30 Mart 2024 08:45
238
CƏMİYYƏT
A- A+

Füzuli şəhərində artıq 666 ailə məskunlaşıb

 

Dünən Füzuli şəhəri daha bir qayıdış karvanını qarşılayıb. Martın 29-da ölkənin müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış 35 ailədən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə 138 keçmiş məcburi köçkün yurduna qovuşub. 
Ən çox qayıdış köçünün həyata keçirildiyi ərazimiz olan Füzuli şəhərində artıq 666 ailənin, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.
Baş plana əsasən, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və yüksək həyat şəraitinin təmin edilməsi üçün müasir infrastruktur qurulur, o cümlədən orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa edilir, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri yaradılır.
Vətən müharibəsindən sonrakı müddətdə işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli şəhərində də genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Yurdlarına qovuşan ailələrin işlə təminatı da diqqət mərkəzindədir. Bununla bağlı  müvafiq qurumlar tərəfindən lazımi addımlar atılır. Keçmiş məcburi köçkünlər üçün treninqlər keçirilir, yeni istehsal sahələri, sənaye müəssisələri yaradılır. Bu da işğaldan azad olunmuş ərazilərimizin gələcək inkişafından xəbər verir. 
Azadlığa qovuşmuş ərazilərin əzəli sahibləri bu il də Böyük qayıdış çərçivəsində öz yurdlarına dönməyə davam edəcək, daha beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalıya qayıdış baş tutacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub. Laçın rayonunun Sus kəndinin, Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpası planlaşdırılıb. 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin məskunlaşması qərarlaşdırılıb.
Bu günədək işğaldan azad olunmuş üç kəndə və iki şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Ümumilikdə 1523 ailə - 5991 nəfər olmaqla, 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 451 ailə (1705 nəfər) Laçın şəhərinə, 666 ailə (2517 nəfər) Füzuli şəhərinə, 211 ailə (808 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. 
Görülən işlərin miqyasından da söyləmək olar ki, Böyük qayıdış proqramı gözlənildiyindən də tez icra olunacaq. Düşməndən azad etdiyimiz ərazilərimizin tam məskunlaşmasına az vaxt qalıb. 2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. 
Bir sözlə, otuz ildir yurdlarından didərgin salınan, Vətən nisgili çəkən, əsarət altında qalmış torpaqlarımızın azad olunması arzusu ilə yaşayan yüz minlərlə vətəndaşımız tezliklə əzəli torpaqlarına qovuşacaqlar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video