“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Goranboy rayonunda icra vəziyyəti, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların inkişaf perspektivləri araşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul əməkdaşı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyi, eləcə də rayonda yaradılmış qərargahın üzvləri bir sıra kənd təsərrüfatı müəssisələrində olublar.
Səfər çərçivəsində ərzaqlıq buğda və pambıq istehsalı, günəbaxan yağı istehsalı müəssisəsinin genişləndirilməsi, intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilən layihələrə baxış keçirilib.
Bildirilib ki, “Region Aqro” MMC tərəfindən 727 hektar sahədə 15 ədəd pivot suvarma sisteminin quraşdırılması yolu ilə 8895 ton ərzaqlıq buğda istehsalı, yəni hər hektardan 60 sentner məhsuldarlığın əldə olunması hədəflənir. Hazırda 727 hektar ərazidə pivot suvarma sistemlərinin quraşdırılması, ərzaqlıq buğda əkini üçün nəzərdə tutulan hazırlıq işləri və zəruri kənd təsərrüfatı texnikalarının alınması yekunlaşdırılıb.
Digər sahibkar Fərid Əkbərzadə tərəfindən isə 208 hektar sahədə 4 ədəd pivot suvarma sisteminin quraşdırılması yolu ilə 1500 ton məhsul, yəni hər hektardan 50 sentner buğda əldə olunması nəzərdə tutulur. Təsərrüfatda 48 hektar ərazidə nəzərdə tutulan işlər yekunlaşdırılıb və həmin sahədə 1 ədəd pivot suvarma sistemi quraşdırılıb. Hazırda 160 hektar ərazidə müvafiq işlər davam etdirilir.
Sahibkar Arzu Məmmədov günəbaxan yağı istehsalı müəssisəsinin genişləndirilməsi layihəsi çərçivəsində istehsal gücünün illik 0,1 milyon litrdən 0,18 milyon litrə çatdırılması nəzərdə tutulur. Hazırda günəbaxan yağı istehsalı üçün zəruri avadanlıqların alınması məqsədilə Çin Xalq Respublikasının müvafiq şirkətləri ilə danışıqlar aparılır. Avadanlıqların 2026-cı ilin sentyabr-dekabr aylarında alınması planlaşdırılır.
Rayonda intensiv bağçılığın inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. “Mira” MMC tərəfindən intensiv meyvə bağlarının sahəsinin əlavə 17 hektar artırılaraq 145 hektara çatdırılması, məhsuldarlığın 190,9 sentnerə, məhsul istehsalının isə 1806,08 tondan 27680,5 tona çatdırılması hədəflənir. Layihə çərçivəsində əlavə 15 hektar torpaq sahəsinin əldə edilməsi məqsədilə danışıqlar aparılır. Həmçinin 2027-ci ilin yanvar ayında Türkiyə Respublikasından meyvə ağaclarının sifariş edilməsi planlaşdırılır. Sahibkar Kamal Kərimov tərəfindən isə intensiv meyvə bağlarının sahəsinin əlavə 100 hektar artırılaraq 220 hektara çatdırılması, məhsuldarlığın 190,9 sentnerə, məhsul istehsalının isə 1 639,2 tondan 41 998 tona çatdırılması nəzərdə tutulur.
Heyvandarlıq sahəsində də istehsalın artırılmasına yönəlmiş layihələr həyata keçirilir. Fermer Elmir Mustafayev tərəfindən Macarıstandan 108 baş südlük heyvanın gətirilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsi nəticəsində süd istehsalının 521 tondan 1133 tona çatdırılması gözlənilir. Sahibkar Kərimov Kamal Camal oğlu tərəfindən isə Avstriyadan 500 baş cins ətlik heyvanın alınaraq təsərrüfatdakı heyvanların sayının 1080 başa çatdırılması və ət istehsalının 159,5 tondan 297 tona yüksəldilməsi hədəflənir. Hazırda hər iki təsərrüfatda heyvanların alınması ilə bağlı araşdırmalar aparılır. Müvafiq işlərin 2028-ci ilin fevral və noyabr aylarında başa çatdırılması planlaşdırılır.
Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılıb, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Təsərrüfatlara baxış keçirildikdən sonra Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib.
İclasda Goranboy rayonunda Dövlət Proqramının icrasının təmin edilməsi, mövcud imkanlardan daha geniş istifadə olunması və qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.