30 Mart 2024 08:35
255
SİYASƏT
A- A+

Fransanın Cənubi Qafqaz xəyalları gerçəkləşən deyil

 

Uduzurlar...
Həm də bərk qorxurlar. 
Əllərini hara uzadırlarsa, boşa çıxır. Nəyə ümid edirlərsə, arzuları gözlərində qalır. Bütün cəhdləri uğursuzluqla nəticələnir...
Güclərinin çatmadığını, hərtərəfli məğlub olduqlarını, aciz duruma düşdüklərini artıq özləri də dərk edirlər. Bir zamanlar tanklarını Bakıya sürəcəkləri ilə bizi təhdid edənlər indi öz vətəndaşlarını müharibə ola biləcəyi ilə qorxudurlar. Qorxduqlarını, gücsüz olduqlarını, hərtərəfli məğlubiyyətlərini etiraf edirlər... 
Ermənistanın  baş  naziri parlamentdəki çıxışı zamanı və yerli sakinlərlə görüşdə  Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin təslim edilməsinin zəruri olduğunu bildirərək deyib: "Ya kəndləri təslim edəcəyik, ya razılıq verməyəcəyik, ya da Azərbaycanla müharibə edəcəyik". O, bu dəfə guya Türkiyənin də Azərbaycan tərəfindən müharibəyə qoşulacağını vurğulamaqla sakinləri qorxutmağa çalışıb. Paşinyan, həmçinin sərhəddə Azərbaycanın əsas mövqeləri nəzarətə götürdüyünü açıqlayıb.
İstər Ermənistanın baş naziri Nikol Paşinyanın, istərsə də hakimiyyətdə təmsil olunan siyasilərin ritorikanı dəyişib "sülh" istəməsi, öz vətəndaşlarını müharibə ilə təhdid etməsi  heç də  səbəbsiz deyil. 
Məsələ burasındadır ki, Qarabağ münaqişəsi başlanan gündən indiyədək  özünü beynəlxalq müstəvidə Ermənistanın "müdafiəçisi", "vəkili", "himayədarı"  rolunda göstərmək istəyən Fransa bu savaşda Azərbaycana məğlub olduğunu etiraf etməkdədir.  
Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro" qəzeti yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmamışdı. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsi"ni Roma Papası ilə də müzakirə etmək istəyib və Roma Papasını ziyarət edərkən özü ilə ermənipərəst yazıçı Sylvain Tessonu da aparmışdı ki, o, Ermənistanla bağlı məsələni qaldırsın. Qəzetin yazdığından belə məlum olur ki, Emmanuel Makron Vatikandan Azərbaycana qarşı təzyiq  etmək arzusunu gerçəkləşdirə bilməyib.  
Baş nazir Nikol Paşinyan da bir müddət əvvəl aprel ayında Ermənistanın gələcək taleyinin təminat altına alınması məqsədilə Qərbdə önəmli qərarların qəbul ediləcəyini bildirmişdi. Sirr deyil ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ-Avropa Birliyi-Ermənistan konfransının əsas təşkilatçısı da indiyə kimi İrəvanın başına gələn bütün pisliklərin səbəbkarı olan Fransadır. 2020-ci ildə Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanın beynəlxalq müstəvidə himayədarı olan rəsmi Paris mövqeyindən və imkanından asılı olmayaraq siyasi meydanda ardıcıl olaraq Azərbaycana uduzub.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin tutduğu mövqe, müşahidə olunan narahatlıqlar deməyə əsas verir ki, indiyə kimi Fransanın toruna düşən Ermənistanda da anlayıblar ki, aprelin 5-də keçirilməsi nəzərdə tutulan "sülh konfransı" bu ölkənin təhlükəsizliyindən çox başlarına gələcək növbəti faciələrə səbəb olacaq.
Cənubi Qafqaza  girməyə çalışan Fransa Ermənistanı üzvü olduğu  KTMT-dən çıxmağa məcbur etməklə indiyə kimi müttəfiq olan iki dövlət arasında münasibətləri   maksimum dərəcədə gərginləşdirməyə nail olub. Şübhəsiz ki, Ermənistana "təhlükəsizlik" təminatı verən ölkələrin növbəti addımları Ermənistana öz hərbi kontingentini yerləşdirmək olacaq. Bu isə Rusiyanın Ermənistanda da  Qərb dövlətləri ilə silahlı qarşıdurması anlamına gəlir. 
 Göründüyü kimi, Ermənistanın "təhlükəsizliyi" yolunda "fədakarlıq" edən Fransa faktiki olaraq "müttəfiqini" sürətlə  ölümə doğru sürükləyir.
Beləliklə, Ermənistanda Rusiya tətəfdarları ilə qərbpərəstlər arasında ciddi qarşıdurmanın olacağı gözlənilir. Gərginlik hətta silahlı münaqişə, vətəndaş müharibəsi həddinə də yüksələ bilər. Nəzərə alsaq ki, bu gün Rusiyada elə Ermənistanda olduğu qədər də erməniəsilli Rusiya vətəndaşı yaşayır, onda şimal qonşumuzun vəziyyəti öz xeyrinə həll etmək üçün ərazisində yaşayan erməniləri də öz vətənlərinə göndərəcəyi heç də şübhə yaratmır...
Hadisələrin gedişi onu deməyə əsas verir ki, indiyə kimi Ermənistan ərazisindən torpaqlarımıza binoklla baxan fransalı hərbçilər yaxın zamanlarda Cənubi Qafqazı yalnız xəritədə görə biləcəklər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video