05 May 2026 08:55
162
SİYASƏT
A- A+
Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir


Hər bir cəmiyyətin inkişafının əsas elementlərindən biri olan təhsil ölkənin, millətin gələcəyini, onun sosial-iqtisadi rifahını, mədəni səviyyəsini müəyyənləşdirən əsas faktorlar sırasında yer alır. Təhsil vasitəsilə formalaşan bilik və bacarıqlar bütün mühüm parametrlər üzrə inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir. Tərəqqisi ilə dünyanın cazibə mərkəzinə çevrilən ölkələrin timsalında bunun əyani nümunələrini görmək mümkündür. Tarix boyu görkəmli dövlət xadimləri, o cümlədən Ümummilli Lider Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirmiş və bu sahənin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişlər. Onların yanaşmasında xüsusən də cəmiyyətin gələcəyi kimi savadlı, zamanın tələbləri ilə ayaqlaşan gənc nəslin formalaşması, qabaqcıl təhsilə yiyələnməsi strateji prioritetlər sırasında olmuşdur.

Tarixi proseslərin inkişaf axarına yön verən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğı göstərilməsi, ölkənin ictimai-siyasi həyatında onların fəal iştirakının təmin edilməsi ilə bağlı olmuşdur. Bunun üçün hər zaman münbit şərait yaradılmışdır. Bu müstəvidə onun gənclər və təhsil siyasəti sahəsində həyata keçirdiyi islahatlar ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilmişdir. Məhz Ulu Öndərin Azərbaycana istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə formalaşdırılan bu siyasət yalnız dövrün sosial-iqtisadi problemlərinə cavab verməklə kifayətlənməmiş, eyni zamanda müstəqil Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən fundamental istiqamətlər formalaşdırmışdır. 

Hələ ötən əsrin ikinci yarısında Azərbaycanın indikindən tamam fərqli siyasi-iqtisadi formasiyasında təhsil sisteminin modernləşdirilməsi və gənclərin ideoloji, intellektual və peşəkar hazırlığının gücləndirilməsi mühüm vəzifə kimi qarşıya çıxırdı. Lakin bu vəzifənin layiqincə yerinə yetirilməsi ilə bağlı çoxsaylı problemlərdə özünü qabarıq şəkildə büruzə verirdi. Yalnız 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə bu sahədə yeni mərhələ başlanmışdır. Onun strateji yanaşması nəticəsində təhsil yalnız bilik ötürmə vasitəsi kimi deyil, həm də milli kadr potensialının formalaşdırılması və dövlətçilik ideyalarının möhkəmləndirilməsi vasitəsi kimi ön plana çıxmışdır. Qeyd olunanlar ölkənin milli maraqlarının təmini baxımdan müstəsna əhəmiyyət kəsb edirdi və Ulu Öndər bunu belə səciyyələndirirdi: "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır". Bu yanaşma əsasında verilən təhsil gənc nəslin formalaşmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynamışdır.  Elə bu da cəmiyyətin harmonik inkişafına və milli kimliyin qorunmasına əvəzsiz töhfələr vermişdir. Məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində 1970-ci illərdən etibarən Azərbaycanda ümumtəhsil məktəblərinin sayı dəfələrlə artmışdır. 1965-ci ildə belə məktəblərin sayı 700-dən biq qədər artıq idisə, 1982-ci ildə bu rəqəm 4267-yə yüksəlmişdir. 1969-1982-ci illər ərzində Azərbaycanda beş yeni ali təhsil müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan xalqının bu böyük oğlunun təşəbbüsü və uzaqgörənliyi nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin yaradılması həm ölkənin, həm də gənclərin həyatında ciddi yeniliklərlə müşayiət olunmuşdur. Ümumiyyətlə, bu məktəb milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrin formalaşmasında əsas bazislərdən birinə çevrilmişdir və xalqımız onun bəhrəsini bu gün də görür. Ulu Öndərin böyük dühası ilə ötən əsrin 70-80-ci illərində Azərbaycanda təhsil müəssisələrinin geniş şəbəkəsi  yaradılmış, onların dövrün ən qabaqcıl standartları əsasında fəaliyyəti üçün hər cür şərait formalaşdırılmışdır. 

Yenə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən mühüm addımlardan biri də azərbaycanlı gənclərin keçmiş SSRİ-nin və digər ölkələrin aparıcı ali məktəblərində təhsil almasının təşkili olmuşdur. 1970-1980-ci illərdə Sovetlər İttifaqının 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil alması məhz Ümummilli Liderin sayəsində mümkün olmuşdur. Bu siyasət nəticəsində minlərlə gənc müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssis kimi yetişərək ölkəmizə qayıtmış, milli kadr potensialı daha da güclənmiş, gənclər dövlət quruculuğunda mühüm rol oynamağa başlamışlar. 

Digər tərəfdən, bu istiqamətdə görülən işlər yalnız kadr hazırlığı baxımından deyil, həm də Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və inteqrasiyası baxımından əhəmiyyətli olmuşdur. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illər ərzində də Ulu Öndər gənclərimizin müxtəlif xarici ölkələrdə təhsil almasına xüsusi diqqət yetirmiş, belə şəxsləri Azərbaycanın milli sərvəti kimi yüksək qiymətləndirmişdir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə gənclər və təhsil siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Müstəqil dövlət quruculuğu şəraitində bu sahədə həyata keçirilən islahatlar daha sistemli və məqsədyönlü xarakter almış, təhsil sisteminin yeni çağrışlara cavab verən hüquqi bazası formalaşdırılmış, müvafiq qanunlar qəbul edilmişdir. Bu dövrdə digər istiqamətlərdə olduğu kimi gənclər siyasəti də institusional xarakter almış, gənclərlə iş üzrə dövlət strukturları yaradılmış, müxtəlif proqramlar və strategiyalar qəbul edilmişdir. 1998-ci ilin martında Heydər Əliyevin imzaladığı sərəncamla Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradılmış, 1999-cu il iyunda isə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunmuşdur. "Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında", "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun tətbiq edilməsi barədə" fərmanlar ölkədə təhsilin dünya standartları səviyyəsinə çatdırılmasında böyük önəm kəsb etmiş, bundan gənclər də əhəmiyyətli dərəcədə bəhrələnmişlər. Ümummilli Liderin təşəbbüsü və iradəsi ilə 1997-ci ildə təsis edilən Azərbaycan Gəncləri Günü gənc nəslə yüksək diqqət və qayğının daha bir təzahürünə çevrilmişdir.

Ümumiyyətlə, Ulu Öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizdə gənclərdən ibarət yüksəkixtisaslı mütəxəssislərin hazırlanması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Qeyd olunan məqsədlə həm yerli ali təhsil müəssisələrinin inkişafına diqqət yetirilmiş, həm də gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasına şərait yaradılmışdır.  Eyni zamanda təhsil sistemi ilə elmi-tədqiqat institutları arasında əlaqələrin gücləndirilməsi, innovativ düşüncənin təşviqi siyasətin mühüm istiqamətlərindən biri olmuşdur.  Təhsil prosesində Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin tədrisinə xüsusi önəm verilmişdir. Yürüdülən gənclər siyasəti yalnız təhsil sahəsi ilə məhdudlaşmamış, cəmiyyətin bu təbəqəsinin sosial fəallığının artırılması, onların dövlət quruculuğu prosesinə cəlb olunması və vətənpərvərlik ruhunda tərbiyə olunması kimi istiqamətləri də əhatə etmişdir. Bütün bunların nəticəsi olaraq, Azərbaycanda savadlılıq səviyyəsi yüksəlmiş, elmi potensial güclənmiş və gənclərin cəmiyyətə inteqrasiyası daha effektiv şəkildə təmin olunmuşdur. 

Həyata keçirilən bu siyasət Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin yürütdüyü dövlət siyasətində təhsil və gənclər sahələri ayrılıqda deyil, qarşılıqlı əlaqədə və vahid strateji xətt çərçivəsində inkişaf etdirilən istiqamətlər kimi özünü qabarıq şəkildə büruzə verir. Bu vəhdət müasir Azərbaycan cəmiyyətinin davamlı inkişafının təmin olunmasına yönəlmiş kompleks yanaşmanı əks etdirməklə yanaşı, qloballaşmanın və texnoloji transformasiyanın sürətləndiyi bir dövrdə ən qiymətli sərvət olan insan kapitalının formalaşmasına böyük töhfələr verir. 

Azərbaycan liderinin siyasətində gənclər, sadəcə, bir sosial qrup kimi deyil, həm də dövlətin strateji resursu olaraq qiymətləndirilir və onların inkişafı təhsil sistemi ilə birbaşa əlaqələndirilir. Belə yanaşma nəticəsində təhsil sahəsində həyata keçirilən islahatlar gənclərin hərtərəfli inkişafına xidmət edir, gənclər siyasəti isə təhsil vasitəsilə əldə olunan bilik və bacarıqların real həyatda tətbiqinə müvafiq zəmin yaradır. Nəticədə təhsil və gənclər siyasəti arasında üzvi bağlılıq formalaşır və bu, dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilir. Təhsil sisteminin davamlı şəkildə modernləşdirilməsi bu vəhdətin əsas elementlərindən biri kimi daim özünü qabarıq şəkildə büruzə verir. 

Digər tərəfdən, gənclər siyasəti təhsil prosesinin davamı kimi çıxış edərək bu aktiv təbəqənin təmsilçilərinin cəmiyyətə inteqrasiyasını uğurla təmin edir. Xüsusən də gənclərin ictimai-siyasi fəallığının artırılması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və müxtəlif sosial layihələrdə iştirakı bu siyasətin mühüm istiqamətləri hesab olunur. O da olduqca mühümdür ki, sözügedən prosesdə təhsil vasitəsilə formalaşan bilik və dəyərlər praktik müstəvidə tətbiq olunur və gənclərin cəmiyyətin aktiv üzvlərinə çevrilməsi təmin edilir. Başqa sözlə, təhsil və gənclər siyasəti bir-birini tamamlayaraq möhtəşəm nəticələrin əldə edilməsinə gətirib çıxarır. Bunlara paralel olaraq, təhsildə innovativ təlim metodlarının tətbiqi gənclərin daha çevik və adaptiv fərdlər kimi formalaşmasında müsbət rol oynayır. Eyni zamanda gənclərin xaricdə təhsil alması və beynəlxalq təcrübə qazanması da həyata keçirilən siyasətin mühüm komponentidir. 

Dövlət tərəfindən həyata keçirilən proqramlar vasitəsilə gənclərin dünyanın aparıcı təhsil müəssisələrində təhsil alması müvəffəqiyyətlə təşviq edilir. Buna konkret nümunə kimi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı qeyd etmək olar. Bu proqram çərçivəsində minlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslar üzrə təhsilalma imkanı əldə etmişdir. Sözügedən istiqamətdə görülən işlərin davamı olaraq, Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir. Daha sonra Prezidentin imzaladığı sərəncama müvafiq olaraq, dövlət proqramının müddəti uzadılmış və 2022-2028-ci illər olaraq müəyyən edilmişdir.  Bu proqramlar yalnız fərdi inkişaf baxımından deyil, həm də ölkənin ümumi inkişafı prizmasından əhəmiyyətlidir. Xaricdə təhsil alan gənclər əldə etdikləri bilik və təcrübəni ölkəyə gətirərək müxtəlif sahələrdə tətbiq edir və bu da milli kadr potensialının güclənməsinə gətirib çıxarır. 

Daha bir vacib hal odur ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi və ideoloji xətt çərçivəsində Azərbaycan gəncliyi milli maraqların qorunmasını, dövlətə sədaqəti və ictimai məsuliyyəti öz fəaliyyətinin əsas prinsipləri kimi qəbul edir. Belə bir yanaşma nəticəsində formalaşan gənc nəsil yalnız sosial fəallığı ilə deyil, həm də dövlətçilik düşüncəsinə malik olması ilə fərqlənir. Müasir Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, milli maraqlara sadiq və vətənpərvərlik ruhunda yetişmiş bir qüvvə kimi çıxış edir. Onların dövlət başçısına olan dəstəyi yalnız siyasi mövqe deyil, eyni zamanda milli həmrəyliyin və ideoloji bütövlüyün ifadəsi kimi qiymətləndirilə bilər. 2020-ci ildə baş verən Vətən müharibəsi bir daha Azərbaycan gəncliyinin bu ideoloji və siyasi xətt ətrafında necə səfərbər olduğunu aydın şəkildə nümayiş etdirdi. Müharibə dövründə gənclər həm ön cəbhədə, həm də arxa cəbhədə yüksək fədakarlıq və vətənpərvərlik qətiyyəti göstərmiş, Ali Baş Komandanın çağırışlarına böyük ruh yüksəkliyi ilə cavab vermişlər. 

Burada xüsusilə diqqətəlayiq məqamlardan biri ondan ibarətdir ki, 1990-cı illərin əvvəllərində doğma torpaqlarını tərk etməyə məcbur qalan nəsil 2020-ci ildə artıq yetkin və vətənpərvər gənclər kimi həmin ərazilərin azad olunmasında fəal iştirak etmişdilər. Bu fakt son onilliklər ərzində aparılan gənclər və təhsil siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan gəncliyi yüksək döyüş ruhu, vətənə bağlılıq və milli birlik nümayiş etdirmişdir. Dövlət başçısı 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldarkən qeyd etmişdir: "Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq". 

Gənclərimizin 44 günlük savaşda və ondan sonrakı əməliyyatlarda göstərdiyi qəhrəmanlıq nümunəsi gələcək nəsillər üçün vətənpərvərlik və dövlətə sədaqət baxımından böyük örnəkdir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində formalaşan Azərbaycan gəncliyi dövlətçilik ideyalarına sadiq, milli maraqları üstün tutan və ölkənin gələcək inkişafında aparıcı rol oynamağa qadir olan bir nəsli təmsil edir. Barəsində bəhs olunan bu nəsil yalnız günümüzün deyil, həm də Azərbaycanın gələcək nailiyyətlərinin əsas təminatçısı kimi çıxış edir.


Veysəl VƏLİYEV,

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin Mülki və kommersiya işləri üzrə  məhkəmə sektorunun məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!