26 May 2024 08:30
393
SİYASƏT
A- A+

Fransa beynəlxalq hüququ pozur

 

Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyini boykot etmək barədə heç bir məntiqə sığmayan, sadəcə, Emmanuel Makron hakimiyyətinin əsl simasını nümayiş etdirən qərar imzalayıb. İqlim dəyişikliyinin qlobal problemə çevrildiyi bir vaxtda belə bir beynəlxalq tədbiri boykot etməsi ilə Fransa dünyada azalmaqda olan nüfuzuna növbəti zərbəni vurub. Bununla bir daha göstərib ki, özünü demokratik və hüquqi dövlət hesab etməsinin əməli fəaliyyəti ilə əlaqəsi yoxdur.
COP29 kimi bütün dünya üçün əhəmiyyətli olan tədbirin Azərbaycanda keçirilməsini Fransa və onun tərəfində yer alan bəzi dairələrin istəməməsinin səbəbləri də hər kəsə məlumdur. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Fransa kimi dövlətlər məhz ölkəmizin bölgədə və dünyada gündən-günə artan nüfuzuna görə narahatdırlar.
Ölkəmizin COP29-a sədrliyini hədəfə aldığını Fransa hökuməti bundan əvvəl də bir sıra açıqlamalarında bəyan etmişdi. Ancaq Azərbaycanın COP29-a sədrliyinə bütün ölkələr yüksək etimad göstərərək yekdil şəkildə qərar veriblər. Odur ki, Fransanın bu acizanə hərərkətləri dəyişməyəcək.
Hazırda rəsmi Bakının COP29 çərçivəsində həyata keçirdiyi tədbirlər dünyanın nüfuzlu təşkilatları və dövlətləri tərəfindən təqdir olunur. Azərbaycanın COP29-a evsahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir vaxtda Fransa dünyanın gündəmində yalnız bu mühüm beynəlxalq tədbiri boykot edən ölkə kimi yer almayıb. Fransa hökumətinin müstəmləkə siyasətindən cana doymuş kanak xalqının müstəqillik mücadiləsi davam edir. Hər zamankı kimi, insan hüquqlarını, beynəlxalq hüququ heçə sayan Fransa isə müstəmləkəçilik siyasətini davam etməkdə israrlıdır. Görünən odur ki, həmin ölkənin yüz illərdir ki, apardığı bu siyasəti Emmanuel Makron hökuməti daha sərt və kəskin şəkildə həyata keçirməkdədir. Bu səbəbdən indi də paytaxt Parisdən 17 000 km uzaqlıqdakı Yeni Kaledoniyada yerli əhalinin gününü qara edib. 
Yeni Kaledoniyanın xarici işlər naziri Mickael Forrest mayın 24-də Fransanın "L`Humanite" jurnalında dərc olunan müsahibəsində bildirib ki, Kanaki - Yeni Kaledoniya 1986-cı ildən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında yer alır. Mickael Forrest hər il Birləşmiş Millətlət Təşkilatı (BMT) Baş Assambleyasının Yeni Kaledoniya, həmçinin Fransız Polineziyasının dekolonizasiyası ilə əlaqədar qətnamələr qəbul etdiyini diqqətə çatdırıb. BMT Yeni Kaledoniyadakı vəziyyəti tənzimləyən Numea Sazişinə görə bu prosesi yaxından izləməlidir.
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) dəvəti ilə Venesuelada bu günlərdə baş tutmuş regional tədbirində iştirakını qeyd edən xarici işlər naziri Yeni Kaledoniyada baş vermiş iğtişaşlar barədə tədbir iştirakçılarını məlumatlandırdığını, vəziyyətin yerində düzgün qiymətləndirilməsi üçün Yeni Kaledoniya Hökumətinin C-24-dən əraziyə missiya göndərməsini xahiş etdiyini deyib. Bildirib ki, 2015-ci ildən bəri 9 belə missiya təşkil olunub. O, Fransa dövləti tərəfindən təşkil edilən seçki saxtakarlığını pislədiklərini nəzərə çatdırıb.
Yeni Kaledoniyanın xarici işlər naziri Fransa Metropoliyasından insanların kütləvi şəkildə gətirilməsinin seçkilərin saxtalaşdırılması, yerli kanak xalqının sıxışdırılması ilə nəticələndiyini bildirib. 
Mickael Forrest Fransanın beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb, Kanaki-Yeni Kaledoniya məsələsinin Fransanın daxili işi olmadığını deyib. Bildirib ki, Yeni Kaledoniyanı dəstəkləyən parlament üzvləri ilə görüş keçirmək üçün Avropaya səfər edəcək. Onu da qeyd edib ki, hazırda Yeni Kaledoniyada davam edən proseslərlə bağlı Sakit Okean Adaları Forumu, Papua-Yeni Qvineya, Melaneziya Təşəbbüs Qrupu və digər ölkələr, beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərilir.
Yeni Kaledoniya və Azərbaycan arasındakı münasibətlərə dair verilən suala cavabında isə Mickael Forrest nəzərə çatdırıb ki, Yeni Kaledoniya Hökumətinin heç bir ölkə ilə problemi yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının sədri olub. Hərəkat hər zaman bizi dəstəkləyib və bizim orada müşahidəçi statusumuz var.
Fransanın Sakit okeanda yerləşən Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasəti, Emmanuel Makronun demokratiyaya zidd davranışları dünyanın bir sıra nüfuzlu media orqanlarında da tənqid olunur. Böyük Britaniyanın "Daily Express" nəşrinin yaydığı məlumatda bildirilib ki, Gürcüstan xalqı küçələrə axışarkən Makron bunu alqışlamışdı. Lakin eyni zamanda o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda nümayişlərini hərbi güc tətbiqi ilə dayandırmaq üçün mindən çox hərbçi yollayıb. Həmçinin Emmanuel Makronun guya Yeni Kaledoniyadakı gərginliyin səbəbi kimi Azərbaycanı ittiham etməsi "qəribə"  adlandırılıb, Parisin anti-Azərbaycan mövqeyinin 17 000 km uzaqlıqdakı müstəqillik mübarizəsi ilə heç bir əlaqəsi olmadığı, daha çox Fransanın daxili siyasəti ilə bağlı olduğu qeyd edilib. Azərbaycan və Ermənistan münaqişəsində rəsmi Paris açıq şəkildə Ermənistanı dəstəkləyib. Fransanın anti-Azərbaycan mövqeyinin əsas səbəbi də yazıda bildirilir: "Ona görə ki, Fransada bir milyona qədər erməni yaşayır və Makron seçkilərdə onların səsini istəyir". 
Fransanın müstəmləkəçiliyinin qanlı tarixindən bəhs edilən xəbərdə  həmçinin Emmanuel Makronun müstəmləkəçilik məqsədilə addım atmaq, qərarlar qəbul etmək ehtiyacı patriarxal imperializm adlandırılıb.
İmperiyalar dövrünün bitdiyini, artıq fransız qanunvericilərinin davamlı olaraq başqalarında günah axtarmaqdansa, yerli əhalini dinləməsinin vaxtı çatdığını yazan Nigeriyanın "Blueprint" nəşri onu da diqqətə çatdırıb ki, bu açıq-aşkar yeni müstəmləkəçiliyə görə Fransanın öz vətəndaşları belə utanır, Parisdəki etiraz aksiyalarında kanakların müstəqillik bayrağı dalğalanır. Bu reallıqlara daha çox diqqət yetirmək, Fransanın yayındırıcı taktikasına aldanmamaq lazım olduğu da qeyd edilib: "Hər şeyi xarici müdaxilənin üstünə atmaq kanak xalqının iradəsini inkar edir ki, bu da müasir Fransada müstəmləkə təfəkkürünün davam etməsinin başqa bir nümunəsidir. Yeni Kaledoniyadakı əsl xarici müdaxilə, neokolonial parislilər tərəfindən qaydaların kinli manipulyasiyasıdır".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video