Gənclərin həm karyeralarının uğurlu inkişafı, həm də asudə vaxtlarını daha səmərəli keçirmələri baxımından sosial layihələrdə iştirakı onların gələcək həyatlarında mühüm rol oynayır. Bu baxımdan son illərdə respublikamızda Prezident İlham Əliyevin müəllifliyi ilə geniş vüsət alan könüllülük hərəkatı gənc nəslin cəmiyyətə yararlı və fəal vətəndaş kimi yetişməsinə böyük töhfələr verir.
Ölkəmizdə bir çox fəaliyyət sahəsinə nüfuz edərək ümummilli hərəkata çevrilən könüllülük hərəkatı gənclərin qətiyyət hissini gücləndirir, onların özlərini daha yaxşı ifadə etməsinə imkan yaradır. Bu bir daha sübut edir ki, Azərbaycan Prezidenti ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onların bilik və bacarıqlarının inkişafı üçün yüksək şərait yaradır. Əlverişli mühit və inamın uğura gedən yolda əsas amil olduğu nəzərə alınaraq gənc vətəndaşlarımızın hədəflərinə çatması məhz Prezident İlham Əliyevin imzaladığı, gənclər siyasətinə xidmət edən müxtəlif dövlət proqramları, fərman və sərəncamları vasitəsilə asanlaşır.
"Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə "ASAN xidmət"dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir", - deyə Prezident İlham Əliyev 2019-cu il dekabrın 5-də Şamaxıda "ASAN həyat" kompleksinin açılışında bildirib. Bu fikirlər Azərbaycanda vətəndaşların işini asanlaşdırmağı özünün başlıca missiyası elan etmiş "ASAN xidmət" mərkəzlərinin bir çox istiqamətdə olduğu kimi, könüllülük proqramının icrasında da lider olduğunu sübut edir. Yarandığı gündən etibarən könüllülük fəaliyyətini ən geniş tətbiq edən dövlət orqanı kimi "ASAN xidmət" bu istiqamətdə də bir sıra uğurlu layihələrə imza atıb. Ümumiyyətlə, Azərbaycanda "Könüllü fəaliyyət haqqında" qanunu ilk tətbiq edən bu quruma 2013-cü ildən etibarən könüllülük prosesinə 33 mindən çox gənc qoşulub.
Bu günlərdə böyük könüllü "ordusuna" malik olan "ASAN xidmət"də fəaliyyət göstərən bu gənclərin iş prosesi ilə yaxından tanış olmaq, onlarla söhbətləşmək üçün 7 saylı "ASAN xidmət" mərkəzinə yollandıq. Elə ilk dəqiqələrdən burada könüllülük proqramının uğurla icra edildiyinin şahidi olduq. Mərkəzə daxil olan kimi bir gənc könüllü tərəfindən gülərüz qarşılanıb, lazım olan istiqamətə üz tutduq.
Uğurlu olmağın "ASAN" formulu
"ASAN xidmət" mərkəzlərində təhsil səviyyəsindən asılı olmayaraq, 16-26 yaşlı gənclər konullu.asanschool.az saytına müraciət edərək könüllülük fəaliyyətinə qoşula bilirlər. Master 1, Master 2 və digər bölmələrdən ibarət olan ASAN könüllülük hərəkatında Master 1 ikiaylıq təcrübə proqramını ehtiva edir. Həmin könüllülər vətəndaşların qarşılanması, məlumatlandırılması, anketlərin doldurulması və digər istiqamətlərdə fəaliyyət göstərirlər. Master 2-də isə könüllülər müvafiq ixtisaslar üzrə komandalarda çalışırlar. Mərkəzlər üzrə gündəlik olaraq 3 növbədə könüllülük fəaliyyəti təşkil olunur və gənclər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilərlər. Mərkəzlərdə könüllü kimi 2 aylıq müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə xüsusi sertifikat təqdim edilir.
İlk həmsöhbətimiz olan "ASAN könüllüləri" təşkilatının sədri Anar Musayev bizə təşkilatın əsas istiqamət və prinsipləri barədə ətraflı məlumat verir. Həmsöhbətimiz qeyd edir ki, könüllülərin işi sadəcə mərkəzdaxili fəaliyyətləri ilə yekunlaşmır: "Onlar intellektual səviyyələrinin artırılması, müxtəlif sahələr haqqında bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədilə müxtəlif layihələrə cəlb olunurlar".
Könüllü kimi çalışmağın gənclərin gələcək karyeralarına müsbət təsirlərindən bəhs edən Anar Musayev əlavə edir ki, bu fəaliyyət gənclərin kollektivlə işləmək bacarıqlarını, yaradıcı potensiallarını və dünyagörüşlərini inkişaf etdirir: "Həmçinin onların cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaradır ki, bu da gənclər üçün böyük təcrübədir. Uğurlu karyera üçün təcrübənin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, əminliklə deyə bilərik ki, könüllü fəaliyyət də gənclərə bu təcrübəni əldə etməyə imkan yaratdığı üçün unikal seçimdir".
İndiyədək "ASAN könüllüləri" təşkilatı vətənpərvərlik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 5000-dən çox təlim keçərək, 750-dən çox yerli və beynəlxalq layihə icra edərək, 100 mindən çox gənci ətrafında birləşdirmişdir.
Anar Musayevin sözlərinə görə, gənclərin inkişafına və ideyalarının reallaşdırılmasına hesablanmış bütün bu işlər onların cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaradır. Üzvlərinin sayı otuz mini keçən təşkilat gənclərin dünyagörüşünün və motivasiyasının artırılması, vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir, çoxsaylı layihələr həyata keçirir. Bu günədək təşkilat tərəfindən 750-dən çox yerli və beynəlxalq layihə icra edilib".
Təşkilatın sədri həmçinin "ASAN könüllüləri"nin mədəniyyət və incəsənət sahəsində maraq və bacarıqlarını inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən "Mədəniyyət carçısı" proqramı barədə də danışdı. Bildirdi ki, proqram çərçivəsində tamaşalar, konsertlər, master-klasslar, bədii gecələr, müsabiqələr və sair həyata keçirilir. Bu günə kimi proqrama əsasən, 150-dən çox layihə, 70-dən çox teatr tamaşası baş tutub. Milli-mədəni irsimizin qorunmasına xidmət edən "Mədəniyyət carçısı" proqramı çərçivəsində indiyədək 800-dən çox master-klass, 80-dən çox sərgi, bədii şeir gecəsi, müxtəlif konsert proqramları və kompozisiyalar təşkil olunub.
"ASAN xidmət"də könüllü kimi fəaliyyət göstərən gənclərin bəziləri daha sonra burada və ya digər dövlət qurumlarında çalışmaq imkanı əldə edirlər. Bu imkanı əldə edən gənclərdən biri də Könül Tağıyevadır. Hazırda mərkəzdə Vətəndaşların qəbulu işinin təşkili sektorunun baş məsləhətçisi vəzifəsində çalışır, daha çox könüllülərlə iş aparır. Yeddi il əvvəl özü də könüllü olduğuna görə onun üçün gənclərlə işləmək həm rahat, həm də daha məsuliyyətlidir. Könül xanım bildirir ki, mərkəzə müraciət edən vətəndaşları könüllülərə etibar etməkdən çəkinmir. Çünki könüllülük fəaliyyətlərinin ilk 15 günündə onlara vətəndaşlarla təmkinli davranmağın, lazım olan andaca onlara kömək göstərməyin vacibliyi aşılanır.
"Könüllülərimiz yaxşı başa düşürlər ki, xidmət yerlərindən asılı olmayaraq, onlara kömək üçün müraciət edən vətəndaşlara düzgün istiqamət verməli, lazım gələrsə, xidmət yerlərindən ayrılmalıdırlar. Çünki könüllü gənclər ASAN mərkəzlərinin əsas hədəfi olan vətəndaş məmnunluğunun təmin edilməsinə dəstək verməlidirlər. Bu mənada gənclərin işini asanlaşdıran könüllülük proqramına üzv olan gənclər də elə "ASAN xidmət"in işini asanlaşdırırlar. Həmin gənclərin "ASAN xidmət"də təcrübə qazanmaq üçün verdikləri əmək onların özünə faydalı olduğu qədər bizim üçün də faydalıdır", - deyə baş məsləhətçi qeyd edir.
Könül Tağıyeva ASAN könüllülərinin peşəkar kadr kimi yetişmələri məqsədini daşıyan və bu yolda onlara dəstək vermək üçün yaradılan "ASAN kadr" - karyera mərkəzi barədə də məlumat verdi: "ASAN könüllülərinin işlə təmin edilməsi məqsədilə yaradılmış "ASAN kadr" karyera mərkəzi artıq 7 ildir ki, fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində könüllü olmuş gənclərin yalnız dövlət xidmətlərinin göstərilməsi deyil, həmçinin şəxsi və karyera inkişafına yönəlmiş fəaliyyətdə iştirakı əsas istiqamətlərimizdən biridir. "ASAN kadr" çərçivəsində bu günə kimi 3300-dən çox gənc işlə təmin olunub".
Ən gənc "ASAN könüllüləri"
Mərkəzin könüllüləri ilə söhbətləşdikcə "ASAN könüllüləri" təşkilatının əsas missiyasının həyata keçirildiyinin şahidi oluruq. Başlıca hədəfi könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaq və ölkəmizin gənclər siyasətinə töhfə vermək olan bu təşkilat missiyasını uğurla reallaşdırır.
Elə "ASAN xidmət"in ən gənc könüllülərindən olan Kərim Hüseynli də "ASAN könüllüləri" təşkilatının hədəf və missiyasının uğurla həyata keçdiyini sübut edir. 16 yaşlı gənc mərkəzdə gün ərzində cəmi 3 saat çalışmaqla həm iş təcrübəsinə yiyələnir, həm də gülərüz komanda ilə bərabər, asudə vaxtını faydalı və əyləncəli keçirməklə cəmiyyətə faydalı vətəndaş kimi formalaşır. Kərim hesab edir ki, çox gənc yaşlarında belə böyük və peşəkar kollektivlə işləmək ona gələcək iş həyatında çox kömək olacaq. Könüllü fəaliyyətinin cəmi ikinci həftəsində olmasına baxmayaraq, o, artıq müəyyən bacarıqlarını inkişaf etdirib, emosiyalarını daha rahat idarə etməyi, vətəndaşlarla daha təmkinli rəftarı mənimsəyib. Mərkəzdə fəaliyyəti müddətində müxtəlif yaşlarda, xarakterdə, hər kateqoriyaya aid insanlarla rastlaşdığına görə xüsusilə ünsiyyət bacarıqlarını təkmilləşdirən könüllü bu proqrama müraciət etməsinin səbəblərindən də danışıb. Bildirib ki, "ASAN xidmət" mərkəzlərindən vətəndaş olaraq hər zaman məmnun qalması onu bu qurumda könüllülük fəaliyyətinə daha da həvəsləndirib. "Bu mərkəzə vətəndaş kimi gələndə bizi adətən məndən cəmi bir neçə yaş böyük olan könüllülər qarşılayırdı, istiqamət verirdi, gülərüzlə də yola salırdılar. Bu, məndə xüsusi həvəs yaratmışdı ki, 16 yaşım olanda mən də "ASAN xidmət"də könüllü kimi fəaliyyət göstərim", - deyə Kərim söyləyir.
Söhbət əsnasında məlum olur ki, mərkəzin könüllülər komandasının ən gənc üzvünü bu proqrama həvəsləndirən digər səbəb isə uğurlu məzunlara "ASAN xidmət" tərəfindən sertifikatın təqdim edilməsidir. Nəzərə alsaq ki, həmin sertifikatlar gənclərin ölkədə könüllülüklə bağlı ala biləcəkləri ən yaxşı sənəddir, deməli, Kərimlə razılaşmaq olar. Onun sözlərinə görə, belə sertifikatlar xaricdə təhsil şansı əldə etmək üçün də əla fürsət yaradır.
Mərkəzin ən gənc könüllüsü sonda həmyaşıdlarına müraciət edərək bildirir ki, öz hədəflərini milli dəyərlərimiz ətrafında müəyyənləşdirən hər bir gənc uğurlu gələcək naminə ASAN könüllüsü olaraq məqsədlərinə daha rahat çata bilər. Bu barədə Azırbaycan Prezidenti də dəfələrlə bildirib ki, "bizim gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki biz qoruyuruq. Məhz o təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik". Dövlət başçısının bizə verdiyi bu dəyərli tövsiyələri reallaşdırmaq, xalqımıza layiqli vətəndaşlar kimi formalaşmaq üçün "ASAN könüllüləri" təşkilatı ölkəmizdə icra olunan ən perspektivli layihədir.
"ASAN xidmət"də artıq bir aya yaxındır ki, könüllü olan Muhammed Məmmədov da bildirir ki, gənc yaşda dövlət qurumunda qazandığı xüsusi bilik və bacarıq onun gələcəyinə yatırım hesab edilə bilər. Universitetdə ikinci kurs tələbəsi olan həmsöhbətimiz vurğulayır ki, o, mərkəzdə dövlət qurumlarının fəaliyyəti və strukturu ilə yaxından tanış olur, vətəndaşlara müxtəlif xidmətlər göstərir, onlarla davranış qaydalarını və sənədləşdirmə prosesini öyrənir, həmçinin sorğularda iştirak edərək korporativ mədəniyyəti də mənimsəyir. Məhəmmədin sözlərinə görə, bu, ASAN könüllülərinə özlərinə məxsus uğurlu ideya və təşəbbüsləri həyata keçirməyə də imkan yaradır.
Bu il tələbə adı qazanan Ayxan Ağayev də bir aydır ki, "ASAN xidmət"də təcrübə qazanır, bilik və bacarıqlarını təkmilləşdirir. Tələbə olmağının sevincini yaşayan bu gənc universitetin elə ilk kursuna ASAN təcrübəsi ilə başlayacağına görə çox məmnundur. O, qeyd edir ki, nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox yerində brend kimi tanınan "ASAN xidmət"də təcrübə əldə etmək gələcək fəaliyyətlər üçün çox önəmlidir. Burada vətəndaş məmnunluğunun hər şeydən üstün tutulması daha nizamlı-intizamlı olmağımıza, yanlış davranışlarımızı düzəltməyimizə səbəb olur ki, bu da tələbəlik illərində və sonrakı həyatda ona çox kömək olacaq.
Gənclərlə söhbətimizdən aydın oldu ki, onların "ASAN xidmət"də könüllü olmaq üçün səbəbləri və gözləntiləri bir-birindən müəyyən qədər fərqlənsə də, şəxsi inkişafları üçün bir sıra təlim və seminarların keçirildiyi, ən kiçiyindən tutmuş ən böyüyünə qədər bütün ehtiyaclarının qarşılandığı, onlara hər addımda diqqət göstərildiyi üçün məhz dövlət başçısına minnətdardırlar. Könüllülərin sözlərinə görə, onlar bir gənc olaraq hər zaman Prezidentin diqqət və qayğısını hiss edirlər.
İntellektual məhsul nümunəsi
Əməkdaşların, eləcə də könüllülərin təbəssümlərinin müşayiəti ilə mərkəzdə xoş qarşılanan və razı yola salınan vətəndaşları gördükcə hər il yüzlərlə gəncin "ASAN xidmət" mərkəzlərinə könüllülük üçün müraciət etmələrinin səbəbləri bizim üçün bir daha aydın oldu. Təsadüfi deyil ki, gənclər boş vaxtlarını bu mərkəzlərdə keçirməkdən, burada bacarıqlarını, istedadlarını və intellektlərini inkişaf etdirməkdən məmnun olurlar. Bu il aprelin 18-də Salyanda "ASAN xidmət" mərkəzinin açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, "ASAN xidmət" bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir". Burada könüllü olan gənclərin xüsusilə sonrakı iş həyatlarında uğurlu kadr kimi fərqlənmələri bunu bir daha sübut edir. Bu həmçinin dövlət başçısının Şamaxıda "ASAN həyat" kompleksində könüllülərlə görüşündə bildirdiyi "Bu proqramdan keçən gənclər artıq gələcək həyatda da belə olacaqlar" fikrini təsdiq edir.
Nəzrin QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"