ixtisas təhsili üzrə standartların, tədris planlarının, ixtisas klassifikatorlarının və təhsilin normativ-hüquqi bazasının yaradılmasında fəallıq göstərib.
Ə.Abdinovun elmi fəaliyyəti əsasən ifrat yüksəktezlikli elektrik sahəsi ilə yaradılan qızmar yükdaşıyıcıların və qismən nizamsız yarımkeçirici kristallarda və nazik təbəqələrdə, eləcə də onların əsasındakı diod strukturlarında elektron proseslərinin tədqiqi və elektron sistemləri üçün funksional elementlərin hazırlanma texnologiyasının müəyyən edilməsi ilə əlaqədardır. O, ilk dəfə olaraq yarımkeçiricilərdə qızmar elektronlar hesabına yaranan "Benediks effekti"ni müşahidə etmiş, yetişdirmələri və həmkarları ilə birlikdə monokristal yarımkeçiricilərdə anomal fotokeçiricilik, fotoelektrik və elektrik yorulma hadisələrini aşkar emiş, nadir torpaq elementləri ilə aşqarlamaqla qismən nizamsız yarımkeçirici kristalların nizamsızlıq dərəcəsinin idarə olunması mümkünlüyünü göstərmiş, kiçik Holl yürüklüyünə malik yarımkeçiricilərdə sərbəst yükdaşıyıcıların elektrik sahəsi ilə qızmasını müşahidə etmiş və səbəbini aydınlaşdırmışdır. Ə.Abdinovun uzun illər ərzində əldə etdiyi elmi nəticələr bu gün də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir və bu sahədə tədqiqatların aparılması üçün prioritet istiqamətlərin müəyyən edilməsi baxımından böyük maraq və əhəmiyyət kəsb edir.
Ə.Abdinov Azərbaycan Respublikasında və xarici ölkələrdə nəşr edilən elmi jurnallarda dərc edilmiş 450-dən çox, o cümlədən beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 150-dən çox elmi əsərin, ali məktəblər üçün 6 irihəcmli dərslik və dərs vəsaitlərinin, optoelektronika sahəsində 2 beynəlxalq statuslu kəşfin müəllifidir. O, bir çox elmi monoqrafiyaların, kitabların, metodik göstərişlərin və dərs proqramlarının elmi redaktoru və rəyçisi olmuş, Azərbaycan, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Özbəkistan, Fransa, Türkiyə, İran İslam Respublikası və digər ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş, məruzələrlə çıxış edərək Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Professor Əhməd Abdinovun elmi və pedaqoji fəaliyyəti bir-biri ilə vəhdət təşkil edir. O, ölkəmizdə yüksəkixtisaslı kadr potensialının formalaşmasında, fizika elminin dərinliklərinə bələd olan səriştəli mütəxəssislərin yetişdirilməsində də mühüm xidmətlər göstərib. Onun elmi rəhbərliyi altında fizika üzrə 30 nəfər fəlsəfə doktoru və 7 nəfər elmlər doktoru hazırlanmışdır. Görkəmli alimin uzun illər elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri verən müxtəlif dissertasiya şuralarının həmsədri, elmi katibi və üzvü olmuş, çoxsaylı dissertasiya işlərinə rəsmi opponentlik etmişdir. Onun elmi rəhbərliyi ilə hazırlanmış kadrlar hazırda respublikamızın və bir sıra xarici ölkələrin elm və təhsil müəssisələrində uğurla çalışır və elmi-tədqiqat işlərini müvəffəqiyyətlə davam etdirirlər.
Ə.Abdinov 1976-cı ildə elm və texnika sahəsində həmin dövrün ən yüksək mükafatlarından hesab edilən "Respublika Lenin Komsomolu Mükafatı" laureatı adına layiq görülüb. 2019-cu ildə 3-cü dərəcəli "Əmək" ordeni və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)", 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib. 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü, 2009-cu ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric Universiteti) tərəfindən "İlin 100 alimi"ndən biri və Amerika Beynəlxalq Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" seçilib, BDU-da "İlin alimi" (2005) və "İlin müəllimi" (2017) nominasiyalarına layiq görülüb. Müxtəlif illərdə BDU-nun və Elm və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.
Professor Ə.Abdinov genişmiqyaslı ictimaiyyət, o cümlədən çalışdığı Bakı Dövlət Universitetinin kollektivi arasında möhkəm əqidəli, öz fikrinə, mövqeyinə inamlı və sadiq olan bir şəxsiyyət kimi tanınır. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu daim müdafiə edib və bu kursun uğurlu davamı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Professor öz işində prinsipialdır, haqsızlıqla və ədalətsizliklə barışmazdır, həmişə obyektiv həqiqət axtarışındadır. Elə bu prinsipiallığın və obyektivliyin nəticəsidir ki, o, uzun illər boyunca çalışdığı kollektivin və tələbələrin rəğbətini, dərin hörmət və ehtiramını qazanıb.
Bir danılmaz həqiqətdir ki, yubiley insan üçün Vətən, millət, dövlət qarşısında, yaşadığı cəmiyyətə, el-obasına, çalışdığı kollektivə, həm də ailəsinə, böyüdüb boya-başa çatdırdığı övladlarına, nəvələrinə verilən bir hesabatdır. Bu gün Əhməd müəllim də 80 illik yubileyi ərəfəsində görkəmli alim, peşəkar müəllim, bacarıqlı elm təşkilatçısı, ictimai xadim, dövlətçiliyə sadiq bir vətəndaş kimi hesabat verir. Heç şübhə yoxdur ki, əvvəlki illərin yubiley hesabatları kimi, onun bu hesabatı da yüksək səviyyədə qiymətləndiriləcəkdir.
Professor Əhməd Şahvələd oğlu Abdinov bu gün də, yəni ömrünün bu müdriklik çağında da özünün səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətini uğurla davam etdirir. Biz ona insan üçün ən gözəl və dəyərli nemət olan möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Yubileyiniz mübarək olsun, əziz Əhməd müəllim!
Növbəti yubileylərə gedən yolunuz işıqlı və açıq olsun!
Aydın KAZIMZADƏ,
Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü