29 İyul 2015 01:07
1156
İQTİSADİYYAT
A- A+
GİLAS MÖVSÜMÜ TƏRƏZİNİN GÖZÜNDƏ

GİLAS MÖVSÜMÜ TƏRƏZİNİN GÖZÜNDƏ

 Bu ilin ölkədə “Kənd təsərrüfatı ili” elan olunması səbəbsiz deyil. Bir çox ekspertlər neftin qiymətinin aşağı düşməsi səbəbindən planetar miqyasda yaranan iqtisadi problemlərin həllində aqrar sektorun inkişafının əvəzsiz rol oynaya biləcəyinə əmindirlər. Bu baxımdan Azərbaycanın aqrar sektoru misilsiz inkişaf şanslarına malikdir. Nəhəng su anbarlarının tikilməsi, böyük əraziləri əhatə edən suvarma sistemlərinin, kənd təsərrüfatında tamamilə yeni sahələrin - aqroparkların, loqistik mərkəzlərin təşkili, dünya bazarında rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə önəm verilməsi və nəhayət, müasir aqrar biliklərin uğurlu tətbiqi, xarici bazara çıxarılan məhsulların siyahısının və həcminin genişləndirilməsi aqrar sektorda müsbət nəticələrin əldə olunmasına etibarlı zəmin yaradır. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışının konstruktivliyi və bir qədər tənqidi yanaşma ilə seçilməsi də iqtisadi, o cümlədən aqrar islahatların bütün istiqamətlərdə daha səlis aparılması məqsədinə xidmət edir. 

Bu baxımdan kənd təsərrüfatında reallıqları dəyərləndirmək və perspektivləri aydınlaşdırmaq üçün yalnız bir məhsulun - gilasın bağdan piştaxtaya qədər keçdiyi yolu izlədik. Uğurlarımızın daha dayanıqlı, islahatların isə daha sürətlə həyata keçirilməsi üçün atılması vacib olan amilləri üzə çıxarmağa cəhd etdik.

 

Gilas bağları

 

Əvvəlcə onu deyək ki, ölkənin şimal bölgəsində meyvəçiliklə məşğul olan fermerlər bir qayda olaraq alma yetişdirirdilər. Yaranan bolluq onların xeyrinə işləmədi və məhsulun satışında problemlər yarandı. Son bir neçə ildə aqrar sektorda tətbiq edilən yeniliklər, dövlətin fermerlərə hərtərəfli yardımı və bazarda tələbat yüksək olan məhsulların yetişdirilməsinə artan maraq ölkənin şimal bölgəsində min hektarlarla gilas bağlarının salınmasına təkan verdi.
Hər şeyi öz gözlərimizlə görmək üçün Qubaya yola düşürük. Qoşqar Quliyevin gilas bağını gəzirik. Bir hektar sahəsi var. Amma bu il gilas tutmayıb, keçən il də belə olub. Hələ altı il də bu bağ bəhər verməyəcək. Təzə salınıb, qələmlərin cəmi iki yaşı var. Qoşqar danışır ki, bağ da uşaq kimidir, qayğısını çəkəsən gərək, böyüdəsən və ümidlə gözləyəsən ki, bəlkə nə vaxtsa üzünü ağartdı. Bağ 8-10 ilə bəhərə düşür. Hər il də pul xərcləmək lazım gəlir, suvarmaya, ağacların dibini kərkiləməyə, quruyan qələmlərin yerinə təzəsini əkməyə. Bu da ciddi məbləğdir, lakin alma ilə müqayisədə gilas bağının xərcləri bir neçə dəfə azdır, gəliri də bir o qədər çox olur. Amma bağ bəhərə düşənədək nə qədər xəsislik etsən də, işlərin bir qismini özün görsən də xərcin 10 min manatı aşır.
Qubanın aşağı kəndlərində, Xaçmazda bağları bəhərə düşən fermerlər 7-8 ildə bağa çəkdikləri xərci bu il bircə dəfəyə çıxartdılar. Ancaq hər bağ kəndliyə belə sevinc bəxş etmir. Ötən ilkindən fərqli olaraq bu mövsümdə gilas əkib becərənlər qazanclarına əməlli-başlı sevinə bildilər.
Lakin gilas bağlarına baş çəkməkdə əsas məqsədimiz fermerlərin builki sevinci ilə bölüşmək yox, bu giləmeyvənin bağda və paytaxtdakı piştaxta qiymətləri arasındakı fərqin nə səbəbdən iki dəfəyə, bəzi hallarda isə üç dəfəyədək artmasını araşdırmaqdır. Fermerlərin bir çoxu əmindirlər ki, qiymətin bağdan bazara gedən yolda bu qədər şişməsinə səbəb məhsulun son mənzilə çatanadək əldən-ələ keçməsi, yəni bir neçə dəfə alınıb satılmasıdır.
Ən aşağı qiymətə - bir manata yerli gilas növləri satılıb.

 

Qiymətlər haqqında bir neçə kəlmə

 

Bu il mövsümün əvvəlində gilasın bağlardan topdansatış qiyməti 2,4 manatdan 3,4 manata kimi olub. Bir qədər sonra isə gilas bağlardan 1,4 -1,8 manat arasında satılıb. Ən baha qiymətə “İtalyanka” və “Moldavanka” növləri satılıb. Mövsümün sonuna doğru bağlarda gilasın ən aşağı qiyməti bir manat ətrafında olub. Qubada fermerlər danışırlar ki, əslində iri gilası yetişdirmək üçün ağaclara yaxşı qulluq etmək və bir qədər də gübrə vermək lazımdır. Belə giləmeyvələrin tamı, şirinliyi yerli gilas növlərinə çatmasa da, bazarda onlara tələbat güclüdür. Satmaq asandır. Rusiyaya yalnız seçmə gilas aparırlar. Gilasa qulluq etməkdə xaçmazlıların təcrübəsi daha çoxdur, meyvələri də yaxşı satılır.

Şimal bazarı

Əvvəlcə onu deyək ki, fermerin iki bazarı var: xarici və daxili bazar. Xarici bazar ənənəvi Rusiya bazarıdır. Ən keyfiyyətli, gözəgəlimli məhsul yığılır və Rusiyada artıq uzun illər təcrübəsi və müəyyən imkanları olan özəl sahibkarlar tərəfindən daşınır. Gilas tez xarab olan məhsul olduğu üçün yalnız həm maddi imkanları, həm də böyük təcrübəsi olanlar bu ticarətlə məşğul olmağa cəsarət edirlər. Vaxt var idi ki, belələrinə tüfeyli, alverçi deyər, kolxoz bazarlarına girişini çətinləşdirərdilər. Lakin bu gün onlar risk tələb edən peşənin sahibləri kimi müəyyən nüfuz qazanıblar, fermerlərə lazımdırlar. Çünkü onlar Şimal bazarlarına yaxşı bələddir, məlumatlıdırlar, müəyyən əlaqələri, malı müxtəlif şəhərlərdə soyuducularda saxlamaq imkanları var. Bir sözlə, bir ayağı meyvə bağlarında, bir ayağı da Rusiyada olan adamlardır. Qazanmaq şansları olsa da, risk kifayət qədər yüksəkdir. Digər tərəfdən, son illərdə yetişdirilən gilasları soyuducuda bir aya yaxın saxlamaq mümkündür.
Rusiya bazarı ilə işləyənlər əlləri gətirəndə heç vaxt bunu açıb ağartmır, bir qayda olaraq bazarların bolluğundan gileylənir, alverin ölməsi ilə bağlı rəvayətlər uydururlar. Əslində bu da başadüşüləndir. Əgər tərifləsələr, hamı malını maşına vurub cumacaq Şimala. Yəni rəqabət həqiqəti pərdələməyə sövq edir.
Reallıqda isə Rusiyaya çıxış asanlaşan kimi daxili bazar işə düşür, qiymətlər qalxır, mal axını güclənir. Son bir neçə ildə Rusiyanın Qərblə gərginləşən münasibətləri, siyasi çəkişmələrin zəminində tətbiq edilən qarşılıqlı sanksiyalar Avropa bazarından Rusiyaya ixrac edilən meyvə-tərəvəzin azalmasına səbəb oldu və Azərbaycan fermerlərinin Şimal bazarına çıxışı nisbətən asanlaşdı. Statistik rəqəmlər bu fərqin o qədər də yüksək olmadığını göstərir.
Buna da səbəb, sanksiyaların tətbiq edilməsinə baxmayaraq, sənədlərdə digər ölkələrə göndərilməsi göstərilən kənd təsərrüfatı məhsullarının külli miqdarda Rusiyaya daxil olması və yerli bazarlara satışa çıxarılmasıdır. Rusiya Prezidentinin Nazirlər Kabineti ilə birlikdə sərhəddə tutulan qeyri-qanuni ərzaq məhsullarının əvvəlki kimi gəldiyi ünvana qaytarılması əvəzinə birbaşa müsadirə edilərək yerindəcə məhv edilməsinin müzakirə etməsi məsələnin ciddiliyindən xəbər verir.
Belə bir vəziyyətdə Azərbaycanda yeridilən düzgün, çevik, müasir aqrar bilik və təcrübəyə əsaslanan kənd təsərrüfatı siyasəti xarici ticarət dövriyyəsinin artmasına xidmət edir. Bu gün ölkədə bir neçə aqroholdinq, nəhəng aqromüəssisələr yaradılıb, 25 adda kənd təsərrüfatı məhsulları ixrac edilir, meyvə emalında ixtisaslaşan 80-dən yuxarı müəssisənin istehsal gücü ildə 750 milyon şərti banka meyvə-tərəvəz konservləri istehsal etməyə imkan verir.
Azərbaycanda xarici bazara mal tədarükü daxili bazara nisbətən daha sivil qaydalarla aparılır. Gilasın xarici bazara çıxışını araşdırarkən gördük ki, daxili bazardan fərqli olaraq məhsul 3-4 dəfə əldən-ələ keçmir. Məsələn, tədarükçülər təhvil verdikləri hər kiloqram gilasdan 20 qəpikdən artıq pul almırlar. Bu, artıq bir qayda kimi qəbul olunub. Bu işlə birinci dəfə məşğul olan Samir Behbudov danışır ki, mal alanlar bütün işləri özləri görə bilmir. Ona görə də ürəkləri qızan adama gilas tədarükünü etibar edirlər. Elə gün olur bir, bəzən də iki ton gilas tədarük etmək olur. Xərclərimizi çıxanda 100, 150 manat arası əlimizdə pul qalır. Lakin bəzən iri gilası üstdən, xırdanı altdan vurub bizi aldadırlar. Onda ziyanımız olur. Belə malı yerli bazarda aldığımızdan bəzən iki dəfə ucuz satmağa məcbur oluruq. İstənilən halda mövsümdə əziyyət çəksən, mal tədarükündən 3-4 min manat qazana bilərsən.
Gilasın bağlarda topdansatış qiymətinin mövsümün əvvəlindən bir müddət keçəndən sonra iki dəfəyə yaxın düşməsini görüşdüyümüz bağ sahiblərindən bəziləri belə izah edir ki, soyuducuya Rusiya üçün mal yığanlar sözü bir yerə qoyub 3-4 gün heç nə almadılar. Bu da bazarı öldürdü. Biz də bilirik ki, 3-4 günə məhsulumuza alıcı tapmasaq, bütün əziyyətimiz hədər gedəcək, hələ üstəlik ziyana da düşəcəyik. Ona görə neçəyə gəldi satmağa məcbur olduq. Amma yenə pis deyil, qiymətlər yaxşıdır. Bağına yüksək səviyyədə qulluq edən fermerlərin hektardan 20 min manatdan çox qazandığını öyrəndik.
Soyuducuların necə işləməsini yaxşı bilən Nəbi Zamanovla zəngləşib fermerlərin gileyinin nə dərəcədə haqlı olması ilə maraqlanırıq. Doğrudandamı, bu il soyuducu sahibləri sözü bir yerə qoyub, bazarda gilasın qiymətini öldürüblər?
Nə danışırsınız?! - deyir. - Bazarda hamı qazanmaq istəyir. Biz də bilirik ki, gilas mövsümü 20-30 gün çəkir. Yəni doğma qardaşlar istəsələr belə sözü bir yerə qoyub 4-5 gün fasilə verərək mal almaya bilməzlər. Bu, mümkün deyil! Gilasa tələbat varsa, hamı alıb satır, bazar işləyir. Çünki hər günün, hər saatın öz hökmü var. Heç kim qazanmaq şansını itirməz. Rusiyaya mal əvvəl çox, həm də xeyli baha daşındı. Orada bazar dolan kimi qiymətlər endi, buradan mal vuranların da sayı azaldı. Gilası alan yoxdursa, soyuducular onu kimin üçün tədarük etməlidir?
Rusiyanın müxtəlif şəhərləri ilə əlaqə saxlayırıq. İrkutskda, Tümendə, Moskvada ən iri gilasın qiyməti Bakıdakına yaxındır! Nisbətən kiçik şəhərlərdə, Tümen vilayətində Megionda, Moskva ətrafındakı Kovrovda gilas Bakıya nisbətən ucuzdur. Söhbət gilasın ən iri növündən gedir.
Səbəbini araşdırmaq üçün Bakının müxtəlif yerlərində pərakəndə satış nöqtələrində qiymətləri bir də nəzərdən keçiririk. Ən iri gilas demək olar ki, mövsümün əvvəlindən axırına kimi əsasən beş manata satıldı. Nisbətən kiçik, lakin yaxşı gilasları ölçüsünə görə dörd, üç, iki manat yarıma almaq mümkün idi. Yarmarkalarda, metro həndəvərlərində, həyətlərdə gilası bir qədər ucuz satsalar da, “halal tərəzi” deyib qışqıranlar qiymətdə itirdiklərini haram çəkidə qaytarıb yerinə qoyurdular. Manat yarıma gilas alanlar isə keyfiyyətdən gileyli qalıblar. Kimə də “bir az aşağı ver” desən and içirlər ki, mümkün deyil, özləri aldıqları malın üstünə qəpik-quruş qoyub satırlar. Gilasın satışını bağdan paytaxta kimi izləyəndə aydın olur ki, öz malını gətirib satan fermer azdır. Bu yol uzun olduğu qədər də qəliz və çətin imiş. Yəni “aldım qoz, satdım qoz” məsələsi deyil.

 

Birinci əl - “Al qapında, sat qapında” 

 

Bağ sahiblərindən biri Rəşidlə Qubada gilas ağacının dibində oturub söhbət edirik. Bazara niyə mal çıxarmaması ilə maraqlanırıq. Danışır ki, 12 sot gilas bağı var, meyvəsi də pis deyil. Ailəsi ilə yığıb çatdıra bilmir, hərənin öz işi-gücü var. Fəhlə tutmağa məcburdur, amma 4-5 nəfərdən artıq fəhləyə gücü çatmır. Yəni onları hər gün səhər tezdən gedib gətirmək, yeməklərini vermək, axşam isə haqq-hesab çəkib gördükləri işin dəyərini ödəmək, evlərinə aparmaq lazımdır:
- Fəhləyə pis baxsan, gəlməyəcək, adın çıxsa ki, xəsissən, kimsə sənin bağında işləməz. Elə gilas dərənlər var ki, ailəliklə bu işlə məşğul olurlar, sənətkar kimi ad qazanıblar. Bağ sahibləri ziyana düşən illərdə belə, gilas dərənlər yaxşı qazanır. 5 nəfərlik bir ailə gündə 400-500 kiloqram gilas dərə bilir. Bir kiloqram gilasın orta dərim qiyməti 30 qəpikdir, ancaq fəhlə qıtlığı yarananda qiymət 40 qəpiyədək qalxır. Bir ailə əgər zəhmətkeşdirsə gündə 100-200 manat, mövsüm ərzində 3-5 min manat qazana bilər. Biz fermerlər hər il bu pulu qazana bilmirik. Yəni bizim bazara çıxmağa nə imkanımız, nə də vaxtımız var. Bizə məhsulu qapımızda nağd pula satmaq sərf edir.
Söhbət etdiyimiz bir neçə fermerin dediklərindən belə qənaətə gəlmək olur ki, onlar məhsullarını bazarda satmaq marağında deyillər. Kəndlinin bağı nə qədər böyük, məhsulu nə qədər çoxdursa birbaşa satışla məşğul olmağa da vaxtı bir o qədər azdır. Gündüz onlar gilas bağında dərimə nəzarət edir, fəhlələrlə məşğul olur, axşam yığdığı məhsulu alıcılara birbaşa bağdan satırlar. Mövsümün əvvəlindən axırınadək bir dəqiqə boş vaxtları olmur. Ona görə də onlar üçün ən yaxşı variant “Al qapında, sat qapında” atalar sözünə əməl etməkdir. Qapında satanda gəlirin az olsa da ziyandan özünü sığortalayırsan, əlində-ovcunda nəsə qalır. Bazara həyətyanı sahəsində 5-10 ağacı olanlar üz tutur.

 

İkinci əl - Qubanın gecə topdansatış bazarı

 

Gilasın Bakıyadək dəfələrlə alınıb satılmasını, əldən-ələ keçməsini deyən fermerlərin nə dərəcədə haqlı olduğunu yoxlamaq üçün gecə Quba bazarına baş çəkirik. Burada alış-veriş gecə saat 12-dən sonra başlayır. Səbəbi də odur ki, kəndlilər gündüz gilası yığır, axşama yaxın qapılarında satan satır, sata bilməyən də malı xarab olmasın deyə Quba bazarına üz tutur. Ona görə də bazar gecə yarıdan sonra işə düşür. Bakıdan əsas alıcılar 2-3 tonluq maşınlarla gəlir. Alver də bir qədər qərəzli gedir. O saat mal almırlar. Gəzirlər, soruşurlar, qiyməti öldürürlər. Gecə saat ikidən sonra mal satanların nigarançılığı artır, qorxurlar ki, sata bilməyəcəklər, qiymətdə düşməyə məcbur olurlar. Quba bazarında mövsümün axırına az qalmış gilasın topdansatış qiyməti 70 qəpiklə 1 manat 20 qəpik arasında oynayırdı. Bəzən elə olub ki, qapısında bir manata rahat satdığı gilasa Quba bazarında fermer heç 70 qəpiyə də müştəri tapa bilməyib. Məcbur qalıb kilosunu 60 qəpikdən satıb gedib. Bu pulun 30-35 qəpiyi ilə xərclərini bağlayan kəndlinin əlindəki qazancı da göz dağına çevrilir. Hesab elə ki, malı tullayıb getmisən.
Qubanın gecə bazarına gilas iki istiqamətdən daşınır. Birincilər həyətyanı sahələrinin məhsulunu gətirirlər. Yerli alverçilərin də bura üz tutduqları vaxt olur. Rusiya bazarı üçün yığılan, lakin sifarişçiləri keyfiyyətinə görə qane etməyən gilası da tədarükçülər bu bazara çıxarmaq məcburiyyətində qalırlar.
Bazarda öz malını satanları xeyli axtarırıq. İki əmi oğlu - orta məktəb şagirdi Bəkir, universitet tələbəsi Mətinlə birlikdə bağlarındakı 7-8 ağacın meyvəsini 3-4 gündür ki, bazara çıxarırlar. Təzə-təzə bazara ayaq bassalar da, özlərini naşı kimi aparmır, deyə-gülə müştərilərlə danışır, gilaslarını tərifləyib tac kimi başlarına qaldırırlar. 90 qəpikdən aşağı satmayıblar, 1 manat 20 qəpiyə də satdıqları vaxt olub. Sevinirlər ki, ticarətləri alınıb, valideynləri həyətyanı sahələrindən bu il min manata yaxın xeyir götürəcək.
Soyuducular üçün gilas tədarük edən Samir Behbudovla yenidən rastlaşırıq. Danışır ki, soyuducu 20 yeşik gilasını geri qaytarıb:
-Yoxladılar, gördülər ki, yeşiklərə altdan xırda, üstdən iri gilasları yığıblar. Dünən sizə danışdığım bu gün başıma gəlib. Özümüz kilosunu 1 manat 40 qəpiyə almışdıq, indi heç 80 qəpik də verən yoxdur. Gərək alanda özümüz yoxlayaydıq.
- Aparın qaytarın yiyəsinə. - Təklif edirik.
- Yox, onda başqaları bizə gilas satmaz. Sabah gileylənərik, 5-10 qəpik qiymətdə düşərlər, səhvlərini də boyunlarına alarlar. İşimiz pozulmaz. Bir hektar alma bağımdan keçən il min manat qazana bilmədim, bu il özgə malını tədarük etdik, 2-3 min manat qazandıq.

 

Üçüncü əl - Bakının topdansatış bazarları

 

Qubadan 2-3 tonluq maşınlarda Bakıya gilas daşıyanların əksəriyyəti malı paytaxt bazarlarında obaşdan yeşiklə topdan təkrar satırlar. Yəni bu minvalla da dərilən gilas bağdan alıcıya çatanadək 2 dəfə də satıla bilər, 3-4 dəfə də əldən-ələ keçə bilər. Bu isə o deməkdir ki, bağdan - istehsalçıdan alınan malın istehlakçıya çatanadək qiyməti durmadan sürətlə artır. Rusiya bazarına mal tədarükündə müəyyən qaydalar olsa da, daxili bazarda “tutdu qatıq, tutmadı ayran” prinsipi ilə işləyirlər. Bakı bazarlarına çıxarılan məhsulun heç də hamısı birbaşa istehlakçıya çatmır. Burada da onu dükanlar, qapısında tərəzi qoyub özünə gün ağlayanlar alır, üstünə yenə 50-60 qəpik qoyub pərakəndə satışa çıxarırlar.
Belə çıxır ki, xaricə satılan məhsul cəmi bir əldən çıxır və artıq ikinci əldə istehlakçıya çatırsa, daxili bazarda müəyyən qaydaların olmaması və sovet ticarət sisteminin dağılması səbəbindən istehlakçıya çatanadək bir neçə dəfə əldən-ələ keçir. Ona görə də biz istehlakçılar Qubada bağda bir manata, gecə bazarında 60-70 qəpiyə satılan gilası Bakıda 3 manata almağa məcburuq. Bu ticarət zəncirindəki ikinci, üçüncü və dördüncü əlləri aradan çıxarmaq mümkün olsaydı, paytaxtda gilas elə Rusiyadakı qiymətə olmazdı. Biz manat yarıma, iki manata da ən yaxşı gilası alıb yeyə bilərdik. Özü də ailə büdcəmizə heç bir ziyan vurmadan aldığımız meyvə-tərəvəz iki dəfəyə yaxın ucuz ola bilərdi. Pulumuz bərəkətli, ruzimiz daha bol olardı. Manatın alıcılıq qabiliyyəti artardı.

 

Çıxış yolu

 

Gilas mövsümü başa çatdı, amma daxili bazarda satışla bağlı problemlər qaldı. İndi bazara digər meyvələr daşınır. Yenə də biz bir neçə dəfə alınıb satılan meyvələrin pulunu dəyərindən xeyli artıq ödəmək məcburiyyətində qalacağıq. Əsas problem bağla bazar arasındakı qiymət fərqinin böyüklüyündədir. Bu nə istehlakçının, nə də istehsalçının xeyrinədir. Onlar mallarını nisbətən ucuz satmağa, biz isə ürəyimiz istəyən mer-meyvəni istehsalçının topdansatış qiymətindən bir neçə dəfə baha almağa məcburuq. Alanla istehsal edənin xeyrinə olmayan bir hal isə mahiyyət etibarı ilə hamının, o cümlədən ölkə iqtisadiyyatının da ziyanınadır. Çıxış yolu varmı? İnkişaf etmiş ölkələrdə aqrar sektorda satış şəbəkəsi - məhsulun reallaşdırılması ilə bağlı kooperativlər fermerlərin özləri tərəfindən yaradılır. Bu şəbəkə sırf gəlir qazanmaq məqsədi güdmür, istehsalçı ilə alıcı arasında fəaliyyətini elə tənzimləyir ki, tərəflərin marağı tapdanmır, əksinə, onların alış-satış mübadiləsində reallıqlarla uzlaşan harmonik əlaqə qurur. Bir növ Rusiyaya gilas tədarükündən bir kiloda 20 qəpik qazanan tədarükçülər kimi.
Ölkəmizdə fəaliyyətinə start verilən aqroparkların satış sistemi bu maraqlara xidmət edəcək. Azərbaycan dövlətinin aqrar siyasəti ona hesablanıb ki, ölkədə fermerlər birləşsinlər, kooperativlər, kooperasiyalar və aqrar sektor üçün vacib olan yeni idarəetmə sistemlərini yaratsınlar. Bu istiqamətdə pilot layihələri həyata keçirilir, fermerlərə ciddi yardımlar edilir.
Lakin o da faktdır ki, dövlətin aqrar sektorda tətbiq etdiyi islahatların, yaratdığı nəhəng müəssisələrin fonunda kiçik fermer təsərrüfatlarının bir qisminin qüsurları aydın görünür. Baxmayaraq ki, dövlət bütünlükdə kənd təsərrüfatında çalışanları vergilərdən azad edib. Bundan başqa gübrələrin, maşın və mexanizmlərin alınmasında, sürtkü yanacaq materiallarının verilməsində ciddi güzəştlər tətbiq edilir. Kiçik təsərrüfatlarda çalışanların bir qismi müasir aqrar biliklərin azlığından əziyyət çəkirlər. Yenilikləri tətbiq etmək, perspektiv sahələri düzgün hesablamağa qadir deyillər.
Bu istiqamətdə telekanalların, ümumiyyətlə KİV-in maarifləndirmək funksiyası demək olar ki, yox dərəcəsindədir. Kənd yerlərinə qəzet və jurnallar bir qayda olaraq gedib çatmır, ümumiyyətlə, kiçik fermerlərin müəyyən hissəsi müasir aqrar biliklərin onların həyatında oynaya biləcəyi müsbət rolu qavramaqda çətinlik çəkirlər. Nə etməli? Bu baxımdan Çin təcrübəsi maraqlıdır. Bu ölkədə aqrar islahatlar keçirilərkən ən vacib sahələrdən biri torpaq sahiblərinin sürətlə maarifləndirilməsi idi.
Prezident İlham Əliyev son illərdə Nazirlər Kabinetinin ilin və yarımilliklərin sosial-iqtisadi yekunlarına həsr olunmuş bütün müşavirələrində aqrar sektordakı perspektivlərə, mövcud problemlərə dəfələrlə ayrıca və ətraflı surətdə toxunmuşdur. Dövlətin aqrar islahatları diqqət mərkəzində saxlayacağını, böyük tutumlu aqrar layihələrin mövcud çətinliklərə baxmayaraq reallaşdırılmasının davam etdiriləcəyini bildirib. Qüsurları sadalayıb, atılması zəruri addımları qeyd edib, o cümlədən şəffaflığın zəruriliyini vurğulayıb. Dövlət başçısının aqrar sektora ciddi və məsuliyyətlə yanaşması belə qənaətə gəlməyə əsas verir ki, daxili bazarda kənd təsərrüfatı məhsullarının bir neçə dəfə əldən-ələ keçməsinin qarşısını alan iqtisadi mexanizm də sürətlə yaradılacaq.

 

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb 

19:23
03 İyun

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır  

19:22
03 İyun

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

19:21
03 İyun

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

19:20
03 İyun

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib  

19:18
03 İyun

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb  

19:18
03 İyun

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

19:16
03 İyun

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

19:07
03 İyun

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

19:06
03 İyun

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

18:54
03 İyun

Qarğıdalı sahələrinin sığortası davam edir

18:43
03 İyun

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!