20 Fevral 2022 02:18
616
SİYASƏT
A- A+

Gələcəyə ümidlə

 

Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilən Autizm Mərkəzində uşaqların reabilitasiyası  üçün mükəmməl şərait yaradılıb

 

Səmanın rəngidir mavi, dənizin, üfüqün də... Azadlığı, səssizliyi, sonsuzluğu ifadə edir bir də bu rəng. Həm də autizmin rəngidir...

Simvol kimi məhz bu rəngin seçilməsi heç də təsadüfi deyil. Autizm spektr pozğunluğu olan insanların sinir sistemləri, göz quruluşları rəngləri digərlərindən fərqli həssaslıqla qəbul edir, qavrayır. Ona görə soyuq, qıcıq rəng yaratmayan rənglər, xüsusən də mavi rəng ən sevdikləridir onların...

Son 4-5 ildir ki, ölkəmizdə, ümumiyyətlə, dünyada autizmli uşaqların sayı artıb. Ötən ilin statistikasına görə, dünyaya gələn hər 44 körpədən biri autizm xəstəsidir.

Autizm spektr pozuntusu olan uşaqların intensiv terapiya alması, həyat bacarıqlarını inkişaf etdirməsi onların reabilitasiyası baxımından olduqca vacibdir. Bakının Nizami rayonunda yerləşən və ölkəmizdə xeyirxahlıq, mərhəmət və insanlara qayğı ünvanı kimi tanınan Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Autizm Mərkəzinin də məqsədi məhz bundan ibarətdir.

Autizm spektr pozuntulu uşaqlar üçün bərpa mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək mərkəzin özünün daimi yerləşdiyi bina olmayıb. Ötən il dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində istifadəyə verilən mərkəzin binası autizm spektr pozuntulu uşaqlar üçün əsl hədiyyə oldu.

Ən müasir standartlara cavab verən mərkəzin 21 dərs otağı var. Autizmli şəxslərin istər fizioloji, istərsə də fiziki inkişafına ciddi dəstək verən bütün lazımi avadanlıqlarla təmin olunmuş bu məkanda individual yanaşma ilə gerçəkləşdirilən dərs prosesinin aparıldığı otaqlarla yanaşı, xüsusi terapiyalar üçün idman zalı, autizmli şəxslərin özünəqulluq bacarıqlarını inkişaf etdirə biləcəkləri nümunəvi yaşam otaqları, musiqi kabineti yaradılıb.

Autizmli şəxslərlə işin hər bir mərhələsi individual xarakter daşıyır. Daha sonra onlar tədricən cəmiyyətə inteqrasiya olunurlar. Əslində, son məqsəd də elə budur. Uşaqların özlərini tədricən sərbəst şəkildə idarə etmələri və yaşaya bilmələri çox önəmlidir.

Mərkəzdə 40-a qədər mütəxəssis çalışır, hamısı da yüksək ixtisaslı, öz işinin ustasıdır. Yeri gəlmişkən, inklüziv məktəblərdə çalışan mütəxəssislərə yalnız autizmli uşaqlara qarşı deyil, bütün xüsusi qayğıya ehtiyacı olanlara da doğru, sosial və elmi yanaşmalar üçün təlim keçirilib.

Mərkəzdə atelye də fəaliyyət göstərir. Autizmli şəxslərin valideynlərinin, xüsusən də anaların əksəriyyəti diaqnoz qoyulandan etibarən çox yaxşı təhsil aldıqları halda iş həyatını bitirmək, özlərini yalnız övladlarına həsr etmək məcburiyyətində qalırlar. Bu isə onların psixoloji vəziyyətinə mənfi təsir edir və tədricən cəmiyyətə yararlı olmadıqları fikrinə qapılırlar. Bunun üçün mərkəz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq əsasında bu cür analara dəstək verilir. Analar atelyedə çalışaraq həm öz bacarıqlarını inkişaf etdirir, həm də mərkəzə, dolayısı ilə öz övladlarına fayda vermiş olurlar.

Mərkəzin geniş oyun və idman meydançası da var. Valideynlər autizmli övladlarını digər uşaqlar kimi parka gəzintiyə apardıqda fərqli münasibətlə qarşılaşdıqlarını düşünürlər. Ona görə autizmli uşağın əlavə bir travma almaması üçün onu belə yerlərə aparmamağa çalışırlar. Mərkəzdə bunlar da nəzərə alınıb. Burada yaradılmış şərait autizmli uşaqların rahatlıqla əylənməsinə imkan verir. Mərkəzin həyətində velosiped zolağı da var. Yaxın vaxtlarda isə əkin-biçinlə məşğul olmaq, ev heyvanlarının saxlanması üçün xüsusi yerlər istifadəyə veriləcək.

Mərkəzin direktoru Aytən Eynalova ilə burada fəaliyyət göstərən “Kashalata cafe”də söhbəti davam etdiririk. O, böyük minnətdarlıqla söyləyir ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını hər zaman hiss edirlər. Deyir ki, Mehriban xanım Əliyeva qısa zaman kəsiyində 3 dəfə qızları ilə birlikdə mərkəzi ziyarət edib. Hər ziyarətdə də uşaqlarla çox gözəl və fərqli ünsiyyət qurublar. Hətta sonuncu dəfə mərkəzdə yerləşən “Kashalata kafe”də uşaqlarla birgə şirniyyat da hazırlayıblar. Mərkəzdə “Mavi ürəklər” adlı xor və ritm qrupu da fəaliyyət göstərir. Mehriban Əliyeva onların çıxışlarını dinləyib və bəyənib.

Bura bəlkə də dünyada yeganə məkandır ki, personalı autizmli şəxslərdir. Onlar mütəxəssislərin bilavasitə nəzarəti altında həm menyudakı şirniyyatların hazırlanmasında, həm də xidmət sahəsində fəaliyyət göstərirlər. Pandemiya səbəbindən kafe hələlik hamıya açıq deyil. Ancaq yaxın gələcəkdə hər kəs kafeyə baş çəkə biləcək.

Kafedə 23 yaşlı Şamxal Xələfli ilə tanış olduq. O, ölkəmizdə autizm diaqnozu qoyulmuş ilk uşaq olub. Şamxal bizi öz əlləri ilə süzdüyü çaya və şirniyyata qonaq etdi. Bu əsnada anası Zəhra xanımla da dərdləşdik. Övladının bu mərkəzə 4 ildir ki, gəldiyini, o vaxta qədər isə necə əziyyətlər çəkdiyini anlatdı. Respublikamızda belə bir məkanın olmadığından qonşu ölkələrə getmək məcburiyyətində qaldıqlarını, amma orada da maddi çətinliklər ucbatından 5 gündən artıq qala bilmədiklərini dedi. Mərkəz yaradılandan isə ailənin bu sosial qayğısı da başa çatıb.

Mərkəz ailələrlə sıx ünsiyyət yaradıb. Onlara dəstək vermək, doğru yol göstərmək, istər özlərinin ümumi psixoloji vəziyyəti, istərsə də övladları barədə gələcək planlarının qurulmasında ata-analara məsləhətçi olur. Mütəmadi olaraq valideynlərə mütəxəssislərin nəzarəti altında qrup terapiyaları da təşkil edilir. Valideynlər üçün ayrıca təlimlər keçirilir ki, uşaqlar evə getdikdə burada qurulan metodikanı evdə də davam etdirsinlər. Valideynlər həftədə bir dəfə mütləq şəkildə dərslərdə iştirak edirlər. Valideynlərdən ibarət Məşvərət Şurası dövlət qurumları ilə görüşlər həyata keçirir.

Autizm Mərkəzinin fəaliyyəti, onun yeni binasının inşası Azərbaycanda həyata keçirilən sosial siyasətin ən gözəl nümunələrindən biridir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Autizm Mərkəzi də bunun gözəl nümunələrindəndir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video