Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının layihəsi ətrafında müzakirələr aparmaq məqsədilə silsilə görüşlər davam edir. Mövzu ilə bağlı növbəti belə görüş sözügedən parkın ərazisində inklüzivliyin təmin edilməsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları Füzuli Mərkəzi Parkının layihəsində inklüzivliyə dair standartların nəzərə alınması (müxtəlif yaş, fiziki imkanlar və maraq qrupları üzrə), sabit fiziki və ya hissiyyat pozuntuları olan şəxslər üçün maksimum yararlı şəraitin təmin olunması (hərəkətlilik, idman, istirahət və s.), park ərazisində uşaqlar üçün multifunksional inklüziv oyun məkanlarının, eləcə də ev heyvanları üçün sərbəst hərəkət sahəsinin və məşq zonalarının yaradılması və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tədbiri açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Füzuli Mərkəzi Parkının konsept layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
İdarə Heyətinin sədri parkın layihələndirilməsi zamanı fiziki imkanları məhdud olan insanlar, xüsusən də uşaqlar və yaşlı insanlar üçün də hərtərəfli şəraitin yaradılmasının nəzərdə tutulduğunu xüsusi qeyd edib. Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı təkliflər hazırlanarkən beynəlxalq qabaqcıl təcrübədən istifadə olunub.
Füzuli Mərkəzi Parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Prezident İlham Əliyev parkın layihəsi ilə iki dəfə tanış olub. Dövlətimizin başçısı parkda idmanla məşğul olmaq üçün hər cür şərait yaradılması ilə bağlı tapşırıqlarını verib. Layihələndirmə zamanı bu məsələ mütləq nəzərə alınacaq. Yollarda velosiped sürənlər üçün ayrıca hissə yaradılacaq. Uşaqlar parkdan ən fəal şəkildə istifadə edəcəklər. Parkın yaxınlığında memorial, xəstəxana və digər obyektlər yerləşəcək. Parkın girişi Zəfər yolu tərəfdəndir. Uşaqlar, yeniyetmələr, o cümlədən fiziki qüsurlu uşaqlar, yeniyetmələr və böyüklər üçün əyləncə və idman avadanlıqları quraşdırılıb. Burada yollar salınarkən fiziki qüsurlu insanlar nəzərə alınıb. Fiziki və əqli oyunlar üçün bölmə yaradılıb. Parkda, həmçinin kölgələnmə üçün də şərait yaradılıb.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkının layihəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.
Hüseyn Medqalçı parkda fiziki imkanları məhdud olan insanların istirahəti, eləcə də park ərazisində quraşdırılacaq avadanlıqlardan rahat istifadə edə bilmələri üçün lazımi tədbirlərin görüləcəyini də diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq, Füzuli şəhərinin mərkəzində yaradılacaq Füzuli Mərkəzi Parkının şəhər sakinlərinin ən sevimli istirahət məkanlarından birinə çevriləcəyindən əminliyini ifadə edib.
Füzuli Mərkəzi Parkının əvvəlcədən onlara təqdim edilən pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Onlar parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, parkda inklüzivliyin təmin olunması məqsədilə bu sahədə təcrübəsi olan insanların fikir və təkliflərinin öyrənilməsini müsbət qiymətləndiriblər.
Müzakirənin sonunda Rəhman Hacıyev iştirakçıların səsləndirdikləri fikir və təkliflərin Füzuli Mərkəzi Parkının layihələndirilməsində mütləq nəzərə alınacağını vurğulayıb.
Xatırladaq ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi layihəsi Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.