07 May 2024 09:00
186
SİYASƏT
A- A+

Fransanın müstəmləkəçilik tarixinin qanlı izləri...

 

XXI əsrin üçüncü onilliyidir. Ancaq hələ də Orta əsrlərin müstəmləkəçilik təfəkküründən uzaqlaşmamış ölkələr mövcuddur. Bu ölkələrin başında isə özünü demokratik hesab edən Fransa dayanır.
Müstəmləkəçilik siyasəti bu ölkənin tarixində qara ləkələr, qanlı izlər salıb. Əsrlər gəlib keçir, ancaq Fransanın bir milyon yarım əlcəzairlinin qatili olduğu unudulmur....
Azadlıqlarını tələb etmələri əlcəzairlilərin faciələri oldu. Fransa ordusu onlara qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törətdi. Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan El-Uffia qəbiləsi 1832-ci ildə gecə yatdığı yerdə qılıncdan keçirildi. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam qətlə yetirildi.
1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürüldü. 5 minə yaxını  insan həbs edildi, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum olundu.
1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalına etiraz olaraq Parisdə nümayişə çıxdı. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli öldü. 1000 nəfərdən çox insan həbs edildi. Bu faciə tarixə "Sena qətliamı" kimi daxil oldu. Fransa hakimiyyəti bu dəhşətli cinayətlə bağlı da susqunluq nümayiş etdirdi. 
Fransa tərəfindən Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində 1960-1966-cı illərdə 17 nüvə sınağı həyata keçirildi. Onlardan 11-i yeraltı sınaqlar idi. İndiyədək Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir. Həmçinin həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi, müvafiq kompensasiyanın verilməsi məsələsindən imtina edir. Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb. Həmin minaların xəritələrini də Əlcəzair tərəfinə verməkdən boyun qaçırır.
Fransanın dəhşətli işğalçılıq siyasətindən əziyyət çəkən yalnız əlcəzairlilər deyil. Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkə Fransanın müstəmləkəçiliyi səbəbindən ağır faciələrlə üzləşiblər. Bu ölkə tərəfindən dünyanın ayrı-ayrı regionlarında 50-dən artıq dövlətin ərazisi işğal olunub, sərvətləri qarət edilib, talanıb. Yerli xalqlar hüquqlarından məhrum edilib, əsarət altında yaşamalı olublar. Bir çoxu Fransanın törətdiyi dəhşətli cinayətlərin, qətliamların, soyqırımlarının qurbanı olub.
XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Fransanın paytaxtının - Parisin İnsan Muzeyində nümayiş etdirilməsi, dünya ölkələrinin bunu hələ də susqunluqla qarşılamaları isə insanlığa zidd olan vandallıqdır. Xatırladaq ki, onlardan 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Fransa Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbinə hələ də tam əməl etməyib.
Fransızlar tərəfindən Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirilib. Bu səbəbdən həmin ölkə "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Bu, yalnız Əlcəzair xalqının deyil, insanlığın faciəsidir. 2022-ci il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyevin vurğuladığı kimi, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır: "Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".
Acınacaqlısı odur ki, Fransa işğalçılıqdan, soyğunçuluqdan, zülmkarlıqdan hələ də əl çəkməyib. İndi də müstəmləkəsi altında saxladığı dövlətlər, zülmlərindən cana doymuş xalqlar var. Yüz illər əvvəl olduğu kimi, bu gün də müstəmləkəçilik siyasətini sürdürməkdən, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqdan çəkinmir. Görünən odur ki, Emmanuel Makron hökuməti Fransa tarixinin qara səhifələrini birdəfəlik örtərək yeni, işıqlı tarix yazmaq niyyətində deyil.
Ötən il oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var, belə ölkələrdən biri və birincisi Fransadır. Prezident İlham Əliyev müraciətində Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətdiyini, fransız silahlı qüvvələrinin etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoyduğunu vurğuladı: "XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir".
Azərbaycan tarixin müxtəlif dövründə başı müsibətlər çəkmiş ölkələrdən biridir. Torpaqları dönə-dönə işğala məruz qalıb. Əhalisinə qarşı dəhşətli qırğınlar, qətliamlar, soyqırımları törədilib. Yurdları yağmalanıb. Zəngin sərvətləri talan edilib. Odur ki, Azərbaycan xalqı işğalçılıq siyasətindən əziyyət çəkmiş, başlarına müsibətlər gətirilmiş xalqların vəziyyətini, keçirdikləri hissləri yaxşı başa düşür.
Bu gün qalib olan Azərbaycan dövləti və xalqı ölkəsində, regionunda, eləcə də bütün dünyada sülhün bərqərar olmasını, xalqların təhlükəsiz şəraitdə, əmin-amanlıq içərisində azad yaşamasını arzulaması, səy göstərməsi ilə nümunə göstərir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video